Valentina
Matviyenko: “Rusiya-Azərbaycan münasibətləri
qarşılıqlı faydalı və
qarşılıqlı hörmətə əsaslanan
münasibətlərdir”
Keçən il sentyabr ayında Azərbaycan
Prezidenti İlham Əliyev Rusiyaya rəsmi səfər edib. Bu,
ölkələrimizin ikitərəfli münasibətlərində
mühüm hadisədir. Həmin səfər zamanı
imzalanmış 15 mühüm sənəd 2024-cü ilə qədər
olan dövrdə qarşılıqlı əlaqələrimizin
genişlənməsi üçün perspektiv imkanlar
yaradıb. Bir məqam çox vacibdir ki,
qarşılıqlı faydalı Rusiya-Azərbaycan əlaqələri
qarşılıqlı hörmətə, dostluğa əsaslanır
və qarşılıqlı maraqlar nəzərə
alınmaqla qurulur. Bu, strateji tərəfdaşlar səviyyəsinə
çatmış digər dövlətlər
üçün qarşılıqlı faydalı tərəfdaşlıq
münasibətləri nümunəsidir.
AZƏRTAC xəbər verir ki,
Rusiya Federasiyası Federal Məclisinin Federasiya
Şurasının sədri Valentina Matviyenko bu fikri aprelin 12-də
jurnalistlərə müsahibəsində söyləyib.
Valentina Matviyenko ölkələrimiz
arasında humanitar sahədə əməkdaşlığın
inkişafından söhbət açaraq qeyd edib ki, Azərbaycanın
Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva və onun rəhbərlik
etdiyi Heydər Əliyev Fondu bu sahədə münasibətlərin
inkişafına çox böyük töhfə verir.
V.Matviyenko Ermənistan-Azərbaycan
Dağlıq Qarabağ münaqişəsi mövzusuna
toxunaraq deyib ki, Rusiya bu münaqişənin dinc yolla
nizamlanmasının tərəfdarıdır. Bu
münaqişənin həlli böyük diplomatik və siyasi
uğur olardı.
Azərbaycan.-
2019.-13 aprel.- S.2.