İlham Əliyevin uğurlu islahatları antiazərbaycançı şəbəkəni təşvişə salıb

 

Milli Məclisin dünənki iclası cari məsələlərin müzakirəsi ilə işinə başladı. Gündəliyə 19 məsələnin daxil edildiyi iclasda deputatlar fikir və təkliflərini səsləndirərək işğalçı Ermənistanın ölkəmizə qarşı təxribatları, ölkə daxilində mavi yanacaq üçün istehlakçılara verilən 1700 kubmetrlik limitin artırılması, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı aparılan sülh danışıqları və s. məsələlər barədə müzakirə apardılar.

 

Emosional çağırışlarla insanları qıcıqlandırmaq olmaz

 

Deputat Tahir Kərimli Azərbaycanın ərazi bütövlüyü həll olunmadan jurnalistlərimizin Dağlıq Qarabağa, Ermənistana səfərlərinin təşkil edilməsi barədə təkliflərin yolverilməz olduğunu bildirdi. Onun fikrincə, bəzi şəxslər hərdən sülh danışıqları barədə fikirlər səsləndirirlər.

Ancaq Milli Məclisin Sədr müavini Valeh Ələsgərov deputatın fikirlərinə reaksiya verərək bildirdi ki, indiyədək heç bir vəzifəli şəxs ölkəmizin ərazi bütövlüyü bərpa edilmədən sülh danışıqlarına getməklə bağlı hansısa fikir söyləməyib: "Hər zaman demişik ki, sülh danışıqları ola bilər, amma ölkəmizin ərazi bütövlüyü bərpa edilmədən bu, mümkün deyil. Dövlətin mövqeyi bəllidir, yalnız Azərbaycanın ərazi bütövlüyünün təmini əsasında bu danışıqlar baş tuta bilər. Emosional çıxışlarla, çağırışlarla insanları qıcıqlandırmaq olmaz. Siyasətdən xəbəri olan insan hər bir sözünə diqqət yetirib, dəyər verməlidir”.

Deputat Fazil Mustafanın mavi yanacaq üçün istehlakçılara verilən 1700 kubmetrlik limitin artırılması təklifini həmkarı Qənirə Paşayeva da dəstəklədi. Deputatlar limitin ləğvinin deyil, artırılmasının tərəfdarıdırlar.

 

Antiazərbaycançı şəbəkənin istənilən təxribatı iflasa məhkumdur

 

Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov həmkarlarının toxunduqları bəzi məsələlərə öz münasibətini bildirərək dedi ki, Azərbaycan dövləti və Prezident İlham Əliyevin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyi dünyaya bəllidir.

Komitə sədri son zamanlar antiazərbaycançı şəbəkənin "aktivliyinə” də toxunaraq qeyd etdi ki, Azərbaycan istənilən mühüm proseslər astanasında olarkən ölkəmizə qarşı hücumlar başlayır. Yerli "5-ci kolonda onlara dəstək verir: "Məkrli niyyətlərlə hər zaman ölkəmizə şər-böhtan atan qüvvələr çalışırlar ki, Azərbaycanın xeyrinə olan məsələlər reallaşmasın. Prezidentin apardığı islahatlar antiazərbaycançı şəbəkəni, onların daxildəki buyruq qullarını çox narahat edir. Ancaq onlar da yaxşı bilirlər ki, hər zaman məğlub olublar. Ucuz qarayaxma kampaniyasına əl ataraq, yəni, kiməsə xəsarət yetirib iqtidarın üzərinə atmaqla heç nəyə nail olmayacaqlar”.

Milli Məclisin Sədri Oqtay Əsədov da komitə sədrinin fikirlərinə dəstək verərək bildirdi ki, antiazərbaycançı şəbəkənin istənilən təxribatı iflasa məhkumdur.

 

Cəmiyyətə normal proqramlar təqdim olunmalıdır

 

Çıxışlardan sonra gündəliyin müzakirəsi başladı. İctimai TeleviziyaRadio Yayımları Şirkəti Yayım Şurası üzvlərinin seçilməsi haqqında sənədi təqdim edən parlamentin Mədəniyyət komitəsinin sədri Rafael Hüseynov bildirdi ki, Yayım Şurasına Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının prorektoru Yusif Babanlının, Azərbaycan Qalaqapı Federasiyasının vitse-prezidenti Orxan Muxtarovun, Qafqaz Müsəlmanları İdarəsi sədrinin birinci müavini Salman Musayevin, Azərbaycan Bəstəkarlar İttifaqının katibi Zemfira Qafarovanın və ittifaqın baş məsləhətçisi Cəmilə Həsənovanın namizədliyi irəli sürülüb.

İdman federasiyaları, dini konfessiyalar və yaradıcı təşkilatlar tərəfindən irəli sürülmüş namizədlər arasından hər təşkilatdan 1 nəfər olmaqla, Milli Məclis tərəfindən 6 il müddətinə təsdiq edilməlidir. Səsvermə nəticəsində İTV-nin Yayım Şurasına idman federasiyalarından Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının prorektoru Yusif Babanlı, dini konfessiyalardan Qafqaz Müsəlmanları İdarəsi sədrinin birinci müavini Salman Musayev, yaradıcılıq təşkilatları tərəfindən Azərbaycan Bəstəkarlar İttifaqının katibi Zemfira Qafarova seçildilər.

Deputatlardan Fərəc Quliyev, Sahib Alıyev, Hikmət Məmmədov, Aqil Abbas çıxış edərək televiziyada son zamanlar baş verən dəyişikliklərdən, yeniliklərdən söz açdılar. Komitə sədri Siyavuş Novruzov isə bildirdi ki, özəl telekanallar biznes qurumudur, bu telekanallarda əxlaqa zidd verilişlər nümayiş olunanda Milli TeleviziyaRadio Şurası mövqeyini ortaya qoyur, qərarlar qəbul edir.

 

Pensiya yeni qayda ilə hesablanacaq

 

"Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” və "Əmək pensiyaları haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi ilə bağlı Milli Məclis Sədrinin birinci müavini, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov məlumat verdi. Bildirdi ki, təklif olunan dəyişiklik bu qurumda çalışanların pensiya təminatının yaxşılaşdırılmasına xidmət edir. Belə ki, bu sənədə əsasən, kəşfiyyat və əks-kəşfiyyat subyektlərinin hərbi qulluqçularının pensiyası artırılacaq.

Hazırkı qanunvericiliyə əsasən, kəşfiyyat və əks-kəşfiyyat subyektlərinin hərbi qulluqçularının pensiyası onların xidmətdən tərxis olunan günə aldıqları pul təminatından hesablanır. Layihədə təklif olunur ki, kəşfiyyat və əks-kəşfiyyat subyektlərinin hərbi qulluqçuları tərxis olunarkən onların pensiyası sərəncama götürüldüyü günə aldıqları pul təminatından hesablansın.

 

Azərbaycan dünyaya sülh çağırışları edir

 

Müzakirələr zamanı çıxış edən deputat Fərəc Quliyev Prezident İlham Əliyevin hər zaman hərbçilərə diqqət və qayğı ilə yanaşdığını söyləyərək bildirdi ki, müharibə ölkəsi olmasına baxmayaraq, Bakıda müharibəyə çağırışa dair plakatlar yoxdur.

Spiker Oqtay Əsədov deputatın bu fikri ilə razılaşmadı. Bildirdi ki, Azərbaycan dünyaya sülh çağırışları edir: "Azərbaycan Dağlıq Qarabağda yaşayan ermənilərə Azərbaycan vətəndaşları deyir. Biz dünyaya bu cür çağırışlar edirik. Əgər Azərbaycanın şərtlərinin yerinə yetirilməsi və məsələnin sülh yolu ilə həlli imkanı varsa, biz nəyə görə buna qarşı çıxmalıyıq? Ermənistanda nazir çıxış edərək deyir ki, biz Azərbaycandan torpaq almalıyıq. Onlar başa düşürlər ki, bununla bağlı heç nəyə nail olmayacaqlar. Ermənistan bu cür çıxışlarla bizi qızışdırmaq istəyir. Biz onların təxribatına getməməliyik. Azərbaycan Prezidenti bütün çıxışlarında ölkəmizin mövqeyini açıqlayaraq deyir ki, ərazi bütövlüyümüz danışıqlar predmeti deyil”.

Çıxışlardan sonra sənəd səsverməyə çıxarılaraq qəbul edildi.

 

Əmək pensiyasının sığorta hissəsinə hesablanan iki əlavə ləğv edildi

 

İclasda, həmçinin Milli Məclisə bir məktubla daxil olan 4 məsələ - Su Məcəlləsində, Meşə Məcəlləsində, Torpaq Məcəlləsində və Şəhərsalma və Tikinti Məcəlləsində dəyişiklik edilməsi haqqında (ikinci oxunuş), "Meliorasiyairriqasiya haqqında”, "Əhalinin radiasiya təhlükəsizliyi haqqında”, "Balıqçılıq haqqında”, "Elektroenergetika haqqında” və "Nəqliyyat haqqında” qanunlarda dəyişiklik edilməsi barədə (ikinci oxunuş), "Ekoloji təhlükəsizlik haqqında”, "Su təchizatı və tullantı suları haqqında”, "Avtomobil yolları haqqında”, "Ətraf mühitə dair informasiya almaq haqqında”, "Aviasiya haqqında” və "İnformasiya əldə etmək haqqında” qanunlarda dəyişiklik edilməsi barədə (ikinci oxunuş), "İctimai iştirakçılıq haqqında”, "Dəniz limanları haqqında”, "Yaşıllıqların mühafizəsi haqqında” qanunlara dəyişiklik edilməsi barədə (ikinci oxunuş) qanun layihələri də təsdiqləndi.

"Əmək pensiyaları haqqında” qanuna dəyişiklik edilməsi barədə qanun layihəsi haqqında parlamentin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli məlumat verdi. Bildirdi ki, dəyişikliklər "Əmək pensiyaları haqqında” qanunu Prezident İlham Əliyevin "Əhalinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində əlavə tədbirlər haqqında” 25 fevral 2019-cu il tarixli sərəncamına uyğunlaşdırmaq məqsədi daşıyır.

Başqa sözlə, sərəncamda I qrup əlillərə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək şəxslərə qulluq üçün əmək pensiyasının sığorta hissəsinə əlavə əvəzinə I qrup əlilliyi olan şəxslərə qulluq edənlərə və sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara qulluq edənlərə 50 manat məbləğində və müharibə veteranlarına kommunal, nəqliyyat və digər xidmətlərə görə sosial müavinət, habelə döyüşən ordunun tərkibində xidmət etmiş müharibə iştirakçılarının əmək pensiyasının sığorta hissəsinə əlavə əvəzinə 80 manat məbləğində Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi əksini tapıb.

Dövlət başçısı 15 aprel 2019-cu il tarixdə "I dərəcə əlilliyi olan şəxslərə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara qulluq edən şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü” və "Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında müvafiq fərmanlar imzalayıb. Sənəd deputatlar tərəfindən müsbət qarşılandı.

 

Standartlaşdırma ilə bağlı yeni qanun layihəsi ikinci oxunuşdan keçdi

 

Deputatlar, həmçinin "Auditor xidməti haqqında”, "İnvestisiya fəaliyyəti haqqında”, "Müflisləşmə və iflas haqqında”, "Kiçik sahibkarlığa dövlət köməyi haqqında”, "Yeyinti məhsulları haqqında”, "Notariat haqqında”, "Kredit ittifaqları haqqında” və "Dövlət əmlakının özəlləşdirilməsi haqqında” qanunlarda (ikinci oxunuş), "Sığorta fəaliyyəti haqqında”, "Bank olmayan kredit təşkilatları haqqında”, "İnvestisiya fondları haqqında”, "Qiymətli kağızlar bazarı haqqında” (ikinci oxunuş) qanunlarda dəyişiklik edilməsi barədə qanun layihələrinə də səs verib təsdiqlədilər.

Gündəliyin sonuncu məsələsi "Standartlaşdırma haqqında” qanun layihəsi idi. İkinci oxunuşda müzakirəyə çıxarılan sənəd 5 fəsil və 26 maddədən ibarətdir. Qanun standartlaşdırmanın məqsəd və prinsiplərini, standartlaşdırma sahəsində normativ sənədlərin hazırlanması, qəbulu və tətbiqini, bu sahədə fəaliyyətin maliyyələşdirilməsi mənbələri və digər məsələləri müəyyən edir.

Bu qanun layihəsi də səsverməyə çıxarılaraq ikinci oxunuşda təsdiqləndi. Bununla da Milli Məclisin plenar iclası başa çatdı.

 

Rəşad BAXŞƏLİYEV

 

Azərbaycan.- 2019.- 24 aprel.- S.3.