Azərbaycan dünyaya xoş sürprizdir
İki həftəyə Azərbaycan dilində
danışmağa başlayan
Meksikanın səfiri Xuan Rodriqo
Labardini Flores diplomat ömrünün səfalarından
və cəfalarından danışır
Söhbətə başlamazdan əvvəl "Çox danışmağı xoşlayıram” deyib, bizi əvvəlcədən xəbərdar edir. "Zamanımız çoxdur, - dedikdən sonra arxaya dirsəklənir, - onda həyatımın hər maraqlı anını sizinlə bölüşəcəm” söyləyib, yerini rahatlayır. Həyatını nağıl bildiyi üçün elə söhbətə də "Biri var idi, biri yox idi...” ilə başlayır.
"Diplomatın söhbəti” rubrikasının budəfəki qonağı Meksikanın Azərbaycandakı səfiri Xuan Rodriqo Labardini Floresdir. 58 il bundan əvvəl Mexiko şəhərində dünyaya gəlib. Uşaq ikən həkim olmağı arzulayıb. Ancaq həyatın şərtləri onu tam başqa bir yönə - diplomatiyaya gətirib... "Səfir olmağın sənə zəngin təcrübə qazandırır” söyləyən Rodriqo Labardini bu işin bir əmmasını da qeyd etməyi unutmur: "Tək yaşamağı öyrənməli olursan...”
Tibdən diplomatiyaya doğru
- Meksikada böyümüşəm, təhsilimi da orada almışam. 7 yaşım olanda atamın işi ilə əlaqədar Vaşinqtona köçüb, bir müddət orda yaşamalı olduq. 13 yaşımdan etibarən hər il tələbə mübadiləsi proqramında iştirak etdim və nəhayət, qazandım. Bu proqram çərçivəsində Hyuston, Nyu York, Los Anceles, Dakuta və ABŞ-ın digər şəhərlərində yaşadım. Əvvəllər tibb sahəsini öyrənməyə can atırdım. Çox xoşuma gəlirdi. O sahə üzrə universitetə qəbul olsam da, bitirə bilmədim, yarımçıq saxladım. Sonra hüquq sahəsini seçdim və sona kimi oxudum. Dövlət idarəetməsi, iqtisadiyyat və hüquq sahəsi üzrə magistr təhsili almışam. Hətta hüquq sahəsi üzrə doktorantura pilləsinə qalxdım. Hazırda beynəlxalq münasibətlər üzrə doktorantura pilləsində təhsil alıram. Meksika, ABŞ və Qvatemalanın bir sıra universitetlərində müəllim işləmişəm. Hüquq sahəsində olan ilk iş təcrübəm isə hüquq şirkətlərindən birində başladı. Oradan sonra üç il ərzində Meksikanın Mərkəzi Bankında işlədim. 1987-ci ildə Meksikanın Xarici İşlər Nazirliyinin hüquq şöbəsində işə başladım. Bir müddət Nyu-Meksiko şəhərində konsul, 8 il isə ABŞ-dakı Meksika səfirliyinin nəzdində xüsusi işlər departamentində çalışdım. Yenidən Meksikaya qayıtdım və Xarici İşlər Nazirliyində insan hüquqları departamentində işlədim. Bir müddət sonra məni nazirliyin ikinci hüquqşünası təyin etdilər. Səfir fəaliyyətimə Nikaraquada başladım. İkinci dəfə isə Azərbaycana səfir təyin olundum...
58 yaşda özümü
qocalmış saymıram
- Hesab edirəm ki, insan hansı yaşda olmasına baxmayaraq, daxilən, ruhən gənc qalmalıdır. Bir də gözlərində həmişə parlaqlıq olmalıdır. Deməyim odur ki, 58 yaşım olsa da, özümü qocalmış saymıram.
İlk nikahımdan üç övladım var. Hamısı Meksikada yaşayır. Valideynlərim də orada qalır. 84 və 88 yaşlarında ahıl adamlardırlar. Ailədə necə biri, necə ata olduğumu soruşsanız, bəlkə də doğru cavablandıra bilmərəm, amma onu deyim ki, ata olmaq çətindir. Hər birimiz həmişə hər bir məsələni düzgün etmək istəyir və düzgün də etdiyimizi düşünürük. Ancaq övladlarımızı nə qədər fərqli istiqamətə yönəltmək istəsək də onlara, eyni zamanda, azadlıq da verməliyik. Böyüyəndə çox məsələdə özləri seçim edirlər. Övladlarım bilir ki, heç bir şəraitə baxmayaraq, onları həmişə çox istəmişəm. Amma bu o demək deyil ki, mən onların hər qərarını dəstəkləyirəm. Onlara həmişə demişəm, mən sizin atanızam, sizi çox istəyirəm, amma həyat öz həyatınızdır. Ailədə də həmişə bütün məsələlərdə qarşılıqlı anlaşma olmasına çalışıram.
"Hobbim həyatdan zövq almaqdır”
- Xüsusi bir hobbim yoxdur. Hobbim həyatdan zövq almaqdır. Ancaq maraq duyduğum sahələr var. Həmişə üzgüçülük, velosiped sürməkdən xoşum gəlib. Hazırda skvoşun həvəskarıyam. Nə edirəmsə, canımı o işə qoyuram və ona görə idmanda bir neçə dəfə zədə almışam. 8 dəfə sınıq, 9 dəfə isə əzələ dartılması olub. İdman mənim üçün təhlükəlidir, amma nə edim, xoşuma gəlir. İnsanın daxili dünyasını zənginləşdirir.
Kitab oxumağı, musiqi dinləməyi də sevirəm. Gündəlik işlərimi çatdırmaq üçün hər gün səhər saat 5-dən oyanıram. Evdə olanda zamanımın çoxunu kitab oxumaqla keçirirəm. Oxuyan zaman da fonda musiqi olmalıdır. Elə işdə də çalışarkən otaqda mütləq musiqi sədası gəlməlidir.
Musiqidən söz düşmüşkən əlavə edim ki, üç alətdə: fortepiano, saksofon, fleytada ifa edə bilirəm. Foto çəkməyi isə həddən çox sevirəm. Getdiyim hər yerdə maraqlı kadr görən kimi lentə alıram. Vaxtaşırı ədəbi əsərlər də yazıram. "Yoxluq” adlı hekayəmi indi sizə təqdim edəcəm. Hüquq, insan hüquqları və bu səpgidə olan digər mövzular üzrə 80 məqaləm dərc olunub. Artıq iki kitabım işıq üzü görüb. Bu il isə üçüncü kitabın dərc olunmasını planlaşdırıram. Böyük ümidim var ki, bu il dördüncü kitabımı da oxuculara çatdıra biləcəm. 6 il Meksika mətbuatında da çalışmışam, siyasi analitik məqalələrim dərc olunubdu.
Səfir təyin olunmazdan öncə Azərbaycana gəlməmişdim, lakin adını, daha çox da paytaxt Bakı haqqında eşitmişdim. Bura gələndə ilk çətinliyim dillə bağlı oldu. Əlbəttə, şəhər, mədəniyyət, mətbəx, cəmiyyət fərqlidir, ancaq oxşarlıqları da var. Yeni bir yer tanımaq maraqlıdır, özümüzü dərindən anlayıb, özümüzlə tanış oluruq. Həyatıma çox minnətdaram ki, baş verənlər nəticəsində Azərbaycanda səfir oldum və həyatımın bu anında özüm üçün çox şeyi kəşf etdim. Anladım ki, fərqli ölkə vətəndaşları olmağımıza baxmayaraq, hər birimiz insanıq və eyniyik. Demək istəyirəm ki, Bakı, bütövlükdə Azərbaycan dünya üçün xoş sürprizdir.
"Gördüm ki,
hamı göyərtini diri-diri yeyir...”
- Azərbaycana gələndən iki-üç gün sonra yoldaşımla restorana getdik. Göyərtini stolun üstünə bütöv şəkildə gətirib qoydular. Çaşdım qaldım ki, bu nədir belə?! Əvvəlcə elə bildim bəzək üçün qoyublar. Sonra gördüm qonşu masalarda əyləşənlər götürüb eləcə yeyir. Mən də elə yedim və ilk dəfə idi belə bir təcrübə yaşayırdım. Anladım ki, demə, göyərtini elə ən təbii şəkildə yemək daha yaxşıdır. Sanki özün dərib gətirmisən.
Sizdə tərxun bitkisi var. Bizdə ona "estraqon” deyilir. Siz ondan daha çox sərinləşdirici içki, limonad hazırlayırsınız. Biz isə onu üyüdüb ədviyyat kimi istifadə edirik. Sonra sizdə olan pərpətöyündən bizdə də var. "Verdolaqas” adlanır. Sizdə ondan turşu, soyuq qəlyanaltı hazırlanır, əsasən kökündən istifadə edirsiniz, bizdə yarpaqlarından isti yemək hazırlanır. Meksikada dostlarım üçün buradakı göyərtili yeməklərdən hazırlayacağıma söz vermişəm.
Onu deyim ki, mədəniyyət reallığı anlamaq üçün ən yaxşı vasitədir. Reallığı həm də təbiətin bizə verdiyi dəyərlər əsasında anlayırıq.
"Azərbaycan macəra dolu bir yerdir”
- Düşünürəm ki, Azərbaycan macəra dolu, kəşf olunası bir məkandır. Ölkənizi qarış-qarış gəzərkən Qafqazın incisini kəşf etdim. Xanımımla artıq 30-a yaxın rayonda olmuşam. Bizim ölkədaxili turdan çox xoşumuz gəlir. Bir ölkədə təbiətin bir neçə özəlliyinin cəmləşməsi çox möhtəşəmdir. Xalqlarımız arasında da oxşarlıqlar var. Azərbaycan xalqı qonaqpərvərdir. Hər iki xalqın dadlı mətbəxi var. Məsələn, sizdə dolma, lülə kabab, piti kimi dadlı yeməklər, bizdə də takos, moli kimi milli mətbəx nümunələri var.
Hər iki xalqın ədəbiyyatında eşq mövzusuna rəğbət böyükdür. Azərbaycanın qədim ədəbiyyatı var. "Leyli və Məcnun”, "Əli və Nino” əsərlərini, "Yeddi gözəl” baletini çox bəyənirəm.
Xalqlarımız arasında olan əsas oxşarlıqlardan biri ailə dəyəridir. Hər iki ölkədə ailə çox vacibdir. Meksikalılar da, azərbaycanlılar da çox işgüzar xalqdır, işləməyi sevirlər. Ölkənizdə dostluq əlaqələri də möhkəmdir.
Bura gəldikdən sonra daha yaxşı siyasi təhlil etməyi öyrəndim. Azərbaycanda həyata keçirilən energetika siyasəti çox möhtəşəmdir. Meksika da həmin təcrübədən istifadəyə başlayır.
"Başqa xalqı tanımaq üçün onun dilini bilməlisən”
- Bura gələndə Azərbaycan dilini öyrənməyə başladım. Gəlişimdən iki həftə sonra Prezident İlham Əliyevə etimadnaməmi Azərbaycan dilində təqdim etdim. Niyə? Düşünürəm ki, başqa bir xalqı tanımaq üçün ilk əvvəl onun dilində danışmağa başlamalısan. Onun daxili dünyasını, mədəniyyətini tanımaq üçün əsas alət dildir. Dili öyrəndikdən sonra muğamın möhtəşəmliyinə heyran oldum.
Azərbaycan dilində "həyat yoldaşı” sözü var. Çox böyük, dərin məna kəsb edir. Bütün həyata yoldaşlıq edir o adam. Bu ifadənin mahiyyəti mənim üçün çox dəyərlidir. Həyat yoldaşı odur ki, bir-birinin üzünə həmişə gülməyə bilərsən, amma həmişə hər şeyini onunla bölüşərsən.
"Meksikaya getsəniz...”
- Könüllərimizi kəşf etmək üçün azərbaycanlılar Meksikaya getməli, meksikalılar isə Azərbaycana gəlməlidir. Meksika azərbaycanlı turistlərə çox şey təklif edə bilər. Meksika yalnız Kankun deyil. 11 min km-dən çox sahilyanı ərazisi var. Eyni zamanda, mətbəx Meksikanın digər maraqlı xüsusiyyətlərindəndir. Ora getmək macəra dolu bir səyahətə yol açmaq deməkdir.
Meksika üçün həm darıxıram, həm də yox. Həmişə fikrimdədir. Amma mən Meksika üçün darıxsam, artıq bu hiss nostalgiyaya keçəcək, sonra məni depressiyaya salacaq. Bunu yaşamaq istəmirəm. Burada olarkən Azərbaycandan zövq almaq istəyirəm. İnsan gərək olduğu yerdə reallığı dərk etsin. Hər zaman xatirələrimizdə nəyinsə gözəl tərəflərini yaşatmağa çalışmalıyıq. Darıxmaq mənfi hislərdir. Darıxsam, nə orada olmuş kimi olacam, nə buradan zövq alacam. Hərdən Meksikanın ləzzətli təamlarını dadmaq istəyirəm, amma alınmır. Ona görə də lülə kabab yeməli oluram. Hazırda mənim məkanım Bakıdır.
"Səfir oldunsa, tək
yaşamağı öyrənməlisən”
- Hər zaman
ulduzlara səyahət etməyi
arzulamışam. Bir məkandan o biri məkana tez çatmaq üçün hansısa bir
cihazı kəşf etmək istəmişəm. Hələ
gənc ikən beynəlxalq münasibətlərdən xoşum gəlirdi. Hər dəfə yeni nələrsə öyrənməyə
maraqlı olmuşam. Məsələn, niyə bir insan
B-nin yerinə A-nı seçir? Bir şeyin
niyəsini tapanda daha çox inkişaf edirik.
Fərqli sahələrə marağım
olsa da, bəs niyə diplomatiyanı seçdim? Diplomatiya dünyanın
fərqli yerlərində
olmaq, özünü
kəşf etmək imkanı yaradır. Bu imkan nəticəsində
mən indi tərxunun sizdə başqa cür istifadə olunduğunu öyrənmişəm.
Səfir olmaq insana zəngin
təcrübə qazandırır. Amma adətən
çətin olur.
Çətinliyi də odur ki, iki tərəf
arasında vasitəçi
olursan. Digər məqamı da
tək yaşamaqla bağlıdır. Valideynlərim, övladlarım burada deyil. Birlikdə boya-başa çatdığım
dostlarım məndən
uzaqdadırlar. Milli yeməyim
yoxdur, ana dilimdən istifadə edilmir. Milli mədəniyyətim təbliğ olunmur, adət-ənənə ayrıdır.
Hər bir şey çox
fərqlidir. Kömək göstərəcək
dostum yoxdur. Mən burada tək yaşayıram. Amma insana
zövq verir. Çünki insan hər
bir çətinliyə
özü qalib gəlir. Bura gəlmədən əvvəl çaya limonun atıldığını
bilmirdim. Barmaqlarım da hələ armudu stəkanı tutmağa öyrəşməyib
(gülür).
"Meksika və Azərbaycan artıq daha yaxındır”
- Həmişə
realist bir insan olmuşam. Qarşıma məqsəd qoyub
onun dalınca getməyə çalışmışam.
Bəzən isə insan
ancaq ümidlə yaşayır. Təbii, ümidlərin
olması da mütləqdir. Ancaq düşünürəm
ki, insanlar qarşılarına real məqsədlər
qoymalıdırlar. Həmişə düşüncələrimdə, istəklərimdə ayağımı
yorğanıma görə
uzatmışam. Rodriqo olaraq
ailəm, özüm üçün əlimdən
gələn hər şeyi etmək, yaxşı biri olmaqdır məqsədim.
Səfir olaraq isə məqsədim iki ölkə arasındakı qarşılıqlı
münasibətləri inkişaf
etdirməkdir . Xalqlarımızın bir-birini tanımasına
çalışıram. Bu, əlaqələrin inkişafına daha çox kömək olur. İndi Meksika və
Azərbaycan daha yaxındır.
Getdiyi hər yerdə yeni bir Rodriqo
kəşf edən həmsöhbətimiz bütün
insanların eyni olduğunu desə də, onların arasında birinin fərqli olduğunu düşünür. Elə özü də
fərqli olmaq istəyir. Ümid edirik ki, burada qarşılaşdığı
bütün "niyə?”
suallarına cavab tapmış olacaq.
Xəyalə MURADLI
Azərbaycan.-
2019.- 13 aprel.- S. 6.