BDU-da “Uydurma erməni
soyqırımı: reallıqlar və faktlar”
mövzusunda tədbir keçirilib
Bakı Dövlət Universitetində (BDU) “Uydurma erməni soyqırımı: reallıqlar və faktlar” mövzusunda tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbiri giriş sözü ilə açan BDU-nun rektoru Elçin Babayev uydurma soyqırımı iddiasının heç bir əsasa malik olmadığını, ermənilərin tarixi hadisələri saxtalaşdıraraq bundan daim türk dünyasına qarşı təzyiq vasitəsi kimi istifadə etdiklərini bildirib. O qeyd edib ki, erməni diasporu qondarma erməni soyqırımı məsələsində aldıqları dəstək nəticəsində hər dəfə daha da azğınlaşır və prosesi daha böyük miqyasda həyata keçirməyə çalışır. Lakin faktlar və tarixi mənbələr bu iddiaların cəfəngiyyatdan başqa bir şey olmadığını göstərir. Son illərdə Azərbaycan dövlətinin seçdiyi diplomatik hücum taktikasının müsbət nəticələrindən, ermənilərin mövqeyinin gündən-günə zəifləməsindən danışan rektor bütün bu nailiyyətlərin kökündə Prezident İlham Əliyevin uğurlu xarici siyasətinin dayandığını qeyd edib. Dövlət başçısının bu siyasətinin, eyni zamanda, sevincli və kədərli günümüzdə bizimlə olan dost və qardaş Türkiyə ilə bağlı olduğunu bildirən rektor dəfələrlə arxivlərin açılması çağırışının edilməsinə baxmayaraq, ermənilərin bu məsələdən yayındıqlarını əslində soyqırımı faktının olmamasına sübut kimi dəyərləndirib.
Tədbirdə Bakı Dövlət Universitetinin dosenti Atamoğlan Məmmədli “24 aprel - uydurma erməni soyqırımının ifşası” mövzusunda məruzə edib. O, qondarma erməni soyqırımının Osmanlı Türkiyəsində yaşayan ermənilərin sistemli şəkildə məhv edildiyini irəli sürən əsassız iddia olduğunu bildirib. Qərb dövlətlərinin Osmanlını aradan qaldırmaq üçün hazırladıqları hərbi-təcavüzkarlıq planlarından danışan Atamoğlan Məmmədli Qafqazda Eçmiədzin kilsəsinin fəal iştirakı ilə erməni terrorçu ünsürlərinin təlimat və silahlarla təchiz edilərək Şərqi Anadoluya göndərilməsindən, Osmanlı dövlətində müxtəlif millətlərə və dinlərə münasibətdən bəhs edib. Böyük dövlətlər tərəfindən Osmanlının daxili işlərinə qarışmaq planları haqqında məlumat verən Atamoğlan Məmmədli bu istiqamətdə osmanlı vətəndaşları olan ermənilərdən və Rusiyadan gəlmə erməni terrorçularından istifadə olunduğunu vurğulayıb. O, “Hınçaq” və “Daşnaksutyun” terror təşkilatlarının pozuculuq fəaliyyətləri barədə də danışıb.
Azərbaycan
Respublikasının Prezidenti yanında
Dövlət İdarəçilik Akademiyasının professoru, siyasi elmlər doktoru, “Azərbaycan Respublikası
Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı
İcması” İctimai Birliyinin
sədr müavini Elçin
Əhmədov isə ermənilərin guya
soyqırımına məruz qalmaları barəsində əsassız
iddiaları və onların mahiyyəti barədə fikirlərini
bölüşüb. O deyib:
“Tarixi sənədlər təsdiq edir ki, 1915-ci ildə
Türkiyə ərazisində ermənilərə
qarşı heç bir
soyqırımı olmayıb. Türkiyənin
müharibəyə cəlb olunduğu həmin
dövrdə ermənilər çoxsaylı silahlı dəstələr
yaradaraq arxa cəbhədə
üsyan qaldırıb, türk
ordusuna qarşı hücumlar
edib, ayrı-ayrı şəhər və
qəsəbələrdə kütləvi qətllər
törədib, əhali ilə qeyri-insani
davranıblar. Təbii ki, türk
ordusu da dinc əhalini müdafiə etmək, onları
erməni vəhşiliklərindən qorumaq
üçün lazımi tədbirlər
görüb. Ermənilərin bu və ya digər ərazilərə
köçürülməsi zamanı da
heç bir
soyqırımı olmayıb”. Professor Elçin Əhmədov bildirib
ki, heç bir fakta istinad
etmədən, o dövrün
arxiv materiallarını araşdırmadan
bir qrup siyasətçinin
ötən əsrin əvvəlində baş
verən hadisələri qiymətləndirməsi tamamilə
yanlışdır. Bu, həm də müasir dünyada,
xüsusən Qərbdə hökm sürən
ikili standartların nəticəsidir.
Azərbaycan.-
2019.- 24 aprel.- S.6.