Hikmət Hacıyev:
“Bir kəmər, bir yol” Azərbaycan-Çin
əməkdaşlığı üçün böyük
imkanlar yaradır
"Bir kəmər, bir yol” təşəbbüsü
Azərbaycan ilə Çin arasında əməkdaşlıq üçün
böyük imkanlar yaradır.
AZƏRTAC xəbər
verir ki, bu fikirlər Azərbaycan Respublikası
Prezidenti Administrasiyasının
Xarici siyasət məsələləri şöbəsinin
müdiri Hikmət Hacıyevin Pekində Çinin nüfuzlu kütləvi informasiya vasitələrinə - milli
xəbər agentliyi Sinxuaya, Çin Mərkəzi Televiziyasının
ingilisdilli kanalına
(CGTN) və "China Daily” qəzetinə
müsahibələrində xüsusi vurğulanan məqam olub.
Çin KİV qeyd
edir ki, Şərqi Avropa və Qərbi Asiya arasında yolların kəsişməsində
yerləşən Azərbaycan
Çin ilə yüksəksəviyyəli dialoqa,
iqtisadi və ticari əməkdaşlığa,
habelə təhsil, mədəniyyət və
digər sahələrdə
səmərəli münasibətlərə
malikdir.
Çin Xalq Respublikasının Sədri
Si Cinpinin müəllifi
olduğu "Bir kəmər, bir yol” strategiyasının səmərəli əlaqələrə
və tərəfdaşlığa
söykənən əhatəli
əməkdaşlıq gətirdiyini
qeyd edən Hikmət Hacıyev bildirib ki, bu
təşəbbüs ilə
Azərbaycanın inkişaf
gündəliyində duran
məsələlər arasında
böyük sinerji
var. Azərbaycan bu təşəbbüs çərçivəsində
bütün layihələrdə
iştiraka hazırdır.
Prezident Administrasiyasının şöbə
müdiri deyib ki, iki ölkənin
iqtisadi, o cümlədən
ticarət, kənd təsərrüfatı, enerji,
neft kimyası, turizm sahələrində
əməkdaşlığı üçün böyüyən
imkanlar var. Azərbaycan
Çindən daha çox sərmayələrin
cəlb olunmasını
alqışlayır.
Qeyd olunub ki, Azərbaycan
və Çin beynəlxalq müstəvidə
qarşılıqlı etimada
və hörmətə
əsaslanan münasibətlərin
qurulmasına töhfələr
verir. İki ölkə Şanxay
Əməkdaşlıq Təşkilatı
da daxil olmaqla regional və beynəlxalq təşkilatlar
çərçivəsində fəal əməkdaşlıq
edir.
Çin KİV Azərbaycanın
əlverişli coğrafi
mövqeyi ilə Avropa və Asiya arasında nəqliyyat qovşağı
rolunu oynamağı hədəflədiyini vurğulayaraq,
Hikmət Hacıyevin sözlərinə istinadla,
Azərbaycanın dəniz
və hava limanları, avtomobil və dəmir yolları daxil olmaqla geniş nəqliyyat şəbəkəsini
yaratdığını yazır.
Çin
ilə Avropanı birləşdirən Bakı-Tbilisi-Qars dəmir yolu xətti 2017-ci ilin oktyabrında istifadəyə verilib.
Bu, "Bir kəmər,
bir yol” təşəbbüsü müstəvisində
əsas orta dəhliz kimi fəaliyyət göstərir.
Reportajlarda Azərbaycanın Çin
ilə iqtisadiyyatın
müxtəlif sahələri,
o cümlədən ticarət,
investisiya, maliyyə istiqamətləri üzrə
əməkdaşlığın daha da genişlənməsinə
səy göstərdiyi
vurğulanıb. Bildirilib ki, Azərbaycan
Çinə kənd təsərrüfatı məhsullarının,
o cümlədən şərab,
quru meyvə, meyvə şirələri
və qənnadı məmulatlarının ixracı
ilə bağlı intensiv danışıqlar
aparır. Azərbaycan
şirkətləri öz
məhsullarının daha
yaxşı tanıdılması
və yerli bazara çıxışının
təmin olunması üçün ötən
il Şanxayda
keçirilən birinci
Çin beynəlxalq idxal sərgisi də daxil olmaqla,
Çində təşkil
olunan ərzaq və kənd təsərrüfatı məhsulları
sərgi və yarmarkalarında fəal iştirak edir.
Hikmət Hacıyev Azərbaycan ilə Çinin "Bir kəmər, bir yol” təşəbbüsünün
tərkib hissəsi kimi xalq təmaslarının,
o cümlədən turizm
sahəsində əməkdaşlığın,
təhsil əlaqələrinin,
mədəni mübadilənin
genişləndirilməsinə çalışdığını diqqətə çatdırıb. Bu ilin fevralında Pekində iki ölkə arasında turizm sahəsində imzalanmış anlaşma
memorandumu çinli turistləri Azərbaycana səfərə gəlməyə
təşviq edəcək.
Qeyd olunub ki, Çinin
Cənubi Qafqaz ilə ticarətinin, demək olar ki, yarısı Azərbaycanın payına
düşür. Azərbaycan Çin qiymətli kağızlarına 1,7 milyard dollar sərmayə yatırıb.
Prezident Administrasiyasının şöbə
müdiri müsahibələrində
Azərbaycanın son illər
sosial-iqtisadi sahədə
qazandığı uğurlarından,
hökumətin qeyri-neft
sektorunun inkişafı
istiqamətində atdığı
addımlardan danışıb. Azərbaycan bu
baxımdan da Çin ilə sənaye, kənd təsərrüfatı, turizm,
İKT və digər
istiqamətlərdə əməkdaşlığın
genişlənməsində maraqlıdır.
Azərbaycan.- 2019.- 14 aprel.- S.3.