“Min bir gecə”
rusiyalı sənətçilərin təqdimatında
Azərbaycan ilə Rusiyanı bir çox sahələrdə səmimi, mehriban dostluq və qonşuluq əlaqələri birləşdirir. Ölkələrimizin mədəniyyət xadimləri, incəsənət ustaları, yaradıcı kollektivləri həm Rusiyada, həm də Azərbaycanda keçirilən bir çox festivallarda, simpoziumlarda, forumlarda və digər tədbirlərdə iştirak edirlər. İki ölkənin mədəniyyət nazirlikləri arasında əməkdaşlığa dair bir çox sənədlər imzalanıb və onlar humanitar sahədə əlaqələrin möhkəmlənməsinə dəyərli töhfələr verib.
Bu günlərdə ölkəmizdə keçirilən Rusiya Mədəniyyəti Günləri çərçivəsində "Kreml baleti” teatrının təqdimatında böyük bəstəkar, SSRİ xalq artisti Fikrət Əmirovun "Min bir gecə” baleti nümayiş olunub. 40 il öncə yazılmış balet bəstəkarın möhtəşəm musiqi zövqünün, özünəməxsus dəst-xəttinin təntənəsinə çevrilib. Tamaşanın tərtibatçısı məşhur fırça ustası, xalq rəssamı Tahir Salahovdur. Səhnə əsərinin budəfəki nümayişi elə görkəmli rəssamın 90 illik yubileyinə həsr edilib.
İki pərdədən ibarət "Min bir gecə” baleti teatrın repertuarına 2010-cu ildə daxil edilmişdi. Baletdə teatrın ən tanınmış artistləri rol almışlar. Elə o vaxtdan da tamaşa Rusiyada, onun hüdudlarından kənarda nümayiş olunur.
"Kreml
baleti” teatrı
1990-cı ildə yaradılıb. Onun yaradıcısı
və bədii rəhbəri Rusiyanın xalq artisti Andrey
Petrovdur. Teatr uzun illərdir ki, Sergey Raxmaninov adına Simfonik
Orkestrin və Rusiyanın Prezident Orkestrinin müşayiəti
ilə çıxış
edir.
Rusiyalı sənətçilərin ifasında
nümayiş etdirilən
"Min bir gecə” tamaşaçılar tərəfindən
böyük alqışlarla
qarşılanmışdır. Tamaşada klassik
musiqi ilə qədim ərəb dünyasının valehedici
vəhdətini təmin
edən ab-hava, eləcə də artistlərin hadisələrin
dramaturji gedişinə
uyğun mimikaları hər kəsi valeh etmişdir. Səhnə geyimləri, tərtibat onların qəhrəmanların
hiss-həyəcanları ilə
səsləşməsi tamaşanın
təsir gücünü
daha da artırır.
F.Əmirovun yaradıcılığını araşdıran sənətşünaslar
deyirlər ki, "Min
bir gecə” baleti qadına, onun məhəbbətinə
və müdrikliyinə
həsr olunan sanki bir himndir. Mürəkkəb və dərin ideyaların rəqslərlə
ifadə olunması bəstəkarın bu janrda ən böyük nailiyyətidir.
Rusiyalı sənətçilərin təqdim
etdikləri "Min bir
gecə” istər səhnə-tərtibat xüsusiyyətləri,
istərsə də ifaçıların ustalığı
etibarilə tamaşaçılar
tərəfindən böyük
sevgi və sürəkli alqışlarla
qarşılanmışdır.
Azərbaycan.- 2019.- 21 aprel.- S.5.