Vyetnam KİV-i OANA İcraiyyə Komitəsinin 44-cü iclasına böyük diqqət ayırıb

 

Vyetnamın kütləvi informasiya vasitələri aprelin 19-dan 21-dək Hanoyda AZƏRTAC-ın sədrliyi və Vyetnam Xəbər Agentliyinin (VNA) təşkilatçılığı ilə keçirilmiş AsiyaSakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatının (OANA) İcraiyyə Komitəsinin 44-cü iclasına böyük diqqət ayırıb.

AZƏRTAC xəbər verir ki, VNA, hökumətin rəsmi xəbər portalı Chinhphu.vn, Vyetnam Kommunist Partiyasının rəsmi mətbu orqanı "Nhan Dan” qəzeti, Vietnam+, Phahluatplus.vn, Bacgiang.com.vn, Baotintuc.vn, La34.com.vn, Baolangson.vn, Quehuongonline.vn, Baobinhdinh.com.vn, Tapchithongtindoingoai.vn, Thethaovanhoa.vn, Danviet.vn, Daidoanket.vn, Vietnamnet.vn onlayn qəzet və nəşrləri, "Vietnam” jurnalı, VTV kanalı, "Nghe An” telekanalı, Vyetnam Xalq Ordusunun rəsmi qəzeti və digər KİV iclasın açılış mərasimi və gedişi, fotosərgi, Vyetnam Sosialist Respublikasının Baş naziri Nguyen Xuan Phukun iclasın bir qrup iştirakçısını qəbul etməsi, iclas iştirakçılarının Vyetnamın Kuanqnin vilayətinə səfəri və vilayət hökumətinin rəhbəri Nquyen Duk Lonq ilə görüşlərinə dair geniş xəbərlər, reportajlar, analitik materiallar təqdim ediblər.

Vyetnam Xəbər Agentliyiingilisdilli gündəlik "Vietnam news” qəzeti OANA-nın prezidenti, AZƏRTAC-ın İdarə Heyətinin sədri Aslan Aslanov ilə müsahibə əsasında hazırlanan materiallarda təşkilatın işində müşahidə olunan fəallıqdan söz açılıb. Qeyd olunub ki, AZƏRTAC-ın 2016-2019-cu illəri əhatə edən sədrliyi dövründə OANA-nın internet səhifəsində xəbər yerləşdirən agentliklərin sayı 8-dən 24-ə çatıb. Bundan başqa, AZƏRTAC-ın OANA-da daimi katibliyin və təlim akademiyasının yaradılması ilə bağlı təkliflərindən də söz açılıb.

Xatırladaq ki, OANA İcraiyyə Komitəsinin 44-cü iclasında Türkiyənin Anadolu, Rusiyanın TASS, Avstraliyanın AAP, Cənubi Koreyanın Yonhap, Ərəb Əmirliklərinin WAM, Çinin Sinxua, İndoneziyanın Antara, Malayziyanın Bernama, İranın İRNA, Yaponiyanın Kyodo və digər agentliklərin rəhbərləri və nümayəndələri iştirak edirlər. İclasda OANA-nın cari məsələləri, media qarşısında duran çağırışlar, feyk xəbərlərlə mübarizə, faktların yoxlanması, agentliklərin üzləşdiyi problemlər müzakirə edilib, təşkilatın Mükəmməllik Mükafatının qalibləri elan olunub.

 

Azərbaycan.- 2019.- 23 aprel.- S.2.