Semiramidanın asma bağları
Dünyanın yeddi möcüzəsi
Qədim Şərq tarixin yaddaşında dünyanın
ən möhtəşəm
mədəniyyət abidələri
ilə əsrarəngiz
məkan kimi qalır. Əsrlər boyu bənzərsiz
sənət inciləri
burada yaradılıb.
Zamanın amansız qasırğaları
həmin abidələrin
çoxunu məhv etsə də, izlərini silməyə gücü yetməyib.
"Allahın qapısı”nda
ikinci möcüzə
Babil qədim Şərqin zəngin şəhər-dövlətlərindən
biri idi. Adı Mesopotamiya və Assuriyanın qədim yerli əhalisinin dilində - akkad
dilində "Allahın
qapısı” mənasını
verirdi. Eramızdan əvvəl II minilliyin
əvvəllərində Mesopotamiyada
mövcud olan Babil dünyanın ən iri şəhərlərindən
sayılırdı. Eramızdan əvvəl
XIX əsrdə Babil şəhər-dövləti Babilistan
dövlətinə çevrildi.
I Nəbukadnəzar çarlığı zamanı Babil Yaxın Şərqin ən inkişaf etmiş dövləti oldu. İqtisadi inkişaf və mədəni yüksəlişi ilə qədim Şərqin ən böyük şəhəri sayıldı. Babilin əhalisinin sayı iki yüz min nəfərə çatdı. Möhtəşəm çar sarayı, babillilərin əsas məbədi sayılan Esagila, şumercə "Cənnət və Dünyanın quruluşu” mənasını verən Etemenanki, onun yüksəkliyində yerləşən Mərduk tanrısının məbədi bu şəhərdəydi. Babilin adı tarixə həm də "qədim dünyanın yeddi möcüzəsi”ndən birinin - Semiramidanın asma bağları ilə düşdü.
Qalıqları Dəclə və Fərat çaylarının qovuşduğu yerə yaxın, indiki Bağdad şəhərindən 85 km cənubda, Hillə şəhərinin yerində tapılan Babil şəhəri də, "tarixin atası” Herodotun qədim dünyanın "yeddi möcüzəsi”ndən ikincisi hesab etdiyi Semiramidanın asma bağlarını əfsanə hesab edənlər çoxdur. Araşdırmaçılar arasında da həmin bağların reallığına şübhə ilə yanaşanlar az deyil. Ancaq bir çox mənbələrdə, həmçinin qədim dövrün yazarları siciliyalı Diodor və Strabon bu möcüzədən bəhs ediblər. Arxeoloji qazıntılar da göstərir ki, miladdan təxminən 600 il əvvəl Babil böyük bir şəhər idi, orada o dövrə görə dünyanın ən uca tikilisi sayılan zikkurat var idi.
Möhtəşəm məhəbbət abidəsi
Babildə çox tikintilər ucaldıldı. Ancaq ən möhtəşəmi Semiramidanın asma bağları oldu. Bu tikilinin daha düzgün adı Amitisin, başqa mənbələrdə isə Amanisin asma bağlarıdır. Amitis, Amanis, yaxud Semiramida Midiya çarı Kiaksarın qızı, Babil hökmdarı II Nəbukadnəzarın arvadı idi. Səfalı təbiəti olan Midiya dağlarında anadan olmuş çar qızı yaşıllıqlarla dolu ölkəsindən Babilə gəlin gəlmişdi. Qumlu düzənlikdə yerləşən bu şəhər-dövlətin quru iqliminə uyğunlaşa bilmirdi. Onun darıxmaması üçün hökmdar öz paytaxtından əl çəkmədi. Dünyanı heyrətə gətirən bir iş gördü. II Nəbukadnəzar asma bağlarının inşa edilməsi əmrini verdi.
O dövrün ən tanınmış, ən təcrübəli inşaatçıları, ustaları, mühəndisləri və başqa mütəxəssisləri bu işə dəvət olundu. Şahlığın bütün qüvvələri, saysız-hesabsız araba karvanları hərəkətə gətirildi. Fərat çayının axarından münbit torpaq daşındı.
Semiramidanın asma bağları dörd təbəqədən ibarət piramida formasında inşa olundu. Alt təbəqə dördbucaq formasında idi, onun tərəflərinin uzunluğu 40 metrə çatırdı. Üst təbəqələr isə uzunluqları 25 metrə çatan sütunlar üstündə idi. Hər təbəqə əvvəl asfaltla qarışmış qamışla, sonra gips məhlulu ilə bərkidilmiş iki lay kərpiclə döşəndi. Bunların üstü qurğuşun plitələrlə bərkidildi. Bu cür mürəkkəb bünövrə, o təbəqələrdə bitən bitkilərin suvarılması zamanı suyun alta axmasının qarşısının alınması üçün quruldu. Bünövrənin üstü müxtəlif yerlərdən gətirilmiş münbit torpaqla döşəndi, üzərində müxtəlif növ ağac və başqa bitkilər əkildi. Ölkənin müxtəlif yerlərindən, hətta xarici ölkələrdən nadir bitki və kol toxumu, ağac tingləri gətirildi.
Sütunların birinin içindən boru xətti çəkildi. Həmin boru ilə Fərat çayından gətirilmiş sular nasoslar vasitəsilə yuxarı qaldırılır, oradan xüsusi kanallarla aşağı tökülərək bitkilərin suvarılması üçün istifadə olunurdu.
Tikinti başa çatdı. Uzaqdan bu piramida yaşıl təpəlik kimi görünürdü. 28 mərtəbəli binanın hər mərtəbəsində bağ salınmışdı. 172 otaqdan ibarət olan asma bağları gecə-gündüz yüzlərlə qulun əməyi sayəsində sulanır, qorunurdu.
Beləliklə, hökmdar dünyada ilk dəfə möhtəşəm məhəbbət abidəsi yaratdı. Məlaikə heç vaxt bu qəsrdə yaşamasa da, bağ onun adı ilə - Semiramida bağları adı ilə məşhurlaşdı. O, bağın yuxarısında, kölgədə əyləşir, suların şırıltısını dinləyir, ucsuz-bucaqsız səhraları seyr edirdi.
Əfsanə, yoxsa gerçəklik?
Araşdırmaçılar eramızdan əvvəl VII əsrdə hökmdar II Nəbukadnəzarın bu memarlıq abidəsini öz xanımının şərəfinə saldırdığını bildirirlər. Amma Semiramidanın asma bağları barədə müxtəlif əfsanələr, rəvayətlər söylənilir. Onlardan birində bu bağların II Nəbukadnəzar deyil, Assuriya çariçası Şammuramat (eramızdan əvvəl 813-803-cü illər) tərəfindən inşa edildiyi deyilir. Əslən babilli olan Şammuramat sonralar İştar ilahəsi ilə eyniləşdirilərək ilahələşdirilmişdi.
Eramızdan əvvəl IV əsrdə tənəzzül dövrünü yaşayan Babilin qonşuluğunda başqa bir imperiya - Makedoniyalı İsgəndərin imperiyası yarandı. Şəhərin sakinləri makedoniyalıların yanına elçi göndərdilər ki, İsgəndər Babilə gəlmək istəsə, davasız-savaşsız şəhərə daxil ola bilər. Şəhər Makedoniyalı İsgəndər tərəfindən istila olundu. Dünyaya hökm etmək iddiasında olan hökmdar əzəməti, sərvəti ilə heyrət doğuran bu şəhəri öz imperiyasınin baş şəhəri elan etdi. Rəvayətlərə görə, İskəndər asma bağlarda dincəlirdi. O, elə burada da gözlərini əbədi yumdu.
İran-Əhəməni qəsbkarları bu şəhəri ələ keçirərək öz əyalətlərindən birinin mərkəzi etdilər. Əsrlər ötdü. Asma bağlar tarixin təlatümlərinə davam gətirmədi, Babilin özü ilə birlikdə məhv oldu.
Zöhrə FƏRƏCOVA
Azərbaycan.- 2019.- 14 aprel.-
S.5.