Elmar Məmmədyarov: “Moskva
görüşü faydalı və substantiv keçdi”
Aprelin 15-də Azərbaycanın və Ermənistanın xarici işlər nazirlərinin Moskva görüşü faydalı və substantiv keçdi.
AZƏRTAC xəbər verir ki, bu fikri Azərbaycan jurnalistlərinə müsahibəsində xarici işlər naziri Elmar Məmmədyarov söyləyib.
Nazir qeyd edib ki, əvvəlcə Azərbaycan, Rusiya və Ermənistan xarici işlər nazirləri üçtərəfli görüş keçirdilər. "Çox faydalı görüş oldu. İndiyə qədər danışıqlarda irəliləyişə imkan verməyən məsələləri konkret şəkildə müzakirə etdik. Tam şəkildə irəliləyişin olmasını deyə bilmərəm. Ancaq Ermənistan tərəfi ilə bəzi problem yaradan məqamları ətraflı və daha dərindən başa düşə bildik. Məsələn, Ermənistan tərəfi statusla və təhlükəsizliklə bağlı məsələ qaldırdı. Biz isə qoşunların işğal altında olan torpaqlardan çıxarılması və məcburi köçkünlərin geri qaytarılması məsələsini qaldırdıq. Bu dörd fikir əsasında çox dərin müzakirələr apardıq”, - deyə nazir bildirib.
Elmar Məmmədyarov vurğulayıb ki, görüşdə bəzi təkliflər səsləndirilib: "İndidən bu təklifləri açıqlamaq istəmirəm. Bu, həm Rusiya, həm digər həmsədrlər, həm də Azərbaycan və Ermənistan tərəfinin təklifləridir. Biz bu istiqamətdə işimizi davam etdirəcəyik”.
Nazir görüşün yekun
bəyanatında qeyd olunduğu
kimi, Azərbaycan və Ermənistan
jurnalistlərinin Bakıya, Yerevana və
Dağlıq Qarabağa səfərlərinin
təşkili məsələsinə toxunub:
"Bu, çox
maraqlı fikirdir ki,
erməni və azərbaycanlı jurnalistlər Yerevana, Bakıya, Dağlıq Qarabağa
səfərlər etsinlər. Bundan əlavə,
cəbhə bölgəsində kənd təsərrüfatı
ilə məşğul olan əhalinin təhlükəsizliyinin
təmin olunması barədə razılığa gəldik. Ümid edirəm ki, Ermənistan
tərəfi buna hörmətlə yanaşacaq. Sakinlərə öz
torpaqlarında işləməyə imkan
yaradacaqlar”.
Azərbaycan.- 2019.- 16 aprel.- S.6.