Prezident Kitabxanasının “Bakı” elektron resursu istifadəçilərə təqdim edilib

 

Bakı müstəqil Azərbaycan Respublikasının paytaxtı, böyük elmi-mədəni və sənaye mərkəzidir. Bakı tarixinə, ərazinin böyüklüyünə və əhalisinin sayına görə Şərqin qədim və ən böyük şəhərlərindən biridir. Harada doğulmasından, harada yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlı Bakını özünün doğma şəhəri hesab edir.

Şəhərin Abşeron yarımadasında coğrafi-strateji mövqedə yerləşməsi və zəngin karbohidrogen ehtiyatlarına malik olması onun keçmişlə müasirliyin vəhdətində meqapolis kimi formalaşmasına səbəb olub.

Bakı hələ şəhər infrastrukturunun formalaşmasından öncə də regionda marağı olan dövlətlərin, səyyahların və missionerlərin diqqətini cəlb edib. Bakı qədim dövrdən yaşayış məntəqəsi kimi məşhurlaşıb, orta əsrlərdən etibarən şərq-qərb, şimal-cənub nəqliyyat dəhlizinə çevrilib, tranzit liman şəhəri kimi formalaşıb. Müxtəlif dövrlərdə Şirvanşahlar dövlətinin, Bakı xanlığının, Bakı quberniyasının, Azərbaycan Xalq Cümhuriyyətinin və Azərbaycan Sovet Sosialist Respublikasının paytaxtı olub.

Dünyanın paytaxt şəhərləri arasında özünəməxsus yeri olanmultikultural dəyərlərin qorunub saxlanıldığı Bakı şəhəri müstəqil Azərbaycan dövlətinin paytaxtı kimi sürətlə inkişaf edib, müasir memarlıq abidələri ilə daha da zənginləşib. Paytaxt Bakı bu gün müxtəlif ölkələrdən gələn turistlərin və adamlarının daha çox bəyəndikləri bir məkana çevrilib. Bakıda bir çox dövlətlərin diplomatik korpusları, beynəlxalq təşkilatların və xarici şirkətlərin nümayəndəlikləri yerləşir. İstər Azərbaycan vətəndaşları, istərsə də xaricdən ölkəmizə gələn qonaqlar Bakı haqqında daha ətraflı məlumat əldə etmək istəyirlər.

İstifadəçilərin bu informasiya tələbatını nəzərə alaraq, Bakı şəhərinin tarixi keçmişi, müasir vəziyyəti haqqında onlara dolğun, sistemli və dəqiq məlumatın çatdırılması məqsədilə Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanasının əməkdaşları Azərbaycan, ingilisrus dillərində "Bakı” elektron resursunu işləyib hazırlayıblar.

Prezident Kitabxanasından AZƏRTAC-a bildirilib ki, bu kitabxananın fondlarına daxil olan materiallardan istifadə edilməklə hazırlanan resursun kontenti 10 fəsildən, 40 bölmədən ibarətdir.

2019-cu il aprelin 17-də kitabxananın saytında yerləşdirilən elektron resursun 14 bölmədən ibarət birinci fəsli "Tarix” adlanır. Bu fəsildə Bakı tarixinin ən qədim dövrdən günümüzə qədər bütün mərhələləri xronoloji ardıcıllıqla ayrı-ayrı mətnlərdə istifadəçilərin nəzərinə çatdırılır. Həmin fəslin "Səyyahlar Bakı haqqında” bölməsində müxtəlif vaxtlarda Abşeron yarımadasında və Bakıda olmuş səyyahların şəhər haqqında təəssüratları öz əksini tapır.

Resursun ikinci fəsli "Paytaxt” adlanır və 8 bölmədən ibarətdir. Həmin bölmələrdə Bakı şəhərinin inzibati-ərazi bölgüsü, əhalisi haqqında dolğun məlumat verilib, şəhərin iqtisadiyyatı, təhsil, mədəniyyət, turizmidman sahələri ayrı-ayrılıqda təhlil edilib. Bu fəsildə, həmçinin Bakı şəhərinin rəmzləri və atributları haqqında materiallar tarixi ardıcıllıqla işıqlandırılıb.

"Bakı” elektron resursunun "Memarlıq” adlanan fəsli 5 bölmədən ibarətdir. Bu fəsildə Bakının qədim dövrlərdən başlamış müstəqillik dövrü də əhatə olunmaqla şəhər memarlığının inkişaf mərhələləri xronoloji ardıcıllıqla əks etdirilib. Bakının ən qədim hissəsi olan İçərişəhər və onun dünya və ölkə əhəmiyyətli tarixi-memarlıq abidələri haqqında bu fəsildə əyani təsvirlərlə ayrı-ayrılıqda məlumat verilib. XIX əsrin sonu, XX əsrin əvvəllərində Bakının bir sənaye şəhəri kimi formalaşdığı dövrün memarlığına ayrıca bölmə həsr edilib. Sovetlər dövründə Bakı şəhərinin görkəmi bir sıra nadir memarlıq inciləri ilə daha da zənginləşib. Bakı memarlığının həmin dövrü də ayrıca bölmədə işıqlandırılıb. Bu fəslin "Müstəqillik dövrüadlanan növbəti bölməsində müasireyni zamanda, özündə milli xüsusiyyətləri birləşdirən yeni yaşayış komplekslərinin salınması, parkların, inzibatiictimai binaların inşa edilməsi, yeni-yeni memarlıq abidələrinin ucaldılması haqqında ətraflı məlumat verilib. Həmin fəslin sonuncu bölməsi "Köhnə və yeni adlar” adlanır. Bu bölmədə köhnə Bakının küçələrinin və meydanlarının müasir adlarla qarşılığını özündə əks etdirən siyahı oxuculara təqdim edilir.

Resursun növbəti fəsli "Sənədlər” adlanır. Bu fəsildə Bakının tarixinə dair sənədlər "Orta əsrlər”, " Rusiya imperiyası dövrü”, "Xalq Cümhuriyyəti dövrü”, "Sovetlər dövrü” və "Müstəqillik dövrüadlanan bölmələrdə toplanıb.

"Xronologiyaadlanan fəsildə qədim dövrdən bugünümüzə qədər Bakının tarixində baş vermiş mühüm hadisələrin qısa xronologiyası öz əksini tapıb.

Resursun növbəti fəsli "Görkəmli şəxslər” adlanır. Bu fəsildə Bakıda doğulan, ölkə və dünya miqyasında dövlətçilik, elmtexnika, mədəniyyət, incəsənət, idman və digər sahələrdə xüsusi xidmətləri olan şəxslər haqqında qısa bioqrafik məlumatlar əlifba sırası ilə verilib.

"E-Resurslar” fəslinin "E-kitablar” bölməsində Bakı şəhərinin tarixinə, iqtisadiyyatına, mədəniyyətinə, memarlığına, görkəmli bakılılara aid kitabxananın fonduna daxil olan müxtəlif dillərdə 120-yə yaxın kitabın elektron versiyaları toplanıb. Həmin kitabların bir qismi kitabxananın Nadir ədəbiyyat fondunda saxlanılır və XX əsrin əvvəllərində nəşr edilib. "E-məqalələr” bölməsində isə Azərbaycan, rusingilis dillərində Bakı şəhərinə aid 166 məqalənin elektron versiyası istifadəçilərə təqdim edilir.

Resursun "Biblioqrafiya” fəslində Prezident Kitabxanasının fondlarına daxil olan Bakı şəhərinə aid müxtəlif dillərdə 530 kitabın biblioqrafik təsvirləri toplanıb.

"Bakı” elektron resursunun maraqlı fəsillərindən biri də "Fotoqalereya” adlanır. Bu fəsildə 100-dən çox nadir şəkil "Köhnə Bakı” və "Müasir Bakı” başlıqları altında istifadəçilərə təqdim edilir.

"Videoqalereyaadlanan sonuncu fəsildə köhnə və müasir Bakıya həsr olunmuş sənədli filmlər toplanıb.

http://bakucity.preslib.az ünvanında təqdim edilən elektron resursun materialları müntəzəm olaraq yenilənilir.

 

Azərbaycan.- 2019.- 18 aprel.- S. 6.