Özbək qonaqlar İsmayıllıda dostluq səfərindədirlər

 

Özbəkistan Respublikası Fərqanə Vilayətinin Riştan şəhərinin nümayəndə heyəti İsmayıllıya gəlib. Riştan və İsmayıllının qardaşlaşması istiqamətində gerçəkləşən bu səfər Azərbaycan nümayəndə heyətinin bir müddət bundan əvvəl Riştanda olmasının qarşılığında həyata keçirilib.

İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov RİH-in konfrans zalında özbək qonaqlarla görüşüb. 11 nəfərdən ibarət olan nümayəndə heyətini səmimi salamlayan Mirdaməd Sadıqov Azərbaycanın, o cümlədən İsmayıllının sürətli inkişafından, milli-mənəvi dəyərlərin qorunması və zənginləşdirilməsindən, rayonun beynəlxalq münasibətlərinin genişləndirilməsindən danışıb.

Qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Azərbaycana rəhbərlik etdiyi müddətdə ölkənin dinamik və hərtərəfli yüksəlişi təmin olunub. Regional sosial-iqtisadi inkişaf siyasəti uğurla həyata keçirilib. Ölkələr arasında ikitərəfli əlaqələrin formalaşması inkişafın hərəkətverici qüvvəsinə çevrilib. Bu gün isə biz dini, soykökü bir olan özbək qardaşlarımızla görüşürük. Qarşılıqlı əməkdaşlıq haqqında saziş imzalayacağıq. Bu da hər iki tərəfin iqtisadi, sosial və mənəvi inkişafı üçün yeni stimul olacaqdır.

Nümayəndə heyətinin rəhbəri, Fərqanə Mətbuat Mərkəzinin rəhbəri Abdusalom Siddikov səmimi qəbul üçün təşəkkür edib. O, Azərbaycanda, İsmayıllıda olmalarından fərəh duyduqlarını bildirib. İsmayıllı ilə Riştanın qardaşlaşmasının hər iki tərəfə böyük səmərə verəcəyini əminliklə diqqətə çatdırıb. Ümidvar olduğunu bildirib ki, bu qardaşlıq, dostluq əlaqələrinə əsaslanan işgüzar səfərlər müntəzəm xarakter alacaq, İsmayıllının və Riştanın inkişafında əhəmiyyətli rol oynayacaqdır.

Görüş zamanı İsmayıllı ilə Riştan şəhəri arasında qarşılıqlı əməkdaşlıq haqqında saziş imzalanıb.

Hər iki şəhərin etnoqrafiyasını, xalq sənətkarlığını əks etdirən hədiyyələr qarşılıqlı olaraq təqdim olunub. Nümayəndə heyətinin tərkibində olan xanımlara Basqal kəlağayısı hədiyyə edilib.

Sonra Heydər Əliyev Mərkəzində bir qrup ziyalı ilə qonaqların görüşü olub, Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyətinin nümayəndələri ilə "dəyirmi masa” arxasında söhbət keçirilib. Bundan sonra qonaqlar Heydər Əliyev prospektində "Qala divarları” qarşısındakı dostluq bağında ağac əkiblər.

Özbək qonaqlar bir neçə gün İsmayıllıda qalacaq, onun sosial-iqtisadi inkişafı, coğrafiyası, tarixibu günü, milli-etnik tərkibi, xalq sənətkarlığı, şəhərsalma mədəniyyəti, aqrar istehsal səviyyəsi ilə tanış olacaqlar.

 

Əli SƏLİMOV

 

Azərbaycan.- 2019.- 24 aprel.- S.4.