Üçlüyün şah əsəri

 

Tarixləşən heykəllər

 

Heykəltəraşlar Nizami Gəncəvinin "Yeddi gözəl” poemasının qəhrəmanını - Bəhram Guru güclü, hünərli igid kimi təsvir etməyə də müvəffəq oldular. Amma poemadakı yeddi gözəl simvolik məna daşıyır, qədim Şərq fəlsəfəsində insanın yeddi inkişaf təbəqəsindən ibarət olduğunu ifadə edir. Elə Bəhram Gurun öldürdüyü də nağılların, fantastik əsərlərin təəssüratından təsəvvürümüzdə yaratdığımız əjdaha deyil. Bu, Bəhram şahın bütün əsər boyu məğlub etməyə çalışdığı daxilindəki kin, təkəbbürdür. "Bəhram Gur” heykəlində isə müəlliflər, əsasən, mübarizliyi, yenilməzliyi, şər üzərində qələbəni əks etdirmişlər.

Azərbaycanın dünya şöhrətli şairi Nizami Gəncəvinin "Yeddi gözəl” poemasının qəhrəmanı, Sasanilər sülaləsinin beşinci hökmdarı Bəhram Gur qılıncı ilə ayağına sarılan əjdahaya zərbə endirməyə hazırlaşır... Əfsanə süjetli bu heykəl qırx səkkiz ildir Bakının ən gözəl meydanlarından birini bəzəyir.

Paytaxtın mərkəzində, Azneft meydanında ucaldılan bu ilk heykəl-fəvvarə - "Bəhram Gur” 1959-cu ildə gənc heykəltəraşlar Qorxmaz Sücəddinov, Albert MustafayevAslan Rüstəmov tərəfindən hazırlanmışdır.

 

Tələbənin kurs işi

 

1950-ci illərdən Bakıda şəhərsalma, sənaye inkişaf etməyə başladı və hər bir sahəyə dair müəyyən tapşırıqlar verildi. Heykəltəraşlıqda da əmək, idman, gənclik kimi mövzulara xüsusi diqqət yetirilməsi nəzərdə tutulurdu. Abadlaşma dövrü kimi yadda qalan həmin illərdə Bakı Şəhər İcraiyyə Komitəsinin sədri görkəmli memar Əliş Ləmbəranski idi.

O illərdə heykəltəraşlıq sahəsində uğurlu əsərlərə böyük ehtiyac duyulurdu. Ancaq Bakıda cəmi 6-7 heykəltəraş var idi. Yeni gənc heykəltəraş nəslinin meydana çıxmasına şərait yaranmışdı. Belə bir vaxtda üç rəssam - Qorxmaz Sücəddinov, Albert MustafayevAslan Rüstəmov böyük həvəslə bu sahədə işlərə başladılar. Tezliklə Akademik Milli Dram Teatrının daxili tərtibatında istifadə olunacaq məşhur aktyor və rejissorların barelyeflərinin icrası onlara həvalə edildi. Amma bu üçlüyün şah əsəri paytaxtın nəzərəçarpacaq yerində yerləşən "Əjdahanı öldürən Bəhram Gur” heykəlidir. Albert Mustafayevin Leninqradda (indi Sankt-Peterburq) Rəssamlıq Akademiyasının II kursunda oxuyarkən hazırladığı kurs işi heykəlin ilkin variantı oldu. Amma heykəlin əsas müəllifi Qorxmaz Sücəddinovdur. Çünki o, gənc olsa da, digər iki rəssamdan daha təcrübəli idi. Qorxmaz Sücəddinov Tiflisdə Rəssamlıq Akademiyasını bitirib yenicə Bakıya qayıtmışdı. Albert Mustafayevlə Aslan Rüstəmov isə hələ tələbə idilər.

Əliş Ləmbəranskinin rəhbərliyi ilə paytaxtda yenidənqurma və abadlaşdırma işləri aparılırdı. Bakı Şəhər İcraiyyə Komitəsinin sədri şəhəri gözəlləşdirmək üçün rəssam və heykəltəraşlardan yeni layihələr və təkliflər gözləyirdi. Üç gənc də öz təkliflərini irəli sürdülər. Albertin kurs işi olan əsərin - Nizami Gəncəvinin "Yeddi gözəl” poemasının qəhrəmanı Bəhram Gurun heykəlinin maketini hazırlayaraq Əliş Ləmbəranskiyə təqdim etdilər. İşi çox bəyənən Ləmbəranski abidənin yerini müəyyənləşdirdi. Abidə Azneft meydanında ucaldılacaqdı.

 

Mübarizliyi, yenilməzliyi əks etdirən əsər

 

Ünvanı Ləmbəranski tərəfindən seçilən heykəl tuncdan hazırlandı. Hündürlüyü 3,5 metrdir. Heykəlin ətrafında 20 metr diametrdə dairəvi hovuz quraşdırıldı. Estetik sənət əsəri olan ilk heykəl-fəvvarənin memarı Vladimir Şulqin oldu. 1960-cı ildə heykəlin açılış mərasimi keçirildi.

Müəlliflərin mövzu seçimi uğurlu idi. Heykəltəraşlar Nizami Gəncəvinin "Yeddi gözəl” poemasının qəhrəmanını - Bəhram Guru güclü, hünərli igid kimi təsvir etməyə də müvəffəq oldular. Amma məlumdur ki, "Yeddi gözəl”in Bəhram Guru digər qəhrəmanlardan fərqlənir. Poemadakı yeddi gözəl simvolik məna daşıyır, qədim Şərq fəlsəfəsində insanın yeddi inkişaf təbəqəsindən ibarət olduğunu ifadə edir. Elə Bəhram Gurun öldürdüyü də nağılların, fantastik əsərlərin təəssüratından təsəvvürümüzdə yaratdığımız əjdaha deyil. Bu, Bəhram şahın bütün əsər boyu məğlub etməyə çalışdığı daxilindəki kin, təkəbbürdür. "Bəhram Gur” heykəlində isə müəlliflər, əsasən, mübarizliyi, yenilməzliyi, şər üzərində qələbəni əks etdirmişlər.

 

"Bəhram Gurgeri döndü...

 

Bakının birinci fəvvarəli heykəli - "Bəhram Gurilk günlərdən maraqla qarşılandı. Heykəl şəhərin mərkəzində uzun illər necə ucaldılmışdısa, elə də qərar tutdu. Amma illər öz təsirini göstərdi. Abidənin əsaslı təmirinə ehtiyac yarandı. Üstəlik, bu sənət əsəri suyun içərisində yerləşirdi və korroziya problemləri ilə üzləşmişdi. Prezident İlham Əliyev 2007-ci ildə "Bəhram Gur” heykəli və ətrafda yerləşən obyektlərin əsaslı təmiri üçün sərəncam imzaladı. Həmin il sentyabrın 14-də heykəl yerindən götürülərək Azərbaycan Rəssamlar İttifaqının Bədii Fondunun tunc sexinə aparıldı.

Həmin günlərdə heykəlin götürüldüyünüyaxud yerinin dəyişdiyini zənn edən paytaxt sakinləri çox narahat idilər. Vaxtilə heykələ vurulan rəngin təmizlənməsi və təmiri üç aya yaxın müddətdə davam etdi. Əsaslı təmirdən sonra abidə yerinə qaytarıldı. Bərpa işlərindən sonra heykəlin açılışı 2007-ci il dekabrın 15-də oldu.

Yenidən öz əvvəlki yerində - Azneft meydanında, şəhər funikulyorunun qarşısında ucalan "Bəhram Gur” hər zamankı kimi yalnız gözləri, könülləri oxşamır, həm də mübarizliyi, qətiyyəti əks etdirir.

 

Zöhrə FƏRƏCOVA

 

Azərbaycan.- 2019.- 21 aprel.- S.5.