500 milyondan çox
insan Azərbaycanı izləyəcək
Ölkəmiz
növbəti dəfə dünyanın idman mərkəzinə
çevrilir
Son illər beynəlxalq əhəmiyyətli tədbirlərin keçirilməsi üçün Bakı şəhərinin seçilməsi respublikamızın beynəlxalq nüfuzunun yüksəldiyini sübuta yetirir.
Azərbaycanın yüksək təşəbbüskarlığı ilə paytaxtımızda təşkil edilən çoxsaylı mötəbər beynəlxalq tədbirlər Bakını artıq regionun diplomatik mərkəzinə çevirib. Hələ 7 il əvvəl "Eurovision-2012” kimi möhtəşəm musiqi yarışmasını yüksək təşkilatçılıqla keçirən Azərbaycan başqa mötəbər idman tədbirlərinə - "Bakı-2015” I Avropa Oyunlarına və "Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarına uğurla evsahibliyi etdi.
Bu il isə paytaxtımız Avropa Gənclərinin XV Yay Olimpiya Festivalını və eyni zamanda UEFA Avropa Liqasının finalını qəbul edəcək. Bunlara paralel olaraq bu mövsüm də daxil olmaqla 4 ildir Azərbaycan dünyanın bir nömrəli avtomobil yarışına - "Formula-1”ə uğurla evsahibliyi edir.
Azərbaycan yenə nümunə göstərir
Aprelin 26-28-də dünyanın diqqəti yenidən Azərbaycana yönələcək. Bu müddətdə "Formula-1” Azərbaycan Qran-prisini 500 milyondan çox tamaşaçı izləyəcək.
"Formula-1” üzrə
dünya çempionatı
1950-ci ildən keçirilir. Artıq 69 ildir
ki, bu yarış
böyük infrastruktura
malik olan ölkələrdə təşkil
edilir. Bu cür tədbirlərin şəhərin küçələrində
keçirilməsi təcrübəsi
mövcuddur və belə yarışlar Monako, İspaniya, Sinqapur kimi ölkələrdə
baş tutur. Hər il
təşkil olunan
"Formula-1” yarışları ayrıca Qran-pri mərhələsindən ibarət
olur və ilin sonunda həm
pilotlar, həm də komandalar arasından qaliblər müəyyən edilir.
"Formula-1”in dünyada kifayət qədər azarkeşləri
var. Bu nəzərə alınaraq
Bakı Şəhər
Halqasında da tamaşaçıların yarışı
canlı və təhlükəsiz izləmələrinə
hər cür imkan yaradılıb. Bakı Şəhər
Halqasının müxtəlif
yerlərində tamaşaçı
tribunaları quraşdırılıb.
Bu mötəbər yarışın yüksək
səviyyədə işıqlandırılmasına
təcrübəli müxbir
və fotomüxbirlər
cəlb edilib.
Beləliklə, dünyanın
ən böyük informasiya holdinqləri, eləcə də 100-dən
çox ölkənin
xəbər agentlikləri
Bakıda keçiriləcək
"Formula-1” yarışı barədə xəbərləri
dünyaya yayacaqlar.
"F1”ə maraq böyükdür
Bakıda, sadəcə, möhtəşəm
yarış keçirilməyəcək,
həmçinin bu tədbir vasitəsilə paytaxtımız və ümumilikdə milli mədəniyyətimiz dünya
ictimaiyyətinə təbliğ
ediləcək. Azərbaycanın dünyada daha
geniş səviyyədə
tanıdılmasında bu
tədbirin əhəmiyyəti
çox böyükdür.
Modern üslubda
hazırlanan instalyasiya
şəhərin qonaqlarına
və sakinlərinə
"Formula-1”in builki mövsümünün
4-cü yarışı olan
Azərbaycan Qran-prisinin
başlamasına qalan
vaxtı göstərir. Paytaxtın
ən işlək küçələrinin biri
üzərində quraşdırılmış
gerisayım saatı ictimaiyyəti Azərbaycanda
ilk dəfə keçiriləcək
"Formula-1” yarışına diqqəti cəlb etməklə yanaşı,
bu yarışa marağın artmasına kömək edir.
Ən sürətli
şəhər treki
"Formula-1” üzrə
dünya çempionatının
4-cü mərhələsi olan Azərbaycan Qran-prisində sürət
həvəskarlarını möhtəşəm yarış
gözləyir. Yarışların keçirildiyi şəhər
treki Bakı Şəhər Halqası
(BŞH) adlanır və
uzunluğuna görə
dünyada ikincidir.
20 müxtəlif çətinlikli döngəsi
və 6 km-lik uzunluğu ilə 51 dövrədə tamamlanacaq.
Şəhər treki pilotlardan xüsusi dəqiqlik tələb edən İçəri şəhər ətrafı
dar yoxuş hissəsi, inanılmaz sürət əldə etməyə imkan verən 2,2 km-lik dənizkənarı hamar hissəsi və s. bir sıra özəllikləri
ilə yarışı
canlı olaraq tribunalardan və ya televiziya qarşısında
izləyən "Formula-1” azarkeşləri üçün
əsrarəngiz bir şouya çevriləcək.
Yarış zamanı
"Formula-1” pilotları UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil olan İçəri şəhər tarix-memarlıq
qoruğunu, şəhərin
müasir göydələnlərini
və Xəzərin sahilboyu hissəsini özündə birləşdirən
Bakının ecazkar simasını görəcəklər.
Layihənin müəllifi bütün
müasir "Formula-1” treklerinin
memarı olan Herman Tilkedir. Trekdə yarış avtomobillərinin
hərəkəti saat
əqrəbinin əksi
istiqamətində olacaq.
Ümumilikdə 30 minə yaxın
tamaşaçı eyni
anda yarışı tribunalardan canlı izləyə biləcək.
Start və finiş xətti Azadlıq meydanında olacaq. Həmçinin burada "Formula-1” Paddok klubu, komandaların
boksları və pit-leyn qurulacaq. 19 və 20-ci döngələrdən
sonra 1500 metrlik məsafədə 340 km/saat
sürət yığacaq
pilotları kəskin döngə gözləyir.
90 dərəcəli sol döngədən sonra pilotlar 300 metrlik məsafədə görkəmli
rus şairi A.S.Puşkinin adını
daşıyan küçədən
keçəcəklər.
2-ci döngədən
sonra "Formula-1” bolidlərini
trekin Xaqani küçəsi boyu 1 km
uzanan və uzunluğuna görə ikinci böyük sürətlənmə xətti
sayılan hissəsi gözləyir. Sonra pilotlar yenidən
kəskin döngə
ilə qarşılaşacaqlar.
1-ci və
3-cü döngə pilotlara
ötmə üçün
əla şərait yaradacaq. Şəhər treklərində çox nadir hallarda iki uzun sürətlənmə
xətti görmək
olar. 3-cü döngədən sonra pilotlar sol tərəfə
- Bülbül prospektinə
doğru yol alacaqlar. 240 metrlik
məsafəni düz
keçdikdən sonra
90 dərəcəli sağ
döngə ilə qarşılaşacaqlar. Bu
düz yolun sol tərəfində Sahil bağı yerləşir.
Daha sonra pilotlar Zərifə Əliyeva küçəsinə dönəcəklər,
kiçik bucaqlı döngədən sonra 350
metr uzunluğunda məsafə qət edəcəklər.
Növbə 5-ci və 6-cı döngəyə
çatır. Bu döngələr
pilotları Neftçilər
prospektinin əksi istiqamətindəki yola yönəldəcəkdir. Bura trekin iki fərqli
hissəsinin yan-yana olduğu bölmədir.
Təxminən 300 metr məsafədə
"Formula-1” bolidləri eyni
küçədə əks
istiqamətlərdə hərəkət
edəcəklər, onları
yalnız baryerlər ayıracaq. Bununla da trekin müasir Bakının mərkəz hissəsini göstərən görüntüləri
sona çatır.
7-ci döngədən sonra pilotlar Əziz Əliyev küçəsi ilə İçəri şəhərin
qala divarlarına yönələcəklər.
Bolidlər 500 metrə yaxın məsafəni ensiz küçələrdə qət
edəcəklər. Trekin ən
çox çətinliyə
malik hissəsi 8-ci döngədən sonra başlayır. Bu döngədən sonra yol maksimal şəkildə
daralır və bu hissədə pilotları kəskin yoxuş gözləyir.
8-ci və
11-ci döngələr trekin
İçəri şəhər
ətrafındakı hissəsində
yerləşir. Trekin bu hissəsində
İçərişəhərin görüntüləri daha
müasir küçələrlə
davam edir.
13 və
14-cü döngələr kiçik bucaqlı olduğundan buradan pilotlar, demək olar ki, əyləc
sistemindən istifadə
etmədən keçəcəklər. 15-ci döngədən sonra pilotları kəskin eniş gözləyir.
16-cı döngə pilotları yenidən Neftçilər prospektinə
yönəldəcək. Məhz bu küçədə
1-ci döngəyə tərəf
sürətlənmə prosesi
başlayacaq. Pilotlar yalnız
17 və 18-ci döngələrdə
sürəti nisbətən
azaldacaqlar. 19-cu döngədən sonra pilotlar 1500 metr məsafə qət edərək yenidən
1-ci döngəyə gəlib
çatacaqlar.
Beləliklə, yalnız
Cənubi Qafqazın deyil, Avropanın tolerantlıq, sülh və inkişaf mərkəzlərindən
biri kimi tanınan Azərbaycan
"Formula-1” ilə uğur
estafetini növbəti
dəfə layiqincə
davam etdirəcək.
Elçin CƏFƏROV,
Azərbaycan.- 2019.- 23 aprel.- S.1; 5.