Prezident İlham Əliyev Azərbaycanı
beynəlxalq nəqliyyat mərkəzlərindən birinə çevirib
"Bir kəmər, bir yol” layihəsi də mədəniyyətlərarası
və sivilizasiyalararası münasibətlərin, iqtisadi inkişafın gücləndirilməsinə
töhfə verəcək
Prezident İlham Əliyevin Çinin "Sinxua” agentliyinə verdiyi müsahibə həcmcə yığcam və lakonik olduğu qədər məzmunca müdrik və praqmatikdir. Çinli müxbir elə ilk sualında iki dövlətin arasında diplomatik münasibətlərin qurulmasının ötən il 26-cı ildönümünün qeyd edilməsini yada salaraq Azərbaycan-Çin münasibətlərinin hazırkı vəziyyəti, Azərbaycanın xarici siyasətində Çinə nə dərəcədə önəm verilməsi ilə maraqlanıb.
Prezident İlham Əliyev bu münasibətlərin təməlinin ulu öndər Heydər Əliyev tərəfindən qoyulduğunu xatırladıb, ikitərəfli əlaqələrin uğurlu dinamik inkişafını qeyd edib: "Azərbaycan və Çin dost ölkələrdir. Mənim Çinə 2005-ci ildəki rəsmi və 2015-ci ildəki dövlət səfərlərim ikitərəfli münasibətlərimizi inkişaf etdirmək və dərinləşdirməklə yanaşı, birgə iradəmizi bir daha təsdiq etdi”.
Dövlət başçısı müsahibəsində həmçinin fəal siyasi təmasların mövcudluğunu, iqtisadi əməkdaşlığın getdikcə dərinləşdiyini bildirib. Azərbaycanın Çinin təşəbbüsünə qoşularaq Asiya İnfrastruktur İnvestisiya Bankının həmtəsisçisi olduğunu deyən İlham Əliyev bir sıra Çin şirkətlərinin ölkəmizdə uğurla fəaliyyət göstərdiyini, bununla belə, onları ölkəmizdə investor, ticarətçi və podratçı qismində daha fəal görmək istədiyini bildirib. Dövlət başçısı vurğulayıb ki, Azərbaycan sənaye istehsalı, informasiya texnologiyaları, kənd təsərrüfatı və bir sıra digər sahələrdə daha çox Çin şirkətlərini görmək marağındadır.
"Bizim ticarət dövriyyəmiz
1,3 milyard dollar təşkil edir. Çindən idxal 40 faiz artıb. Azərbaycan Çinin Cənubi
Qafqazda ən böyük ticarət tərəfdaşıdır. Ölkəmizin Çində ticarət
nümayəndəliyi fəaliyyət
göstərir. Bununla yanaşı,
Urumçi, Luco və Şanxayda Azərbaycanın Ticarət
evləri açılmışdır.
Azərbaycan Çinin müxtəlif
bölgələrinə ticarət
missiyaları təşkil
edir. Çin şirkətləri Azərbaycanda sənaye layihələrinin reallaşdırılmasında
iştirak edirlər.
Çinin İKT şirkətləri də ölkəmizdə uğurla fəaliyyət göstərirlər” deyən
Prezident İlham Əliyev müsahibədə
humanitar sahədə də əməkdaşlığımızın
yaxşılaşdırılmasının
perspektivlərinə toxunub.
Azərbaycanda turizm sənayesinin inkişafına böyük
diqqət ayrılır. Sadələşdirilmiş
viza proseduru ölkəmizə gələn
xarici turistlərin vizanı Azərbaycanın
beynəlxalq hava limanlarında əldə etməyinə imkan yaradır. Elə çinli turistlərinin
sayında 53 faiz artımın olması da bunun nəticəsidir.
Azərbaycan Prezidentinin 2015-ci ildə Çinə səfəri
zamanı iki ölkə arasında
"İpək Yolu İqtisadi Kəməri”nin
yaradılmasının birgə
təşviqinə dair
Anlaşma Memorandumu imzalanmış, Çinin
"Bir kəmər, bir yol” təşəbbüsü
tam dəstəklənmişdir. Asiya və
Avropanı birləşdirən
Bakı-Tbilisi-Qars dəmir yolu Çindən Avropaya və geriyə yükdaşımalar üçün
ən qısa nəqliyyat marşrutuna çevrilmişdir.
Bunun davamı olaraq Prezident İlham Əliyev müsahibəsində ortaya
yeni münasibətlər
sistemi qoymuş və qlobal sülhə dəstək vermək gücünə
qadir olan Yeni İqtisadi Modelin mahiyyətini
açıqlamışdır: "...Coğrafi yerləşməmizdən
istifadə edərək
biz ölkəmizin infrastruktur
və nəqliyyat sektoruna sərmayə yatırdıq və bununla da Azərbaycanı
beynəlxalq nəqliyyat
mərkəzlərinin birinə
çevirdik. Bizim ölkə
tarixi İpək yolu üzərində yerləşir. Müasir infrastrukturun
yaradılması bizim
əsas hədəflərimizdəndir.
Biz əsas sərmayəni
yolların, avtomagistralların
və hava limanlarının inşasına
yönəldirik. Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri
ölkəmizin ərazisindən
keçir. Azərbaycan hər
iki layihədə fəal iştirak edir və bu
istiqamətdə bir sıra təşəbbüs
irəli sürüb”.
Bu ay Pekində
keçiriləcək "Bir kəmər, bir yol” üzrə
2-ci Beynəlxalq Əməkdaşlıq
Forumunu nəzərə
alsaq, Azərbaycan Prezidentinin təklif etdiyi iqtisadi model nəinki Qafqazda, hətta bütün dünyada belə bəşəriyyət üçün
gələcəyin birgə
qurulması baxımından
nəhəng konsepsiyadır.
Dövlət başçısı müsahibəsində
onu da vurğulayıb
ki, müxtəlif ölkələri birləşdirən
nəqliyyat layihəsinin
təməlində geosiyasət
dayanır. Bu, özlüyündə
geosiyasi vəziyyətə
təsir edir, sabitliyə töhfə verir və qarşılıqlı
asılılıq yaradır:
"Qonşularsız biz tranzit
ölkəyə çevrilə
bilmərik. Yəni bu, dövlətlərdən
ibarət zəncirdir və biz Şərqdən
Qərbə və Şimaldan Cənuba uzanan yolun üzərindəyik.
Bununla da biz qitələri və ölkələri birləşdirir və daha da proqnozlaşdırıla
bilən gələcək
qururuq”.
Prezident İlham
Əliyev belə hesab edir ki,
"Bir kəmər, bir yol” təşəbbüsü
ölkələr və
regionlar arasında iqtisadi əməkdaşlığı
inkişaf etdirməklə
yanaşı, təhlükəsizliyin
bərqərar olmasına
da mühüm töhfə verəcək:
"Bu layihə mədəniyyətlərarası
və sivilizasiyalararası
münasibətlərin, iqtisadi
inkişafın gücləndirilməsi,
ölkələrin çiçəklənməsi
və xalqlararası təmasların təşviqi
kimi nəcib ideyalara xidmət edir”.
Azərbaycan İpək yolunun üstündə yerləşən
dövlət kimi hətta iqtisadi layihələrdə sülh
təşəbbüsləri irəli sürəndə
qədim ənənələri,
minillik tarixə sahib olan Çinlə ikitərəfli və çoxşaxəli beynəlxalq
münasibətlərin inkişafına
öz töhfəsini
verir.
Çinlilər bizdən fərqli olaraq tarixən bir qədər qapalı olsalar da, bəşər sivilizasiyasının inkişafına
əvəzsiz töhfələr
veriblər. Bəşər tarixində ilk kəşflərin
bir çoxu Çinlə bağlıdır.
Çinlilər minillik ənənələrə,
qədim dəyərlərə,
ailə institutuna qiymət verən xalqdır. Azərbaycanla Çinin bir-biri
ilə uzlaşan və bir-birini tamamlayan ortaq dəyərləri mövcuddur.
Bu dəyərlər hər iki dövlətə
eyni məqsədlərə
köklənməyə, birgə
iqtisadi əməkdaşlığa
imkan verir. Prezident İlham Əliyev Çin rəhbərliyinin uzaqgörən
və müdrik siyasəti nəticəsində
bu ölkənin misilsiz nailiyyətlər əldə etdiyini müsahibəsində belə
diqqətə çatdırmışdır:
"Güclü iqtisadi
inkişaf, ölkədaxili
sabitlik və təhlükəsizlik, əhalinin
yüksələn rifahı
bunun aydın göstəricisidir. Biz Azərbaycanda Çinin müxtəlif sahələrdə
əldə etdiyi böyük nailiyyətləri
maraqla izləyirik”.
Bahadur İMANQULİYEV
Azərbaycan.- 2019.- 20 aprel.-
S.1; 5.