Maqadan: insan üyüdən dəyirman

 

Sovet hakimiyyətinin ilk illərində Rusiyada yaradılan gizli ölüm düşərgələrindən biriMaqadanda idi. Milyonlarla insanın xatirəsində SSRİ-nin ən böyük həbsxana və düşərgələr şəhəri kimi həkk olunmuş Maqadan Uzaq Şərqdə, Oxot dənizinin sahilində yerləşir.

Stalin dönəmində Maqadan digər qonşu düşərgələrə göndərilən məhbuslar üçün tranzit mərkəz hesab edilirdi. Maqadana 10599 nəfərdən çox azərbaycanlı sürgün olunub. Burada qış aylarında havanın hərarəti mənfi 50-60 dərəcəyə qədər yüksəlir. Maqadan şəhəri məhz belə bir şəraitdə tikilib.

1930-cu ildə Stalinin "Kalım yolunun təcili və az bir vaxtda çəkilməsi haqqında xüsusi əmrindən sonra bütün dövlət idarələri, Xalq Daxili İşlər Komissarlığı, xüsusilə güc strukturları, təbliğat-təşviqat komitələri buraya cəlb ediliblər. 1932-ci ildə Naqayev buxtasına "Saxalinadlanan gəmidə gətirilən dustaqların adı indi də ürək ağrısı ilə çəkilən "Kalım yolunun ilk inşaatçıları və qurbanları olublar. Maqadanda tez bir zamanda üçmərtəbəli baraklar və həbs düşərgələri ilə yanaşı, "Dalstroy” və USTVİL (Şimal-Şərq Həbs Düşərgələri İdarəsi) yerləşdirildi. Beləliklə, Maqadan Kalım vilayətinin paytaxtı oldu. O zaman burada 1 nömrəli həbsxana da vardı. Betondan tikilmiş bu bina çox da böyük deyildi.

 

"Xalq düşmənləri” bu binada güllələnirdi

 

Xalq düşməni adı ilə gətirilən dustaqlar xüsusi gizli şöbənin qərarı ilə bu binada güllələnirdilər. "Dalstroy” SSRİ Xalq Daxili İşlər Komissarlığının tərkibində tamamilə qapalı bir təşkilat hesab edilirdi. Bu təşkilatın tərkibində USTVİL, Xüsusi gizli şöbə (OSO), Gücləndirilmiş rejimli rota (RUR), Cərimə izolyatoru (ŞİZO), Gizli siyasi şöbə (SPO) və digər şöbələr fəaliyyət göstərirdi. Yeri gəlmişkən, "Dalstroyun ünvanına göndərilmiş arxiv materiallarından bir neçəsi ilə siz də tanış olun: "...XDİK-nın 3-cü şöbəsinin müdiri dövlət təhlükəsizliyi leytenantı yoldaş Bondarenkoya.

XDİK-nın Uzaq Şərq Komissarlığının təsdiq etdiyi qərar yerinə yetirilsin. Sizə təklif olunur ki, aşağıda adları göstərilənlər güllələnsin. 22 oktyabr 1937”.

Bu qərarda 268 nəfərin adı göstərilib.

1937-ci il oktyabrın 25-də Maqadandan mərkəzə verilən məlumat:

"Üçlükdə” işlərinə baxılmaq üçün cəmi 2348 nəfərin işi verilib. Onlardan ölümə məhkum olunanlar 1950 nəfərdir, trotskiçi fəaliyyətinə görə 628, əksinqilabi fəaliyyətinə görə 433, terror 69, üsyançı 48, casusluq 74, banditizim 219, diversiya 10, qaçış 102, sosial təhlükəli elementlər 84, oğurluq, basqınçılıq 138, ziyanvericilik 14, vətənə xəyanət 18, quldurluq 24, sərhədi qanunsuz keçmə 7, ölüm 8, xuliqanlıq 13, pasport rejimini pozma 6, başqa cinayətlər 53. Bəzi əmrlərdə isə ölümə məhkum olunanların siyahısı ümumiyyətlə göstərilmir. Əmrin sonunda sadəcə "siyahıya əsasən” sözləri yazılır.

Maqadan ölüm düşərgəsində yalnız ruslar və azərbaycanlılar deyil, həm də SSRİ-nin müxtəlif ərazilərindən əksər millətlərin nümayəndələri, hətta xarici dövlətlərdən olanlar da çoxluq təşkil edirdi.

1940-cı il aprelin 1-nə olan məlumata görə, Maqadan və Maqadanətrafı düşərgələrdə dustaqların ümumi sayı 1 300 000 (bir milyon üç yüz min) nəfər olub. Siyahıya xüsusi göndərişlə göndərilənlər daxil edilməyib. Bu dustaqlar Avropa, AsiyaAmerika ölkələri vətəndaşları olublar. Həbs düşərgələrində saxlanılan dustaqlardan 767553-ü rus, 179951-i ukraynalı, 45623-ü belarus, 26175-i tatar, 25040-ı özbək, 21301-i qazax, 20820-i yəhudi, 18149-u alman, 15621-i polyak, 11122-i gürcü, 10599-u azərbaycanlı, 9855-i türkmən, 4034-ü çinli, 2808-i qırğız, 2707-si koreyalı, 2601-i eston, 2994-ü fin, 1891-i buryat, 1475-i iranlı, 1009-u litvalı, 389-u rumın, 334-ü əfqan, 128-i monqol və 20 nəfəri yapon olmuşdur. 41706 nəfər isə başqa xalqların nümayəndələri olmuşdur. 11457 dustağın isə şəxsi işində hansı millətdən olduğu yazılmayıb.

Yazıçı David Rayzman "Dalstroyun xarici könülsüzləri” əsərində (səh. 16. Maqadan "Noosfera”, 2009.) 1940-cı ilin məlumatına əsasən yazır ki, SSRİ Xalq Daxili İşlər Komissarlığının Düşərgələr üzrə Dövlət İdarəsi (QULAQ) dustaqlarının 1261029 nəfəri SSRİ vətəndaşı, 4136 nəfəri başqa dövlətlərin vətəndaşları olublar.

Bədbəxt taleli belə insanların 4620 nəfərinin isə haradan olduğu onların şəxsi işlərində qeydə alınmayıb.

 

Kütləvi qırğın qurbanları

 

Rusiya Federasiyası Jurnalistlər Birliyinin üzvü, tədqiqatçı-jurnalist Anatoli İvanoviç Starkov məqalələrindən birində yazır: "Burada olan həbsxana və düşərgələri əsl insan üyüdən dəyirmana bənzətmək olar. Elə bilirsən insanları məhv etməklə işlərini bitmiş bilirdilər? Xeyr. Onlar bunun üçün akt tərtib edib insanları yararsız əşya kimi çıxdaş edirdilər. Vaxtilə geoloqlar üçün buraya gətirilmiş xizəkli evləri sonralar çəkib düşərgələrə gətirib, bu evlərin içində barmaqlıqlar düzəldiblər. 15-20 nəfəri həmin evlərin içinə yığıb, əvvəlcədən düşərgədən aralı qazılmış böyük xəndəyin yanına çəkib onları şaxtanın ixtiyarına buraxırdılar. Səhər isə gedib artıq donmuş cəsədləri basdırırdılar. Bu məhbuslar da "güllələnsin” əmri ilə aktlaşdırılırdılar.

Düşərgələrin yaxınlığında qəbiristanlıqlar olub. Ona görə ki, burada ən çox lazım olan da elə bu idi. Çünki bu düşərgələrdə hər gün ölənlər olurdu. Çox vaxt əvvəlcədən lağımlar qazılır, 10-15 və daha çox adam bir yerdə basdırılırdı. Adətən hər qəbrin baş tərəfində bir dirək basdırılıb və onun üzərinə konserv qabının ağız kəsiyində həmin adamın nömrəsi mismarla deşilərək yazılmışdı. Məsələn, "A-28”. Bir çox dirəklərdə isə nə dəmir parçası, nə ad, nə də tarix var. Bu kütləvi qırğın qurbanlarının sayının və kimliyinin gizlədilməsi üçün bəzi düşərgələrdə baraklar da, qəbirüstü dirəklər də sökülmüşdü”.

 

***

 

Beləcə, illər keçdikcə ölüm düşərgəsinin amansız qanunları öz ağrı-acısı ilə davam edib. 1953-cü ildə Stalinin vəfatı xəbəri ildırım sürəti ilə Maqadana da gəlib çatır. Sağ qalmış dustaqlar bilmirdilər sevincdən gülsünlər, ya ağlasınlar. Xoşbəxlikdən az müddətdən sonra onlar əfv edilirlər.

 

Azərbaycan.- 2019.- 14 aprel.- S.6.