Əbədiyyət işığı
Görkəmli
elm xadimləri
Hər sənətin insana əbədiyyət qazandıran mənəvi ucalıqları var. Yetər ki, bu sənətə qəlbinin sevgisini qoyasan. Ona sıradan bir iş kimi yox, öz taleyin kimi baxasan, müqəddəs bir dəyər gözündə görəsən. Onunla ruhunun, vicdanının, mənəviyyatının rəsmini cızasan. Onda sənət insanı əbədiyyət zirvələrinə yüksəldəcək. Heç zaman da oradan yerə enməyə qoymayacaq.
Bir dövlət adamı qurduğu dövlətin gücü, qüdrəti ilə adını tarixə yazır. Bir memar, rəssam, heykəltəraş məhəbbətinin istisi ilə yaratdığı abidənin əzəmətində yaşayır. Bir müəllim yetirdiyi tələbələrin zəkasında ömür sürür. Həkimlik isə ağır xəstəliklərdən xilas edib yenidən həyat bağışladığın ömürlərdə yaşamaqdır.
Baxışlardan boylanan ömür
Aprelin 15-də onun bu fani dünyamızdan köçüb getməsinin düz 34 ili tamam olur. Bu, adı kimi zərif qadın, nəcib şəxsiyyət, bütün dünyada tanınan oftalmoloq-alim, akademik Zərifə Əziz qızı Əliyevadır. O, neçə illərdir ki, cismən aramızda yoxdur. Amma onun nə vaxtsa şəfalı əlləri ilə nur bağışladığı yüzlərlə insan hələ də yaşayır, ömür sürür, ona minnətdarlıq duyğusu ilə bu dünyanın işığını, gözəlliklərini görə bilməyin lütfünü dadır. Zərifə xanımın ruhu da indi həyata bu insanların nəzərlərindən baxır. Onların gözünün işığında yaşayır.
1982-ci ilin 8 yanvarında Azərbaycanın görkəmli alimi və dövlət xadimi Əziz Məmmədkərim oğlu Əliyevin anadan olmasının 85 illik yubileyinə həsr olunmuş elmi sessiyadakı çıxışı zamanı Zərifə xanım ürək sözlərini belə ifadə etdi: "Atam ömrünün əvvəlindən ta sonunadək insanlarda yalnız nəciblik, xeyirxahlıq, humanistlik, beynəlmiləlçilik, prinsipiallıq hisslərinin bərqərar olması uğrunda çalışmış, adamları daim xoşbəxt görmək arzusu ilə yaşamışdır”.
Malik olduğu bütün yüksək keyfiyyətlər - xeyirxahlıq, səxavətlilik, alicənablıq, sədaqət Zərifə xanıma böyüdüyü ailədən ötürülmüşdü. Çünki gözünü açıb bu mühitlə əhatə olunmuşdu. Görmüşdü ki, ziyalılıq, əməksevərlik, səmimilik, doğma ocağa, xalqa və vətənə məhəbbət, bəşəri dəyərlərə bağlılıq onun valideynləri üçün bir dəyərdir. Onları tez-tez bu ocağın qonağı olan Üzeyir bəy Hacıbəyli, Müslüm Maqomayev, Mirəsədulla Mirqasımov, Bülbül, Səməd Vurğun kimi şəxsiyyətlərlə də hər şeydən çox məhz bu dəyərlər bir araya gətirir. Və bu xüsusiyyətlər Zərifə xanımın da şəxsiyyətinin ən qiymətli zinətinə çevrilir.
Göz həkimi
Hələ məktəb illərindən qərara almışdı ki, həkim olsun. Əlbəttə, burada atasının sənətini davam etdirmək arzusunun təsiri də vardı. Amma əsl səbəb başqa idi. İkinci Dünya müharibəsi illərində Bakıda Əziz müəllimin evinin yaxınlığındakı binalardan bir neçəsini hospitala çevirmişdilər. Bu hospitallar cəbhədən gətirilmiş yaralılarla dolu olardı. Vətəndaşlıq borcunu, insanlıq məsuliyyətini hələ məktəb illərindən dərk edən Zərifə xanım məktəbdən sonra rəfiqələri ilə yaxınlıqdakı hospitallara qaçardı. Burada tibb bacılarına, sanitarlara kömək edərdi. Əli qələm tutmayan yaralıların uzaq-uzaq ellərdəki doğmaları üçün diktə etdikləri məktubları qələmə almaqla onların ürəyində yaşamaq, həyatlarına davam etmələri üçün bir ümid çırağı yandırardılar. Ən çox da iki gözündən məhrum olub dünya işığına həsrət qalanların taleyinə acıyardılar. Elə o vaxtdan Zərifə xanım dərk etmişdi ki, əgər göz həkimi olarsa, insanlara nə qədər böyük fayda verə bilər.
Beləliklə, ömrünü tibb elminə həsr etməyi qarşısına məqsəd qoydu. 1942-ci ildə orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsinə daxil oldu. 1947-ci ildə institutu əla qiymətlərlə bitirdi. Məhz həmin dövrdə Azərbaycanda gözü zədələyən və ağır nəticəyə, hətta tam korluğa səbəb olan traxoma infeksion xəstəliyi geniş yayılmışdı. Ona qarşı təsirli müalicə üsulları isə yox idi. Ona görə də bu infeksiya və onun ağır nəticələri ilə effektiv mübarizə təkcə oftalmologiya elmi üçün deyil, bütövlükdə respublika səhiyyəsi üçün mühüm əhəmiyyət daşıyırdı. Belə bir dövrdə Zərifə xanım traxoma xəstəliyinə qarşı aparılan müalicəvi və profilaktik tədbirlərin təşkilində və keçirilməsində fəal iştirak etməyə başladı. O, konkret müalicə təcrübəsindən başqa, Azərbaycanda traxoma xəstəliyinin daha geniş yayıldığı rayonlara gedir, həkim-oftalmoloqlara məruzələr oxuyur, əhali arasında çoxlu söhbətlər aparırdı. Amma problemin dərinliklərinə vardıqca özü də anlayırdı ki, ağır xəstəliklə mübarizədə bütün bunlar hələ kifayət deyil. Azərbaycanda regional əhəmiyyət kəsb edən göz xəstəlikləri problemini aradan qaldırmaq üçün bu mövzunu elmi cəhətdən ətraflı tədqiq etmək lazımdır. Gözün peşə xəstəliklərinə dair fundamental araşdırmalara, bu xəstəliklərin effektli müalicə üsullarının və profilaktik tədbirlərin işlənib hazırlanmasına ehtiyac var.
Şəfalı əllərin sehri
Bu zərurət onu Moskva şəhərinə apardı. Zərifə xanım Ümumittifaq Mərkəzi Həkimləri Təkmilləşdirmə İnstitutunda iki illik ixtisaslaşdırma kursunda həkim-oftalmoloq ixtisasına yiyələndi. Kursu uğurla başa vurub Vətənə qayıtdı. 1949-cu ildən başlayaraq Azərbaycan Elmi Tədqiqat Göz Xəstəlikləri İnstitutunda elmi işçi kimi fəaliyyətə başladı. 1950-ci ildə isə aspiranturaya daxil oldu. Praktik əməli həkim fəaliyyəti ilə yanaşı, elmi axtarışlarını da davam etdirdi. Müxtəlif göz xəstəliklərinin müalicə və profilaktika tədbirlərinin işlənib hazırlanması ilə məşğul olan Zərifə xanımın elmi fəaliyyətinin ilk mərhələsini traxoma infeksion xəstəliyinin müalicəsi məqsədilə təsirli üsulların tapılması məramı təşkil etdi. 1960-cı ildə "Traxomanın digər terapiya üsulları ilə birlikdə sintomisinlə müalicəsi” mövzusunda namizədlik dissertasiyasını uğurla müdafiə edərək tibb elmləri namizədi elmi dərəcəsi aldı. Onun təklif etdiyi müalicə metodunun tezliklə bütün respublikada tətbiqinə başlandı. Və faydalı nəticələr dərhal özünü göstərdi.
Zərifə xanım çox xoşbəxt idi. Auditoriyalarda, kitabxanalarda, yazı masaları arxasında, minlərlə pasiyentlə, ucqar yerlərdəki insanlar arasında müayinələrdə keçən illərin zəhməti boşuna getməmişdi. Onun şəfalı əllərinin sehri, alim zəkasının gücü ilə Azərbaycanın neçə-neçə oğul və qızları nəhayət ki, traxoma adlı ağır bir bəladan qurtulmuş oldular.
Sevgi əfsanəsi
Tale 1948-ci ildə Zərifə xanımı həyatının gözəl bir təsadüfü ilə qarşılaşdırmışdı. Bu təsadüfün adı sevgi idi. O, illər sonra Vətən və xalq qarşısındakı tarixi xidmətləri ilə Azərbaycanın ümummilli liderinə çevriləcək Heydər Əliyevlə həmin il tanış olmuşdu. Elə ilk tanışlıqdan da gənc qəlblərdə zaman ötdükcə əfsanəvi məhəbbətə çevrilən qarşılıqlı rəğbət hissi oyanmışdı. Hiss etmişdilər ki, tale onları bir-birinə yazıb.
Ətrafda isə zamanın sərt ruzigarları əsirdi. Tanınmış dövlət xadimi Əziz Əliyevin el arasındakı nüfuzunu, mərkəzdə ona olan yüksək münasibəti gözü götürməyənlər vardı. Ölkə rəhbərliyi bu böyük ziyalını özünün potensial rəqibi kimi görürdü. Ona görə də hər vəchlə qurğu qurub sıradan çıxarmağa çalışırdı. Əziz Əliyevə qarşı təzyiqlər getdikcə güclənir və repressiya maşını onun ailə üzvlərindən də yan keçmirdi.
Heydər Əliyevin - xüsusi xidmət orqanlarının gənc zabitinin Əziz Əliyevin qızına doğma münasibətindən xəbər tutan məqam fürsətçiləri bunun doğurduğu təhlükələri onun nəzərinə çatdırmağı, öz xəbərdarlıqlarını etməyi də unutmamışdılar. Amma Heydər Əliyev bu məqamda əsl Azərbaycan kişisi kimi davrandı. Gələcək karyera irəliləyişi arzusunu deyil, sevgisini, ona könül vermiş qızın inamını üstün tutdu. Bu sevgini, inamı itirməmək üçün bütün təhlükələri gözə aldı. Göstərdi ki, sevdiyinin xatirinə indiyə qədər böyük zəhmətlə zərrə-zərrə əldə etdiklərini bircə anda itirməyə hazırdır. Və bu fədakarlıq Heydər Əliyevin özünə də həyatının ən böyük xoşbəxtliyini qazandırdı.
"On il
keçsə də, mən bu qəmdən ayrıla bilmirəm”
Bu sözlər ulu öndər Heydər Əliyevə məxsusdur.
"...Gənc yaşlarımdan mənim həyatım dövlət işi ilə bağlıdır. Mən bütün həyatımı buna sərf etmişəm və bu gün də bu yolda çalışıram. Bu yolda mənim həmişə səmərəli, müvəffəqiyyətlə çalışmağımda hesab edirəm ki, ailə vəziyyətimin çox böyük rolu olub. Zərifə xanım kimi ömür, həyat yoldaşım olduğuna və o, ailəmdə çox yüksəksəviyyəli mənəvi mühit yaratdığına görə mən xoşbəxt olmuşam. Həyatımın bütün dövrlərində işlə məşğul olduğuma görə ailə məsələlərinə fikir verməyə imkanım olmayıb. Bunların hamısı Zərifə xanımın üzərinə düşüb və o da bu vəzifəni şərəflə, sədaqətlə, çox böyük məharətlə yerinə yetirib” - deyir ümummilli lider.
Aradan illər ötdü. Zərifə xanım vaxtsız ölümü ilə bu dünyada onu sevən hər kəsin, ən çox da Heydər Əliyevin qəlbini dözülməz dərəcədə ağrıtdı. Və 1995-ci ilin 28 aprel günü - anadan olmasının 72-ci ildönümündə Heydər Əliyev onun haqqında kövrək səsi ilə bir ömürlük sevgi xatirəsini belə bölüşdü: "Zərifə xanım çox böyük alim olub. Mən hələ onunla həyat quranda o, artıq elm yolunda idi, elmlə məşğul idi. Onun elmi fəaliyyəti məlumdur. O, çox istedadlı, çox xeyirxah, çox sadə insan idi. Mən bu barədə çox danışa bilərəm. Ailəmin yaşaması, bu günlərə çatması, övladlarımın tərbiyəsi üçün və həyatımda onun əvəzsiz rolu üçün mən bu gün Zərifə xanımın məzarı qarşısında baş əyirəm. On il keçsə də, onu bir dəqiqə də unutmuram və unutmayacağam. Mənim övladlarım da bu əhvali-ruhiyyədədirlər. Onlar bu əhvali-ruhiyyədə tərbiyələniblər, formalaşıblar. Ona görə də bu gün bizim üçün müqəddəs gündür...
...Bu gün xoşbəxt gündür. Çünki bu gün Zərifə xanım kimi böyük bir insan dünyaya gəlib, mənim həyatımı xoşbəxt edib, mənə gözəl övladlar bəxş edib. Eyni zamanda, qəmli gündür. On il keçsə də, mən bu qəmdən ayrıla bilmirəm”.
Fədakar alim
Bu, əslində, Zərifə xanımı yaxından tanıyan hər kəsin kədəridir. Çünki insanlara münasibətini, şəfqətini, xeyirxahlığını, sadəliyini, səmimiyyətini görüncə bu nəcib qadını sevməmək mümkün deyildi.
Traxoma xəstəliyinin öyrənilməsi və müalicəsi üzrə elmi işləri yekunlaşdırdıqdan sonra Zərifə xanım bu dəfə də əsas diqqətini oftalmologiya elmi üçün vacib olan digər bir sahəyə - qlaukoma xəstəliyinin öyrənilməsinə yönəltmişdi. 1960-cı ildən 1967-ci ilədək Zərifə xanım Oftalmologiya İnstitutunda böyük elmi işçi vəzifəsində çalışdı. 1967-ci ildə isə Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Göz xəstəlikləri kafedrasına dosent vəzifəsinə dəvət olundu. Bu institut ömrünün son illərində həmin kollektivə rəhbərlik etmiş mərhum professor Əziz Məmmədkərim oğlu Əliyevin - Zərifə xanımın atasının adını daşıyırdı. Bu institutda çalışdığı müddətdə də Zərifə Əziz qızının qəbulundan pasiyentlər əskik olmurdu. O, müalicə işi ilə məşğul olur: bir çox mürəkkəb cərrahiyə əməliyyatları aparır, xəstələrə məsləhətlər verir, öz təcrübəsini təkmilləşdirmə kurslarına cəlb edilmiş həkimlərlə bölüşürdü.
Görmə orqanının patologiyası ötən əsrin 60-cı illərindən etibarən onu ən çox düşündürən elmi məsələlərdən idi. Bu problemi dərindən, nəzəriyyə və təcrübənin təmasında öyrənməkdən ötrü alim bir çox sənaye müəssisələrinə gedirdi. Göz üçün zərərli peşələrdə çalışan insanları şəxsən özü müayinədən keçirir, əldə etdiyi elmi nəticələri qələmə alırdı. O illərdə Zərifə xanım Bakı və Sumqayıtın bir sıra sənaye müəssisələrinin, o cümlədən Şin zavodunun sexlərində laboratoriya şəraitində elmi təcrübələr aparmışdı. Bu təcrübələr ona imkan vermişdi ki, zəhərli maddələrin görmə orqanına təsirinin əsas qanunauyğunluğunu aşkara çıxarsın və bu fəsadların qarşısını almaqdan ötrü konkret təkliflər irəli sürsün.
Bir neçə illik gərgin zəhmətin Zərifə xanım üçün də, oftalmologiya elmi üçün də, müxtəlif göz xəstəliklərindən əziyyət çəkən insanlar üçün də parlaq bəhrəsi özünü çox gözlətmədi.
1977-ci ildə Zərifə Əliyeva Moskvada Helmqolts adına Göz Xəstəlikləri Elmi-Tədqiqat İnstitutunda "Azərbaycan kimya sənayesinin bəzi müəssisə işçilərinin görmə orqanlarının vəziyyəti” mövzusunda doktorluq dissertasiyasını uğurla müdafiə edərək tibb elmləri doktoru elmi dərəcəsi aldı, professor vəzifəsinə yüksəldi, 1981-ci ildə akademik M.İ.Averbax adına ən yüksək mükafata layiq görüldü. 1983-cü ildə isə Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü seçildi.
Həkim adı müqəddəsdir
Onun üçün ən böyük titul, ən böyük vəzifə həkimlik idi. Zülmətdən qurtulub yenidən dünya işığını görməyə başlayan bir xəstəsinin gözlərindəki sevinc Zərifə xanım üçün bütün aləmə dəyərdi. O, həkimlik sənətinə müqəddəs peşə kimi baxırdı. Başqa cür də ola bilməzdi. Çünki Zərifə xanımın göz açıb gördüyü Əziz Əliyev, Mirəsədulla Mirqasımov, Sona Vəlixan və başqa tanınmış həkimlər, öz mənəvi keyfiyyətləri ilə həqiqətən, bu sənəti müqəddəsləşdirən insanlar idi. Zərifə xanım sənətə bu münasibəti, bu dəyəri yeni yetişən həkim kadrlarda da görmək istəyirdi. Ona görə öz elmi fəaliyyətində həkimlərin mənəvi tərbiyəsi, tibbi etika, səhiyyə əxlaqı kimi məsələlərə də xüsusi yer ayırırdı. Bu baxımdan onun 1983-cü ildə nəşr olunmuş "Həkimlərin mənəvi tərbiyəsi, deontologiya, tibbi etika və əxlaq məsələləri” adlı kitabı yalnız tibb işçilərinin stolüstü kitabı deyil, həm də insan münasibətləri kodeksidir.
Zərifə xanım bu məsələləri təkcə qələmə almaqla kifayətlənmirdi. Bir həkim kimi öz şəxsi nümunəsi ilə də bu yüksək əxlaqı nümayiş etdirirdi. Başqaları üçün örnək yaradırdı.
Yaxından tanıyanlar, bu böyük şəxsiyyətlə ünsiyyətdə olanlar onun həssaslığını xüsusi vurğulayırlar. Zərifə xanım insanların əzablarını, sevinc və kədərini, həyəcanını həssaslıqla duyurdu. O, xəstə qarşısında şəfası, şəfqəti ilə nur saçan həkimlər arasında mehriban, kömək əli uzatmağa hər an hazır olan həmkar, cəmiyyətdə Azərbaycan qadını adının dəyərini, qadın fəallığı ənənələrinin ən gözəl xüsiyyətlərini təmsil edən ziyalı Azərbaycan xanımı, evdə, ailədə isə doğmalarından sevgisini bir an belə əsirgəməyən qayğıkeş ana idi. Bu sevginin, övladlara verdiyi tərbiyənin, onlarda aşıladığı Vətənə bağlılıq hissinin təzahürü Zərifə xanımın bu Vətənə bəxş etdiyi övladının - Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin malik olduğu dəyərlərdir. Yurdumuza, elə-obaya, insanlara göstərdiyi qayğıdır, xalqa fədakarlıqla xidmətidir. Bu, ulu öndər Heydər Əliyevdən əxz olunmuş dövlətçilik dərsləri ilə yanaşı, həm də Zərifə Əliyevadan gəlmiş tərbiyədir. Bu tərbiyəyə sadiqlikdir. Övladlarını belə bir dəyərlər mühitində böyütmüş ananın ruhuna ehtiramdır.
Mənəviyyat zirvəsi
"Zərifə xanım çox yüksək mədəniyyətə malik olan, çox istedadlı, bilikli insan idi. Nəinki öz peşəsində, eyni zamanda, hərtərəfli istedadlı bir insan idi və bəziləri üçün o, necə deyərlər, son ümid yeri, ümid ünvanı idi. Hətta tanımadığı adamlar belə müxtəlif xahişlərlə, müxtəlif şikayətlərlə onun iş yerinə gəlirdilər. O çalışırdı ki, hər kəsə kömək göstərsin. Tanımadığı adamların xahişlərini gəlib atama çatdırırdı və o məsələlərin böyük əksəriyyəti öz həllini tapırdı. Yəni daim insanlara xidmət etmək, kömək göstərmək arzuları, amalları ilə yaşayırdı”. Prezident İlham Əliyev 2013-cü ilin aprelində alimin anadan olmasının 90 illiyi münasibətilə keçirilən anım mərasimində belə demişdi. Bu davranışların hər biri bizə yaxşı tanışdır. Zərifə Əliyevadan əxz olunmuş bu keyfiyyətləri, xalqa xidməti, insanlara köməyi, onlara həyan olmağı biz illərdir ki, cənab İlham Əliyevin siyasətində duyub müşahidə edirik.
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESCO və ISESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın insanlara münasibətində, səmimiyyətində, mərhəmətində, insanlar üçün ortaya qoyduğu xeyirxah əməllərdə görürük.
Akademik Zərifə xanım Əliyeva bu gün həm də bu əməllərdə yaşayır, düşüncələrimizdə əsl ana abidəsi, mənəviyyat zirvəsi kimi ucalır.
İradə ƏLİYEVA
Azərbaycan.-
2019.- 14 aprel.- S.2.