Xalqları bir-birinə yaxınlaşdıran dəyərlər
15 aprel
Beynəlxalq Mədəniyyət
Günüdür
Mədəniyyətlərin və sivilizasiyaların qovuşduğu Azərbaycanın humanitar sahədəki təcrübəsi son illər dünya xalqlarının marağına daha çox səbəb olur. Mədəni dəyərlərin öyrənilməsi və onlardan istifadə edilməsinə xüsusi diqqət ayrılmasının səbəbləri az deyil. İlk növbədə mədəniyyət xalqları daha çox yaxınlaşdırır. Hər bir xalqın mədəni dəyərlərinə hörmətlə yanaşılması mühüm məsələdir. Buna görə mədəni əlaqələrin daha da genişlənməsi xalqlar arasında ünsiyyəti vacib faktor kimi ortaya çıxarır.
Bu baxımdan Beynəlxalq Mədəniyyət Gününün yaradılması və hər il qeyd edilməsi heç də təsadüfi deyil. Bəlkə də məhz bu amil əsas götürülərək,1935-ci il aprelin 15-də Vaşinqtonda "Bədii, elmi müəssisə və tarixi abidələrin mühafizəsi və qorunması haqqında” imzalanmış müqavilə ilə əlaqədar Beynəlxalq Mədəniyyət Günü təsis olunub.
Ümumdünya Mədəniyyət Gününün qeyd olunması təklifini ilk dəfə 1931-ci ildə Belçikanın Bryuqqe şəhərində keçirilən konfransda rəssam Nikolay Rerix təklif edib. 2008-ci ilin dekabrında isə Rusiya, İtaliya, İspaniya, Argentina, Meksika, Kuba, Latviya və Litvanın bəzi ictimai təşkilatlarının təşəbbüsü ilə 15 aprel tarixinin Ümumdünya Mədəniyyət Günü kimi təsdiqi üçün beynəlxalq hərəkat yaradılıb.
Mənəvi sərvətlərimizə
sahibliyimizin bariz nümunəsi
Son illər ölkəmizin həm Qərb, həm də Şərqin mədəniyyət məsələlərinin aparıcı rol oynadığı beynəlxalq qurumlardakı fəal iştirakı diqqət çəkir. Azərbaycan bu sahədə, demək olar ki, hər il beynəlxalq mədəni konvensiyaya, sənədə, təşəbbüsə qoşulur, onun icrasına dəstək verir.
Yeri gəlmişkən qeyd etməliyik ki, Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESCO və ISESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın mədəniyyətimizin, eləcə də incəsənətimizin beynəlxalq səviyyədə qorunması və təbliği sahəsindəki xidmətləri xüsusilə əvəzsizdir. Azərbaycan dövləti daxil olduğu beynəlxalq qurumlarda yalnız öz mədəniyyətini təbliğ etmir. Eyni zamanda dünya mədəniyyətinin yaranmasında və inkişafında xalqımızın yaxından iştirakını da təmin edir.
Xüsusilə son zamanlar həm maddi, həm də qeyri-maddi mədəni irsin dünyaya təqdim olunmasında böyük hadisələr baş verdiyinin şahidiyik. Qobustandakı qayaüstü rəsmlərin, İçərişəhər Dövlət Qoruğunun dünyanın böyük mədəni irsinin nümunələri siyahısına daxil edilməsi heç də təsadüfi deyil. Eləcə də xalqımıza məxsus muğam, aşıq, xalça sənətlərinin dünya mədəni irs siyahısına salınması, milli bayramımız olan Novruzun xalqımızın mənəvi-mədəni sərvəti kimi dünyaya təqdimi, onun BMT-nin qeyri-maddi irs siyahısına əlavə edilib beynəlxalq status qazanması mənəvi sərvətlərimizə sahibliyimizin bariz nümunəsidir.
Mötəbər beynəlxalq tədbirlərə təşkilatçılıq
məsuliyyəti
Azərbaycanın son illər bir çox beynəlxalq mədəniyyət tədbirlərinə evsahibliyi də təsadüfi deyil. Bu gün nəinki Avropa məkanında, dünyanın mədəniyyət mərkəzlərindən biri sayılan Bakıda, eləcə də respublikamızın regionlarında beynəlxalq mədəniyyət tədbirləri təşkil olunur. Azərbaycan gənclərinin 2011-ci ildə "Eurovision” beynəlxalq mahnı müsabiqəsində qalib gəlmələri yalnız xalqımızın istedadının üzə çıxması deyildi. Ölkəmizin belə mötəbər tədbirlərə təşkilatçılıq etmək kimi məsuliyyətli vəzifəni öz öhdəsinə götürmək bacarığı və imkanlarının təsdiqi, eyni zamanda musiqi mədəniyyətinin gələcəyinə təminat verməsi demək idi. Son on-on beş ildə ölkəmizdə, xüsusən də paytaxt Bakıda keçirilən beynəlxalq tədbirlərin sırasına nəzər salsaq, yüzlərlə toplantının adını çəkə bilərik.
Prezident İlham Əliyevin 15 fevral 2013-cü ildə imzaladığı "Mədəniyyət haqqında” qanunun tətbiqi barədə fərmanı isə ümumilikdə bu sahənin inkişafı istiqamətində dövlət tərəfindən atılan ən mühüm addımlardan biridir.
Xalqlararası mədəni inteqrasiya
Heydər Əliyev Fondunun təşkilatçılığı ilə 2014-cü ildən Qəbələdə keçirilən Üzeyir bəy Hacıbəyli Beynəlxalq Musiqi festivalları nəinki Azərbaycanın, iştirakçı ölkələrin mədəniyyət tarixinə yazılır. Festivalın açılışında Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESCO və ISESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın beynəlxalq musiqi bayramı iştirakçılarına təbrik məktubunda deyilirdi: "Beynəlxalq mədəni əlaqələr, qarşılıqlı mədəni inteqrasiya bu gün də Azərbaycanın dövlətlərarası siyasətinin əsas prioritetlərindən biridir. Xalqlararası mədəni-mənəvi inteqrasiyanın səmərəliliyini artıran layihələr bizim üçün çox dəyərlidir. Biz bu festivalı müxtəlif millətlərin musiqi mədəniyyətinin qarşılıqlı zənginləşməsinə, xalqlararası dostluq münasibətlərinin daha da möhkəmlənməsinə verilən böyük bir töhfə kimi dəyərləndiririk”.
Azərbaycan, təbii ki, bu gün dünyadakı mədəni inkişaf prosesindən kənarda deyil. Milli mədəniyyətini bəşəriyyətə layiqincə təqdim edən xalqımız eyni zamanda tolerantlığı və multikulturalizmi dövlət səviyyəsində qoruyub saxlayır ki, bu da özünəməxsus xüsusiyyətlərindən biridir.
Azərbaycan mədəniyyətinin təbiəti elədir ki, o, həmişə bəşəriyyətə açıq olub. Çünki o, Şərq mədəniyyəti ilə çox bağlı olması ilə yanaşı, həm də Qərb mədəni dəyərlərini özündə ehtiva edir. Azərbaycanın dünya mədəniyyətinə inteqrasiyasında kifayət qədər güclü tarixi təcrübəsi var. Lakin respublikamızın dövlət müstəqilliyinin bərpasından sonra bu məsələlər həm elmi-nəzəri baxımdan təhlil olunur, həm də dövlət siyasətində xüsusi yer tutur. Milli mədəniyyətimizin dünya xalqlarınkı ilə sıx əlaqəsi, sadəcə, deklorativ bir müddəa şəklində bəyan edilmir. Bu, beynəlxalq təşkilatlarla - UNESCO, Avropa İttifaqı, Avropa Şurası ilə əməkdaşlıq şəraitində həyata keçirilən, evsahibliyi etdiyimiz beynəlxalq layihələr, tədbirlərlə də sübut olunur.
Məhəmməd NƏRİMANOĞLU
Azərbaycan.- 2019.- 14 aprel.-
S.5.