Azərbaycan ilə
Çin arasında texniki
yardım sahəsində əməkdaşlığa dair Saziş imzalanıb
Aprelin 17-də Nazirlər Kabinetində Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında texniki yardım (qrant) sahəsində əməkdaşlığa dair Saziş imzalanıb.
AZƏRTAC xəbər verir ki, Sazişi Azərbaycanın Baş nazirinin müavini Əli Əhmədov və Çinin ölkəmizdəki səfiri Vey Cinhua imzalayıblar.
Baş nazirin
müavini Əli Əhmədov Azərbaycan
ilə Çin arasında əməkdaşlığın
inkişafından danışıb. O deyib ki, yüksəksəviyyəli
qarşılıqlı səfərlər zamanı bu əməkdaşlığın daha da inkişaf
etdirilməsi ilə bağlı ətraflı müzakirələr
aparılır. Çin Azərbaycanın
ərazi bütövlüyünü, Azərbaycan
da "Vahid Çin” siyasətini birmənalı şəkildə
dəstəkləyir. Azərbaycan Çin
Xalq Respublikasının Sədri Si Cinpinin irəli sürdüyü "Bir
kəmər, bir yol” təşəbbüsünü
dəstəkləyir və bu layihənin
həyata keçirilməsində yaxından iştirak
edir.
Səfir Vey Cinhua deyib ki, Çin ilə Azərbaycan yaxşı dost və yaxın tərəfdaşdır. Diplomat 2015-ci ildə Prezident İlham Əliyevin Çinə dövlət səfərini xatırladıb, bu səfər çərçivəsində hər iki ölkənin liderləri tərəfindən əməkdaşlıqla bağlı imzalanmış sənədlərin əhəmiyyətini qeyd edib. Səfir vurğulayıb ki, Azərbaycan və Çin rəhbərlərinin dəstəyi ilə ölkələrimiz arasındaki siyasi, iqtisadi, mədəni və digər sahələrdə əməkdaşlıq inkişaf edir.
Azərbaycan.- 2019.- 18 aprel.- S. 2.