Varşavada Polşanın Azərbaycan Xalq Cümhuriyyətinin müstəqilliyini tanınmasına həsr edilən xatirə lövhəsi açılıb

 

Polşaya səfəri çərçivəsində xarici işlər naziri Elmar Məmmədyarov 1920-ci ildə Polşa Respublikası tərəfindən Azərbaycan Xalq Cümhuriyyətinin müstəqilliyinin tanınmasına həsr edilmiş xatirə lövhəsinin açılış mərasimində iştirak edib. Tədbirdə, həmçinin Polşa Respublikasının xarici işlər naziri Yaçek Çaputoviçiştirak edib.

XİN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, mərasimdə çıxış edən nazir Elmar Məmmədyarov Azərbaycan və Polşa arasında tarixi əlaqələrin mövcud olduğunu qeyd edərək Azərbaycanın Polşadakı səfirliyinin araşdırmaları nəticəsində Polşa arxivlərindən iki ölkə arasındakı münasibətlərə həsr olunmuş maraqlı sənədlərin üzə çıxdığını bildirib. Bu xüsusda, nazir Elmar Məmmədyarov 1920-ci ilin 13 fevral tarixində Polşa xarici işlər naziri Stanislav Patekin Azərbaycan Hökumətinə teleqram ünvanlayaraq Polşanın Azərbaycan Xalq Cümhuriyyətini de-fakto tanıdığını diqqətə çatdırıb. Həmçinin 1918-ci ildə Polşa diplomatı Vaslav Ostrovskinin Polşanın Azərbaycandakı diplomatik nümayəndəsi təyin olunduğu qeyd edilib. Nazir Elmar Məmmədyarov 100 il bundan əvvəl Polşa diplomatlarının Azərbaycan üçün göstərdiyi fəaliyyəti yüksək dəyərləndirərək, iki ölkə arasındakı bağların bu güngüclü olduğunu və tərəflər arasında strateji əlaqələrin mövcudluğunu diqqətə çatdırıb.

Polşa xarici işlər naziri Yaçek Çaputoviç iki ölkə arasında münasibətlərin tarixi əhəmiyyətinə həsr edilmiş xatirə lövhəsinin açılışını yüksək qiymətləndirib. Polşanın 100 il bundan əvvəl dövlətlərin suverenliyinin dəstəklənməsi istiqamətində fəal apardığını və bu siyasətin bu gündavam etdirildiyini vurğulayıb. Polşalı mütəxəssislərin XX əsr ərzində Azərbaycanın ictimai-siyasi həyatına verdiyi töhfəyə toxunan polşalı nazir Azərbaycanın neft hasilatı, Bakının arxitekturasının inkişafı və digər sahələri xüsusi qeyd edib.

Nazirlər Azərbaycan-Polşa münasibətlərinə dair ətraflı fikir mübadiləsini ikitərəfli görüşdə davam etdiriləcəyini vurğulayıblar.

 

 

Azərbaycan.- 2019.- 18 aprel.- S. 5.