Bakı Ali Neft
Məktəbinin təşkilatçılığı ilə
IV SOCAR Forumu işə başlayıb
Bakıda SOCAR-ın dəstəyi, Bakı Ali Neft Məktəbinin və Böyük Britaniyanın "Confidence Capital” şirkətinin təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş 4-cü SOCAR Beynəlxalq "Xəzər və Mərkəzi Asiya: Ticarət, Logistika, Neft emalı, Neft-kimya” Forumu başlanmışdır.
Forumun açılış mərasimində çıxış edən Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov qonaqları salamlayaraq ulu öndər Heydər Əliyevin anadan olmasının ildönümünə həsr edilən forumun keçirilməsinin artıq ənənəvi hal aldığını və bu tədbirin Xəzər regionunun neft təqvimində ən mühüm hadisə olduğunu bildirmişdir. Forumun ayrı-ayrı regionları və şirkətləri təmsil edən mütəxəssislərə Xəzər regionu və Mərkəzi Asiyada neft-qaz sənayesinin başlıca inkişaf istiqamətləri, eləcə də ticarət, logistika, neft emalı və neft-kimya sahələrində ən böyük beynəlxalq layihələr barədə informasiya mübadiləsi, habelə region ölkələrindən olan həmkarlar və tərəfdaşlarla birgə mövcud əməkdaşlığın möhkəmləndirilməsi və yeni işgüzar əlaqələrin qurulması üçün geniş imkanlar açdığını söyləyən rektor tədbirin ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulmuş və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi altında uğurla həyata keçirilən neft strategiyasının işıqlandırılması üçün unikal bir platforma olduğunu vurğulamışdır.
Tədbirdə çıxış edən Azərbaycan Respublikasının energetika naziri Pərviz Şahbazov, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev, SOCAR-ın Birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə, BP AGT regionunda Əlaqələr, xarici işlər və strategiya üzrə vitse-prezident Bəxtiyar Aslanbəyli, Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev və Ukrgasvydobuvannya şirkətinin kommunikasiyalar üzrə direktoru Volodimir Gaidaş forum barədə fikirlərini tədbir iştirakçıları ilə bölüşərək onun işinə uğurlar arzuladılar.
Xatırladaq
ki, 2016-cı ildən etibarən hər il təşkil olunan forumda bu il
20-dən artıq ölkədən 300-ə qədər
nümayəndə, o cümlədən Xəzər
və Mərkəzi Asiya
regionlarının yanacaq-energetika, neft-kimya komplekslərinin və logistika
strukturlarının, həmçinin aparıcı yerli və beynəlxalq
şirkətlərin top menecerleri,
sahəsinin öndə gedən ekspertlər, analitiklər, diplomatik korpus nümayəndələri
və digər çoxsaylı mütəxəssislər iştirak edirlər.
İştirakçılar Azərbaycanın neft-qaz
sənayesinin inkişafı, Xəzər regionu
və Mərkəzi Asiyada neft
və qaz bazarları, karbohidrogenlərin logistika
və tranzit potensialı, başlıca ixrac marşrutları, xam neft və neft məhsullarının
ticarət dövriyyəsi, neft emalı və
neft-kimya müəssisələrinin
modernizasiyası, neft və qaz emalı sahəsində innovativ
texnologiyalar və bir çox digər sahələrdə
çoxsaylı məruzələr və ekspert
rəyləri ilə tanış olmaq
imkanı əldə edirlər. Forum
iştirakçılarının həmçinin SOCAR Karbamid, SOCAR Metanol, SOCAR Polimer zavodlarına və Səngəçal Neft Terminalına səfərləri nəzərdə
tutulmuşdur.
Azərbaycan.- 2019.- 23 aprel.- S.4.