Danışan tarix

 

Azərbaycanda qeydiyyata alınmış dünya əhəmiyyətli memarlıq abidələri içərisində Qafqaz Albaniyası dövrünə aid Qax rayonu ərazisindəki Ləkit məbədi və Şabran rayonundakı Çıraqqala da var.

Ləkit abidəsi alban memarlığının ən gözəl nümunələrindən biridir. İnşaat texnikası baxımından mütəxəssislər məbədin inşa tarixini IV-VI əsrlərə aid edirlər. Ləkit məbədi Cənubi Qafqaz tetrakonxlarının təşəkkül tapması üçün əsas olmuşdur. Bura qədim zərdüşti məbədi əsasında yaradılmışdır. Onun elmi cəhətdən öyrənilməsi və bərpa işləri XX əsrin 40-cı illərində P.D.Baranovskinin rəhbərliyi ilə aparılmışdır. Məbədin ətrafı meşəlikdən təmizlənmiş və dağılmaqda olan divarlardan biri möhkəmləndirilmişdir. Buranın Albaniya hökmdarı III Mömin Vaçaqanın hakimiyyəti dövründə kilsəyə çevrildiyi güman edilir.

Çıraqqala Şabran rayonunun mərkəzindən təqribən 20-25 kilometr aralıda, Bakı şəhərindən isə 150 kilometr aralı Çiraqqaya adlanan sıldırım qayanın zirvəsində 1232 metr hündürlükdə inşa edilmiş qala-sədd sistemidir. Bura əsasən istehkam, qarovulxana məqsədilə Sasani hökmdarları tərəfindən IV-VI əsrlərdə tikilmişdir. O, Gilgilçay səddinin baş qarovulxanası olub, buradan geniş bir ərazini nəzarət altında saxlamaq və düşmənin gəlişini görüb tonqallar vasitəsilə ətrafa xəbər vermək üçün nəzərdə tutulmuşdur.

Abidə nisbətən alçaq bir kürsülük üzərində yüksələn səkkizbucaqlı piramidaşəkilli günbəzlə örtülüdür.

Beşbarmaq Xəzərsahili keçidini bağlayan üçüncü səddir. Gilgilçaydan cənubda Qafqaz silsiləsindən ayrılmış Beşbarmaq dağının sərt enişli ətəyindən başlayıb dənizsahili qumsallığacan uzanırdı.

Beşbarmaq, Gilgilçay səddi və Dərbənd - Azərbaycanın şimal-şərq sərhədlərində ilkin orta əsrlərdə çəkilmiş bu üç sədd dövrün istehkam tikintisinin yüksək inkişaf səviyyəsi ilə yanaşı, siyasi-hərbi durumunu da əks etdirir. Fərziyyəyə görə, onlar III-VII əsrlərdə (əvvəl Beşbarmaq, sonra Gilgilçay, axırda isə Dərbənd müdafiə səddi) çəkilmişdir. İnşaat texnikasına görə BeşbarmaqGilgilçay sədləri Dərbənd səddinə nisbətən qədimdir.

Şirvan-Abşeron memarlıq məktəbinin ən gözəl əsərlərindən biri olan və XIII əsrdə inşa edilmiş Bayıl qalası Xəzər dənizinin suyunun qalxıb-enməsi ilə zaman-zaman gah dənizin üzünə çıxır, gah da sulara qərq olaraq görünməz olur. Bayıl qəsrinin adanın biçiminə uyğun uzunsov planı var. Qalanın uzunluğu 180 metr, orta eni isə 35 metrdir. Qala divarları şərqdə 6, qərbdə isə 5 yarımdairəvi (Bakı qalasındakı kimi) bürclə möhkəmləndirilmişdir.

Bayıl qəsrinin tikintisi siyasi-hərbi baxımdan çox qarışıq bir çağda - monqol yürüşləri bütün Yaxın Şərqi lərzəyə gətirdiyi vaxtda (1234-1235-ci illərdə) başa çatmışdır. Ancaq sahilə yaxın adada tikilən bu möhtəşəm qəsrin ömrü çox qısa olmuşdur. Alimlərin fikrincə, o, 1306-cı ildə baş verən güclü zəlzələ nəticəsində dənizdə batmışdır.

 

Azərbaycan.- 2019.- 18 aprel.- S. 7.