Effektiv islahatlar
artıq uğurlu nəticələr verir
Tahir Mirkişili:
"Azərbaycan vətəndaşlarının 90 faizinin
İlham Əliyevin islahatlarını razılıqla
qarşılaması aparılan mühüm iqtisadi və idarəetmə
islahatlarına böyük dəstəkdir”
Son illərdə aparılan
iqtisadi islahatlar, həyata keçirilən layihələr,
şəffaflaşdırma siyasəti büdcə gəlirlərinin
artmasına, maliyyə imkanlarının əhəmiyyətli
dərəcədə yüksəlməsinə şərait
yaratdı və Prezident İlham Əliyev ilk növbədə
bu vəsaitlərin sosial sferaya yönəldilməsini təmin
etdi. 2019-cu il başlayandan sosial sahədə atılan
addımlar ilk növbədə əhalinin rifah halının
yaxşılaşdırılmasına xidmət etməkdədir.
Həyata keçirilən
islahatların iqtisadiyyata, əhalinin rifah halına hansı
formada təsiri, problemli kreditlərin həlli prosesi, əlavə
dəyər vergisinin ləğvi, dolların məzənnəsinin
sabitliyi, banklarda kredit faizlərinin yüksəkliyi ilə
bağlı söylənən fikirlərlə əlaqədar
Milli Məclisin İqtisadi siyasət, sənaye və
sahibkarlıq komitəsinin üzvü Tahir Mirkişiliyə
müraciət etdik. Deputat qəzetimizə
verdiyi müsahibədə həm bir çox məqamlara
aydınlıq gətirdi, həm də bəzi təkliflərini
səsləndirdi.
Dövlət artan gəlirlərini vətəndaşın
sosial müdafiəsinin güclənməsinə yönəldir
- İlham Əliyevin həyata keçirdiyi islahatlar vətəndaşlar
tərəfindən təqdir edilir. Sizcə, sosial islahatlara zəmin yaradan səbəblər
nədir?
- Prezident İlham Əliyevin rəhbərliyi
ilə həyata keçirilən islahatlar öz sürəti,
əhatəsi və nəticəliliyi ilə fərqlənir. Ümumilikdə islahatlar prosesi ağrılı bir
prosesdir. İslahatların uğurlu
olması onun qətiyyətli və
düşünülmüş aparılmasından və xalq
tərəfindən dəstəklənməsindən çox
asılıdır. Keçən müddət
ərzində dövlət başçısının
bütün addımlarının qətiyyətli və uzaqgörən
olmasına dünya şahidlik edib. Onun həm
daxili, həm də beynəlxalq layihələri daim uğurla
başa çatıb.
11 aprel 2018-ci il
prezident seçkilərində cənab İlham Əliyevin
xalqın böyük səs çoxluğu ilə Prezident
seçilməsi Azərbaycan xalqının məhz onu dəstəklədiyini
deməkdir. Bir neçə gün öncə
Fransanın "Opinion Way” şirkətinin apardığı
sorğu nəticəsində rəyi soruşulan Azərbaycan
vətəndaşlarının 90 faizinin Prezidentin
islahatlarını dəstəkləməsi ölkədə
aparılan mühüm iqtisadi və idarəetmə
islahatlarına böyük dəstəkdir. Keçən bir ildə islahatların mühüm nəticələri
onu bir daha göstərdi ki, effektiv şəkildə
aparılan işlər qısa müddətdə öz nəticələrini
verir.
2019-cu ilin ilk 3 ayının nəticələrini
təhlil etsək görərik ki, ÜDM 3, qeyri-neft sənayesi
15 faiz artıb, inflyasiya cəmi 2 faiz olub. 2018-ci
ildə Dünya Bankı Azərbaycanı dünyada ən
çox islahat aparan ölkə elan etmişdi. İslahatlar nəticəsində iqtisadiyyatda şəffaflığın
artması büdcə gəlirlərini son 2 ayda 200 milyon manat
artırmışdı. Dövlətin artan gəlirlərini
vətəndaşların sosial müdafiəsinin güclənməsinə
yönəldən dövlət başçısı minimum əməkhaqqını,
pensiyaları, sosial müavinətləri, tələbə təqaüdlərini
və s. artırmaqla bir daha göstərdi ki, aparılan
islahatların əsas məqsədi Azərbaycan vətəndaşının
daha yaxşı yaşamasına xidmət etməkdir.
Azərbaycan
iqtisadiyyatı sürətli artım mərhələsinə
qədəm qoyub
- Ölkədə
problemli kreditlər iqtisadi inkişafın qarşısında
mühüm bir maneə kimi dayanmışdı. Ancaq dövlət başçısı bunun da həlli
yolunu müəyyən edərək fərman imzaladı.
Bunu necə dəyərləndirirsiniz?
Ümumilikdə iqtisadiyyatda
və bank sektorunda həmişə problemli kreditlər məsələsi
var və bunun qəbul edilmiş bir həddi mövcuddur. Bu hədd bəzi
ölkələrdə 5 faizədəkdir, bəzi ölkələrdə
isə 3 faizdir. Azərbaycanda devalvasiyadan əvvəl
problemli kreditlərin ümumi kredit portfelində həcmi, təxminən,
5,5-6 faiz həcmində olub. Bu
da dünyada qəbul edilən bir normadır. Ümumiyyətlə belə hesab olunur ki, riskləri
nəzərə almaqla bank sektoru özü bu həddə
olan problemli kreditləri sağlamlaşdıra bilir və hətta
bu formada riskləri idarə etməyi bacarır.
2015-ci ildə Azərbaycanda
2 dəfə devalvasiya olub. Bu devalvasiyalardan sonra
ölkədə 2 mühüm məsələ ortaya
çıxıb. Həm xarici valyutada, həm
də ümumilikdə manatla götürülən kreditlərin
geri qaytarılması ilə bağlı vətəndaşlarda
müəyyən çətinlik yaranıb. Ötən
dövrdə bu 2 istiqamətdə iş aparılıb. Cənab Prezident çıxışlarında hər
zaman bank sektoruna ödənilməsində problem olan kreditlərin
restrukturizasiyası ilə bağlı
çağırışlar edib ki, banklar həm müddətin
uzadılması, həm də kredit faizlərinin
aşağı salınması ilə bağlı vətəndaşlarla
qarşılıqlı razılaşma əldə etsinlər.
Bu istiqamətdə bir sıra banklar müəyyən
işlər görüb.
Digər tərəfdən
isə, dövlət tərəfindən strateji yol xəritələri
qəbul edilib, sürətli iqtisadi islahatlar həyata
keçirilməyə başlanıb. Yəni devalvasiyanı
törədən mənbələrin aradan
qaldırılması ilə bağlı çox ciddi işlər
görülüb. Azərbaycan hökuməti
tamamilə doğru olaraq ilk növbədə bu səbəbləri
aradan qaldırmaq üçün tədbirlər görüb
və bu, başa çatıb. Artıq
2017-ci ildə Azərbaycan iqtisadiyyatı sabitləşib və
2018-ci ildə ümumi daxili məhsul artım mərhələrinə
keçib. 2019-cu ilin ilk 2 ayı göstərdi
ki, Azərbaycan iqtisadiyyatı sürətli artım mərhələsinə
qədəm qoyub, şəffaflıq, büdcə gəlirləri,
vergi sistemində yığılmalar artıb. Bu
yığılmalar imkan verdi ki, əvvəllər
yaranan çətinliklərin nəticələrinin aradan
qaldırılması ilə bağlı addımlar
atılsın və ölkə Prezidenti də bununla
bağlı fərman imzaladı.
Ümumilikdə bununla əlaqədar
parlamentdə də müzakirələr aparılıb,
deputatlar tərəfindən bu problemin həllinə dövlətin
müəyyən dərəcədə yardım göstərməsi
ilə bağlı çağırışlar olub. Amma məhz
ölkə Prezidenti tərəfindən verilmiş bu fərman
miqyasına və mexanizmlərinə görə tarixi bir
addımdır.
2015-ci ilin fevral
devalvasiyasına qədər xarici valyutada kredit götürənlərin
strukturuna baxsaq, 10 min dollaradək kredit götürən vətəndaşlar
ilə bütövlükdə xarici valyutada kredit götürmüş
vətəndaşların 92 faizini təşkil edir. Bu o deməkdir
ki, kompensasiya verilməsi ilə bütövlükdə xarici
valyutada kredit götürmüş vətəndaşların
92 faizinə kömək edilir. 17 min manata
qədər vaxtı keçmiş kredit borcu olan vətəndaşlar
milli valyutada vaxtı keçmiş kredit borcları olan vətəndaşların
ümumi sayının 99 faizini təşkil edir. Bu addım bütövlükdə banklarla münasibətdə
olan vətəndaşların orta hesabla, təxminən, 95
faizini əhatə edir. Bu, kifayət qədər
böyük həcmdir. Dövlət bu
addımı atmaqla vətəndaşları bu yükdən
azad etdi və onu öz üzərinə götürdü.
Artıq vətəndaşlar kreditin ödənilməsi
ilə bağlı yeni şərtlərlə müqavilə
bağlayacaqlar. Növbəti 5 il ərzində
kredit müqavilələri, təxminən, ildə 1 faiz şərti
ilə bağlanacaq. Ümumilikdə fərman
850 minə yaxın vətəndaşa kömək etməyi nəzərdə
tutur.
Digər tərəfdən,
bankların sağlamlaşdırılması baxımından
dövlətin atdığı addım çox böyük əhəmiyyət
kəsb edir.
Çünki bank iqtisadiyyatın "şah damarı”dır.
Banklarda olan istənilən bir problem sonra
bütövlükdə iqtisadiyyata yayılır və
bütün sektora təsir edir. Ona görə
də bank sektorunun sağlamlaşdırılması
bütövlükdə iqtisadiyyat üçün çox
vacibdir. Bu addım həm iqtisadiyyatın
sağlamlaşdırılması, həm iqtisadiyyatda bank
sektorunun effektiv və fəal iştirakının
artırılması, həm də vətəndaşın
sosial müdafiəsinin qorunması baxımından çox
mühümdür.
Bir çox
ölkələrdə ƏDV tətbiq olunmur
- Bəzi ekspertlərin
fikrincə, Azərbaycan iqtisadiyyatı əlavə dəyər
vergisindən (ƏDV) tədricən xilas olmalıdır və
bu vergi digər vergilərlə əvəz edilməlidir. Razılaşırsınız bu fikirlərlə?
- ƏDV ilk dəfə
1950-ci illərdə Fransada tətbiq olunub. Bu gün
Avropa İttifaqına üzv olmaq üçün istənilən
halda hər bir ölkə ƏDV-ni tətbiq etmək mexanizminə
sahib olmalıdır və bu, məcburidir. Bir çox dövlətlərin, məsələn,
Fransanın dövlət büdcəsinin vergi gəlirlərində
ƏDV-nin payı 45 faizə yaxındır. Bəzi ölkələrdə isə bu rəqəm
azdır. Məsələn, Niderlandda bu
göstərici 25 faizə yaxındır. Amma
bütövlükdə ƏDV bu gün büdcə gəlirlərinin
təmin olunmasında əhəmiyyətli rol oynayır.
Azərbaycanda ƏDV vergi
yığımlarının, təxminən, 50 faizindən
bir az çoxdur. Yəni bu,
gün həm gömrük, həm vergi sahəsində
ƏDV-nin yığım həcminə fikir versək, bu,
bütövlükdə büdcə gəlirlərinin, təxminən,
30 faizinə yaxındır. Bu, kifayət qədər
böyük məbləğdir. Bu gün
ƏDV bir tərəfdən iqtisadi funksiyaya sahibdirsə, digər
tərəfdən onun mühüm bir sosial istiqaməti var.
ƏDV olmayanda, bu qədər vergi yığılmayanda son nəticədə
əhalinin sosial qayğı ilə əhatə olunmasında
ciddi şəkildə problemlər yarana bilər. Yığılan vergilərin böyük hissəsi
son nəticədə pensiyaya, sosial təminata, sosial müavinətə
və bütövlükdə əhalinin maddi rifahının
yüksəldilməsinə yönəlir. Yəni verginin əsas funksiyalarından biri də
bundan ibarətdir.
Amma mən
düşünürəm ki, istənilən halda ƏDV
mexanizminin təkmilləşdirilməsi ilə bağlı
işlər görmək mümkündür. Bu gün
dünyada ƏDV-nin tətbiqi mexanizmi ilə bağlı
diskussiyalar aparılır. Bir çox
ölkədə ƏDV tətbiq olunmur. Məsələn,
ABŞ, Kanada, Avstraliyada ƏDV yoxdur və bunun əvəzində
başqa tipli vergilər var. Milli Məclisdə müzakirələr
zamanı bir çox hallarda ƏDV-nin müxtəlif dərəcələrinin
tətbiqi ilə bağlı təkliflər də verilib. Biz düşünürük ki, bəzi sahələrdə,
məsələn, tibb, təhsil, əhalinin ilkin
ehtiyaclarının tələb olunduğu müəyyən
sahələrdə ƏDV-nin dərəcəsinin
aşağı salınması mümkündür.
Azərbaycanda bir çox məhsullar
ƏDV-dən azad olunub. Məsələn, buğda və taxıl
məhsulları idxalda ƏDV-dən azaddır. Bir çox hallarda bu azadolmalar əhalinin ilkin
ehtiyacını ödəyən məhsulların qiymətinin
aşağı düşməsinə səbəb olub.
Amma təhlillər göstərir ki, ƏDV-nin
dərəcələrində müxtəliflik tətbiq edən
zaman iqtisadi cinayətlərin sayının səviyyəsi
getdikcə artır. Çünki ƏDV
elə bir vergidir ki, burada istənilən halda mexanizmin təkmil
olması çox mühümdür. Mexanizm
təkmil olmasa, yəni uçot düzgün qurulmasa, bu zaman
ƏDV-nin toplanmasında kifayət qədər boşluqlar
mövcud olur. Bu boşluqlarda
inzibatçılığın səviyyəsinin
aşağı olması bir çox hallarda bu verginin ödənilməməsinə,
vergidən qaçmaya səbəb olur.
Digər bir yanaşma
ƏDV-də müxtəlif dərəcələrin tətbiqi
yox, bunun bütövlükdə aşağı
salınmasından, amma azadolmaların aradan
qaldırılmasından ibarətdir. Çünki burada əsas
məqsəd inzibatçılığın daha şəffaf
qurulmasıdır. Şəffaflığın
artması son nəticədə ƏDV-nin bir çox məsələlər
üzrə dərəcələrinin aşağı enməsinə
səbəb olacaq. Bunun üçün əslində
sistem hazır olmalıdır və sistemin hazır olması
üçün şəffaflıq artmalıdır. Ölkəmizdə uçotluğun səviyyəsinin
daha çox artması son nəticədə ƏDV sistemində
islahatlar aparmağa şərait yaradacaq.
Əhali ilə
sığorta şirkətləri arasında inam arzuolunan səviyyədə
deyil
- "Diqlas” ticarət mərkəzindəki məlum
yanğından sonra dövlət başçısı təcili
iclas keçirdi və bildirdi ki, "Azərbaycanda
sığorta sahəsində boşluqlar var”. Sizcə, bu boşluqlar nədər ibarətdir?
- Azərbaycanda "İcbari
sığortalar haqqında” qanun var. Bu qanunun müddəalarına
görə, hər bir fiziki və hüquqi şəxs öz əmlakını
məcburi şəkildə sığorta etdirməlidir. Yəni bu, könüllü deyil, icbaridir. Eyni zamanda, qanunda ikinci müddəa var ki,
üçüncü şəxslərə dəyən zərərlə
bağlı istənilən halda fiziki və yaxud hüquqi
şəxslər öz əmlakını 50 min manat risk həddində
sığorta etdirməlidirlər. Biz buna
mülki məsuliyyət deyirik. Burada
müəyyən məhdudiyyətlər olsa da, amma
bütövlükdə bu tipli hadisələrin
qarşısını almaq üçün qanunda müvafiq
müddəalar göstərilib.
Problem ondan ibarətdir ki, Azərbaycanda
sığorta sahəsində əmlakın və yaxud da
daşınmaz əmlakın sığortalanması ilə
bağlı müəyyən dərəcədə
boşluqlar mövcuddur. Bunun da bir çox səbəbi var. Səbəblərdən
biri əhalinin və yaxud da sahibkarların bəzilərinin
iqtisadi savadlılığının arzuolunan səviyyədə
olmamasıdır. Bir çox hallarda isə
baş verən hadisə zamanı sığorta məbləğinin
alınması ilə bağlı bir çox şikayətlərin
olması, əhali ilə sığorta şirkətləri
arasında inamın arzuolunan səviyyədə olmaması Azərbaycanda
sığorta mədəniyyətinin formalaşmasına zərər
vurub.
Amma bu o demək deyil ki, Azərbaycanda
əmlak və yaxud daşınmaz əmlak sığorta
olunmur. Mən
bir fakt deyim: 2018-ci ildə Azərbaycanda könüllü
şəkildə daşınar və daşınmaz əmlakın
sığorta etdirilən riskin həcmi 32 milyard manat olub. Yəni sığorta şirkətləri yalnız
2018-ci ildə könüllü olaraq sahibkar və vətəndaşlardan
57 milyon manat həcmində sığorta haqqı toplayıb.
Bu da müəyyən sayda vətəndaş və
yaxud sahibkarın sığorta mexanizmlərindən istifadə
etdiyini deməyə əsas verir. Amma istənilən
halda bu, arzuolunan hədd deyil.
Bizim də istəyimiz odur
ki, özəl sektorda vətəndaşların və
sahibkarların əmlakının sığortası
lazımi səviyyədə olsun. Çünki baş
verən son hadisələrdə bunun şahidi olduq. Bu gün bazar iqtisadiyyatının mühüm elementlərindən
biri sığortadır. Sığorta
şirkətləri çox da böyük olmayan məbləğ
həddində vətəndaşa dəyə biləcək
ziyanı tam ödəmək kimi mexanizmlərə sahibdir.
Bu gün hər hansı sahibkar mağazada 30 min
manat dəyərində olan malını sığortalamaq istəsə,
bunun illik dəyəri, təxminən, 90 manat həcmindədir.
Bu, əslində, çox kiçik bir məbləğdir.
Təsəvvür etmək çətindir
ki, bu gün sahibkar hər ay 200-300 manat icarə haqqı
ödəməyə hazırdır, amma ay ərzində təxminən
7,5 manat ödəməklə
bütövlükdə daşınar əmlakını
sığorta etdirmək mexanizmindən istifadə etmir. Bu o deməkdir ki, burada söhbət məbləğdən
getmir, çünki məbləğ kifayət qədər
kiçikdir. Burada əsas məsələ
odur ki, sahibkar-sığorta münasibətlərində yeni
mexanizmlərin tətbiqini zəruri edən qaydalara ehtiyac var.
Düşünürəm ki, bu qaydalar sahibkarlar ilə
sığorta şirkətləri arasındakı münasibətlərdə
etibar yaradacaq, eyni zamanda sahibkarlarda sığorta mədəniyyətinin
səviyyəsini daha da yüksəldəcək.
Cənab Prezidentin
keçirdiyi müşavirədə verdiyi
tapşırıqlar Azərbaycanda sosial dövlətin
funksiyasının və dövlət
başçısının humanizm siyasətinin bariz
nümunəsi idi. Baxmayaraq ki, "Diqlas” ticarət mərkəzində
baş verən hadisədə dövlət heç bir məsuliyyət
daşımırdı. Ölkə
Prezidentinin zərər çəkmiş sahibkarlara dövlət
yardımının edilməsi ilə bağlı verdiyi
tapşırıq çox mühüm əhəmiyyət kəsb
etdi. Düşünürəm ki, bu, faciə
ilə üzləşən sahibkarların ilkin mərhələdə
bu vəziyyətdən çıxması yolunda önəmli
bir addım idi.
İqtisadiyyatın
sürətli inkişafı üçün kreditlərə
ehtiyac var
- Bu gün ölkəmizdə
bankların verdikləri kreditlərin faizləri yüksəkdir.
Bu da sahibkarlığın inkişafına mənfi
təsir göstərir. Necə
düşünürsünüz, bu məsələdə digər
iqtisadi mexanizmlərdən istifadə etmək
mümkündürmü?
- Azərbaycanda kredit faizlərinin,
xüsusən sahibkarlıq üçün kredit faizlərinin
yuxarı olması sahibkarlığın inkişafı
üçün müəyyən qədər maneələr
yaradır. Kredit faizləri nə qədər aşağı
olarsa, sahibkarlar daha çox investisiya cəlb edə və
yaxud daha çox iş görə bilər. Bütövlükdə
kredit portfelinin ümumi daxili məhsulda həcmi, təxminən,
12 faizə yaxındır. İqtisadiyyatın
sürətli inkişaf etməsi üçün kredit
portfelinin ümumi daxili məhsulda payı 60 faizdən
yuxarı olmalıdır. Bu o deməkdir
ki, Azərbaycanda kredit portfelinin həcmi xeyli
aşağıdır. İqtisadiyyatın
sürətli inkişafı üçün kreditlərə
ehtiyac var, bu kreditlərin həcmi artmalıdır. Amma
istənilən halda kredit faizləri də sahibkarlara daha
çox iş görməyə imkan verməlidir.
Bu gün Avropa ölkələrində
kredit faizləri əlçatandırsa, bizdə bir çox
halda 15 faizin üzərindədir. Böyük həcmdə
fərqin olması bizim sahibkarların rəqabət qabiliyyətini
aşağı salır. Azərbaycan
sahibkarları ixrac zamanı bazarlarda Avropa şirkətləri
ilə üzləşir. Sahibkarlarımızın
ucuz pul kütləsinə asan
çıxışının olmaması rəqabətdə
ciddi problemlər yaradır.
Amma məsələnin ikinci
tərəfi var ki, hansı formada kredit faizlərini
aşağı salmaq mümkündür. Çünki
banklar özəldir və onlar da sahibkarlığın bir
formasıdır. Bu gün bankların hər
hansı bir formada kredit faizlərini aşağı salması
iki istiqamətdə mümkündür. Bir
istiqamət ondan ibarətdir ki, istənilən halda
bankların daha çox ucuz pul kütləsinə
çıxışı olmalıdır. Bu gün bankların kredit cəlb etməsində iki
mühüm mənbə var. Birincisi əhalinin əmanətləridir,
ikincisi isə bankların beynəlxalq bazardan cəlb etdiyi pul
kütləsidir. Kredit faizlərinin
yuxarı olmasının bir səbəbi də əhalinin qəbul
olunan əmanətlərinin faizlərinin yuxarı
olmasıdır. Belə çıxır
ki, biz kredit faizlərini aşağı salmağa
çalışsaq, istənilən halda əhalinin əmanət
faizləri də aşağı düşməlidir. Bu, bir tərəfdən əhalinin gəlirlərinə
təsir edəcək.
Amma digər tərəfdən
bunun iqtisadi üsulları da var. Bir çox ölkədə
müəyyən dərəcədə məhdudiyyətlər
tətbiq edirlər ki, banklara yuxarı faizli kredit verilməsi
iqtisadi cəhətdən sərf etməsin. Məsələn,
əgər banklar yuxarı faizlə kredit verirsə, bu kreditlərin
qaytarılması üçün banklar daha çox özlərində
ehtiyat yaratmalıdırlar. Bankın daha
çox ehtiyat yaratması bir çox halda ona sərf etmir.
Ona görə də bank daha az ehtiyat
yaratmaq üçün aşağı faizlə kredit verməkdə
maraqlı olur. Bu, məsələnin
mühüm bir hissəsidir.
Biz də
düşünürük ki, bu gün ölkəmizdə
iqtisadi alətlərlə banklara kredit faizlərinin
aşağı salınması ilə bağlı təsir
etmək mümkündür. Amma eyni zamanda, daha ucuz
kreditə və yaxud da pul kütləsinə
çıxışı təmin etmək üçün
banklara kömək göstərmək lazımdır. Son nəticədə kredit faizlərinin
aşağı düşməsində hamımız
maraqlıyıq. Çünki kredit faizlərinin
yuxarı həddə olması sahibkarlıq fəaliyyətinin
inkişafı üçün maneədir.
"İndiki dövrdə
manata iqtisadi cəhətdən təsir edə biləcək
ciddi təhlükələr mövcud deyil”
- Uzun müddətdir
ölkədə manatın məzənnəsində hər
hansı bir dəyişiklik yoxdur. Qarşıdakı
aylarda dolların bahalaşması gözlənilirmi?
- Azərbaycan iqtisadiyyatı sürətli artım mərhələsinə qədəm qoyub. 2018-ci ilin iqtisadi nəticələrinə görə ixrac idxalı 8.6 milyard dollar üstələyib, tədiyə balansının cari əməliyyatlar balansında müsbət saldo 5 milyard dollardan çox olub. İxracın həcmi durmadan artır və yerli istehsal həcmi genişlənir.
Eyni zamanda, ölkədə pul kütləsinə effektiv nəzarət mexanizmləri qurulub və yeni büdcə qaydaları qəbul olunub. Belə bir şəraitdə Azərbaycanın manatının mövqeyi digər valyutalara nisbətdə kifayət qədər sabitdir və bunun üçün yetərli iqtisadi səbəblər var. İndiki şəraitdə yaxın dövrlərdə manata iqtisadi cəhətdən təsir edə biləcək ciddi təhlükələr mövcud deyildir.
Rəşad BAXŞƏLİYEV
Azərbaycan.-
2019.- 13 aprel.- S.5.