Prezident İlham Əliyev verdiyi vədləri qətiyyətlə
və istənilən şəraitdə yerinə yetirir
Fransanın "Opinion Way” şirkətinin Azərbaycan əhalisi
arasında keçirdiyi rəy sorğusuna sözardı
Müasir dünyada dövlət
başçılarının seçkilərarası
dövrdəki reytinqini müəyyənləşdirmək məqsədilə
ənənəvi sosioloji sorğular keçirilir. Biz belə
sorğuların nəticələrinə əsasən, bir
sıra dövlət rəhbərlərinin, o cümlədən
ABŞ, Fransa, Cənubi Koreya prezidentlərinin, Almaniya
Kanslerinin reytinqlərinin aşağı
düşdüyünün şahidi olmuşuq. Reytinqi sabit
saxlamaq heç də hər liderə nəsib olmur. Azərbaycan
Prezidenti İlham Əliyev isə nəinki 2018-ci il aprel
seçkilərində malik olduğu reytinqi qoruyub saxlaya bilib,
hətta onu bir qədər də möhkəmləndirib.
Fransanın "Opinion Way” şirkətinin mart ayında Azərbaycanda
keçirdiyi rəy sorğusu Prezidentin birillik fəaliyyətinin,
yürütdüyü daxili və xarici siyasətin bəyənildiyini
və təqdir edildiyini təsdiqlədi. Sorğunun bu günlərdə
elan olunan nəticələri göstərdi ki, dövlət
başçısı yenə də öz seçicilərinin
yüksək etimadına və dəstəyinə malikdir. Onun
həyata keçirdiyi islahatlar kursuna münasibət çox
müsbətdir və bu inqilabi dəyişikliklər
xalqın ürəyindən xəbər verir.
Sorğuların təkcə paytaxtı deyil, Naxçıvan
Muxtar Respublikası istisna olmaqla, bütün bölgələri,
əhalinin geniş təbəqələrini əhatə etməsi
nəticələrin bütövlükdə ictimai rəylə
üst-üstə düşdüyü qənaətinə gəlməyə
əsas verir.
Prezidentin Azərbaycana
uğur gətirən fəaliyyətinə verilən yüksək
qiymət
Sorğu iştirakçılarına ünvanlanan suallar Prezidentin fəaliyyətinin geniş spektrini əhatə edir. Respondentlər dövlət başçısının son bir ildə gördüyü işləri yüksək qiymətləndirməklə yanaşı, sosial-iqtisadi fəaliyyət, ölkədə aparılan islahatlar, korrupsiyaya qarşı mübarizə tədbirləri, regionların inkişafı, xarici siyasət və digər məsələlərlə bağlı ən müxtəlif sualları cavablandırıblar. Onların 80 faizindən çoxunun fikrincə, Prezident İlham Əliyevin ən böyük uğuru mövcud ictimai-siyasi və sosial-iqtisadi sabitliyin qorunub saxlanmasıdır. Həqiqətən, sabitlik olmayan yerdə heç bir inkişafdan, irəliləyişdən, rifahdan söhbət gedə bilməz.
Bu uğurların indi - dünyanın təlatümlü bir vaxtında qazanılması onların dəyərini daha da artırır. Planetimizdə və regionumuzda yaşanan çoxsaylı mənfi proseslərə baxmayaraq, Prezident İlham Əliyevin müdrik, praqmatik siyasəti nəticəsində Azərbaycanda dinamik sosial-iqtisadi inkişaf davam edib, xalqın əmin-amanlığı və rifahı naminə bütün zəruri addımlar atılıb, ardıcıl və sistemli tədbirlər görülüb.
Sorğu əcnəbi mütəxəssislər tərəfindən təşkil olunaraq keçirilib. Sualların qoyuluşundan görünür ki, onlar Azərbaycandakı mövcud vəziyyətdən, aparılan islahatlardan, müxtəlif sahələrdə icra olunan dövlət proqramlarından, əhalinin rifahına yönəlmiş tədbirlərdən xəbərdardırlar. Əlbəttə, sorğu tərtib olunarkən müasir dünya trendləri də nəzərə alınıb. Ola bilsin, nəticələr bəlkə də sosioloqlar üçün qeyri-adi görünə bilər. Amma Azərbaycan insanı, xüsusən günü xəbər içərisində keçən, ictimai rəyə başqalarına nisbətən daha yaxından bələd olan KİV işçisi, jurnalist üçün burada təəccüblü heç nə yoxdur. Cavablar həqiqətən reallığın güzgüdəki əksi təsirini bağışlayır. Prezidentin birillik fəaliyyətinə verilən qiymətin arxasında vədlə işin vəhdəti dayanır. Cəsarətlə deyə bilərik ki, dünyada Prezident İlham Əliyev kimi verdiyi vədləri həmişə, istənilən şəraitdə yerinə yetirmək xarizmasına malik liderlər azdır. Bu isə, xalqın, ölkənin taleyi baxımından müstəsna əhəmiyyət daşıyır.
Güclü iqtisadi potensial və inqilabi islahatlar
Cənab İlham Əliyev 2003-cü ildə prezident seçilərkən Azərbaycan həlli müşkül görünən bir sıra problemlərlə üz-üzə idi. O vaxt ölkə hələ yeni-yeni dirçəlirdi, işsizlik, məcburi köçkünlərin acınacaqlı halı, bölgələrin inkişafdan geri qalması, əhalinin sosial vəziyyəti ciddi narahatlıq doğururdu.
Prezidentin ilk vədi bu oldu: ölkədə yüz minlərlə yeni iş yeri yaradılacaq. Ötən illər ərzində 2 milyona yaxın iş yeri yaradıldı. İşsizlik səviyyəsi 40 faizdən 5 faizə endi.
Prezident deyirdi: Azərbaycanda bir dənə də olsun çadır düşərgəsi qalmayacaq. Çox keçmədən axırıncı çadır düşərgəsi ləğv olundu. 2007-ci ildə 12 çadır düşərgəsinin ləğv edilməsi ilə başlanan proses nəticəsində qaçqın və məcburi köçkünlər üçün indiyədək 3,5 min kvadratmetr yaşayış sahəsi olan müasir qəsəbələr və çoxmənzilli binalardan ibarət komplekslər salınıb. İndiyədək 300 min qaçqın və məcburi köçkünün mənzil şəraiti yaxşılaşdırılıb. Son bir ildə daha 6 minə yaxın ailə yeni mənzillərə köçürülüb. Bir neçə gün əvvəl - aprelin 5-də Bakının Kürdəxanı qəsəbəsində bu kateqoriyadan olan 810 ailə üçün salınmış yeni yaşayış kompleksi istifadəyə verildi. Bu, sayca 103-cü belə qəsəbədir. İlkin hesablamalara görə, 2019-cu ildə təqribən beş min köçkün ailəsi üçün yeni mənzillər tikiləcək.
Prezident 2018-ci il aprelin 18-də andiçmə mərasimindəki nitqində islahatların yeni mərhələsinin anonsunu verdi: "Növbəti illərdə biz çox ciddi islahatlar aparacağıq, islahatları dərinləşdirəcəyik, əminəm ki, vətəndaşlarımızın yaşayış səviyyəsi daha da yaxşılaşacaq”.
Bir il keçdi və fransız sosioloji tədqiqat şirkəti Azərbaycan respondentlərinə belə bir sual ünvanladı: Azərbaycanda həyata keçirilən sosial-iqtisadi fəaliyyəti və bu sahədə Prezident İlham Əliyevin son bir ildə apardığı islahatları necə qiymətləndirirsiniz? Sorğuda iştirak edən hər 100 nəfərdən 90,5-i sualı müsbət cavablandırıb. Bu qiymətləndirmə üçün yetərincə arqument var. Prezident İlham Əliyevin ölkəyə rəhbərliyi dövründə iqtisadiyyat 3,2 dəfədən çox artıb, qeyri-neft sektorunun ixracında 4 dəfədən çox artım baş verib. Valyuta ehtiyatlarımız 24 dəfə artaraq 44 milyard dolları ötüb. Ölkəmizə 230 milyard dollardan çox sərmayə yatırılıb. Davos Dünya İqtisadi Forumu Azərbaycanı rəqabətqabiliyyətliliyə görə 35-ci yerə layiq görüb. Biz inkişaf etməkdə olan ölkələr arasında inklüziv inkişaf göstəricisinə görə isə üçüncü yerə yüksəlmişik. Bu göstəricilər əldə edilmiş böyük uğur, tarixi nailiyyətdir. Sənaye və aqrar sahə modernləşdirilir, şəhər və rayonlarda sənaye zonaları, sənaye məhəllələri, sənaye parkları yaradılır, ölkəmizə ən müasir texnologiyalar gətirilir.
Ötən il Azərbaycanın üçüncü peyki orbitə buraxıldı. Həmçinin "Cənub qaz dəhlizi”nin rəsmi açılışı oldu. Bu dəhlizin tərkib hissəsi olan TANAP layihəsi artıq fəaliyyətdədir. Ələt Beynəlxalq Dəniz Ticarət Limanının fəaliyyətə başlaması ilə Azərbaycan özünü dünyada tranzit ölkə kimi təsdiqlədi. Bütün bunlar, sözün əsl mənasında, tarixi hadisələrdir. Həmin layihələr bundan sonra onilliklər ərzində Azərbaycana həm siyasi, həm də iqtisadi və maliyyə dividendləri gətirəcək.
Sosial sahədə fəaliyyətə gəlincə, 2003-2018-ci illərdə maaşlar 7 dəfə, pensiyalar 10 dəfədən çox artıb. 3100-dən çox məktəb, 640-dan çox xəstəxana binası tikilib və ya əsaslı təmir olunub. Bu il daha 100 məktəb binasının tikilməsi, 10-a yaxın rayon mərkəzi xəstəxanasının açılışı nəzərdə tutulur. Ölkə əhalisinin hər il pulsuz kütləvi tibbi müayinəsi aparılır və bu, Azərbaycan Prezidentinin dünyada bənzəri olmayan təşəbbüslərindən biridir.
Üç milyon insanı əhatə edən sosial tədbirlər
paketi
Ötən bir ildə
Prezidentin apardığı sosial istiqamətli islahatlar inqilabi
xarakter alıb. Bu dövrdə imzalanmış fərman
və sərəncamların mühüm bir hissəsi əhalinin
sosial müdafiəsinin əhəmiyyətli dərəcədə
gücləndirilməsinə, sosial sahə üzrə şəffaf,
çevik, optimal idarəçilik və xidmət mexanizmlərinin
formalaşdırılmasına yönəlib. Təfərrüata
varmadan yalnız onu qeyd etməklə kifayətlənirik ki,
minimum pensiya məbləğinin, minimum əməkhaqqının
40 faiz artırılması müvafiq olaraq 233 min və 600 min
nəfərin rifahına ciddi dəstəkdir. Yaxud şəhidlərin
vərəsələrinə birdəfəlik ödəmələrin
verilməsi, şəhid ailələri və Qarabağ
müharibəsi əlilləri üçün mənzillər
alınması, şəhid ailələri üçün
Prezidentin aylıq təqaüdünün 300 manata
çatdırılması, sosial müavinətlərin orta
hesabla 100 faiz, məcburi köçkünlər və onlara bərabər
tutulan şəxslər üçün aylıq müavinətlərin
50 faiz artırılması və digər müvafiq qərarlar
sosial sahədə inqilabi dəyişikliklərin davamlı
xarakter aldığını göstərir. Ümumilikdə
3 milyona yaxın insanı əhatə edən bu sosial paket
Prezidentin siyasətinin mərkəzində Azərbaycan vətəndaşının
dayandığına bariz nümunədir.
Təbii ki, ildən-ilə daha
geniş miqyas alan, milyonların rifahına
xidmət edən sosial islahatların əsasında ölkənin
iqtisadi qüdrəti, dinamik inkişafı dayanır. Bu işləri görmək üçün iqtisadi
güc olmalıdır. Yuxarıda bəzi
xarakterik faktları xatırlatdıq. Deyilənlərə
daha nəyi əlavə etmək olar? 2019-cu
ilin iki ayında ölkə üzrə ümumi daxili məhsul
3 faiz artıb ki, bu da son illərin ən yüksək göstəricisidir.
Azərbaycan sənayenin qeyri-neft sektorunda 15,5
faiz artımla dünya rekorduna imza atıb. Asiya İnkişaf
Bankının proqnozlarına görə, 2019-cu ildə Azərbaycan
iqtisadiyyatı 2,5 faiz, 2020-ci ildə 2,7
faiz artacaq. İqtisadiyyatımızın rekord
templərlə artması, müsbət proqnozlar vətəndaşlarımızın
gələcəyə daha nikbin nəzərlərlə
baxmasına əsas verməklə yanaşı, sözsüz
ki, Prezidentin reytinqinə də birbaşa təsir göstərir.
Dara, çətinliyə
düşən insanlar hər zaman yanlarında dövləti,
Prezidenti görürlər. Bu yaxında baş
vermiş hadisələri götürək. Ağsu, İsmayıllı və Şamaxı
rayonlarında zəlzələ zamanı zərərçəkənlərin
köməyinə birinci olaraq Prezident yetişdi.
İnsanlar hiss etdilər ki, bu təbii fəlakət
qarşısında tək deyillər. Hazırda
zərərçəkənlər üçün yeni evlər
tikilir, sakinlərin bəziləri artıq yeni mənzilə
köçüb. "Diqlas” ticarət mərkəzində
yanğın nəticəsində zərərə
düşmüş sahibkarlara da birinci olaraq məhz dövlət
başçısı yardım əlini uzatdı. Onun tapşırığına əsasən
yanmış malın müqabilində yardım ödənilir,
sahibkarlara öz biznesini qurmaq üçün başqa yerlər
təklif edilir.
Vaxtilə banklardan kredit
götürən on minlərlə vətəndaş
devalvasiya nəticəsində ciddi çətinliyə
düşmüşdü. Problemli kreditlərlə
bağlı məsələ Prezident İlham Əliyevin
2019-cu il 28 fevral tarixli Fərmanı ilə
birdəfəlik həllini tapdı. 800 mindən
çox insanın narahatlığına bir gündə son
qoyuldu. Prezidentin vurğuladığı kimi, bu fərmanın
dünyada analoqu yoxdur: "Dövlət bir daha göstərdi
ki, vətəndaşının yanındadır. Ciddi devalvasiyadan əziyyət çəkən
ölkələrin sayı kifayət qədər çoxdur və
bizdən də dərin devalvasiyaya uğramış ölkələr
vardır. Ancaq heç bir ölkədə
bu dərəcədə sosialyönümlü və vətəndaşın
marağını güdən addım olmamışdır”.
İllərdən bəri yığılıb
qalmış daha bir problem dövlət
başçısının fevralın 19-da
imzaladığı "Bəzi çoxmənzilli
binaların istismarına icazə verilməsinin sadələşdirilməsi
haqqında” Fərmanla həllini tapdı. Bu sənəddən
istismarına icazə verilməmiş yaşayış
binalarında mənzil alan 340-400 minədək
insan faydalanacaq.
Dörd dövlət
proqramı və Azərbaycanın simasını dəyişən
16 il
Prezident İlham Əliyevin
Azərbaycana rəhbərlik etdiyi 16 ildə paytaxt Bakı ilə
yanaşı, bölgələrimizin siması da tanınmaz dərəcədə
dəyişib.
Bu dövrdə regionların sosial-iqtisadi
inkişafına dair üç dövlət proqramı
uğurla icra olunub, dördüncü proqram qəbul edilib.
Prezidentin bölgələrə ənənəvi səfərləri
daha da intensivləşib: son bir ildə 28 səfər. Bunlar adi səfərlər deyil və mühüm
infrastruktur obyektlərinin, yeni sənaye müəssisələrinin,
aqrar istehsalat komplekslərinin açılışı ilə
müşayiət olunur. Məsələn,
son səfərlər zamanı Şamaxı rayonunda yeni
salınan Dəmirçi-Lahıc avtomobil yolunun
açılışı olub, İsmayıllı rayonunun
Lahıc qəsəbəsinə təbii qaz verilib.
Prezident "AZZA AGRO” MMC-nin 1000 başlıq müasir
heyvandarlıq kompleksinin, Ələt-Astara-İran İslam Respublikası
ilə dövlət sərhədi avtomobil yolunun, Masallı Sənaye
Məhəlləsinin, Xızı rayonunda "Yeni Yaşma”
Külək Elektrik Parkının, Quba Rayon Mərkəzi Xəstəxanasının,
Qubada "ABAD Factory” İstehsalat Kompleksinin, Lənkəran
Olimpiya İdman Kompleksinin, İmişli və Şəkidə
"ASAN Həyat” komplekslərinin, Ağdam Muğam Mərkəzinin,
Qarabağ Atçılıq Kompleksinin, Sumqayıt Kimya Sənaye
Parkında üç müasir zavodun və digər obyektlərin
açılışlarını edib.
Şəhərlər və
kəndlər sakinlərin gözləri qarşısında
abadlaşır, müasir görkəm alır. Qazlaşdırma səviyyəsi
artıq 95 faizə çatıb (Prezidentin
seçkiqabağı vədlərindən biri də bu idi),
38 şəhərin içməli su problemi həllini
tapıb və hazırda 12 şəhərdə bu istiqamətdə
iş gedir. Ötən il 2 min kilometr
avtomobil yolu salınıb. 2004-cü ildən
indiyədək salınan yolların uzunluğu 15 min kilometrə
çatır. Davos Dünya İqtisadi
Forumunun hesablamalarına əsasən, yol infrastrukturunun keyfiyyəti
baxımından Azərbaycan dünyada 34-cü yerdədir və
inkişaf etmiş bir çox ölkələri qabaqlayır.
Son bir ildə isə 920-dən çox kəndin yol
infrastrukturu yaxşılaşdırılıb, ümumilikdə
2,2 milyon insanın yol problemi həllini
tapıb.
"Opinion Way” şirkətinin
sorğusunda qoyulan "İlham Əliyevin qəbul etdiyi
regionların sosial-iqtisadi inkişafı proqramı və
hökumətin bölgələrdə həyata keçirdiyi
fəaliyyət nəticəsində, sizcə, regionlar
inkişaf edibmi” sualına respondentlərin 93 faizindən
çoxunun müsbət cavab verməsi bu inkişaf fonunda tam
təbii görünür: bölgə insanı həyatın
yaxşılığa doğru dəyişdiyini hər
addımda hiss edir və bunu qiymətləndirir.
Prezident regionlara hər bir səfəri
zamanı mövcud problemlərlə şəxsən
maraqlanır, ictimaiyyət nümayəndələri və sadə
insanlarla birbaşa ünsiyyətdə olur, onları
düşündürən məsələlərin həllinə
dair yerindəcə tapşırıqlar verir. Bu səfərlərin
və əhali ilə görüşlərin nəticəsi
olaraq regionların sosial-iqtisadi vəziyyətinin
yaxşılaşdırılmasına yönələn
çoxsaylı sərəncamlar imzalanıb, yeni infrastruktur
layihələrinin icrasına, şəhər və kəndlərin
abadlaşdırılmasına külli miqdarda vəsait yönəldilib.
Göründüyü kimi, regionlara səfərlərin
faydalılıq əmsalı yetərincə yüksəkdir və
sorğu iştirakçılarının 90,4
faizi bununla bağlı sualı müsbət
cavablandırıb.
Milli maraqları təmin
edən məqsədyönlü xarici siyasət kursu
Azərbaycanın iqtisadi
qüdrətinin artması onun xarici güclərdən
asılılığının aradan
qaldırılmasını təmin edib. Bu gün Azərbaycan
tam müstəqil xarici siyasət aparır, heç bir beynəlxalq
maliyyə qurumundan, heç bir ölkədən asılı
deyil. Prezident İlham Əliyev bu imkandan
istifadə edərək milli maraqları qətiyyətlə
qoruyur. Dövlət
başçısının müdrik siyasəti Azərbaycanı
dünyada söz və nüfuz sahibinə çevirib.
Son bir il xarici
siyasət sahəsində də bir çox uğurlarla yadda
qalıb. Prezident İlham Əliyev xarici ölkələrə
17 səfər edib, Azərbaycana 13 dövlət və
hökumət başçısı, o cümlədən
Serbiya, Türkiyə, İtaliya, Gürcüstan prezidentləri,
Almaniyanın Federal Kansleri və başqaları səfər
edib. Prezidentimizin xarici səfərlərini əhəmiyyətinə
görə sıralasaq, ilk növbədə, Türkiyə,
Rusiya, İran, Qazaxıstan, Böyük Britaniya, Fransa,
Belçika və İsveçrəyə səfərləri
qeyd edə bilərik. Bu səfərlərin
hər biri faydalılığı, məhsuldarlığı
ilə diqqət çəkir, Azərbaycana və onun liderinin
siyasətinə dünyanın artan marağından xəbər
verir. Təkcə bir faktı qeyd etmək kifayətdir
ki, bu il yanvarın 22-də - bir gündə
Prezident İlham Əliyevin Davosda aparıcı şirkətlərin
və beynəlxalq maliyyə qurumlarının rəhbərləri,
yüksək vəzifəli dövlət rəsmiləri ilə
beş görüşü olub. Özü də
bu görüş və danışıqların
hamısı qarşı tərəfin təşəbbüsü
ilə baş tutub.
Ötən il
Avropa İttifaqı ilə Azərbaycan arasında tərəfdaşlıq
haqqında mühüm sənəd imzalanıb, Bakıda
Qoşulmama Hərəkatının xarici işlər nazirləri
səviyyəsində böyük konfrans keçirilib. Bu il isə Qoşulmama Hərəkatının
Zirvə görüşü keçiriləcək və Azərbaycan
bu mötəbər təşkilata sədrlik edəcək. Xatırlatmaq yerinə düşər ki,
Qoşulmama Hərəkatı BMT-dən sonra dünyanın
ikinci böyük təşkilatıdır.
2018-ci ildə Xəzər dənizinin
hüquqi statusuna dair Konvensiya imzalandı. Həmin sənəddə
Azərbaycanın uzun illər ərzində müdafiə
etdiyi mövqeyin tam əksini tapması diplomatiya tariximizə
növbəti uğur səhifəsi kimi yazıldı.
Uğurlar çoxdur,
onların hamısı bir yazıya sığmaz. Rəy sorğusunun Prezident
İlham Əliyevin xarici siyasəti ilə bağlı nəticələri
(respondentlərin 89,9 faizi bu sualı
müsbət cavablandırıb) məhz bu uğurlardan
qaynaqlanır. Ekspertlərin fikrincə, Azərbaycan
Prezidentinin xarici siyasət kursu dinamikliyi, intensivliyi, məqsədyönlülüyü
ilə fərqlənir, bir qayda olaraq milli maraqlara söykənir.
Bu siyasətin nəticəsidir ki, Azərbaycan
mühüm qlobal və regional problemlərin müzakirə
olunduğu məkana, beynəlxalq dialoq mərkəzinə
çevrilib. Prezident İlham Əliyev bir
çox mühüm əməkdaşlıq
formatlarının təşəbbüskarı kimi
tanınır. Ölkəmizin bərabərhüquqlu
və qarşılıqlı maraqlar prinsipinə əsaslanan
xarici siyasət strategiyası uğurlu model kimi səciyyələndirilir
və nəticə etibarilə onun etibarlı tərəfdaş
imicini möhkəmləndirir.
Şübhəsiz ki,
Prezident İlham Əliyevin yüksək reytinqinin, xalqın
öz liderinə etimadının əsas qaynaqlarından biri
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ
münaqişəsinin həllində tutduğu qətiyyətli
mövqeyi, ordu quruculuğuna ayırdığı müstəsna
diqqətdir.
Ötən il iki dəfə keçirilən
hərbi parad Azərbaycan Ordusunun potensialını (onun bir
hissəsini) dünyaya nümayiş etdirdi. Bunu
dostlarımız da, düşmənlərimiz də
gördü. Müasir hərb tariximizə şanlı səhifə
kimi yazılmış Aprel döyüşləri, ordumuzun
uğurlu Lələtəpə və Naxçıvan əməliyyatları
bir daha təsdiqlədi ki, Azərbaycan xalqı və dövləti
ərazilərimizin işğalı ilə heç vaxt
barışmayacaq, ərazi bütövlüyünü istənilən
yolla bərpa edəcək. Son vaxtlar
danışıqlar prosesinin yeni mərhələsinin
başlanması, Ermənistan rəhbərliyinin
danışıqlar prosesinə qondarma Dağlıq Qarabağ
rejimini də cəlb etmək cəhdinin iflasa uğraması
Prezident İlham Əliyevin müdrik xarici siyasətinin nəticəsi,
diplomatiyamızın daha bir uğurudur.
Prezident İlham Əliyevin
növbəti müddətə dövlət
başçısı seçilməsinin birinci
ildönümü Azərbaycan əhalisinin sayının 10
milyon nəfərə çatması ilə üst-üstə
düşdü. Xalqımızın və dostlarımızın
böyük sevincinə səbəb olan bu əlamətdar
hadisənin həm rəmzi, həm də real mənası var:
Ermənistanın hərbi təcavüzü ilə üzləşən,
bir milyondan çox sakini qaçqın və məcburi
köçkün olan, müharibə vəziyyətində
yaşayan Azərbaycan bütün çətinliklərə
rəğmən hər bir sahədə dinamik inkişaf edir,
öz lideri ətrafında sıx birləşərək gələcəyə
doğru inamla irəliləyir.
Prezident İlham Əliyevin
lider portretini tamamlayan bir neçə ştrix
Prezident İlham Əliyev
verdiyi vədləri qətiyyətlə, istənilən şəraitdə
yerinə yetirir. Dövlət başçısının Azərbaycana
rəhbərlik etdiyi 16 il ərzində həmişə
belə olub və tam əminliklə deyə bilərik ki, gələcəkdə
də belə olacaq. Prezidentin verdiyi hər bir sözə
görə yüksək məsuliyyətini sonuncu prezident
seçkilərindən sonra keçən bir il
ərzində də aşkar görmək olar. Dövlət
başçısı seçkilərdən dərhal sonra
iqtisadi və sosial islahatlar sahəsində ciddi tədbirlər
paketi qəbul ediləcəyini bildirdi və bu dəfə də
öz vədini yerinə yetirdi.
Azərbaycanda bütün
islahatların və dəyişikliklərin əsas təşəbbüskarı
Prezident İlham Əliyevin özüdür. Məhz onun təşəbbüsü
ilə məhkəmə-hüquq sistemində dərin
islahatlar aparılıb. Prezidentin bu sahədə
sonuncu fərmanı - ədalət mühakiməsi sistemində
islahatların yeni mərhələsinə start vermiş sənəd
ekspertlər tərəfindən inqilabi fərman
adlandırılıb. Prezident İlham Əliyevin
təşəbbüsü ilə yaradılmış
"ASAN xidmət” modeli bütün dünyanın diqqətini
cəlb edib.
Dövlət
başçısı ağrılı nöqtələri, təxirəsalınmaz
tədbirlər və addımlar tələb edən problemli məqamları
zərgər dəqiqliyi ilə müəyyən edir və həmişə
hadisələri qabaqlayır. Bu isə Prezidentin bəsirət
istedadına və irəlini görmək bacarığına
dəlalət edir. Bu fitri qabiliyyət və
milli maraqların prioritetlərini dəqiq müəyyən
etmək istedadı Azərbaycan üçün, son nəticədə
region və bütün dünya üçün bir sıra
strateji əhəmiyyətli layihələrin
reallaşdırılmasına şərait yaradıb. Bu sıraya "Cənub qaz dəhlizi”,
Bakı-Tbilisi-Qars dəmir yolu, "Şimal-Cənub nəqliyyat
dəhlizi” layihələrini aid etmək olar. Zənnimcə,
heç kəs inkar edə bilməz ki, bu transmilli layihələrin
gerçəkləşməsi İlham Əliyevin iradəsi,
onun nəzərdə tutulmuş hədəfə doğru getmək
və məqsədə çatmaq, risk etmək, məsuliyyəti
öz üzərinə götürmək cəsarəti sayəsində
mümkün olub. Bir sözlə, Azərbaycan Prezidenti öz
ideyalarını gerçəkləşdirməyi bacaran az sayda siyasətçilərdən biridir.
Daha bir mühüm məqam:
Prezidentin bütün addımlarında, gördüyü
işlərdə daxili məntiq dəqiq izlənilir, o, haraya
və nə məqsədlə getdiyini dəqiq bilir. Bu, ötən 16 ildə reallaşdırılan ardıcıl
siyasəti nəzərdən keçirəndə
açıq-aydın görünür.
Prezident İlham Əliyev və
onun xanımı hakimiyyətin "insani sima”sını təcəssüm
etdirirlər.
Dövlət başçısı vətəndaşların
kədərinə də, sevincinə də şərikdir,
onların yanındadır. Biz bunun dəfələrlə
şahidi olmuşuq: çətinliyə düşən
insanlar hər zaman yanlarında dövləti, Prezidenti
görürlər. Bu yaxında baş vermiş
hadisələri götürək. Ağsu,
İsmayıllı və Şamaxı rayonlarında zəlzələ
zamanı zərərçəkənlərin köməyinə
birinci olaraq Prezident yetişdi. "Diqlas” ticarət mərkəzində
yanğın nəticəsində zərərə
düşmüş sahibkarlara da birinci olaraq məhz dövlət
başçısı yardım əlini uzatdı...
Prezident İlham Əliyevə
ümumxalq məhəbbətinin, ona bəslənilən
böyük inam və etimadın əsasında bu və digər
amillər dayanır. Rəy sorğularının nəticələri,
sadəcə, bu inam və etimadın inikası, daha bir əyani
təsdiqidir.
Aslan ASLANOV,
AZƏRTAC-ın
İdarə Heyətinin sədri, Dünya Xəbər
Agentlikləri
Konqresinin və OANA-nın prezidenti
Azərbaycan.-
2019.- 12 aprel.- S.4.