İsgəndəriyyə kitabxanası
Dünya mədəniyyətinin inciləri
Qədim dünya tarixinin böyük bilik xəzinələrindən biri - İsgəndəriyyə kitabxanası... Kitabxananın adını daşıdığı İsgəndəriyyə şəhəri hələ miladdan əvvəl 332-ci ildə Böyük İsgəndər tərəfindən salınmışdı.
"Gəmilərlə gətirilən kitablar”
Tarixçilərin çoxu İsgəndəriyyə kitabxanasının miladdan əvvəl 290-cı illərdə Misir fironu I Ptolomeyin dövründə onun təşəbbüsü ilə tikildiyini iddia edir. İrəli sürülən iddialar arasında İsgəndəriyyə kitabxanasının inşasında, əsasən, peripatetiklərin, eləcə də dövrün ictimai xadimləri - Lampsakuslu Stratonun və Falerli Demetriousun yaxından iştirak etdikləri də söylənilir. Başqa mənbələrdə kitabxananın, əslində, I Ptolomeyin dövründə deyil, onun oğlu II Ptolomeyin hakimiyyəti illərində tikilib istifadəyə verildiyi qeyd edilib.
İsgəndəriyyə kitabxanası dövrün bütün məlumatlarını bir yerə toplamaq, papirus kağızlarına köçürərək orada qoruyub saxlamaq məqsədilə tikildi.
Yunan filosofu Qalenin sözlərinə görə, hətta gəmilər vasitəsilə limana gətirilən bütün növ kitablar xüsusi olaraq bu kitabxanada ayrıca bölmələrdə saxlanılır, sahiblərinə köçürülmələri qaytarılırdı. Kitabxananın redaktorlarının tanınmasında onların əfsanəvi yunan şairi Homerin bəzi mətnlərinin işlənib hazırlanmasındakı rolu xüsusi qeyd edilir.
Yanğınlar...
Mənbələrdə göstərilir ki, İsgəndəriyyə kitabxanasına ilk zərər miladdan əvvəl 48-47-ci illərdə Yuli Sezarın da iştirak etdiyi VII Kleopatra ilə qardaşı VIII Ptolomey arasında ara çəkişmələrində dəydi. Kitabxananın böyük bir hissəsi yanğından ziyan çəkdi. Yanğın zamanı 400 minə yaxın kitabın məhv olduğu antik dövrün Seneka Litsius Annaeus, Pol Orosios və Dio Kassius kimi tanınmış yazıçı-alimlərinin yazılarında əksini tapdı. Bu hadisə barədə yunan tarixçisi Plutarx yazırdı: "Düşmən onun (Yuli Sezarın) dəniz ilə əlaqəsini kəsməyə cəhd edən zaman o (Yuli Sezar), bu təhlükədən sovuşmaq üçün öz gəmilərini yandırmağa məcbur qalır və bunun nəticəsində bərələrdən başlamış yanğın buradan da idarəolunmaz şəkildə kitabxanaya keçir və onun məhv olmasına səbəb olur”.
Romalı tarixçi Alus Gelusun "Attik gecələr” adlı kitabına əsaslanılaraq ehtimal edilir ki, digər yanğın miladın II əsrində şəhərin blokadası zamanı Sezarın ordusu tərəfindən təsadüfən baş verib.
Roma imperatoru Avrelianın şəhər uğrunda döyüşləri zamanı məşhur kitabxananın böyük bir hissəsi dağıldı. Təxmin edilir ki, kitabxananın daha az ziyan çəkən hissəsi isə eramızın IV əsrində yeni paytaxt sayılan Konstantinopola göndərilib.
Qürur mənbəyi
Kitabxananın əzəmətini özünə qaytarmaq üçün onun tarixən yerləşdiyi təxmin edilən yerdə 2002-ci ildə müasir İsgəndəriyyə kitabxanası tikilib istifadəyə verildi. Kitabxananın tikilməsi nəticəsində Misirdə dövlətdən asılı olmayan yeni ictimai təhsil sisteminin təşkilinə zəmin yarandı. Yeniləşən kitabxananın əsas oxu zalı 20000 kvadratmetrdir. Burada 8 milyonadək kitabın saxlanılmasını təmin edə biləcək rəflər qoyulub.
2011-ci il Misir inqilabı
zamanı şəhər sakinlərinin çoxu
kitabxananı üsyançıların törədə biləcəkləri
bütün təhlükələrdən
qorumaq üçün
onun ətrafında canlı sədd
çəkdi. Çünki İsgəndəriyyə
kitabxanasına misirlilər qürur mənbəyi
kimi baxırlar. Əslində, indiki Misir dövləti
ərazisində yerləşən və İsgəndəriyyə
Museyonu adlı elmi-mədəni mərkəzinin
böyük tərkib hissəsindən biri olan bu
kitabxana bütövlükdə dünya tarixinin, mədəniyyətinin
nümunəsi kimi əhəmiyyətlidir.
Azərbaycan.-
2019.- 21 aprel.- S.5.