Akademik Ramiz Mehdiyevin alimlərimizi milli tarixin öyrənilməsində
yeni axtarışlara səfərbər edən əsəri
Ölkənin tanınmış tarixçi, ədəbiyyatşünas və mətnşünas alimlərinin iştirakı ilə aprelin 16-da Azərbaycan Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində keçirilən elmi sessiya akademik Ramiz Mehdiyevin yenicə çapdan çıxmış "Tariximizin xanlıqlar dövrünün siyasi irsi sənədlər işığında” kitabının müzakirəsinə həsr edilmişdi. "Şərq-Qərb” nəşriyyatında buraxılmış bu əsərin qısa müddətdə ölkənin elmi və ictimai-siyasi həyatında geniş əks-səda doğurması, ilk növbədə, kitabda qaldırılan problemlərin aktuallığı, yüzillər əvvəl baş verən hadisələri təhlil etsə də, bu gün üçün son dərəcə gərəkliliyi ilə bağlıdır.
AZƏRTAC xəbər verir ki, elmi sessiyanın açılışındakı nitqini bu mülahizələrlə başlayan muzeyin direktoru, akademik Rafael Hüseynov "Akademik Ramiz Mehdiyevin araşdırmalarında milli düşüncə, milli tarix və milli inkişaf məsələlərinə yeni baxış” adlı məruzəsini təqdim etdi. Bildirildi ki, bu yeni kitab əslində akademik Ramiz Mehdiyevin son bir neçə ildə nəşr edilən və Azərbaycan tarixşünaslığında əsl hadisə sayılan silsilə əsərlərinin davamı və ayrılmaz tərkib hissəsidir. Müəllifin hələ əsas mövzuya keçmədən öncə irəli sürdüyü və Azərbaycan tarixşünaslığının vəzifələri ilə əlaqədar mülahizələrinə toxunan Rafael Hüseynov qeyd etdi ki, hər bir dəyərli elmi əsərin qiymətini müəyyənləşdirən ilk cəhət onun yalnız hansısa suallara cavab verməsi deyil, həm də hansı mühüm sualları qaldırması, yeni axtarışlar üçün üfüqlər aça bilməsidir. Bu mənada akademik Ramiz Mehdiyevin yeni araşdırmasının müqəddiməsində qaldırdığı problemlər Azərbaycan tarixşünaslığının gələcək inkişafı üçün proqram səciyyəsi daşıyır. Məruzəsinə davam edən akademik Rafael Hüseynov dedi: "Görkəmli alim milli tariximizi tədqiq etməyi heç də yalnız keçmişdə baş vermiş hadisələri araşdırmaq kimi qavramamağı tövsiyə edərək, hər belə araşdırmada həm də bugünümüzü və sabahımızı görməyi ən doğru yol sayır, tarix elmini arxada qalmış zamanları müasir dövr və maraqlarla birləşdirən körpü adlandırır. Lakin bizim keçmişimizi öyrənmək sahəsində uğurlarımız nə səviyyədədir? Ötmüş onillərdə ilk mənbələr əsasında tariximizin qaranlıq səhifələrinə aydınlıq gətirən bir silsilə monoqrafiyalar yazılsa da, kompleks araşdırmalar yerinə yetirilsə də, təəssüf ki, onların əksəriyyəti sovet dövründə ortaya çıxmış əsərlərdir. Həmin dövrün siyasi şərtləri isə heç də bütün həqiqətləri olduğu kimi ifadə etmək, hətta tarixi mənbələri tam halda nəşr etmək imkanı vermirdi. Müstəqillik dövrünün açdığı imkanlar yalnız ölkəmizdə deyil, xaricdə saxlanan mənbələri və əlyazma irsini də araşdırmalara cəlb etmək fürsətinin yaranması tarixçi alimlərimizə geniş fəaliyyət sahəsi təklif edir. Lakin akademik Ramiz Mehdiyevin haqlı olaraq vurğuladığı kimi, tarixçilərimizin böyük əksəriyyəti yazılarını artıq hazır, tərcümə və tədqiq edilmiş əsərlər üzərində qurmaqdan uzağa getmir, nəticədə bir çox ümdə suallara cavabların tapılması da qəlizləşir. Həmin səbəbdən də akademik Ramiz Mehdiyev tarix elmimiz qarşısında təxirə salmadan həll edilməli bir neçə ciddi vəzifə qoyur. İlk növbədə, mənbəşünaslığın inkişafına nail olmaq, tariximizə aid müxtəlif dillərdə qələmə alınmış məxəzlərin tərcüməsi və nəşri işini sistemə salmaq; ikincisi, ölkəmizdən kənarlarda, Rusiyanın, İranın, Türkiyənin, Avropa dövlətlərinin kitabxana və fondlarında, arxivlərində saxlanılan mənbələri əhatəli şəkildə müəyyənləşdirərək tədqiqata cəlb etmək; üçüncüsü, tədqiqatlarda yeni yanaşma və təhlil modellərinin tətbiqinə nail olmaq, köhnə stereotiplərdən qurtulmaq; dördüncüsü, milli varlığımız, milli keçmişimizlə bağlı əsərlərin hamı üçün maraq kəsb etdiyini nəzərə alaraq tədqiqat mövzularını qarşılıqlı müqayisə və müzakirələr əsasında müəyyənləşdirmək və digər bu qəbil icrası vacib olan şərtlər.
Məruzəçi bu məsələyə də xüsusi diqqət yönəltdi ki, akademik Ramiz Mehdiyevin milli təfəkkür, milli tarix, milli dövlətçilik, milli inkişafla bağlı araşdırmalarını digər peşəkar tarixçilərimizin əsərlərindən fərqləndirən bir mühüm keyfiyyət göstəricisi də ondan ibarətdir ki, o, güclü alim olmaqla yanaşı, həm də təcrübəli, müdrik dövlət xadimidir. Toxunduğu istənilən problemi həm də ümummilli kontekstdə nəzərdən keçirir, araşdırmalarının praktik faydası, gələcək tərəqqimizdə və daha düzgün yollar seçə bilməyimizdəki təsirlərini də nəzərə alır.
Elmi sessiyada "Sənədlərin tariximizin xanlıqlar dövrü haqqında söylədiyi həqiqətlər” adlı məruzə ilə çıxış edən tarix elmləri doktoru, professor Kamil İbrahimov bildirdi ki, tarix buraxılmış səhvləri, yaxud məsuliyyətsizliyi heç vaxt bağışlamır. Akademik Ramiz Mehdiyev təxminən yarım əsrlik bir zaman kəsiyini əhatə edən xanlıqlar dövrünə, feodal hərc-mərcliyi və bitib-tükənməyən ara müharibələri ilə müşayiət edilən və nəhayət, tarixi torpaqlarımızın ikiyə bölünməsinə gətirib çıxaran bu keşməkeşli dövrə layiqli siyasi qiymət verib. Akademikin bu kitabında çoxsaylı mənbə, elmi ədəbiyyat əsasında yazılmış, həmçinin xarici dillərdə nəşr olunmuş mənbələrdəki bir sıra təkzibolunmaz faktlara istinad edilmişdir. Vaxtilə dahi Albert Eynşteyn yazırdı ki, tarix siyasətdən kənar olan zaman riyaziyyat qədər dəqiq, fizika qədər qərəzsiz elmdir. Tarixi qərəzsiz edən onun altında yatan arxiv sənədləri olur. Ramiz Mehdiyev bu toplunun tərtibatında həm bir tarixçi, həm də bir siyasətçi kimi çıxış edib. Eyni zamanda, Azərbaycanın çoxsaylı tarixçilərinə meydan verərək qeyd edib ki, ölkəmizdən kənarda arxiv sənədləri ilə bağlı hansı çətinliklər varsa, həmin çətinlikləri də aradan qaldırmağa dövlət hazırdır.
Bildirildi ki, müəllif iki strateji məqam üzərində ayrıca dayanır. Birinci məqam ondan ibarətdir ki, xanlıqlar dönəmində Azərbaycan dövlətçiliyi Səfəvilər dövründən etibarən yaradılan, Nadir şahın hakimiyyəti illərində isə bir qədər möhkəmləndirilən mərkəzləşmə prinsipindən məhrum olur. İkinci məqam isə xalqımızın məhz həmin siyasi dövrün səhvləri ucbatından ikiyə bölünməsi və bu günə qədər də parçalanmış vəziyyətdə yaşamağa davam etməsi ilə bağlıdır.
Akademik Ramiz Mehdiyevin Qacarlar xanədanının həm etnik, həm də siyasi genotipi barədəki mötəbər mənbələrə, konkret faktlara əsaslanan qənaətləri, metodoloji mahiyyəti olduqca mükəmməl milli tarixşünaslıq dərsləridir. O yazır ki, "Qacarlar heç zaman azərbaycanlı maarifçilərin ana dilində məktəb açmaq təşəbbüslərinə mane olmamış, bu ideya uğrunda mübarizə aparanlara qarşı heç vaxt dövlət səviyyəsində hər hansı bir təqib həyata keçirməmişlər”.
Kitabda verilən faktlar göstərir ki, ana dilində müasir, dünyəvi təhsil ideyasını həyata keçirmək istəyənlər daha çox yeniliklərə, tərəqqiyə, müasirliyə qənim kəsilən mühafizəkar, xurafatçı ruhanilərin müqaviməti ilə qarşılaşmış, onlar tərəfindən təzyiqlərə məruz qalmışlar. Bu cür hallar o dövrdə təkcə Qacarlar dövləti üçün deyil, bütün İslam dünyası, o cümlədən Qafqaz Azərbaycanı üçün də xarakterik idi.
Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin komparativistika və bədii tərcümə şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor Şəfəq Əlibəyli "Azərbaycanın siyasi tarixinə xanlıqlar dövrünün təsiri” adlı məruzəsini məxəzlərin tarixin öyrənilməsində müstəsna əhəmiyyəti haqqında düşüncələrini bölüşməklə başlayaraq bildirdi ki, zamanın sükutunu pozan, onu dinləndirən dastanlar, bayatılar, nəğmələr və digər bədii örnəklər və musiqi əsərləri, tədqiqatlar vardır. Bunlara zaman-zaman bəzən müəyyən əlavələr edilir, ixtisarlar olur, bəzən də onlar müəyyən təhrifə məruz qalır, hətta bəzən ünvanları belə dəyişə bilir. Amma bu səssiz zamanla bağlı sənədlər də mövcud olur ki, onları təhrif etməyə, üzərində dəyişiklik aparmağa heç kəsin gücü çatmır. Bəzən gizli qalan, insan gözündən yayınan, tarixi həqiqətləri əks etdirən bu sənədlər üzə çıxdıqda müəyyən zaman kəsiyi, tarixi dövr barəsində çox söz deyə bilir. Unudulmağa, təhrifə zamanın gücü çatmayan belə sənədlər və onların obyektiv dəyərləndirilməsi akademik Ramiz Mehdiyevin "Tariximizin xanlıqlar dövrünün siyasi irsi sənədlər işığında” kitabında yer alıb. Ana dilimizdə təqdim olunan bu kitabda Azərbaycan tarixində təzadlı, mübahisəli məqamlarla bağlı olan xanlıqlar dövrünə aid 22 yeni, indiyədək tarixşünaslığımıza məlum olmayan siyasi-tarixi sənəd öz əksini tapmışdır. Həmin sənədlər əsasən, Rusiya-İran müharibələri dövründə Qacar və Rusiya hərbi komandanlığı ilə bağlı siyasi-tarixi mənbələrdir. Təqdim olunan tarixi sənədlər xanlıqlar dövrünün siyasi mənzərəsini bir daha işıqlandıraraq, həmin dövrün daha dərindən təhlili, yeni yanaşma üçün elmi mənbələrə, arxiv sənədlərinə, təkzibedilməz faktlara əsaslanan möhkəm bir zəmin yaradır.
Qeyd edildi ki, akademik Ramiz Mehdiyevin bu əsəri sayəsində ilk dəfə olaraq oxucu Azərbaycanın xanlıqlar dövrünə yeni bir müstəvidə nəzər salmaq imkanı əldə edir. Həmçinin kitabda indiyədək qapalı qalmış bir sıra tarixi məqamlara obyektiv münasibət ortaya qoyulur, çar Rusiyası tərəfindən Şimali Azərbaycan xanlıqlarının işğalı, Gülüstan və Türkmənçay müqavilələri ilə bağlı təfərrüatlar, xanlıqlar dövründəki siyasi səhvlərin acınacaqlı nəticələri açıqlanır. Müəllif belə bir qənaətə gəlir ki, hakimiyyət və taxt-tac naminə çarizmlə müttəfiqlik münasibətlərinə gedən Azərbaycan xanlarının hamısının sonu bir qanunauyğunluq kimi faciəli olub. Müəllif fikrini davam etdirərək, İbrahim xanın və ailəsinin qətlini, Səlim xanın, Mustafa xanın Azərbaycandan didərgin düşməsini xatırladır, oxucunu bunlar üzərində düşünməyə sövq edir.
Fars dili üzrə mütəxəssis olan məruzəçi kitabda dərc edilmiş sənədlərin farsca orijinallarını və tərcümələrini tutuşdurduğunu bildirdi, məhz tarixi məxəzlərin belə dəqiq tərcümə və şərhlərlə təqdim edilməsinin elmimizə fayda verəcəyini vurğulayaraq, tarixçilərimiz, mənbəşünaslarımız tərəfindən örnək, model olaraq götürülməsini məsləhət gördü. Qeyd olundu ki, qiymətli tarixi və siyasi sənədlər olan məktubların təqdimatında xronoloji ardıcıllıqla yanaşı, bədii, məntiqi bir keçid də hiss olunmaqdadır. Bu da müəllifin güclü məntiqi-fəlsəfi ümumiləşdirmə məharətindən, fərdi üslubunun rəvanlığından, ifadə seçiminin düzgün və sadəliyindən xəbər verərək, materialı daha da oxunaqlı edir. Xanlıqlar dövrünün ətraflı tədqiqi, maraqlı ümumiləşdirmələr, mülahizələr, düzgün siyasi təhlil bu mövzu ilə maraqlananlar üçün təkzibedilməz tarixi faktlara əsaslanan yeni bir elmi zəmin yaradır. Vurğulandı ki, akademik Ramiz Mehdiyevin tariximizin bəzi mübahisəli səhifələrinə analitik təhlillə açıqlama gətirən, milli ictimai şüurun inkişafı üçün əhəmiyyət kəsb edən yeni kitabı yalnız tarixçi alimlər üçün deyil, filosoflar, ədəbiyyatşünaslar, mədəniyyətşünaslar və ümumən, hər bir azərbaycanlı üçün dəyərli tarixi-elmi mənbədir. Bu fundamental tədqiqata müraciət edən hər bir şəxs keçmiş irsimizi olduğu kimi, uğursuzluqlar və qələbələrlə birlikdə öyrənmək imkanı əldə edir. Kitab neçə-neçə yeni tədqiqatlara, araşdırmalara, tarixi romanlara, film ssenarilərinə cığır açır.
Fikirlərini yekunlaşdıran professor Ş.Əlibəyli söylədi ki, akademik Ramiz Mehdiyevin aşağıdakı fikrini kitabın leytmotivi hesab etmək olar: "Tarix ondan zəruri dərslər çıxarılmadığı təqdirdə daha amansızlıqla təkrar olunur”. Əminik ki, xalqımız bir daha belə amansızlıqla üz-üzə durmaz.
Elmi sessiyada "Tarixi sənədlərin milli keçmişimiz kontekstində yeni oxunuş zəruriliyi” mövzusunda məruzə ilə çıxış edən filologiya elmləri doktoru, professor, muzeyin elmi inkişaf və tədris layihələri şöbəsinin müdiri Kamil Allahyarov qeyd etdi ki, akademik Ramiz Mehdiyevin bu əsəri Azərbaycan tarixinin çox mürəkkəb və ziddiyyətli hadisələrlə, əks mövqeləri ifadə edən fikirlərlə dolu bir dövrünə həsr olunub. Həmin dövrdə, yəni XVIII əsrin sonu – XIX əsrin başlanğıcında Azərbaycanın daxili və xarici siyasi vəziyyəti çox gərgin idi. Kitabın birinci fəslində qeyd edildiyi kimi, əvvəl Şəki, sonra isə Quba xanlıqlarının Azərbaycan torpaqlarını öz xanlıqları ətrafında birləşdirmək, vahid Azərbaycan dövləti yaratmaq cəhdləri boşa çıxdı. Buna bir tərəfdən ölkənin sosial-iqtisadi vəziyyətinin geriliyi, digər tərəfdən isə xarici istilalar, İranın və çar Rusiyasının bu yerləri ələ keçirmək üçün Azərbaycana yürüşləri əngəl törədirdi. Ayrı-ayrı xanlıqların hakimlərinin öz şəxsi mənafelərindən əl çəkməməsi, öz xanlığını qoruyub saxlamaq naminə bir-birinə güzəştə getməməsi də bu işə əsaslı surətdə mane oldu. Belə bir şəraitdə Azərbaycana göz dikmiş şahlıq İranının və çar Rusiyasının işğalçı planlarına qarşı dura biləcək vahid qüvvə yox idi. Hələ I Pyotr dövründə başlanmış, II Yekaterina zamanı davam etdirilmiş Azərbaycanı ələ keçirmək cəhdlərindən sonra XIX yüzilliyin lap başlanğıcında çar Rusiyası bütün Cənubi Qafqazı tutmaq planlarını həyata keçirməyə hazırlaşırdı. Azərbaycanın çar Rusiyası tərəfindən zəbt edilməsinə sovet dövründə belə qiymət verilirdi ki, guya bu aktın müsbət tərəfləri də olmuşdur. Ancaq akademik Ramiz Mehdiyevin qeyd etdiyi kimi, Azərbaycanın şimal torpaqlarının çar Rusiyası tərəfindən ələ keçirilməsi ilə Azərbaycan xalqı öz dövlət müstəqilliyini itirdi.
Akademik Ramiz Mehdiyevin araşdırmalarında, xüsusən də Şah İsmayıla, Səfəvilər xanədanına həsr edilmiş tədqiqlərində mərkəzləşmiş Azərbaycan dövlətinin yaradılması yolunda tarixi şəxsiyyətlərimizin aparmış olduğu mübarizələrə ayrıca diqqət yetirilir. Bu kitabda da akademik Ramiz Mehdiyevin həmin xəttə sadiq qaldığına və oxucusuna məhz həmin həqiqətin millətimizin inkişafındakı ən əhəmiyyətli məqam olduğunu aşılmasına şahid oluruq. Əsər və tədqiqata cəlb edilmiş mənbələr göstərilir ki, hələ XVIII əsrin ikinci yarısından, yəni Nadir şahın qətlindən sonra yaranan Azərbaycan xanlıqları arasında vahid iqtisadi və siyasi mərkəz yox idi, ayrı-ayrı xanlıqlar isə qapalı həyat sürürdü. Azərbaycanın bütün xanlıqlarının siyasi tarixi arasıkəsilməz müharibələr və qanlı saray çevrilişləri ilə dolu idi. Bir-biri ilə rəqabət aparan xanlıqlar arasındakı müharibələr onları daha da zəiflədir və xarici qüvvələr qarşısında müqavimətlərini azaldırdı. XVIII əsrin 80-ci illərinin ortalarında İranda hakimiyyətə gələn Ağa Məhəmməd Qacar Azərbaycan xanlıqlarını yenidən birləşdirmək qərarına gəldi. Bununla əlaqədar o, bütün Cənubi Qafqaz xanlarına fərmanlar göndərərək onlardan itaət əmri olaraq övladlarını girov kimi onun yanına göndərilməsini tələb edirdi. Ancaq Azərbaycan xanlarının əksəriyyəti və gürcü hakimi II İrakli bu fərmanları qəbul etməkdən imtina etdilər. Bununla əlaqədar 1795-ci ildə Ağa Məhəmməd xan böyük qoşunla Cənubi Qafqaz hüdudlarına üz tutdu. O, talış, Naxçıvan və İrəvan xanlıqlarını özünə tabe edəndən sonra Şuşa qalasına, daha sonra isə Tiflisə üz tutdu. Gürcüstanda Qacar Tiflisi tutandan sonra qarət və qırğınlar törətdi. Bundan sonra gürcülər ruslara müraciət edərək onların himayəsinə keçmək istədiklərini bildirdilər və beləliklə də rus qoşunlarının Cənubi Qafqaza yolu açıldı. Akademik Ramiz Mehdiyev tərəfindən Azərbaycan tarixşünaslığında yeni dövriyyəyə buraxılan sənədlər də məhz birinci Rusiya-İran müharibəsi ərəfəsindəki, müharibənin gedişindəki və ondan sonrakı dövrü əhatə edir və indiyədək qaranlıq qalan bir çox məsələlərə aydınlıq gətirir.
Bu da vurğulandı ki, kitabda yer almış 22 məktubun və fərmanın mətnindən gələcəkdə başqa tədqiqatçılar da faydalana bilər. Akademik Ramiz Mehdiyevin kitabda vurğuladığı əsas niyyətlərindən biri də elə odur ki, bu və bu qəbil sənədlər təzədən, ayrı gözlə oxunsun, onlara indiyədək verilmiş ənənəvi qiymətləndirmələrdən fərqli, milli maraqlara daha çox cavab verən yozumlar təqdim edilsin.
Elmi sessiyada maraqla qarşılanan, müzakirə edilən kitabın müfəssəl təhlilini verən "Akademik Ramiz Mehdiyevin araşdırmalarında tarixi həqiqətlərin alt qatını görmək və dəyərləndirmək ustalığı” adlı məruzəsində tarix elmləri doktoru, professor Solmaz Tohidi-Rüstəmova qeyd etdi ki, kitab "Xanlıqlar dövrü və onun Azərbaycanın siyasi tarixinə təsirləri” adlı tədqiqat ilə başlayır və alınan ilkin nəticə, başlığından da göründüyü kimi, bu tarixin, ilk növbədə, Azərbaycan dövlətçiliyi mövqeyindən, yəni sırf siyasi konsepsiya əsasında yazılmasıdır. Bu tədqiqat müəllifin mövqeyi, dövrün tarixi hadisələrinə yanaşma və qiymətləndirmə baxımından Azərbaycan tarixşünaslığında bu dövrə dair indiyədək mövcud olan konseptual yanaşmadan əsaslı surətdə fərqlənir. Bu məsələ üzərində ətraflı dayanmadan daha 2 mühüm məqamı çox qısa şəkildə izah edək. Məlumdur ki, müstəqilliyə qədər Azərbaycan tarixşünaslığında xanlıqlar dövrü əsasən tarixçilik və ideoloji yanaşma mövqeyindən tədqiq edilib və qiymətləndirilib. Yəni, İran dövlətində Nadir şah Əfşarın ölümündən sonra mərkəzdənqaçma qüvvələrinin canlanmasının ilkin şərtləri və xanlıqların yaranmasının tarixi-siyasi və iqtisadi şərtləri araşdırılıb. Azərbaycan xanlıqlarının istər ümumi və istərsə də ayrı-ayrılıqda tarixinin həmin dövrün ziddiyyətli, feodal dağınıqlığı, xanlıqlar arasında hakimiyyət çəkişmələri və müharibələri ilə səciyyəvi olduğu vurğulanıb. Bununla belə, ümumilikdə, xanlıqlar dövrü Azərbaycan ərazilərinin bilavasitə İrandan ayrılması prosesinin başlanması, xanlıqların ilk yarımüstəqil, kiçik Azərbaycan dövlətçiliyinin əsasını qoyması kimi xarakterizə olunub, eləcə də Azərbaycan-türk xalqının formalaşması tarixinin də bu zamandan başlanması hesab edilib. Sovet dövründə ayrı-ayrı xanlıqların Rusiya hakim dairələri ilə münasibətləri müəyyən mənada obyektiv işıqlandırılsa da, ümumən Azərbaycanın Rusiya tərkibinə könüllü daxil olması tezisi əsas götürülüb. Lakin 1990-cı illərdən sonra tanınmış tarixçilərin əsərlərində artıq bu məsələyə münasibət dərhal dəyişib, bir sıra mənbələr, o cümlədən xanların Rusiya təmsilçiləri ilə məktubları dərc olunub, dövrün tarixinin elmi baxımdan obyektiv işıqlandırılması cəhdləri edilib və xanlıqlar dövrü bir daha Azərbaycan müstəqil dövlətçiliyinə gətirən bir zaman kəsiyi kimi təqdim olunub. Akademik Ramiz Mehdiyevin adı çəkilən kitabında bu məsələlərdə bir qədər fərqli mövqe ortaya qoyulur. Bu mövqe, ilk növbədə, müəllifin əvvəlki kitablarından – Şah İsmayıl Səfəvi və Nadir şah Əfşara həsr edilmiş əsərlərində irəli sürülən Azərbaycan dövlətçiliyi konsepsiyasının artıq XVIII əsrə tətbiqi və bu mövzunun davamı məqsədindən irəli gəlir. Məhz bu konsepsiyaya söykənərək müəllif Azərbaycan xanlarını vahid dövlət prinsipini pozmaqda və mərkəzdənqaçma proseslərində yaxından iştirak etməkdə, feodal hərc-mərcliyi, hakimiyyət uğrunda ara müharibələri, bu səbəbdən birləşə bilməməkdə, düşmən istilasının qarşısını almamaqda, eləcə də erməni əhalisinin Şimali Azərbaycan torpaqlarında yerləşdirilməsinə imkan verməkdə tənqid edir.
Azərbaycan xanlarının Rusiyaya meyil etməsi, bu zaman Kürəkçay müqaviləsini imzalanmış Qarabağ xanı İbrahimxəlilin və rus zabiti Sisianovla son döyüşə girmiş Gəncə hakimi Cavad xanın fərqli, lakin eyni dərəcədə faciəli aqibəti də həmin mövqedən qiymətləndirilir.
Bu iki əsas mövzudan əlavə, kitaba müəllif məqaləsində daha bir mövzu xətti ayrıca qeyd edilməlidir. Bu da Qacarlar dövrünün Azərbaycan tarixşünaslığında və ədəbiyyatında işıqlandırılmasıdır. Müəllif bu sahədə görülən işləri yuxarıda göstərilən konseptual mövqedən çıxış edərək ümumən mənfi və qeyri-qənaətbəxş qiymətləndirir.
Elmi sessiyanın iştirakçılarına daha bir məruzəni Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin mədəni irs və mənbəşünaslıq şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor Xatirə Bəşirli təqdim etdi. O, "Azərbaycan xanlıqları siyasi tarix müstəvisində” adlı məruzəsində bu cəhətə ayrıca diqqət yönəltdi ki, akademik Ramiz Mehdiyevin ədəbi, ictimai cameəyə təqdim etdiyi bu qiymətli əsər, heç şübhəsiz, tariximizin xanlıqlar dövrünün siyasi irsi, fəaliyyəti haqqında faktlara, mənbələrə söykənərək son illərdə yazılan ən dəyərli araşdırmadır.
Akademik Ramiz Mehdiyev xanlıqlar dövrünün səhvlərindən nəticələr çıxarmağa tövsiyə edir, həmin dövrü – xanlıqlar tarixini obyektiv, ədalətli tənqid etməkdən çəkinməməyə çağırır. Səfəvilər dövründən yaradılan, Nadir şahın hakimiyyəti illərində isə daha da möhkəmləndirilən mərkəzləşmə prinsipindən Azərbaycan xanları mənəmlik, satqınlıq ucbatından məhrum olurlar. Vaxtilə Səfəvi şahlarının, xüsusilə Şah İsmayıl Xətainin və Nadir şahın hərbi dühası, siyasi məharəti hesabına geniş coğrafiyanı əhatə edən, böyük nüfuza malik Azərbaycan türklərinin dövləti məhz xırda feodal hərc-mərcliyi, çar Rusiyasının müdaxiləsi nəticəsində ayrı-ayrı bölgələrə, qruplara, tayfalara parçalanır. Tarixi məlumatların təhlilindən birmənalı şəkildə aydın olur ki, çar Rusiyası ciddi-cəhdlə ermənilərin, gürcülərin, həmçinin Qarabağdakı Alban ruhanilərin əli ilə Cənubi Qafqazda, Səfəvi dövlətinin torpaqlarında xristian dövlətinin yaradılmasına çalışırdı. Xatirə Bəşirli kitabda diqqəti çəkən bir məqamı da xatırladaraq bildirdi ki, erməni dövlətinin yaradılması prosesinin kökləri, gedişi və fəsadları haqqında bir çox kitablar yazılsa da, proseslərin pərdəarxası ilə bağlı xeyli vacib məqamlar hələ də qaranlıq qalır. İctimai fikrimizdə belə bir yanlış baxış hökm sürür ki, Azərbaycan torpaqlarında erməni dövlətinin yaradılması İkinci Rusiya-İran müharibəsindən sonra başlanan prosesdir. Ancaq tarixi mənbələri araşdıran akademik Ramiz Mehdiyev nəzərə çatdırır ki, çarizmin bu siyasi layihəsinin kökləri Səfəvilər dövlətinin qürub çağına qədər gedib çıxır. Nadir şahın qətlindən və xanlıqların yaranmasından sonra isə bu proses daha geniş vüsət alıb.
Kitabda müəllif, çarizmin Azərbaycan xanlarına qarşı apardığı xəyanətkar siyasətin qurbanı olan Qarabağ hakimi İbrahimxəlil xanın faciəli taleyindən xüsusilə söz açır, onun müasiri olan Azərbaycan xanlarının bu ibrətamiz hadisədən dərs götürmədiklərini təəssüflə qeyd edir.
Qacarların Azərbaycanın dövlətçilik və mədəniyyət tarixindəki yerinə, bu sülalənin yetişdirdiyi görkəmli siyasətçilərin, hərbçilərin, diplomatların, incəsənət xadimlərinin həyatına dair yeni materiallar da ilk dəfə akademik Ramiz Mehdiyevin bu kitabında təqdim edilmişdir.
Elmi sessiyanın sonunda müzakirələrə yekun vuran akademik Rafael Hüseynov "Tariximizin xanlıqlar dövrünün siyasi irsi sənədlər işığında” kitabının bir məziyyəti üzərində də dayanaraq dedi: "Akademik Ramiz Mehdiyevin bu əsərinin başlıca özəlliklərindən biri də onun Azərbaycan mənbəşünaslığının yeni inkişaf istiqamətlərini müəyyənləşdirməsidir. Müəllif haqlı olaraq göstərir ki, tarixi reallıqlar haqqında elmi auditoriyaya obyektiv, dürüst biliklər çatdırmaq bir xidmətdirsə, bundan az əhəmiyyətli olmayan digər iş həmin həqiqətlərin geniş xalq kütlələrinə də çatdırılması üçün bədii əsərlərin, incəsənət nümunələrinin yaradılmasıdır. Akademik Ramiz Mehdiyevin bu qənaəti ilə razılaşmamaq mümkün deyil ki, bəzən dəyərli, səviyyəli bədii əsərlər sırf elmi tədqiqatlarla müqayisədə daha geniş ictimaiyyətə çatır, həm də güclü emosional təsirə malik olduğundan peşəsindən asılı olmayaraq hər bir insan üçün maraq kəsb edir. Zənnimcə, bu çox həssas bir məqamdır. Həqiqətən, bəzən ayrı-ayrı insanların tarixi hadisələr və şəxsiyyətlər haqda mövqeyi elə bədii əsərlərin məlumatı əsasında formalaşır. Ona görə də tarixi mövzuda yazan müəllifləri faktlara münasibətdə daha dəqiq olmağa, təhriflərə yol verməməyə dəvət edən akademik Ramiz Mehdiyev birbaşa milli mənafedən çıxış edir. Xanlıqlar dövrü tariximizlə bağlı müxtəlif dövrlərdə yaranmış sənət incilərini nümunə gətirərkən akademik Ramiz Mehdiyev Yusif Vəzir Çəmənzəminlinin "Qan içində” romanını, Əbdürrəhim bəy Haqverdiyevin "Ağa Məhəmməd şah Qacar” faciəsini, Səməd Vurğunun "Vaqif” dramını xatırladır, o əsərlərdə yaradıldıqları dövrün möhürünün olduğunu deyir. Amma başlıca məqsəd ondan ibarət olmalıdır ki, belə əsərlər dövrün siyasi yönəltmə və təzyiqlərindən uzaq qala bilsin, həqiqətləri əyməsin, oxucunu çaşdırmasın. Ona görə də xanlıqlar dövrünün bədii ədəbiyyatda, sənət nümunələrində doğru, həm də yüksək estetik səviyyədə əks etdirən yeni əsərlərin yaradılmasına böyük ehtiyac duyulur”.
Akademik Rafael
Hüseynov son olaraq bildirdi ki, müasir Azərbaycan dövlətçiliyinin
tərəqqisində böyük xidmətləri olan, eyni
zamanda, ölkəmizdə tarix elminin, cəmiyyətşünaslığın,
fəlsəfi fikrin inkişafına məhsuldar
yaradıcılığı, bir-birindən sanballı elmi əsərləri
ilə əvəzsiz töhfələr verən
akademik Ramiz Mehdiyevin "Tariximizin xanlıqlar
dövrünün siyasi irsi sənədlər işığında”
adlı yeni kitabı özlüyündə yüksək dəyər
daşımaqdan savayı, başqa maraqlı tədqiqatlara da
mötəbər zəmin yaradır.
Azərbaycan.- 2019.- 17 aprel.- S.3.