Türkdilli Dövlətlərin Əməkdaşlıq
Şurasının yubiley Zirvə
toplantısına Azərbaycan evsahibliyi edəcək
Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev aprelin 16-da Türkdilli Dövlətlərin
Əməkdaşlıq Şurasının baş katibi
Bağdad Amreyevi qəbul edib.
AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı Bağdad Amreyevi Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının baş katibi vəzifəsinə təsdiq olunması münasibətilə bir daha təbrik edərək, onun təşkilata üzv olan qardaş ölkələr arasında əməkdaşlığın genişləndirilməsinə töhfə verəcəyinə əminliyini bildirdi. Prezident İlham Əliyev Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının təsis olunması ilə əlaqədar 10 il bundan əvvəl Naxçıvanda keçirilmiş əlamətdar Zirvə görüşünü məmnunluqla xatırlayaraq, ötən müddət ərzində bu təşkilatın gücləndiyini və vacib beynəlxalq quruma çevrildiyini vurğuladı.
Təbrikə görə minnətdarlığını bildirən Bağdad Amreyev Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının 10 il əvvəl məhz türk dünyasının böyük oğlu, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin doğulduğu Naxçıvanda, Azərbaycan torpağında təsis edilməsinin bu təşkilata xüsusi mahiyyət verdiyini diqqətə çatdırdı. Qonaq Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının təsis olunmasının 10 illiyi münasibətilə növbəti Zirvə toplantısına bu ilin payızında Azərbaycanın ev sahibliyi edəcəyini vurğulayaraq, bu Zirvə toplantısının da Azərbaycan tərəfindən yüksək səviyyədə təşkil olunacağına əminliyini ifadə etdi. Bağdad Amreyev təşkilat daxilində iqtisadiyyat, ticarət, maliyyə, nəqliyyat və digər istiqamətlərdə əməkdaşlığın inkişaf etdirilməsi, müvafiq beynəlxalq təşkilatlarla əlaqələrin qurulması barədə dövlətimizin başçısına məlumat verdi.
Prezident İlham
Əliyev Türkdilli Dövlətlərin
Əməkdaşlıq Şurasının baş
katibi Bağdad Amreyevə
gələcək fəaliyyətində uğurlar
arzuladı və ölkəmizin bu təşkilatın
10 illiyi münasibətilə Azərbaycanda
keçiriləcək Zirvə toplantısına yüksək
səviyyədə ev sahibliyi edəcəyini dedi.
Azərbaycan.-
2019.- 17 aprel.- S. 1.