Yol olan yerdə
inkişaf var
Prezident İlham
Əliyev: "Azərbaycan müasirləşir, yeniləşir,
hər bir yerdə, hər bir bölgədə və hər
bir sahədə çox böyük quruculuq, abadlıq
işləri aparılır”
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev aprelin 23-də
Bakının Xəzər rayonunda Mərdəkan-Qala avtomobil
yolunun açılışında iştirak edib.
AZƏRTAC xəbər verir
ki, Prezident İlham Əliyev sakinlərlə
görüşdü.
Dövlətimizin
başçısı dedi:
-Sizi görməyimə çox
şadam. Çox şadam ki, Mərdəkan qəsəbəsində
çox gözəl infrastruktur layihələri icra edilir və
yollar salınır, qəsəbənin digər problemləri
öz həllini tapır. Bu, bizim siyasətimizdir.
Siyasətimizin mərkəzində Azərbaycan
vətəndaşı dayanır və çox
çalışırıq ki, hər bir yerdə inkişaf
olsun, quruculuq, abadlıq işləri aparılsın.
Yol inkişaf
üçün əsas şərtlərdən biridir. Buzovna-Mərdəkan yolu
keçən il istifadəyə verilib. Bu yol mövcud deyildi. İndi isə
yoldan istifadə olunur, yolboyu binalar tikilir, ictimai yerlər,
ictimai obyektlər salınır. Yəni,
yol olan yerdə inkişaf da var. Azərbaycanda son illərdə
bütün yerlərdə müasir yol infrastrukturu
yaradılır, o cümlədən Bakı qəsəbələrində.
İndi isə Mərdəkan-Qala yolunun
açılışını qeyd edirik. Bu, əslində onu göstərir ki, hər bir sahədə,
hər bir bölgədə ən müasir standartlar tətbiq
olunur.
Bildiyiniz kimi, son 15 il
ərzində ölkəmizdə 15 min kilometr yol çəkilib.
Hər bir yerdə, hətta dağ kəndlərində,
yol olmayan kəndlərə biz yollar çəkdik. Bu gün bu yollar həm insanlara xidmət göstərir,
həm biznes imkanlarını genişləndirir, fermerlər
üçün yeni imkanlar yaradır və yollar keyfiyyətli
salınır. Çünki Davos
Ümumdünya İqtisadi Forumunun hesablamalarına görə,
Azərbaycanda yolların keyfiyyəti dünya miqyasında
34-cü yerdədir. Biz
çalışırıq ki, hər bir sahədə ən
yüksək standartları tətbiq edək və insanları
narahat edən problemləri aradan götürək.
Yol, infrastruktur, elektrik
enerjisi ilə təchizat, qazlaşdırma, su layihələri
– bütün bunlar diqqət mərkəzindədir və son
illərdə bu istiqamətdə çox ciddi addımlar
atılır.
Ona görə mən gəlmişəm bu
gün sizinlə görüşüm, bu gözəl hadisəni
bir yerdə qeyd edim və sizə yeni uğurlar, qələbələr
arzulayım.
Qəsəbələrarası
və qəsəbədaxili yollar diqqət mərkəzindədir. Azərbaycan Avtomobil
Yolları Dövlət Agentliyinə göstəriş verilib
ki, Bakı qəsəbələrində yol infrastrukturuna
çox ciddi fikir verilsin və demək olar ki, indi bu proses
geniş vüsət alıb. Əminəm ki,
bütün qəsəbələrdə daxili yollar bərpa
ediləcək və insanlara rahatlıq verəcək. Bir daha sizi təbrik edirəm, sizə uğurlar
arzulayıram.
Rayon sakini Altay Mansurov görülən
işlərə görə Prezident İlham Əliyevə
minnətdarlığını bildirərək dedi:
- Hörmətli cənab Prezident, əvvəla,
rayon sakinləri və ağsaqqalları adından Sizə
"Xoş gəlmisiniz!” deyirəm. Bizim sakinlər,
- bilirsiniz ki, Xəzər rayonunun sakinləri Sizi çox istəyirlər,
- Sizi həmişə burada görməyə şad olurlar.
Bu gün də biz çox şadıq ki, Siz gəlmisiniz,
Sizinlə görüş keçiririk. Bu,
birinci dəfə deyil. Siz bizim rayonda
tez-tez olursunuz, biz görüşürük, bununla da fəxr
edirik. Xoş gəlmisiniz, Sizə
cansağlığı arzulayırıq.
Sizin gördüyünüz
işlər göz qabağındadır. Son illərdə
nəinki bizim rayonda, bütün Azərbaycanda görülən
işlərin hamısını biz televizorda müşahidə
edirik, görürük, nə cür yollar çəkilir,
hansı işlər görülür. Son
zamanlar Sizin göstərişinizlə, fərmanlarınızla,
sərəncamlarınızla insanların sosial
rifahının yaxşılaşdırılması istiqamətində
çox işlər görülüb. Eyni
zamanda, şəhərlərdə, qəsəbələrdə,
o cümlədən bizim rayonda çox böyük işlər
görülür, hamısı göz qabağındadır,
su təsərrüfatını, yol təsərrüfatını
demək olar. Son vaxtlar bizim rayonda da
çox yollar çəkilir. Qəsəbələrarası
yollar çəkilib, köhnə yollar bərpa edilib. Bu da sakinlərimizin yaşayış şəraitinin
yaxşılaşdırılmasına töhfə verir.
Bu yolun da çəkilməsi qəsəbələr
arasında gediş-gəlişi, eyni zamanda, şəhərə
çıxışı asanlaşdıracaq. Son zamanlar Buzovna-Mərdəkan yolunun çəkilməsi,
eyni zamanda, indi Mərdəkan-Qala yolunun mərkəzi yola birləşdirilməsi,
şəhərə, qonşu qəsəbələrə
çıxışın təmin edilməsi əlbəttə
ki, insanların yaşayışına və rifahına
böyük kömək olacaq. Sizə
cansağlığı arzulayırıq. Biz Sizin daxili və xarici siyasətinizi bəyənirik.
Biz bunu hər dəfə təkrar edirik və həmişə
biz Sizin arxanızda böyük bir qüvvə
kimi dayanmağa hazırıq.
Prezident İlham Əliyev: Çox sağ olun, təşəkkür edirəm. Mən çalışıram və bundan sonra da
çalışacağam ki, doğma xalqıma ləyaqətlə
xidmət edim. Ölkə
qarşısında duran bütün problemlər öz həllini
tapmalıdır. Son illər ərzində
görülmüş işlər göz
qabağındadır. Azərbaycan
müasirləşir, yeniləşir, hər bir yerdə, hər
bir bölgədə və hər bir sahədə çox
böyük quruculuq, abadlıq işləri aparılır.
Bu gün iqtisadi inkişaf təmin
edilir. Bu il iqtisadiyyatımız 3 faiz artır, əvvəlki
illərə nisbətən bu artım daha böyükdür.
Düzdür, bu, bizi tam qane edə bilməz.
Çünki hesab edirəm ki, potensial daha
böyükdür və biz iqtisadi baxımdan daha yüksək
templərlə artmalıyıq. Ancaq, eyni
zamanda, aparılan islahatlar və islahatların dərinləşməsi
bizə əlavə imkanlar yaradır. Son
illər ərzində çox böyük işlər
görülüb, işlər də göz
qabağındadır. Ancaq biz indi
inkişafımızın yeni mərhələsindəyik.
Son prezident seçkiləri ərəfəsində
mən bəyan etmişdim ki, növbəti dövr islahatlar
dövrü olacaq. Çünki hər bir
ölkə üçün islahatlar çox önəmlidir.
İslahatlar yenilik, müasirlik,
nöqsanların aradan qaldırılması, problemlərin həlli
deməkdir. Bizdə hər bir sahə üzrə
çox aydın təsəvvür və iş proqramı
var. Ona görə islahatların dərinləşməsi nəticəsində
əldə edilmiş nailiyyətlər əlbəttə ki, vətəndaşların
rifah halını yaxşılaşdırır. Baxın, bu ilin üç ayında büdcə
daxilolmaları böyük dərəcədə artıb.
Yəni, vergi və gömrük orqanları
plandan əlavə 200 milyon manatdan çox vəsait
toplayıblar. Nəyin hesabına? İslahatlar hesabına. Nəyin
hesabına? Şəffaflıq hesabına,
aparılmış siyasət nəticəsində. Sahibkarlar da razıdır, çünki bu gün
sahibkar da bilir ki, dövlətin vergisini ödəməlidir,
tam ödəməlidir və ondan başqa heç kimə
heç bir ödəniş edilməməlidir. Mən indi görürəm ki, sahibkarlarda da bu
işlərə böyük inam var.
Biz daxil olan əlavə gəlirləri,
ilk növbədə, sosial məsələlərin həllinə
yönəldirik. Düzdür, infrastruktur layihələri
də lazımdır, biz oraya vəsait ayırmasaydıq, belə
yollar çəkilə bilməzdi. Ancaq
indiki şəraitdə biz vəsaiti daha çox insanların
rifah halının yaxşılaşdırılması
üçün yönəldirik. Təsadüfi
deyil ki, keçən ilin aprel ayında prezident seçkilərindən
sonra imzaladığım ilk Fərman şəhid ailələrinin
rifah halının yaxşılaşdırılmasına
yönəldilmişdir. Şəhid ailələrinə
11 min manat ödənişin təşkil edilməsi bizim niyyətimizi
göstərir və bu ödənişlər aparılır.
Ondan sonra qəbul edilmiş qərarlar,
imzaladığım fərmanlar da bir məqsədi
güdür ki, vətəndaşlar daha da yaxşı
yaşasınlar. Minimum əməkhaqqı,
minimum pensiya təxminən 40 faiz artırılıb. Mən bu yaxınlarda demişəm, artım faiz
baxımından böyük olsa da, bizi qane edə bilməz.
Çünki biz daha da yüksək həddə
çatmalıyıq və bunu etmək üçün daha
da fəal işləməliyik. Sosial
müavinətlər orta hesabla iki dəfə,
köçkünlərə, şəhid ailələrinə
verilən müavinət, tələbə təqaüdləri
50 faiz artıb. Bir çox önəmli fərman
və sərəncamlar imzalanmışdır ki, insanların
rifah halını, biznes mühitini
yaxşılaşdırır və bu istiqamətdə
işlər davam etdiriləcək. Çünki minimum əməkhaqqı,
minimum pensiyanın qaldırılması
daimi proses olmalıdır.
Azərbaycan indi
inkişafın yeni mərhələsindədir və bundan
sonra iqtisadi artım çox sürətli olacaq. Nəzərə
alsaq ki, bizim neft-qaz sahəsində apardığımız
siyasət öz bəhrəsini verir, yaxın gələcəkdə
Cənub Qaz Dəhlizi işə düşəcək. Bu, əlavə gəlir gətirəcək və gəlir
də vətəndaşların rifah halının
yaxşılaşmasına yönəldiləcək.
Əlbəttə ki,
islahatlar hərtərəfli olmalıdır - həm iqtisadi
sahədə, sosial sahədə, siyasi sahədə, həm də
idarəetmə sahəsində. Bu sahələrdə
hələ ki, təkmilləşməyə böyük
ehtiyac var. Biz öz siyasətimizi yerlərdən gələn
təkliflər əsasında qururuq.
Bu ilin yanvarında
dördüncü regional inkişaf proqramı qəbul edilib. Bu proqramın
qəbul edilməsində yerlərdən gələn
müraciətlər əsas rol oynayır. Çünki vətəndaşları narahat edən
problemlər var ki, biz onları bilməliyik və həll etməliyik.
Bizim məqsədimiz budur, siyasətimiz də
bundan ibarətdir. Əminəm ki, ölkə
qarşısında duran bütün vəzifələr,
problemlər öz həllini tapacaq.
Xəzər Rayon Ziyalılar Cəmiyyətinin
sədri Təvəkkül Səlimov da rayonun sosial-iqtisadi inkişafına
göstərdiyi diqqətə görə dövlətimizin
başçısına minnətdarlığını bildirərək
dedi:
-Möhtərəm cənab Prezident,
mən də Sizə "Xoş gəlmisiniz!” deyirəm. Siz 2003-cü ildə prezident seçkiləri ərəfəsində
Mir Mövsüm Ağa ziyarətgahında
çıxış etdiniz. Orada çox gözəl
sözlərin sırasında bu sözlər də oldu:
"Mən çalışacağam ki, prezident seçiləndən
sonra hər bir azərbaycanlının Prezidenti olum”. Bütün fəaliyyətiniz dövründə Siz
sübut etdiniz ki, sözün əsl mənasında, hər
bir azərbaycanlının Prezidentisiniz. Bunu
16 illik fəaliyyətiniz dövründə iqtisadi islahatlar,
ictimai həyatda, mədəni, mənəvi quruculuq sahələrində
baş verən yeniliklər tam sübuta yetirdi. Bir məsəl var, deyirlər ki, "abad kənd
yolundan bilinər”. Hər şey yoldan
başlayır. Sizin yol infrastrukturunun
inkişafına ayırdığınız diqqət, əslində,
ölkənin iqtisadiyyatına, əlaqələrin genişlənməsinə
doğrudan da çox böyük yardım göstərir.
Siz keçən il aprelin 11-də Prezident
seçiləndən sonra özünüz qeyd etdiyiniz kimi,
ilk Fərmanınız əhalinin, insanların həyatının
yaxşılaşdırılması ilə bağlı oldu. Son bir neçə ay ərzində Qarabağ
müharibəsi iştirakçılarının, müharibə
əlillərinin, pensiyaçıların, digər sosial
qrupların təqaüdlərinin artırılması, bu
yöndə atılan addımlar insanlarımız tərəfindən
çox böyük rəğbətlə qarşılanıb.
Bax, elə bu Xəzər rayonunun inkişafı Sizin fəaliyyətinizin əsl göstəricisidir.
Xəzər rayonunda yolların
salınması istiqamətində görülən işlərə
görə dövlətimizin başçısına minnətdarlığını
bildirən Təvəkkül Səlimov Prezident İlham
Əliyevin rəhbərliyi ilə ölkəmizdə
iqtisadiyyatın inkişafı üçün atılan
addımları xüsusi qeyd edərək dedi:
"İnanın, 11 aprel seçkilərindən bu yana ötən
15 ilin nəticələri qədər nəticələr
qazanmışıq. Cənab Prezident, mən sakinlərimiz
adından bu möhtəşəm işlərinizə, səmimiyyətinizə,
xalqımıza, insanlarımıza, o cümlədən bizə
olan isti münasibətinizə görə Sizə dərin
minnətdarlığımı bildirirəm. Mehriban xanım həmişə
bizi diqqətdə saxlayır, Allah ona ömür versin. O,
sözün əsl mənasında, Azərbaycan
qadınının doğrudan da simasını göstərən
bir insandır. Cənab Prezident, bir daha Sizə və Mehriban
xanıma işlərinizdə uğurlar arzu edirəm. Siz buraya həmişə gəlin. Siz buraya gələndə biz hər dəfə
yeniliklərlə rastlaşırıq.
Prezident İlham Əliyev: Çox sağ olun. Hər bir yerdə, hər
bir rayonda gedən işlər məni sevindirir. Çox şadam ki, Xəzər rayonunda bütün
işlər yaxşı gedir, abadlıq-quruculuq, təsərrüfat
işləri aparılır. Əvvəlki
illərdə də yaxşı nəticələr olub və
biz birlikdə ölkəmizi inkişaf etdiririk. Hər bir yerdə hər bir vətəndaş
ümumi inkişafımıza öz töhfəsini verir.
O ki qaldı, dövlət siyasətinə, bir daha demək istəyirəm
ki, biz ölkəmizi gücləndiririk, beynəlxalq mövqelərimizi
möhkəmləndiririk, hərbi gücümüzü
artırırıq, sosial məsələlərin həllinə
çalışırıq. Son dövrdə
imzaladığım fərmanlar doğrudan da həm təsirlidir,
həm əhəmiyyətlidir, həm də ki, bizim siyasətimizi
göstərir. Deyə bilərəm ki, bu
fərmanlara başqa ölkələrdə rast gəlinmir.
Məsələn, tutaq ki, problemli kreditlər nədən
qaynaqlandı? Devalvasiyadan. Devalvasiya nəyə
görə baş verdi? Neftin
qiyməti 4 dəfə azaldı, gəlirlərimiz, manatın
məzənnəsi aşağı düşdü və
insanlar bundan əziyyət çəkdilər. Maksimum çalışırdıq ki, vəziyyəti
sabitləşdirək, sabitlik olsun, manat sabitləşsin.
Artıq uzun müddətdir ki, manat sabit olaraq
qalır. Bizim indiki iqtisadi və maliyyə
vəziyyətimiz onu deməyə əsas verir ki, manatın
sabitliyi ilə bağlı heç bir problem gözlənilmir.
İqtisadi, maliyyə imkanı artdıqca biz,
ilk növbədə, səylərimizi problemli kreditlərin həllinə
yönəltdik və bunu həll etdik, özü də ən
yüksək səviyyədə. İndi
bu Fərman dərc edilib və orada göstərilən maddələr
əminəm ki, kredit borcu olan hər bir vətəndaş
üçün çox əhəmiyyətlidir. Bundan 600 mindən çox insan bəhrələnir və
artıq kompensasiyaların verilməsi prosesi
başlanmışdır.
Əsas odur ki, vətəndaşları
narahat edən məsələlər öz həllini
tapsın. Hər yerdə, hər bir dövlət məmuru,
icra başçısı, bələdiyyə sədri, hər
bir dövlət təşkilatında çalışan məmur
vətəndaşlara xidmət etməlidir. Mən bunu dəfələrlə demişəm.
Əfsuslar olsun ki, hər yerdə belə deyil,
elə hallar var ki, vətəndaşları incidirlər,
onların haqları tapdalanır, onların problemlərinə
biganə yanaşılır. Bilirsiniz ki, mən
vətəndaşlarla müntəzəm təmasda oluram.
Mən vətəndaşlardan həm problemləri,
həm də müsbət tərəfləri eşidirəm.
Ona görə hər bir dövlət məmuru
bilməlidir ki, onun başlıca vəzifəsi vətəndaşlara
xidmət etməkdir və mənim də tələbim bundan
ibarətdir. Ancaq buna nail olmaq
üçün çox ciddi ictimai nəzarət
olmalıdır. Ona görə insanları
narahat edən məsələlər, harada ki, nöqsanlar,
çatışmazlıqlar var, onlar deyilməlidir. Onlar müraciətdə öz əksini
tapmalıdır ki, biz bunları həll edək. Əminəm ki, belə də olacaq. Bütün dövlət məmurları bilməlidirlər
ki, onlar vətəndaşlara vicdanla xidmət etməlidirlər.
Təyin edilmiş hər bir icra
başçısının qarşısına qoyduğum
birinci vəzifə bundan ibarətdir.
Vətəndaşlarımızın
rifah halı, onların iqtisadi, maliyyə vəziyyəti ildən-ilə
daha da yaxşılaşır. Əgər əvvəlki
dövrü götürsək görərik ki, pensiyalar,
maaşlar təqribən 10 dəfəyə yaxın artıb.
Ancaq bu gün bu, bizi qane edirmi? Yox. Nə etməliyik? Daha da fəal işləməliyik, iqtisadiyyat daha da
sürətlə artmalıdır, sərmayə
yatırılmalıdır, bürokratik əngəllər
aradan qaldırılmalıdır, biznes qurmaq istəyənin
qarşısında süni əngəllər
qoyulmamalıdır. Yerli icra orqanları
çalışmalıdırlar ki, investisiyaları cəlb
etsinlər. Çünki iqtisadi artım
olmasa, onda bizim maliyyə imkanlarımız da olmayacaq. Bütün bu məsələlər bir-biri ilə
bağlıdır. İndiki iqtisadi vəziyyətimiz
və gələcək planlarımız tam əminliklə
deməyə əsas verir ki, biz ancaq yüksələn xətlə
inkişaf edəcəyik və qarşıda duran bütün
vəzifələri birlikdə həll edəcəyik.
Sağ olun.
Sakinlər: Allah Sizə kömək
olsun. Allah Sizə, Mehriban xanıma cansağlığı
versin.
***
Sonra Azərbaycan Avtomobil Yolları
Dövlət Agentliyi İdarə Heyətinin sədri Saleh Məmmədov
Buzovna-Mərdəkan-Qala avtomobil yolu layihəsi çərçivəsində
görülən işlər barədə Prezident İlham
Əliyevə məlumat verdi.
Bildirildi ki, dövlətimizin
başçısının 2014-cü ildə
imzaladığı Sərəncamla təsdiq edilən
"2014-2016-cı illərdə Bakı şəhərinin və
onun qəsəbələrinin sosial-iqtisadi inkişafına
dair Dövlət Proqramı”nda Xəzər rayonunda Buzovna-Mərdəkan-Qala
avtomobil yolu layihəsinin həyata keçirilməsi də nəzərdə
tutulmuşdu.
Bu yol layihəsinin uzunluğu 7,6 kilometr
olan Buzovna-Mərdəkan hissəsinin tikintisi başa
çatdırılaraq, 2013-cü ildə Prezident İlham
Əliyevin iştirakı ilə açılış mərasimi
olub və əhalinin istifadəsinə verilib. Bu bölgədə
yaşayan əhalinin çoxsaylı müraciəti nəzərə
alınaraq, Azərbaycan Respublikası Prezidentinin ötən
ilin yanvarında və fevralında imzaladığı sərəncamlarla
təsdiq edilən 2018-ci ilin dövlət büdcəsində
dövlət əsaslı vəsait qoyuluşu xərclərinin
bölgüsündə avtomobil yollarının tikintisi və
yenidən qurulması üçün nəzərdə
tutulmuş vəsaitin 5,6 milyon manatı 55 min nəfərin
yaşadığı 3 yaşayış məntəqəsini
birləşdirən Buzovna-Mərdəkan-Qala avtomobil yolunun
5,4 kilometrlik Mərdəkan-Qala hissəsinin tikintisinin davam
etdirilməsi məqsədilə Azərbaycan Avtomobil
Yolları Dövlət Agentliyinə ayrılıb. 2018-ci ildə
layihənin tikintisi yekunlaşan hissəsi ilə Qala qəsəbəsi
arasında yeni nəqliyyat bağlantısı yaratmaq, həmçinin
nəqliyyat vasitələrinin normal hərəkətini təmin
etmək məqsədilə Mərdəkan-Qala hissəsində
5,2 kilometr uzunluğunda yolun tikintisi
aparılıb. Bu yolun 400 metrlik hissəsinin eni 18 metr olmaqla
1-ci texniki dərəcəlidir, yəni 4 hərəkət
zolaqlı, digər hissənin eni isə 9 metr olmaqla 2-ci texniki
dərəcəyə aiddir, yəni 2 hərəkət
zolaqlıdır. Bu yolun istifadəyə verilməsi
həm sosial, həm də iqtisadi baxımdan olduqca əhəmiyyətlidir.
Belə ki, həmin yol Buzovna, Şüvəlan,
Qala, Mərdəkan qəsəbələrini birləşdirməklə
bu qəsəbədə yaşayan sakinlərin şəhərə
çıxışını da rahat təmin etməyə
geniş imkan yaradır. Eyni zamanda, bu qəsəbələrdən
Qala-Pirallahı yoluna da birbaşa çıxış təmin
edilir. Bununla yanaşı, paytaxtın bu
hissəsində yaşayanlar şəhərə daxil olmadan
bu alternativ yolla Sumqayıt, həmçinin Şamaxı və
Quba istiqamətinə də rahat çıxış əldə
edirlər. Beləliklə, bu layihənin
icrası tıxacların qarşısının
alınması, nəqliyyat vasitələrinin hərəkətinin
normal və təhlükəsiz təşkili,
sürücülərin və sərnişinlərin mənzil
başına vaxtında çatması baxımından da
mühüm rola malikdir.
Saleh Məmmədov dedi:
- Əvvəllər qəsəbənin
Yesenin küçəsində tıxac yaranırdı. Mərdəkan
və Şüvəlan sakinləri indi bu yolla şəhərə,
Zirə, Türkan qəsəbələrinə rahat
çıxa bilirlər. Artıq gedib
aeroport yolundan dönüb çıxmağa ehtiyac yoxdur.
Yol tam açılıb, istifadədədir.
Yəqin ki, sakinlər də bunu təsdiq edərlər.
Sakinlər: Bəli, çox gözəldir.
Prezident İlham Əliyev: Siz qəsəbədaxili
yollara da diqqət yetirin. Mən bu barədə
də tapşırıq vermişəm. Başqa
yollar da təmir olunub.
Saleh Məmmədov: Bəli, Sizin
tapşırığınıza əsasən, son iki ayda Mərdəkan
qəsəbəsində 54 min kvadratmetr yol sahəsinə
asfalt döşənib. Şüvəlan qəsəbəsinə
su xəttinin çəkilişi işləri başa
çatıb. Biz indi orada 10 kilometrlik yolun
çəkilişinə başlamışıq. Buzovnada qəsəbəarası 14 yol çəkilib,
orada da 32 min kvadratmetr asfalt döşənib. Ən çox işi Binədə
görmüşük, 135 min kvadratmetr asfalt vurmuşuq. İşlər hələ davam edir.
İnvestisiya planınızda bu il 19
kilometrlik yolun tikintisi nəzərdə tutulub, artıq orada da
işlər gedir. Yolun 13 kilometrlik hissəsi hazırdır, 6
kilometrlik hissədə iş davam edir.
Prezident İlham Əliyev: Digər
rayonlarda da iş gedir, bütün qəsəbələrdə.
Saleh Məmmədov: Sizin göstərişinizlə
Bakı şəhərinin bütün qəsəbələrində
iş gedir.
Prezident İlham Əliyev: Bakı şəhərində bir dənə də təmirsiz yol olmamalıdır, həm şəhərdə, həm qəsəbələrdə. Qarşıya belə vəzifə qoyulub və indi müvafiq işlər görülür. Biz bu işləri qısa müddət ərzində görmüşük.
Sakinlər: Allah canınızı sağ eləsin, sağ olun.
Prezident İlham Əliyev: Sağ
olun. Sizi bir daha təbrik edirəm.
***
Dövlətimizin
başçısı yolun rəmzi
açılışını bildirən lenti kəsdi.
Sonda xatirə şəkli
çəkdirildi.
Azərbaycan.-
2019.- 24 aprel.- S.1-2.