Multan karvansarası
Bura Azərbaycan-Hindistan mədəni-iqtisadi
əlaqələrində mühüm
rol oynamışdır
Multan karvansarası Hindistandan
Bakı və Abşerona gələn tacir və zəvvarlar
tərəfindən XV əsrdə
inşa olunmuşdur. Karvansara Abşeron
atəşgahlarına ziyarətə
gələn hind tacirləri,
zəvvarları üçün
bilavasitə sığınacaq
rolunu oynamışdır.
XV ərdə Bakıda,
Şamaxıda, Təbrizdə
və Azərbaycanın
digər şəhərlərində
hind tacirlərinin koloniyaları
mövcud olmuşdur. Əsasən
Şirvanda, Şamaxıda,
Ərəşdə və
digər yerlərdə
istehsal olunan xam ipək alan hind tacirləri Azərbaycanda XV əsrdə
və sonralar ticarət etmişlər.
Multan əvvəllər Hindistanda, hazırda isə Pakistanda yerləşən bir orta əsr şəhəridir. Karvansaranın bu adı alması
multanlı atəşpərəst
zəvvarların Bakıya
daha çox gəlmələri ilə
əlaqədardır. Onların Suraxanıdakı
"Atəşgah” məbədini
də tikdirdikləri məlumdur.
Multandan
gələn zəvvarlar
qaradərili, arıq,
cılız olub paltar geyməz, yalnız bədənlərinin
bəzi yerlərini ağ rəngli
parça ilə örtərdilər. Onlar az yeyər,
atəşə səcdə
edib müəyyən
ayinlər yerinə yetirər və od qarşısında dua edərdilər.
Bəzi tədqiqatçılar güman
edirlər ki, Multan karvansarası qədim tarixi vərəsəlik üzrə Sasanilər dövründə zərdüştilik
zamanında tikilmişdir. Çünki
təsəvvür etmək
çətindir ki, hansısa yeni bir tikiliyə islam dininin
hökmranlığı dövründə
bütpərəstlik və
ya atəşpərəstlik
adı verilə biləydi.
Orta əsrlərdə
karvansaraya gələn
tacirlər öz heyvanlarını yerləşdirdikdən
sonra pilləkənlə
yuxarı - qonaq otaqlarına qalxarmışlar. Bu pilləkən ikinci mərtəbənin həyətinə
çıxır. Vaxtilə karvansaranın
20-dən çox qonaq
otağı olub.
Hazırda həyətdə 10 qonaq otağı mövcuddur. Otaqlar da
öz memarlıq əhəmiyyətini və
qədimliyini hələ
də olduğu kimi qoruyub saxlayır.
XIV əsrin sonlarında
Orta Asiyadan gələn tacirlər tərəfindən inşa
edilən Buxara karvansarası ilə üzbəüz yerləşən
Multan karvansarasının portalı
şəhərin əsas
ticarət yoluna baxır. Hər iki karvansaranın
portalının üzbəüz
yerləşməsində əsas
məqsəd Orta Asiyadan gələn bir neçə dövlətin tacirlərinin
bir-biri ilə əlaqələr qurub, beynəlxalq ticarətin canlanmasına şərait
yaratmaq idi.
Abidə qismən köhnə tikililər üzərində
ucaldılmışdır. Son orta əsrlərdə İçərişəhərdəki zorxanalardan biri olan yeraltı tağtavanlı bina Multan karvansarasının altında
yerləşirdi. Onun qapısı
Qız qalası meydanı tərəfə
açılırdı. XVIII əsr səyahətşünaslarının
verdiyi məlumata görə, 300-ə yaxın
tamaşaçı yerləşən
bu zorxana 1893-cü ildə çar Rusiyası tərəfindən
bağlanmışdı.
Arxeoloji qazıntılar nə
deyir?..
1924-cü ildə arxeoloq
V.M.Sısoyev tərəfindən
Qız qalasının
yanında aparılan qazıntı nəticəsində
şimal tərəfə
- Multan karvansarasının altına gedən yeraltı yolun qalıqları üzə
çıxarılmışdı. 1982-ci ildə İçərişəhərin
şərq tərəfində
keçirilən genişmiqyaslı
arxeoloji qazıntılar
nəticəsində aşkar
edilən yeraltı yol da orta
əsrlərdə Bakının
həm mərkəzi ticarət küçəsi
sayılan Şamaxı
Qala qapısından başlayıb Salyan darvazasına doğru gedən baş küçənin şərq
istiqamətində yer
alır. Maraqlıdır ki, yolun xətti
XIV əsrdə tikilmiş
Multan karvansarasının altından
keçərək Qız
qalasına doğru gedir. Burada aşkar olunan
tünglərin bir-birinə
geydirilmiş hissələri
(xarici tərəfi və divarının xarici) əhəng məhlulu ilə möhkəmləndirilmişdir. Saxsı tünglər və novçalar üzərində
dulusçu çarxının
izləri aydın görünür. 1982-ci ildə karvansaranın ərazisində genişmiqyaslı
arxeoloji qazıntılar
aparılmış və
xeyli miqdarda qədim və orta əsrlərə aid artefaktlar aşkarlanmışdır.
Məlum
olmuşdur ki, karvansara daha qədim tikinti üzərində yerləşir
və onun vaxtilə böyük həyəti, hətta dəniz tərəfdən
də girişi olmuş, son bərpa işləri zamanı həyətin yarı hissəsindən çoxu
kəsilmişdir.
Karvansaranın memarlıq planlaşdırma
quruluşu perimetr üzrə həyəti əhatə edən eyvanlardan, onların arxasında yerləşən
fərdi yaşayış
üçün nəzərdə
tutulmuş ayrıca otaqlardan ibarətdir. Bu da, öz növbəsində,
onun Buxara karvansarasına üslubca yaxın olduğunu sübut edir.
Abidənin əsas inşaat materialı Şirvan-Abşeron
memarlıq məktəbi
üçün ənənəvi
olan xırda bloklar və tikinti daşı kimi istifadə olunan xırda, dənəvər əhəngdaşıdır. Tikilinin özülünü
təbii formada istifadə olunmuş qaya massivi təşkil
edir. Daha qədim olan
yeraltı otaqların
tağtavanları mürəkkəb
əhəng məhlulunda
olan düzgün formalı tikinti daşı ilə hörülmüşdür.
Tikilinin aşağı mərtəbəsi
yerin altında yerləşir. Üç böyük zaldan
ibarət olan tacirlərin satacaqları malları və heyvanları saxlamaq üçün nəzərdə
tutulan alt mərtəbənin
üç qapısı
var. Tacir öz heyvanlarını yalnız
dənizə tərəf
açılan qapıdan
zirzəmiyə daxil edə bilərdi. Bunun özü də səbəbsiz deyil. Belə ki, dəniz tərəfdən İçərişəhərə
daxil olanda yol yuxarı qalxdığından salonun
digər qapısından
yalnız tacirlər pilləkənlə yuxarı,
yəni qonaq otaqlarına qalxa bilərdilər. Alt mərtəbənin digər
zalının qapısı
Qız qalasına açılır. Karvansarada "Sim-sim” adlanan zalın eyniadlı qapısı da qeyri-adi təsir bağışlayır.
Karvansara XVII əsrdə Bakıda Səfəvilər hakimiyyəti
dövründə bərpa
edilmiş və binanın bir hissəsi zorxana kimi fəaliyyət göstərmişdir. Son dəfə
abidə 1973-1974 və
1976-cı illərdə bərpa
olunmuşdur.
Karvansara əcnəbi səyyahların
gözü ilə
1647-ci ilin fevral ayında Bakıya birinci səfəri zamanı türk səyyahı Övliya Çələbi Multan karvansarası
haqqında müfəssəl
və maraqlı məlumat vermişdir.
1683-1684-cü ilin yanvar
ayının 6-da Bakıda
olan alman səyyahı Engelbert Kempfer Multan karvansarasını
çox gözəl təsvir edir. O öz
yol qeydlərində (manuskript) icazə kağızı olmadığı
üçün Bakıya
girərkən həbs
olunduğunu və bir müddət Multan karvansarasının zirzəmisində
saxlandığını yazır.
E.Kempfer burada keçirdiyi vaxt ərzində karvansaranın daxili interyeri, burada görüşdüyü insanlar
haqqında unikal informasiyalar verir.
Karvansara səyyahların, yazıçıların,
rəssamların, alimlərin
diqqətini cəlb edib. Multan karvansarasında
Mendeleyev, Vereşşagin, Düma
ata və bir çox səyyahlar olub.
Xüsusilə Düma ata gördüklərindən
çox heyrətlənib. O, "Qafqaz
səfəri” adlı
əsərində Bakıdakı
Multan karvansarasını və
Suraxanıdakı atəşgahı
çox gözəl təsvir edib.
Karvansaranın divarlarında qədim Azərbaycan xalçaları,
bəzək əşyaları,
kilimlər, qədim Bakını təsvir edən rəsmlər, bura gələn tanınmış qonaqların
fotoları asılıb. Burada isə
əsas məqsəd karvansaraya gələn əcnəbilərdə Azərbaycanın
qədim və zəngin tarixi, habelə Azərbaycan və Pakistan arasında öz qloballığı
və regional məsələlərin
oxşarlığı ilə
xarakterizə edilən
əlaqələr haqqında
təsəvvür yaratmaqdır.
2004-cü
il 8-10 iyul
- Pakistan İslam Respublikasının
Prezidenti Pərviz Müşərrəf Azərbaycana
rəsmi səfər etmişdi. "Sim-sim”
zalının girişindəki
kiçik dəhlizdə
diqqəti çəkən
mənzərə Pakistan Prezidenti
Pərviz Müşərrəfin,
eləcə də Pakistanın Azərbaycandakı
səfirliyi tərəfindən
karvansaraya bağışlanılan
hədiyyələrdir. Hədiyyələr - keramik
stolüstü lampa, keramik gül vazası, keramik kasa və piyalə,
keramik boşqab, su qazanı, gül vazası, çay dəsti, qazança, ağzı açıq qazan, ətrafı zəngin haşiyəli güzgü
və digər əşyalardan ibarətdir.
Multan karvansarası 1970-ci illərdən Buxara karvansarası ilə birlikdə "Restoran-karvansara
kompleksi” adı altında fəaliyyət göstərir. Hazırda dövlət tərəfindən
ölkə əhəmiyyətli
memarlıq abidəsi kimi qorunur.
Kamil İBRAHİMOV, professor
Azərbaycan.- 2019.- 18 aprel.- S. 7.