Çoxları üçün ideal insan

 

Elm xadimləri

 

Tale elə gətirib ki, onun haqqında düşüncələrimi, tək indi yox, müxtəlif yubiley yaşlarında da qələmə almışam. Bu insanın mənim üçün kim olduğunu sözlərin rəngi ilə təsvir etməyə çalışmışam. İndi isə qarşımdakı 80 rəqəmini görəndə əvvəlcə bir anlıq tərəddüddə qaldım. Zamanın özünü bizə hiss etdirmədən belə tez keçməsi adamı heyrətləndirir. Elə bilirəm ki, o, hələ də ilk dəfə Bakı Dövlət Universitetinin Hüquq fakültəsində gördüyüm yaşdadır.

Amma tez öz yaşımı nəzərə alıram və onda anlayıram ki, daha özüm də universitet tələbəsi deyiləm, vaxt bizi o vədələrdən çox uzaqlaşdırıb. Vaxtın hər kəsə yeganə qazancı isə insanın mənəvi-əxlaqi dəyərlərə, prinsiplərə sadiqliklə əldə etdiyi şəxsiyyət ucalığıdır, müdriklikdir.

Belə bir insan haqqında yazıram. O, Azərbaycanda hüquq elminin görkəmli simalarından olan, Bakı Dövlət Universitetinin Cinayət hüququ və kriminologiya kafedrasının müdiri, hüquq üzrə elmlər doktoru, professor Firudin Yusif oğlu Səməndərovdur.

...12 aprel 1939-cu ildə Saatlı rayonunun Molday kəndində əkinçi ailəsində anadan olub. Belə bir ailədə doğulmasını onun ömür yolunda xüsusi qeyd etməyim səbəbsiz deyil. Əkinçilik torpağa bağlılıqdır, zəhmətdir, halallıqdır, bar yetirən sağlam toxumlardır. Firudin müəllim də onun 80 illik ömrünün əsas cizgilərinə çevrilmiş bu keyfiyyətləri, görünür, ata-anasından əxz edib. Əkinçi saflığını, mənəviyyatını ömrün hər bir məqamında qoruyub. Onun ailədən gələn bu saflığın, mənəvi işığın davamı kimi səpdiyi toxumlarsa tələbələrinə verdiyi bilikdir, onlara təlqin etdiyi dəyərlərdir.

Firudin müəllim müharibə uşaqları adlanan nəslin təmsilçilərindəndir. Bir çox həmyaşıdları kimi onun da uşaqlığı İkinci Dünya müharibəsi illərinə və ondan sonrakı çətin dövrlərə təsadüf edib. Həyata gözünü açanda ətrafındakı doğmalarını, əzizlərini, el-obanı çətinliklər içində görüb. Xarakterindəki xeyirxahlıq, mərhəmət, insanlara əl tutmaq, kömək etmək hissi, bəlkə də uşaqlıqda yaşadığı çətinliklərdən gəlir.

 

Müharibə illərinin uşağı

 

Müharibə illərinin uşağı olmaq nə deməkdir - bunu hamımız bilirik. O dövrün uşaqları çox əziyyətlə böyüyüblər, oxuyublar, bəzən məktəbdə təhsil ala-ala işləyiblər, ailəyə kömək ediblər. Təxminən belə bir həyatı Firudin Səməndərov da yaşayıb.

1948-1958-ci illərdə Firudin müəllim Səməd Vurğun adına Saatlı qəsəbə orta məktəbində oxuyub. Məktəbi gümüş medalla bitirib. Sonra üç illiyə keçmiş sovet ordusunun sıralarında qulluq etməyə gedib. 1961-ci ildə Azərbaycan Dövlət Universitetinin Hüquq fakültəsinə daxil olub. O dövrdə bir tələbə üçün ən yüksək təhsil nailiyyətlərindən sayılan Lenin təqaüdü ilə oxuyub. 1966-cı ildə təhsilini başa vurarkən biliyini, elmə marağını nəzərə alaraq onu ADU-nun Cinayət hüququ kafedrasına aspirant qəbul ediblər.

1970-ci ildə "Qətl cinayətlərini doğuran halların və davranış motivinin cəza təyininə təsiri” mövzusunda namizədlik dissertasiyasını uğurla müdafiə edərək hüquq elmləri namizədi elmi dərəcəsi alıb. 1969-cu ildən ADU-nun Cinayət hüququ kafedrasında müəllim, dosent vəzifələrində çalışıb. Firudin Səməndərov 1985-1989-cu illərdə ADU-nun Hüquq fakültəsinin dekanı, 1992-1993-cü illərdə universitetin rektoru olub. 1995-ci ildən BDU-nun Cinayət hüququ və kriminologiya kafedrasının müdiri kimi çalışıb. 1996-cı ildə "Hüquqi şüur və cinayət hüquq yaradıcılığı” mövzusunda doktorluq işini müdafiə edib, hüquq elmləri doktoru elmi dərəcəsi alıb. 1997-ci ildən kafedranın professorudur.

 

Elmi yaradıcılıq fəaliyyəti çox məhsuldardır

 

O, 30-dan çox dərsliyin, dərs vəsaiti və monoqrafiyanın müəllifidir. "Cinayətin subyektiv cəhəti”, "Cinayət hüququ. Cinayət və cəza məsələləri”, "Cinayət hüququ. Ümumi hissə” dərslikləri, "Şəxsiyyət əleyhinə edilən cinayətlər” adlı dərs vəsaiti, "Cinayət hüququnda cəza problemi: tarix və müasirlik” monoqrafiyası (2009), "Kriminologiya” dərs vəsaiti (2012), "Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin Kommentariyası” birgə müəllifliklə (2013), "Cinayət hüququ. Ümumi hissə” (2013), Moskvada 2011-2012-ci illərdə rus dilində nəşr edilən "Uqolovnoe pravo Azerbaydjanskoy Respubliki. Obşaya çast (v soavtorstve)”, "Uqolovnoe pravo Azerbaydjanskoy Respubliki. Osobennaya çast (v soavtorstve)” və bu qəbildən olan bir çox əsərləri hüquq elminə dəyərli töhfələridir. Müxtəlif elmi nəşrlərdə 100-dən artıq elmi məqaləsi, respublika mətbuatında dövrümüzün aktual problemlərinə həsr edilmiş çoxsaylı məqalələri işıq üzü görüb.

Onun yazdığı irihəcmli "Cinayət hüququ. Ümumi hissə” dərsliyi 2002-ci ildə Respublika Kitabsevərlər Cəmiyyətinin mükafatına layiq görülüb. Hazırda respublikamızda bu sahədə ən mükəmməl dərslik sayılır.

Cinayət hüququ hüquq sahəsinin öz mürəkkəbliyi və çətinliyi ilə seçilən qoludur. Bu sahə ilə bağlı hər hansı yeni fikir söyləmək o qədər də asan deyil. Bütün bunlara baxmayaraq, Firudin müəllimin cinayət hüququ sahəsində yazdığı əsərlərdə dərin tədqiqatların nəticəsi olaraq gəldiyi qənaətlər hüquq elmi üçün mühüm əhəmiyyət daşıyır. Onun elmi əsərlərində nəzəriyyə və praktik fəaliyyət üst-üstə düşür. Cinayətin yeni anlayışının verilməsi, milli hüququn bu sahəsinin prinsiplərinin dəqiqləşdirilməsi, dünya təcrübəsinin ümumiləşdirilərək istifadə edilməsi, dini hüquq sistemlərinin əsas müddəa və prinsiplərinin tədqiqi də Firudin Səməndərovun elmi uğurlarıdır.

Professor Firudin Səməndərovun iştirakı və redaktorluğu ilə ilk dəfə Azərbaycan dilində hazırlanmış "Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin Kommentariyası” kitabı cinayət hüququ sahəsi ilə məşğul olan tədqiqatçıların və hüquq mühafizə orqanları işçilərinin stolüstü kitabına çevrilib. Onun müəllifi olduğu bu kitabı belə dəyərli edən odur ki, nəşr cinayət qanununun həm ümumi, həm də xüsusi hissəsini əhatə edir və cinayət qanununun praktikada düzgün tətbiqinə bələdçidir. Təsadüfi deyil ki, bu kommentariya indiyə kimi 6 dəfə nəşr olunub.

 

Professor Firudin Səməndərov ölkəmizdə hüquqi dövlət quruculuğu prosesinə, aparılan islahatlara, cəmiyyətimizdə qanunun aliliyinin təmin olunmasına bir sıra qurumlardakı fəaliyyəti ilə də töhfə verir. O, 1995-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Hüquqi İslahatlar Komissiyasının, eyni zamanda Ali Məhkəmə yanında Elmi Məsləhət, Respublika Prokurorluğu yanında Elmi-Metodik Şuranın üzvü olmuşdur. Azərbaycan Respublikasının hazırda qüvvədə olan 1999-cu il Cinayət Məcəlləsinin müasir tələblər və beynəlxalq standartlar səviyyəsində hazırlanmasında yaxından iştirak edib. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun və respublika Ali Məhkəməsi Plenumunun qərarlarının hazırlanmasında, qanunun mübahisəli məqamlarının aydınlaşdırılmasında da Firudin müəllimin böyük əməyi olub.

 

Elm ustadı

 

Professorun Azərbaycanda hüquq elminin inkişafına verdiyi töhfələr təkcə bununla məhdudlaşmır. Firudin müəllim bu sahədə mükəmməl, yüksəkixtisaslı kadr potensialının formalaşmasında, hüquq elminin dərinliklərinə bələd olan yeni mütəxəssislərin yetişdirilməsində bir pedaqoq, elm ustadı kimi əvəzsiz xidmətlər göstərib. Alimin rəhbərliyi altında 3 hüquq üzrə elmlər doktoru, 50-dən çox fəlsəfə doktoru hazırlanıb. O, Azərbaycanın əməkdar hüquqşünasıdır.

Firudin müəllimi Azərbaycanda cinayət hüququ elmi məktəbinin əsas yaradıcılarından biri və bəlkə də birincisi saymaq olar. Onun formalaşdırdığı bu elmi məktəbin indi yüzlərlə davamçısı var. Firudin Səməndərov elm sahəsində qazandığı uğurlarla Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsinə, xalqımızın elmi potensialının daha da gücləndirilməsinə xidmət göstərir. Onun elmi tədqiqatlarının miqyası və əhəmiyyəti yalnız respublikamızda deyil, beynəlxalq aləmdə də yüksək qiymətləndirilir. Elə bunun nəticəsidir ki, o dəfələrlə müxtəlif ölkələrdə dünya miqyaslı və regional elmi konfranslarda Azərbaycanı ləyaqətlə təmsil edib.

Professor üçün ardıcıllıq, millilik, milli-mənəvi dəyərlərə bağlılıq, millətin azadlığı, ölkəsinin müstəqilliyi əsasdır. Ona görədir ki, hələ sovet dönəmində müəyyən vəzifə tutmuş adamların ana dilində danışmağa ehtiyat etdikləri zamanlarda Firudin müəllim hüquq sahəsinə milli dil gətirmişdi. Hüquq elminə dair yazı və çıxışlarını doğma Azərbaycan dilində edirdi.

 

O, ideya adamıdır

 

Tariximizə, soykökümüzə, Azərbaycanın istiqlalına bağlılıq onun qanından, ruhundan irəli gəlir. Ötən əsrin 80-ci illərinin sonlarında Azərbaycanda milli azadlıq hərəkatı başlayıb kükrəyən zaman Firudin Səməndərov prinsipial, qorxmaz, cəsarətli, kütlənin önündə gedib onu düzgün istiqamətləndirməyi bacaran ziyalılardan idi. O, bu gün də Azərbaycana, ölkəmizin istiqlalına, milli dövlətimizə xidmət missiyasını elmi-pedaqoji fəaliyyəti, yazdığı kitablarla, hazırladığı kadrlarla, cəmiyyətin hüquqi cəhətdən maariflənməsi prosesində yaxından iştirakı ilə davam etdirir.

Müəllim şərəfli bir sözdür. Həyatımızda bilikdən, öyrənməkdən dəyərli nəsə yoxdur, müəllimsə öyrədən deməkdir. Bu mənada Firudin müəllim bu sözü ən çox haqq edən ziyalılarımızdandır. Müəllimlik, sanki necə deyərlər, onun boyuna biçilib. Bizim tələbəlik vaxtlarımızda hətta dərslərə ən etinasız yanaşan tələbələr belə Firudin müəllimin mühazirələrini dinləmək üçün auditoriyaya tələsərdilər. Tələbələrin Firudin müəllimin dərslərinə münasibətini sonralar da belə gördüm. Çünki onun oxuduğu mühazirələr bir qayda olaraq dərinliyi, nəzəri və elmi fikirlərin zənginliyi, həyati faktlarla dolğunluğu ilə fərqlənir. Ona görə də tələbələrin bütün diqqəti bu mühazirələrdə cəmləşir.

Tələbələri ilə elə münasibət qurur ki, onlar müəllimə hörmət və ehtiram göstərməklə bərabər, onu həm də özlərinin yaxın dostu, arxa-dayağı, xeyirxahı hesab edirlər. Zəngin həyat təcrübəsi, dünyanın hər üzünü görmüş bu işıqlı insanın keçdiyi ömür yolu tələbələr üçün bir örnək yaradır. Nə vaxtsa Firudin müəllimin özünə ideal seçdiyi şəxsiyyətlər, şübhəsiz ki, olmuşdu. Bu günsə onun özü 80 illik şərəfli bir ömürlə çoxları üçün idealdır. Onu özünə ideal seçən hər kəs təkcə F.Səməndərovdan necə alim olmağı deyil, həm də necə insan olmağı, necə yaşamağı öyrənir.

Hər dəfə auditoriyaya daxil olub mühazirəyə başlamazdan əvvəl tələbələri ilə ədalət və əxlaq həqiqətləri barədə qısa söhbət onun adətidir. Firudin müəllim bu cür söhbətlərlə insan səadəti və azadlığı naminə fədakarlığı, mənəvi məsuliyyəti müasir humanist ideya kimi diqqətə çatdırır. Gənclərə bu ideyanın ardınca getməyi təlqin edir. Hər bir yetirməsinin fərdi və əməli səadətinə, xeyirli, zəkalı və işıqlı sabahına bütün qəlbini, varlığını həsr edir.

 

Ömrün 80-ci zirvəsi

 

Bu yaşın gətirdiyi böyüklük, xilqətən böyüklükdür, müdriklikdir. Firudin Səməndərov bu ucalığı ömrünün 80-ci zirvəsində fəth etməyib. Mənə elə gəlir ki, o, elə həyatının bütün mərhələlərində bu ucalıqda qərar tutub. Ulularımızdan bir söz yadigarı var: böyük-kiçik yeri bilmək. Çoxumuza elə gəlir ki, bu söz ancaq yaşca kiçiklərə aiddir. Yaşca böyüyün yolunu gözləmək, hörmətini saxlamaq həqiqətən kiçik üçün mənəvi borcdur. Amma bu hikmətin başqa tərəfi də var. Əslində, yaşca kiçiyə hörmətlə yanaşmaq, onunla münasibətləri düzgün çərçivədə qurmaq da böyüyün öhdəliyidir. Yaşca böyük olanlardan bu həqiqəti çox az adamın anladığını görmüşəm. Amma Firudin müəllim də hər zaman o azların arasında olub. Yaşın müdrik çağlarına gəlib çatmış bir həmkar, ustad, dost başqaları ilə necə davranmalıdır, onun nümunəsini, meyarlarını formalaşdıran adamlardan biridir Firudin müəllim.

Firudin müəllim həm də gözəl ailə başçısıdır. Ömür-gün yoldaşı Lalə xanım, oğlu Yusif, qızı Aydan da bizə doğmadır. Aydan ixtisasca psixoloqdur, psixologiya üzrə fəlsəfə doktorudur, dosentdir, BDU-da elmi-pedaqoji fəaliyyətlə məşğul olur. Yusif isə praktiki sahədə fəaliyyət göstərir. Bu ocaqda indi baba və nənənin adını daşıyan balaca Firudin və Lalə də böyüyür.

Onunla yol yoldaşlığımız da, ölkədən kənara səfərlərimiz də olub. Bu məqamların hər dəfəsində Firudin müəllimi bir insan kimi yenidən kəşf etmişəm. Onun ürəyində dünya boyda bir işıq gəzdirdiyinə, ətrafındakı hər kəsə bu işığın şəfəqlərindən pay verdiyinə şahid olmuşam.

Və hər dəfə də özlüyümdə arzu etmişəm ki, bu işıq həmişə indiki kimi gur parlasın. Əziz müəllimimin 80 illik yubileyinə ürək sözlərimi də elə bu diləklə tamamlayıram.

Firudin Səməndərov kimi ziyalılar xalqımıza Tanrının bir lütfüdür. Onlara həmişə ehtiyacımız var.

Yeni ömür zirvələrində görüşmək ümidi ilə, ustad!

 

Alış QASIMOV,

Bakı Dövlət Universitetinin kafedra müdiri,

hüquq üzrə elmlər doktoru, professor

 

Azərbaycan.- 2019.- 12 aprel.- S.6.