Hər iş asan,
hər kəs məmnun
335 mindən çox insanın xidmətində
olan Mingəçevir "ASAN Həyat” kompleksinin fəaliyyətindən 1 ildə 250 min vətəndaş yararlanıb
Ana Kürün qoynunda salınan gözəl şəhərlərimizdən birindəyik... Bozdağın ətəyində yamyaşıl libasa bürünən şəhər dövlətin qayğısı, sakinlərinin segvi dolu əmək və zəhmətləri ilə gündən-günə daha da gözəlləşir. Kürün sol sahilində yaradılmış park şəhər sakinləri və qonaqların rahat istirahəti üçün çox əlverişli məkandır.
Sağ sahildə isə daha maraqlı həyat yaşanır. Kürün üzərində zövqlü dizaynda inşa olunan "ASAN Həyat” kompleksi həm şəhərin mənzərəsinə xüsusi çalar qatır, həm də mövcud imkanları ilə vətəndaş məmnunluğuna xidmət edir. Kompleksdə "ASAN Peşə”, "ASAN xidmət” və kinoklub, ikimərtəbəli restoran vətəndaşların istifadəsi üçün fəaliyyətdədir.
Kür çayı üzərində möhtəşəmliyi
ilə seçilən kompleks
Ötən il fevralın 27-də Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın iştirakı ilə açılışı olan bu "ASAN Həyat” kompleksi Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sayca 13-cü mərkəzi, "ASAN Həyat” komplekslərindən (Masallı və Quba "ASAN Həyat”dan) sonra isə sayca 3-cüdür.
Şəhərin Heydər Əliyev prospekti, 380 ünvanında yerləşən və öz möhtəşəmliyi ilə seçilən kompleksin binasının tikintisinə 2017-ci ildə başlanılıb. İnşaat işləri 2018-ci ilin fevralında başa çatdırılıb. Kompleks üçmərtəbəli inzibati binadan və üç ictimai iaşə obyektindən ibarətdir.
Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elnur Niftəliyev deyir ki, regional "ASAN xidmət” mərkəzi Mingəçevir, Yevlax və Ağdaşda qeydiyyatda olan ümumilikdə 335000-dən çox vətəndaşa xidmət göstərir. Bu günə qədər isə 250000-ə yaxın vətəndaş bu mərkəzin xidmətindən yararlanıb.
Təmkinli, nəzakətli davranış vətəndaşı
məmnun edir
"ASAN xidmət” mərkəzinin daxili də xarici görünüşü kimi göz oxşayır. Bütün mərkəzlərdə olduğu kimi, burada da mühafizəçilər binaya daxil olan vətəndaşları ciddi şəkildə yoxlayırlar. Əgər kiminsə üzərində təhlükəli hesab olunan hər hansı bir əşya olarsa, mütləq təhvil verilməlidir.
İçəri daxil olan vətəndaşlar məlumat mərkəzinə yaxınlaşıb istəkləri ilə bağlı müraciət edirlər. Məlumat Mərkəzinin əməkdaşı Aynurə İsgəndərli deyir ki, hərdən müraciət edənlərin sayı çox olsa da, onlar hər zaman səbirlə, gülər üzlə hər bir kəsi dinləyir və istiqamət verirlər: "Artıq bir ildən çoxdur ki, fəaliyyətdəyik. İstər işimizdə, istərsə də vətəndaşlarla ünsiyyətdə heç bir çətinliyimiz olmur. Əlimizdən gələni edirik ki, vətəndaş məmnun qalsın”.
Birinci mərtəbədə insan çox olsa da, işlər öz axarı ilə gedirdi. İçəridə nə səs-küy vardı, nə də ki qarışıqlıq.
Vətəndaşlar mərkəzdə yerləşdirilən xüsusi terminallar vasitəsilə mobil rabitə, internet, işıq, su, qaz və digər kommunal xidmətlərin, kredit və sığorta ödənişlərini həyata keçirirlər.
Burada uşaq oyun sahəsi, kommunal xidmətlər, hüquqi yardım, könüllülər otağı, sürücülük, şəxsiyyət vəsiqəsi, hərbi səfərbərlik, qida təhlükəsizliyi, yardımçı psixoloji xidmət vətəndaşlar üçün açıqdır.
İkinci mərtəbədə isə notariat, bank, miqrasiya xidməti, əmək pensiyalarının təyin olunması, İqtisadiyyat Nazirliyinin lisenziyalarının alınması, daşınmaz əmlakın qeydiyyatı, arxiv arayışlarının verilməsi, vergi xidmətləri, təntənəli nikah otağı, gömrük bəyannamələrinin hazırlanması ilə bağlı xidmətlər mövcuddur. Üçüncü mərtəbədə isə "ASAN xidmət” əməkdaşları üçün xidməti və stresatma otağı var. İş saatında bir qədər yorulan əməkdaş nahar vaxtı bu otağa daxil olur və Kür çayının gözəl mənzərəsini seyr etməklə yorğunluğunu çıxarır.
Əsgərə məktub yaz
Burada diqqət çəkənlərdən biri də "Əsgərə məktub” layihəsidir. İstənilən vətəndaş layihədə iştirak edərək Azərbaycan Ordusunun əsgərlərinə ürək sözlərini yazıb qutuya ata bilər. Həmin məktublar "ASAN xidmət” mərkəzinin əməkdaşlarının müxtəlif hərbi hissələrdə təşkil etdiyi görüşlərdə hərbçilərə paylanılır.
Elə müşahidə apararkən bir nəfərin masaya yaxınlaşdığının şahidi olduq. Mingəçevir şəhər sakini, 61 yaşlı Xudayar Məmmədov öncə xidmətin əməkdaşından məktubun ünvanlı yazılıb-yazılmadığını soruşdu. Bildirildi ki, məktublar ümumi, yəni ünvansız yazılır. Xudayar dayı Azərbaycan əsgərinə ürək sözlərini yazıb məktubu qutuya atdı. Bizə isə açıqladı ki, qardaşı oğlu hərbi xidmətdədir: "Onların hamısı övladlarımızdır. Bütün hərbçilər bu vətən, xalq üçün xidmət edirlər. Biz burada sakit, firavan yaşayaq deyə əllərində silah bizi qoruyurlar. Allah onları qorusun!”
Xalq görür ki,
dövlət onu düşünür
Vətəndaşların daha çox müraciət etdikləri xidmətlər şəxsiyyət və sürücülük vəsiqələri, ümumvətəndaşlıq pasportu və kommunal xidmətlərlə bağlı olduğu üçün birinci mərtəbədə hərəkətlilik daim çox olur.
Yevlax rayon sakini Fərid Əhmədov 10 gün öncə ümumvətəndaşlıq pasportu almaq üçün müraciət edib. Bu gün isə pasportunu almağa gəlib. 30 yaşlı gənc deyir ki, "ASAN xidmət” yarandığı gündən vətəndaşlara çox yaxşı xidmət göstərir. Mingəçevir şəhərində ötən il yeni "ASAN Həyat” kompleksinin açılması regionda yaşayan vətəndaşlar üçün əlverişli imkanlar yaradıb: "Həm istənilən sənədlərimizi asanlıqla düzəldirik, həm də burada asudə vaxtımızı yaxşı keçiririk. Məni sevindirən həm də odur ki, yeniyetmələr üçün burada peşə məktəbi də fəaliyyət göstərir. Gənclər özlərinə peşə seçərək gələcək həyatlarını qururlar”.
Yevlax rayonundan gələn Elşən Qurbanov isə ilk dəfədir mərkəzə müraciət edir. 2 yaşlı qızı Zəhra üçün şəxsiyyət vəsiqəsi almağa gəlib: "İçəri daxil olanda ilk baxışdan adama elə gəlir ki, burada qarışıqlıqdı. Amma məlumat mərkəzində hər şeyi asanlıqla izah edirlər. Bizə lazım olan həkim otağına yaxınlaşıb qan analizini verdik. Bir qədər gözlədikdən sonra cavabını verdilər. İndi növbəmizi gözləyirik ki, sənədlərimizi təqdim edək.
Həqiqətən burada hər şey asanlıqla həll olunur. Nəsə başa düşməyəndə gənclər yardım edirlər. Bu da insana xoş təsir bağışlayır. Bir vaxtlar sənədlər almaq üçün neçə-neçə idarə qapılarında qalırdıq. Günlərlə vaxt itkisi olurdu. İndi sağ olsun dövlətimiz, vətəndaşın qayğısına bu cür yüksək səviyyədə qalır. Xalq da görür ki, dövlət onu düşünərək belə mərkəzlər yaradır. Əla xidmətdir, vallah”.
Şəhər sakini Qumru Rəşidovanın üzündəki təbəssümdən hiss olunur ki, ya xidmətdən çox razı qalıb, ya da sevindirici xəbər alıb. Yaxınlaşıb sevincini bizimlə də bölüşməyini istədik. Məlum oldu ki, Qumru ana tezliklə evinə gəlin gətirəcək. Bir neçə gün öncə oğlu və gələcək gəlini mərkəzə gələrək qan analizi veriblər. Bu gün gələcək qayınana mərkəzdən cavabları öyrəndikdə xoş xəbər alıb. Qan analizləri müsbətdir. Yəni tezliklə toy olacaq. Xoşbəxt olsunlar!
Vətəndaşa xidmət, mərhəmət və savab - "ASAN könüllüləri”
Vətəndaşlarla söhbətləşdikdən sonra xidmətə müraciət edənlərə təmənnasız, həvəslə, gülər üzlə xidmət göstərən könüllülərə yaxınlaşırıq. Hər mərkəzdə olduğu kimi, burada da səmimi, mehriban kollektiv var.
Ümumiyyətlə, könüllülük mərhəmət, xeyirxahlıq, ədalət hissi deməkdir. Könüllü olmaq ümid yeri olmaq, savab qazanmaq, xalqına, vətəninə xidmət etmək deməkdir.
Könüllülük həm də kollektiv əmək deməkdir. Bərabər işləmək istedadıdır. Könüllülər əsasən Mingəçevir Dövlət Universiteti (MDU), Turizm və Tibb kolleclərinin tələbələridir. Onlardan Aytac Babazadə, Pərvanə Mehdizadə, Mətin Bəşirli, Namiq İsmayılov MDU-nun tələbələridir. Artıq xeyli müddətdir burada könüllü kimi fəaliyyət göstərdiklərini deyən tələbələrin sözlərinə görə, bu müddət ərzində həm böyük təcrübə, həm də gələcək karyeraları üçün əlverişli imkanlar əldə ediblər.
Gənclər könüllülük fəaliyyəti nəticəsində əldə etdikləri təcrübə, bilik və bacarıqların gələcəkdə onların peşəkar kimi formalaşmalarına kömək edəcəyini deyirlər. Onlar burada könüllü kimi işləməklə həm də səbirli davranmağı, daha nəzakətli, diqqətli olmağı da öyrəniblər.
Onu da öyrəndik ki, Mingəçevir "ASAN könüllüləri” tərəfindən mütəmadi olaraq tədbirlər təşkil edilir, layihələr, ekoturlar həyata keçirilir. Bu da onların gələcək karyeraları üçün əlverişli imkanlar yaradır.
"ASAN peşə”yə maraq
getdikcə artır
Könüllülərlə səmimi söhbətdən sonra üz tuturuq kompleksdəki "ASAN Peşə”yə.
"ASAN Peşə” ölkəmizdə əhalinin məşğulluğunun təmin edilməsi istiqamətində həyata keçirilən mühüm layihələrdəndir. 2018/2019-cu tədris ili üzrə "ASAN peşə” layihəsi çərçivəsində 33-ü yeni ixtisas olmaqla, 168 ixtisas üzrə peşə təhsili müəssisələrinə qəbul aparılır. "ASAN peşə” layihəsinin müsbət nəticələrindən biri də peşə təhsili almaq üçün müraciət edənlər arasında orta attestat balı "4”dən yuxarı olanların sayının kifayət qədər çoxluğudur. Layihənin birinci ili ilə müqayisədə 2018/2019-cu tədris ilində peşə təhsili müəssisələrinə qəbul olunan tələbələrdən orta attestat balı "4”dən yuxarı olanların sayı 3 dəfə artıb.
Mingəçevir "ASAN Həyat” kompleksinə daxil olan bu mərkəzdə vətəndaşlara hər qrupda 20 nəfər üçün nəzərdə tututan 5 ixtisas - rəqəmsal idarə olunan dəzgahların kompüter operatorları; elektrik xidmətlərinin quraşdırılması və təmiri; elektrik stansiya avadanlıqlarının təmiri üzrə çilingər; çilingər-santexnik və tikiş avadanlıqları operatoru; tikişçi ixtisası üzrə dərs keçilir.
Rəqəmsal idarəetmə proqramlı
dəzgah laboratoriyasında
dərs prosesi gedir. İstehsalat təlimi ustası
Gülüstan Kərimova
təlim üçün
nəzərdə tutulan
rəqəmsal dəzgahlarda
tələbələrə müxtəlif formatlı alətlərin hazırlanması
prosesini izah edir. Usta deyir ki, artıq tələbələr
arasında bu peşəyə maraq getdikcə artır.
Tələbələrdən Xəlil Səmədov dəzgahı işə salaraq çalışmağa
başlayır. Deyir ki, torna dəzgahı adlanan bu avadanlıq rəqəmsaldır. Yəni öncə
ekranda əldə etmək istədiyin alətin fiquru hazırlanır, sonra
material dəzgaha birləşdirilib
komanda verilir. Rəqəmsal dəzgah həmin
fiquru olduğu kimi hazırlayıb işini başa çatdırır. Bu, ustanın, bir növ, işini yüngülləşdirir. Əvvəllər istənilən aləti
hazırlamaq üçün
dəzgahlarda müxtəlif
avadanlıqlardan istifadə
edilirdi. Bəzən isə
diqqətsizlikdən barmaqların
kəsilməsi və
ya digər xoşagəlməz halların
baş verməsinə
səbəb olurdu.
Tikişçi ixtisasına
oğlanlar qızlardan
daha çox həvəs göstərirlər
Burada gənclərin daha çox maraq göstərdikləri sahələrdən
biri də tikiş avadanlıqları
operatoru, tikiş ixtisasıdır. Bu sahədə
əsasən qızlar
üstünlük təşkil
edir. Amma tikiş emalatxanasında gördüyümüz mənzərə
oğlanların da bu ixtisasa maraq
göstərdiyini deməyə
əsas verdi.
Tikiş emalatxanası
istehsal təlim ustası Dürdanə Məmmədova bildirdi ki, qızlar çoxluq təşkil etsə də, oğlanlar daha həvəslidirlər: "Artıq
xeyli vaxtır tələbələrlə çalışırıq.
Bu qrupda 16 tələbə
təhsil alır.
Amma oğlanların əl işləri çox yaxşıdır. Bu da onların bu sənətə maraqlı olduqlarını
təsdiqləyir”.
Ustanın sözlərinə görə,
son illərdə bu istiqamətdə görülən
işlər, qəbul
edilən qərarlar gənclərin peşə
təhsilinə maraqlarını
daha da artırıb. Çünki hazırda tədris olunan bütün fənlərdə müasir
rəqəmsal, elektron
dəzgahlardan istifadə
edilir. Gənclərin
peşə sahəsinə
maraqlarının artması
isə gələcəkdə
iş yerlərinin daha da çoxalacağını
söyləməyə əsas
verir. Tələbələrə işlərində, peşələrində uğurlar
arzulayıb mərkəzdən
ayrılırıq.
Uşaqların əyləncəsi,
qocaların istirahəti
Kompleksdəki kinoklubda vətəndaşların
maraqlı vaxt keçirməsi üçün
kafe və kinozal fəaliyyət göstərir. Kinoklubda ayrı-ayrılıqda iki zal (birlikdə
124 nəfər) mövcuddur.
Gənclər əsasən asudə
vaxtlarını burada
yeni filmlərə baxmaqla keçirirlər.
Qiymətlər də münasibdir.
Həyətdə isə kiçik uşaqların əylənməsi
üçün müxtəlif
avadanlıqlar quraşdırılıb.
Hər tərəfi yaşıllıq,
gül-çiçəklə əhatə olunan istirahət mərkəzi hər kəsin dincəlməsi üçün
rahat məkandır. Axşamlar isə
Kürün mehi və "ASAN xidmət”in
maraqlı dizaynda inşa olunan binasının işıqları
istirahətə gələn
insanların zövqünü
oxşayır.
Bir sözlə, fəaliyyətə
başladığı gündən
vətəndaş məmnunluğuna
xidmət edən Mingəçevir "ASAN Həyat”
kompleksi həm ictimai davranış, həm də ictimai xidmətlər sahəsində çox geniş və müsbət bir təşəbbüsün təzahürüdür
desək, yanılmarıq. Elə bu
xoş təəssüratlarla
da nur şəhərini
tərk edirik.
320-dən artıq xidmət üçün 28 milyondan
çox müraciət
Onu da əlavə edək ki, hazırda
ölkədə 15 "ASAN xidmət” mərkəzi fəaliyyət göstərir. Onlardan
5-i paytaxt Bakı şəhərində olmaqla,
digərləri Sumqayıt,
Gəncə, Sabirabad,
Bərdə, Qəbələ,
Masallı, Quba, Mingəçevir, İmişli
və Şəkidədir.
Bu günə kimi "ASAN xidmət” mərkəzlərinə daxil olan müraciətlərin sayı isə 28 milyondan çoxdur. Mərkəzlərdə 12 dövlət orqanı, həmçinin özəl şirkət və müəssisələr tərəfindən ümumilikdə 320-dən çox müxtəlif xidmət göstərilir.
Elnur Niftəliyev deyir ki, bu il Tovuz, Ağcabədi, Şamaxı, Kürdəmir və Balakəndə "ASAN xidmət” mərkəzlərinin istifadəyə verilməsi nəzərdə tutulub. Onların hər biri regional xarakter daşıyır. Həmçinin Prezident İlham Əliyev aprelin 5-də Bakı şəhərində iki yeni "ASAN xidmət” mərkəzinin layihələndirilməsi və tikintisi haqqında sərəncam imzalayıb.
Regionlarda isə 10 səyyar "ASAN xidmət” avtobusu və səyyar "ASAN qatar” vasitəsilə vətəndaşlara səyyar formada xidmətlərin göstərilməsi davam etdirilir. 2013-cü il iyun ayından etibarən 1 milyon 700 mindən çox vətəndaşa səyyar formada xidmət göstərilib. Keçirilən rəy sorğularına əsasən vətəndaşların xidmətlərdən məmnunluq əmsalı 99,6 faiz təşkil edir.
Prezident İlham Əliyevin söylədiyi kimi, "ASAN xidmət” əslində ictimai xidmətlər sahəsində böyük bir inqilabdır. Bu, sadəcə olaraq, vətəndaşlara gözəl, rahat xidmət mərkəzi deyil, həm də insanlarda böyük dərəcədə dəyişikliklərə səbəb olan, nadir ictimai xidmət mərkəzinə çevrilən bir qurumdur.
Rəşad BAXŞƏLİYEV
Elçin CƏFƏROV
Azərbaycan.-
2019.- 17 aprel.- S.1; 6.