Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədri Milli Gimnastika Arenası ilə
tanış olub
Azərbaycanda səfərdə
olan Rusiya Federasiyası Federal Məclisi Federasiya
Şurasının sədri xanım Valentina Matviyenko aprelin
12-də Milli Gimnastika Arenası ilə tanış olub.
Milli Gimnastika Arenasının
direktoru Maqsud Fərzullayev və bədii gimnastika üzrə
Azərbaycan yığma komandasının baş məşqçisi
Mariana Vasilyeva Arenada yaradılan şərait barədə
Valentina Matviyenkoya ətraflı məlumat veriblər.
Bildirilib ki, 9600 nəfər
üçün nəzərdə tutulmuş Milli Gimnastika
Arenası iki hissədən ibarətdir. Dünyada analoqu
olmayan, xüsusi texnologiya əsasında hazırlanan arenada
gündəlik əsasda gimnastların beynəlxalq
yarışlara hazırlıq prosesi aparılır.
Buradakı gimnastika zalı əsas yarış və köməkçi
məşq hissələrindən ibarətdir.
Yarışların miqyasından asılı olaraq,
arenanın əsas hissəsində oturacaq yerlərinin
sayını 5 mindən 10 minə qədər artırmaq
mümkündür. Arenada məşqlər üçün
nəzərdə tutulmuş zallar, auditoriyalar, atletlər
üçün xidmət göstərən yeməkxana
mövcuddur. Kompleksdə, həmçinin mətbuat mərkəzi,
ilk tibbi yardım məntəqəsi, xoreoqrafiya, trenajor
zalları, dopinq nəzarəti, inzibati otaqlar, mağazalar,
kafelər və digər yardımçı sahələr
yerləşir. Dünyanın ən yaxşı gimnastika
komplekslərindən biri olan bu idman qurğusunda otel də
yaradılıb.
Məlumat verilib ki, Azərbaycan
Gimnastika Federasiyası əhalinin bədən tərbiyəsi
və sağlamlıq fəaliyyətinə geniş cəlb
edilməsi, milli idman kadrlarının hazırlanması,
yığma komandaların formalaşdırılması və
hazırlığı, onların beynəlxalq
yarışlara, toplanışlara göndərilməsi ilə
də fəal şəkildə məşğul olur. Burada
200-ə yaxın 12-13 yaşından yuxarı oğlan və
qızlar idmanla yanaşı, Təhsil Nazirliyi ilə
razılaşma əsasında öz təhsillərini də
davam etdirirlər. Federasiya xarici ölkələrin idman təşkilatları
və beynəlxalq idman qurumları ilə də əlaqələrini
inkişaf etdirir.
Qeyd olunub ki, Milli Gimnastika
Arenası ölkəmizdə bir sıra mötəbər
idman yarışlarına yüksək səviyyədə ev
sahibliyi edib. Gimnastikanın müxtəlif növləri
üzrə nüfuzlu beynəlxalq turnirlərlə
yanaşı, 2016-cı ildə 42-ci Ümumdünya Şahmat
Olimpiadasının açılış mərasimi, 2015-ci
ildə I Avropa və 2017-ci ildə IV İslam Həmrəyliyi
oyunlarının gimnastika yarışları, ötən il
cüdo üzrə dünya çempionatı bu möhtəşəm
arenada təşkil olunub.
Komplekslə tanışlıqdan
sonra Valentina Matviyenko bədii gimnastların nümunəvi
çıxışlarına baxıb.
Gimnastlarla söhbət edən
qonaq Milli Gimnastika Arenasında yaradılan şəraiti
yüksək qiymətləndirib, atletlərə uğurlar
arzulayıb.
Sonda xatirə şəkli çəkdirilib.
Azərbaycan.-
2019.-13 aprel.- S.3.