Klassikləri oxumağın Həmid Araslı dərsləri

 

Elm xadimləri

 

Klassik irsimizin elə bir nümayəndəsi olmamışdır ki, son iki onilliyin əsaslandırılmamış, ifrat hücumlarına məruz qalmasın. Bu məqamda ədəbiyyatşünaslıq faktının inkarına "marksist-leninçi” damğası obıvatel üçün kifayət edir. Müasir ədəbiyyatşünaslığın nəzəri-metodoloji problemlərinə həsr olunmuş ciddi, adətən qeyri-ciddi, qeyri-professional söhbətlərdə Ş.İ.Xətai, M.Ə.Sabir, M.F.Axundzadə, S.Vurğun, R.Rza ilə yanaşı H.Araslı, F.Qasımzadə, M.Arif kimi ədəbi-nəzəri fikrin nümayəndələri də "təftiş” və "inkar” ünvanına çevrilirlər. "H.Araslının da, M.Arifin də problemləri var” mühakiməsi bəlkə də müasir ədəbiyyatşünaslığın problemlərindən irəli gəlir. Yaxud ola bilər ki, müasir ədəbiyyatşünaslıq öz sələflərinə yanaşmağın, onların irsini dəyərləndirməyin obyektiv metodoloji meyarlarını müəyyən edə bilmir. "İntellektuallığın ən vacib keyfiyyətlərindən biri şüurun tarixiliyidir”. Bunu D.S.Lixaçov deyir.

Mədəniyyət tarixini "bir mədəniyyətdə iki mədəniyyət” prinsipi, başqa sözlə, tarixə, xüsusən ədəbi fikrə sinfilik kateqoriyasının qəlibləri hakim metodoloji meyar olduğu vaxtlar, H.Araslının 1943-cü ildə nəşr edilmiş ikicildlik "Müxtəsər Azərbaycan ədəbiyyatı tarixi”ndə ədəbi gedişatın təsnifində həmin meyarların təsiri açıq görünürsə, bu, ədəbiyyatşünasdan çox zamanın, dövrün meyarları idi. Bizim ədəbiyyatşünaslıq tariximizdə "sandıq ədəbiyyatşünaslığı” mövcud deyildi. Klassik mənəvi sərvətləri xalqla qovuşdurmağın yeganə yolu olan mövcud metodoloji qəliblərdən qaçmaq qeyri-mümkün idi. Bu məqamda klassik irsi yeni zaman hüdudlarında dəyərləndirməyin ən müdrik düsturunu Yaşar Qarayev vermişdir: "Ədəbiyyat tarixini yenidən yazmağı onu hər yeni dövrün ideologiyası ilə və hər dəfə yenidən təftiş etmək kimi başa düşmək olmaz. Bu tarixi Qorqud, Nizami, Nəsimi, Füzuli, Vaqif, Mirzə Fətəli, Mirzə Cəlil, Əli bəy, Hadi, Cavid, Sabir... özü yaradıb. Söhbət onların yaratdığı irsinonlara verilən qiymətin mahiyyətinə bu gün dünənkindən daha tam və dərindən yanaşa bilməkdən, onu ehkamçı və vulqar-konyunktur əyriliklərdən təmizləməkdən gedir”.

Hazırda Həmid Araslı irsinə qayıdan tədqiqatçı bu zəngin mənəvi sərvətdə nəyi görməli, nəyi seçməlidir? Ədəbiyyatşünaslığın tarixi təcrübəsinə bələd olan, onun nəzəri-metodoloji inkişaf mərhələlərinin mahiyyətini bilən kəs təhlil və dəyərləndirmədə indinin metodoloji prinsiplərinə arxalanmamalı, ədəbi-nəzəri fikrin, ədəbiyyatşünaslığın az qala bir əsrlik tarixi hüdudlarında onun rolunu göstərməlidir. Elmi-bədii tərəqqini hər şəxsiyyət reallaşdıra bilməz. İdeoloji təsisatlar tarixə, ədəbiyyatşünas-alim isə bədii tərəqqinin mahiyyətini, milli-estetik tutumunu üzə çıxarmaqla öz araşdırmaları ilə milli sərvətə çevrilir.

Bu gün Həmid Araslını yaşadan onun layiq olduğu titullar yox, ədəbi fikir tarixinin tədqiqindəki misilsiz xidmətləridir. H.Araslı Azərbaycan ədəbi-bədii fikrinin tarixi sərhədlərini müəyyən etmişdi. Xalqın dilində işlənən ifadələrdən epik təfəkkürə qovuşan prosesin zaman və məkan hüdudlarını müdrik uzaqgörənliklə, özünün üzə çıxardığı sənət abidələri əsasında müəyyən etmişdi.

Qədim və orta əsrlər Azərbaycan ədəbiyyatının bir kurs və fənn kimi sistemləşdirilməsi Həmid Araslının, yeni dövr - XIX əsr ədəbiyyatı Feyzulla Qasımzadənin, XX əsrin əvvəlləri tarixi mərhələsi M.Cəlalın, sovet dönəmi Məmməd Arifin adı ilə bağlıdır.

 

***

 

Bugünün ədəbiyyat tarixçiliyində Həmid müəllimin hansı xidmətləri dövrün "təshih”lərindən kənardır? Neçə illərdir ki, Azərbaycan ədəbiyyatının böyük simaları olan Qurbani, A.Tufarqanlı, X.Qasım, Sarı Aşıq, Aşıq Ələsgər, Dədə Şəmşir, Azaflı Mikayıl və onlarca digər sənətkarın folklor başlığı ilə tarixi-ədəbi prosesdən kənar götürülməsidir. Yeddicildlik "Azərbaycan ədəbiyyatı tarixi”ndə də bəzi klassiklərin folklor nümayəndələri kimi verilməsi milli ədəbiyyatın iki əsas qolundan birinin tarixi ədəbi gedişatdan, tarixi ədəbi tərəqqidən kənarda qalmasıdır. Həmid müəllimin "Ədəbiyyat tarixi” dərsləri bu mövzuya qayıtmağa vadar etdi. Məlum olur ki, Həmid müəllim ədəbiyyat tariximizin bu iki qolunu qarşılıqlı zənginləşmə, bəhrələnmə prosesi fonunda öyrənmişdir. Onun "XVII-XVIII əsrlər Azərbaycan ədəbiyyatı tarixi” əsəri dövrləşdirmə, poetik sistemlərin təkamülünü izləmək, milli bədii tərəqqinin istiqamətlərini doğru müəyyənləşdirmək baxımından daha obyektiv metodoloji meyara söykənir.

H.Araslının "Tarix”ində, "Dədə Qorqud” və Nizami, Nizami və müasirləri, FüzuliBağdad şairləri, Sarı Aşığın poetik irsi - bayatı möcüzəsi və bu yöndə yaranan poeziyaVaqif sənəti kimi anlamlar bədii estetik düşüncədə paralel götürülür və belə rasional təhlil üsulu Azərbaycan bədii düşüncəsinin immanent qanunauyğunluqlarının üzə çıxarılması ilə yekunlaşır. Bu məqamda Abbas Tufarqanlı, Sarı Aşıq, Xəstə Qasım sənəti folklor faktından öncə "xalq şairləri”nin tarixi ədəbi prosesin üzvü hissəsi kimi təhlil edilir. H.Araslının "Tarix”ində xronologiya zəminində bədii sistem keçidləri bir-birini tamamlayır. İstər Nizamidən, istər Füzulidən, istər Xətaidən, istərsə də "xalq şairləri”ndən bəhs olunarkən milli bədii tərəqqiyə aparan bədii axtarışlar axarı istər-istəməz göz önünə gəlir. Aşağıdakı tezislər Həmid müəllimin çoxsaylı ümumiləşdirmələrindən nümunələrdir: "...XIV əsrin böyük şairi Nəsiminin "Divan”ında olan bir çox qəzəllərdəki bədii təsvir vasitələri aşıq poeziyasını xatırladır”, "Böyük Füzulinin qoşma şəklində yazdığı əsərlər bizə qədər çatmamışsa da, əruz vəznində yazdığı əsərlərdə "Donu qırmızı, ay kafir qızı, yandırdın bizikimi qafiyələri aşıq şeirinin təsiridir”. "Sarı Aşığın bayatıları öz əsrində də çox şöhrət tapmışdır. Odur ki, ondan sonra bir çox şairlər, aşıqlar onun üslubunda bayatı deməyə və yazmağa çalışmışlar. Mədədi, Məzlum, Məhbub, Hüseyni, Salih Bikəs, Məhzun Müştaq, hətta XIX əsrdə Zakir kimi sənətkarlar da aşıq tərzində bayatı yazmışlar”.

Həmid müəllimin tədqiqatlarını davam etdirən müəlliflər belə bir mövqedədirlər ki, XVI əsrə qədərki Azərbaycan poeziyasının Qurbani, Xəstə Qasım, Tufarqanlı Abbas, Sarı Aşıq kimi klassiklərinin poetik sistemi diferensiasiya olmuş və Azərbaycan poetik təfəkkürünün özəllikləri öz bədii təsdiqini tapmışdı.

 

***

 

Həmid müəllim öz "Tarixini mövcud faktlar üzərində qurmaq imkanında deyildi. Çünki bu faktların çoxu ortada yox idi. Olanların əksəriyyəti də sistemsiz, professional mətnşünas tərəfindən hazırlanmamışdı. Bu məqamda akademiklər Məmməd Ariflə Həmid Araslının üçcildliklərini nəşrə hazırlayan (təəssüf ki, Həmid müəllimin bu üçcildliyi işıq üzü görmədi) Məryəm xanım Axundovanın ağır, bugünkü ədəbiyyatşünaslığımız üçün zəhmətini xüsusi qeyd etməklə onun mülahizələrindəki aşağıdakı praqmatizm ancaq məmnunluq doğurur: "...Təqdim olunan bu əsərlərin çoxu həsr olunduğu mövzuda ilk tədqiqatlar olub, öz mürəkkəbliyi ilə seçilən bir dövrün məhsullarıdır. Odur ki, bunlara bir qədər tarixi yanaşmaq, yazıldığı dövrü, ictimai-siyasi şəraiti də nəzərə almaq lazım gəlir”.

 

***

 

Ədəbi fikir adamı, onun fəaliyyəti o zaman milli ictimai yaddaşa çevrilir ki, ruhunda vətəndaşlıq hər şeydən üstün olsun. H.Araslı İslam mədəniyyəti, ortaq-türk qaynaqları, ədəbi-bədii örnəkləri haqqında mülahizələri öz tapıntıları, nəşrləri əsasında irəli sürdüyünə görə onu kosmopolit, pantürkist, islamçı kimi ittiham edənlər yarım əsr sonra tövbə mövqeyində dayandılar.

Azərbaycan farsdilli poeziyasının, xüsusən Nizami Gəncəvinin doğma dildə yazmaması, bunun tarixi ədəbi-ictimai səbəbləri ətrafında söhbətlər səngimək bilmir. Bəri başdan onu demək gərəkdir ki, bütün xalqların tarixində elə məqamlar olmuşdur ki, bədii dil anlayışı milli müəyyənlik daşıyıcısı rolunu oynamamışdır. Bu məqamda identliyin vacib bir tərəfi kimi dil faktoru kənarda qalır.

Ədəbi-nəzəri fikrin yarım əsrlik təcrübəsi fonunda Azərbaycan ədəbiyyatı tarixinin regionalmilli tərəfləri dünya ədəbiyyatı prosesi kontekstində yanaşma istiqaməti daha səmərəli elmi istiqamət kimi təsdiqini tapmaqdadır. Xüsusən Azərbaycan ədəbi fikrinin böyük bir dövrünün müasir anlamda milli kökləri haqqında konsepsiya bu günöz tarixi missiyasını yaşatmaq iqtidarındadır. Hazırda da ərəb və farsdilli elmin və mədəniyyətin inkişafında Azərbaycan xalqının tarixi rolu haqqında bir-birinə zidd mülahizələr irəli sürülür. Azərbaycan milli bədii fikrini "Şərq İslam mədəniyyəti”ndən təcrid etmək cəhdləri də mövcuddur.

Hər zaman kəsiyində klassiklərin müasir ədəbi gedişata gəlişi müxtəlif səciyyə daşıyır. XX əsrin 20-30-cu illərinin mədəni inqilab ifratlarından sonra NizamiFüzuli kimi klassiklərin milli kimliyinə qayıdış dövrü intişar tapdı. Nizaminin bədii və filoloji tərcümələri, Füzuli irsinin toplanması və nəşri prosesinə paralel ciddi tədqiqat işləri meydana çıxdı.

Nizami Gəncəvinin azərbaycanca düşünüb farsca yazdığını real faktlarla əsaslandıranlar arasında H.Araslı və M.Cəlalın tədqiqatları yaradıcılıq psixologiyasının, poetik özəlliyin elə qatlarını üzə çıxarırdı ki, ədibin Azərbaycan şairi olduğuna şübhə yeri qalmırdı. Həmid müəllimin "Şairin həyatı”, "Nizamidə xalq sözləri, xalq ifadə və zərbül-məsəlləri”, "Nizami və Azərbaycan xalq ədəbiyyatı”, "Nizami və vətən” kimi tədqiqatlarında aparıcı konsepsiya Nizami Gəncəvinin məhz Azərbaycan xalqının dünyaya bəxş etdiyi dahi bir şəxsiyyət kimi səciyyələndirilməsidir. H.Araslı Nizami poeziyasındakı xalq sözləri və zərbi-məsəllərin qaynaqları, poetik tutumu, onların "Dədə Qorquddaxalq arasında işləmə hüdudları haqqında heyrətamiz tədqiqatçılıq duyumu, fars və Azərbaycan dillərinin poetik leksikonuna dərindən bələdliyi parlaq ifadəsini tapmışdır. Bu, türk arealından gələn poetik qatlar deyil, türk bədii düşüncəsinin başqa bir dil sistemində yer tutmasıdır.

Həmid Araslı mətnin özünə, onun poetik sturktur fərdiliyinə, leksikonun semantikasına əsaslanırdı. Buna görə də onun elmi məntiqi ilə milliyyətindən asılı olmayaraq vicdanlı mütəxəssislər razılaşmalı olurdular. Həmid müəllim dünyanın ən nüfuzlu elmi tribunalarından öz konsepsiyasını bəyan edirdi. Türkiyə xatirələrində yazırdı: "...Türk alimləri... öz sualları ilə Nizaminin türk şairi olması məsələsi üzərində daha artıq dayanmağımı istəyirdilər. Mən cavabımda bu məsələni misallarla, Nizaminin çox zaman azərbaycanca düşünüb farsca yazdığını və bu beytləri fars şərhçilərinin başa düşmədiyini, hər azərbaycanlıya məlum olan belə ifadələrin hətta Əbdürrəhman Cami kimi böyük bir sənətkara da qaranlıq qaldığını söylədim. Çünki Cami "Xəmsə”yə yazdığı şərhində Nizaminin 350 beytini başa düşmədiyini və qiyamət günü böyük ustadın ətəyindən tutub o beytlərin mənasını izah etməyi xahiş edəcəyini demişdir. Bu beytlərin çoxu hər bir azərbaycanlı üçün aydın olan, xalq həyatından, məişət və folklorundan gələn ifadələrdir”.

 

***

 

Həmid müəllimin Nizami haqqında göstərilən tədqiqatları ilə M.Ə.Rəsulzadənin "Azərbaycan şairi Nizami” əsəri eyni vaxtda qələmə alınmışdır və böyük şairin xalqına doğma dilində qovuşduğu zamanın ab-havasından irəli gəlirdi. Bizcə, Nizaminin milli kimliyinə və sənətinə aydınlıq gətirəndə bu iki görkəmli alimin tədqiqatları bir-birini tamamlamaqdadır.

Nizaminin türk olduğunu həm M.Ə.Rəsulzadə, həm də Həmid Araslı eyni metodoloji mövqedən araşdırır. M.Ə.Rəsulzadə Nizamidən gətirdiyi 36 türk sözünü öz konsepsiyasına əyaniləşdirən fakt kimi kitabına əlavə edir. Həmid müəllim 50-dən artıq xalq sözü və zərbi-məsəli "Dədə Qorqud” mətnləri ilə tutuşdurur, xalq arasında işlənən variantları ilə müqayisə edir. Nizaminin farsca yazmasının obyektiv tarixi-mədəni səbəblərini hələ yarım əsr bundan qabaq tutarlı dəlillərlə izah edən milli ədəbiyyatşünaslığın irəli sürdüyü konsepsiya Avropa xalqlarının da tarixi taleyində özgə dildə yazmaq məcburiyyətinin mövcudluğunu, dünya ədəbiyyatı anlamının tarixi reallığa keçməsi prosesini maarifçilikromantizm epoxalarının bədii-fəlsəfi fikri kontekstində təhlil edən nüfuzlu tədqiqatlar bir daha əsaslandırır ki, Nizami, Xaqani, Məhsəti kimi klassiklərin fars dilində yazması onların milli kimliyini inkar etmir.

Humanitar fikri təmsil edən bir çox müəlliflər, o cümlədən ədəbiyyatşünas, tarixçi alimlər, filosoflar, jurnalistlər Nəsimi və Xətai ilə bağlı müxtəlif yöndən, müxtəlif səviyyədən yerli-yersiz mübahisə açırlar. Bu məqamda obyektiv dayanmağın bir örnəyi də H.Araslı irsidir. Ədəbiyyat tarixini milli müəyyənlik, milli azadlıq tarixi kimi öyrənməyin ustad dərslərinin klassik nümunəsini Həmid müəllimin sadə, hamıya anlaşıqlı, həm də ədəbi-tarixi gedişatın məntiqinə söykənən tədqiqatlarında görürük. "Səfəvilər səltənətinin bünövrə daşı Azərbaycan xalqının istiqlaliyyəti və azadlığı uğrunda mübarizə aparan döyüşkən qüvvələrin əli ilə qoyulduğu kimi, Xətai yaradıcılığının da əsası Azərbaycan xalqının çoxəsrli mədəniyyəti üzərində qurulmuşdur”.

Həmid Araslı bu çoxəsrlik mədəniyyətin ünvanını dəqiq müəyyənləşdirirdi. Xətainin milli poetik qaynaqlarından danışarkən böyük klassiklərlə yanaşı, "Dədə Qorqudu belə dəyərləndirirdi: "Bu ədəbiyyat (Xətaiyə qədərki Azərbaycan ədəbiyyatı) xalqımızın təmiz və nəcib duyğularının, ali vətənpərvərlik hisslərinin, ləkə qəbul etməyən namus və vicdanının bədii əksi olan "Dədə Qorqud” dastanlarına malik idi”.

Xətainin təmiz Azərbaycan dilində yazdığı əsərlər, onların milli poetik qaynaqlarını zəngin mənbələr əsasında şərh edən müəllif XVI-XVII əsrlər Azərbaycan ədəbiyyatı tarixində boşluq axtaranlara həm siyasi, həm də metodoloji cəhətdən sərrast cavab verir. Şah İsmayıl Xətainin Azərbaycan dilini dövlət dili elan etməsinin şahidisübutu onun yaratdığı poeziya və sənət, elm məktəbidir və Həmid müəllim bu məktəbin yaranmasının tarixi, ictimai-siyasi və ədəbi təsisatlarını müfəssəl şərh etmişdir.

Füzulişünaslığın bir elmi məktəb kimi yaranması, Füzuli irsinin nəşri və tədqiqi H.Araslının adı ilə bağlıdır. Uzun illər Füzuli ilə bağlı araşdırmalarını Həmid müəllim 1958-ci ildə nəşr etdirdiyi "Böyük Azərbaycan şairi Füzuli” monoqrafiyasında cəmləşdirdi və ədəbiyyatşünaslığımıza Füzulinin elmi portretini əks etdirən əsər bəxş etdi. Bu əsərdən sonra Füzuli irsi müxtəlif, özüvacib problemlər üzrə araşdırılmışdır.

Qədim və orta əsrlər Azərbaycan ədəbiyyatı kursu ali təhsil müəssisələrində olduğu kimi, uzun illər orta məktəblərdə də H.Araslının ədəbiyyat tarixçiliyinin əvəzolunmaz bəhrəsi olan dərsliyindən öyrənilmişdir. Bu yığcam dərsliyə ömür sərf etmişdi, məktəb, auditoriya divarlarından mənəvi yaddaş faktına çevrilmişdi.

Həmid müəllim həm auditoriyada müəllimlik etmiş, həm də klassik filologiya sahəsində məktəb yaratmışdır. Bugünkü qədim və orta əsrlər ədəbiyyatının nəşri və tədqiqi onun uzun illər səmərəli elmi-təşkilati rəhbərliyi sayəsində baş tutmuşdur. Akademik bu kursu ərsəyə gətirmiş, eyni zamanda müvafiq şöbənin və kafedranın əsasını qoymuş, klassikanın nəşrini həyata keçirmiş mətnşünas kimi həm mətnşünaslıq elminin, Əlyazmalar Fondunun, həm də Ədəbiyyat Muzeyinin yaradıcısı olmuşdur.

 

Şirindil ALIŞANLI,

filologiya elmləri doktoru, professor

 

Azərbaycan.- 2019.- 21 aprel.- S.6.