Sahibkarlığın dinamik inkişafı Prezidentin bu
sahəyə xüsusi diqqətinin təzahürüdür
25 aprel Sahibkarlar Günüdür
Ümummilli lider Heydər Əliyevin Azərbaycanda hakimiyyətə qayıdışı ilə çağdaş tariximizdə keyfiyyətcə yeni dövrün, müstəqil dövlət quruculuğuna doğru aparan böyük yolun başlanğıcı qoyuldu.
Həyata keçirilən sistemli tədbirlər nəticəsində ölkəmizdə siyasi və makroiqtisadi sabitliyə nail olunmuş, iqtisadi inkişafın lokomotivi olan sahibkarlar sinfinin formalaşması üçün real hüquqi baza yaradılmış, dövlət tərəfindən özəl sektora hərtərəfli dəstək göstərilməsi tədbirlərinin həyata keçirilməsinə başlanılmışdı.
"Sahibkarlığın inkişaf etdirilməsi, sərbəst iqtisadiyyata yol verilməsi, bazar iqtisadiyyatının yaradılması bizim strateji yolumuzdur” - deyən Heydər Əliyev ölkənin gələcək iqtisadi inkişafının məhz özəl sektorla bağlı olduğunu vurğulayırdı. Ulu öndərin müəyyən etdiyi və onun rəhbərliyi ilə uğurla həyata keçirilən sahibkarlığın inkişafı strategiyası özəl bölmənin inkişafına yönəlmiş tədbirlərin sistemliliyi, dövlət tənzimlənməsinin liberallaşdırılması, dövlət-sahibkar münasibətlərinin institusionallaşdırılması ilə xarakterizə edilirdi. Qəbul olunmuş dövlət proqramlarının bu sahənin inkişafında xüsusi rolu oldu, kiçik və orta sahibkarlığın inkişafını iqtisadi siyasətin prioritet istiqamətlərindən birinə çevirdi.
Ümummilli liderin sahibkarlarla keçirilən görüşləri, üzləşdikləri problemlərin nədən ibarət olduğunu bilavasitə onların öz dilindən eşitməsi və bunların qısa müddət ərzində həlli üçün konkret tapşırıqlar, fərman və sərəncamlar verməsi özəl sektorun təmsilçilərinə yüksək diqqətin təzahürü idi.
Belə görüşlərə nümunə kimi 2002-ci ilin 25 aprel tarixində yerli və may ayında xarici iş adamları ilə keçirilən görüşləri göstərmək olar. Bu görüşlərdə sahibkarlığın inkişafı yolları araşdırılmış, bu inkişafa mane olan əngəllərin aradan qaldırılması üçün konkret tədbirlər müəyyənləşdirilmiş, 2002-2005-ci illər üçün Azərbaycanda Sahibkarlığın inkişafı Dövlət Proqramı təsdiq olunmuşdur.
Məhz bu görüşlərin Azərbaycan sahibkarlığının inkişafında mühüm tarixi əhəmiyyətini, habelə ölkənin iqtisadiyyatında sahibkarların artan rolunu, məşğulluğun təmin olunmasında özəl sektorun inkişafının müstəsna əhəmiyyətini nəzərə alaraq, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 21 aprel 2016-cı il tarixli sərəncamına əsasən hər il aprelin 25-i Azərbaycanda Sahibkarlar Günü kimi qeyd edilir.
2003-cü ildən Heydər Əliyev siyasi və iqtisadi kursunu uğurla davam etdirən ölkə Prezidenti İlham Əliyev ötən 16 ildə milli inkişaf prioritetlərini düzgün müəyyənləşdirərək ölkənin bütün potensialını intellektual resursların, insan kapitalının gücləndirilməsi yönümündə səfərbər etmişdir.
Bu gün hər bir sahibkar dərk edir ki, qüdrətli və müasir Azərbaycanın qurulması üçün Prezident İlham Əliyevin liderliyi altında bizi hələ bir sıra mühüm vəzifələr gözləyir.
Azərbaycan biznes mühitinin əlverişliliyi, sahibkarların rahat işləməsi üçün ən çox islahatlar aparan ölkələrdən biridir. Post-neft iqtisadiyyatının qurulması, idxaldan asılılığın azaldılması, ölkənin ixrac potensialının yüksəldilməsi üçün rəqabətqabiliyyətli mal və məhsulların istehsal olunması məqsədilə hökümət sahibkarlar üçün böyük imkanlar yaradıb. Ölkədə qeyri-neft sektorunun, xüsusilə də regionlarda kiçik və orta sahibkarlığın inkişafı istiqamətində mühüm işlər görülüb.
Bazar iqtisadiyyatı yolunu seçmiş istənilən dövlətin müstəqil yaşaması və inkişafı prosesində orta təbəqənin - iqtisadi inkişaf və sabitliyin təminatçısı sayılan sahibkarlar sinfinin rolu müstəsnadır. Bu reallığı nəzərə alan ölkə Prezidenti milli iqtisadi inkişaf modelinin reallaşdırılmasında özəl sektorun həlledici rolunu daim önə çəkir, güclü sahibkarlar təbəqəsinin formalaşmasına, onların cəmiyyətdəki mövqelərinin güclənməsinə çalışır.
Azərbaycan Prezidentinin rəhbərliyi ilə iqtisadiyyatın bütün sahələrini əhatə edən islahatlar sahibkarlığın inkişafına güclü təkan verir.
Prezident İlham Əliyev öz çıxışlarında yerli sahibkarlara müraciət edərək bildirmişdir: "Mən çalışacağam ki, sizə maksimum dərəcədə sərbəstlik verilsin. Maksimum dərəcədə imkanlar yaradılsın ki, siz sərbəst, azad, rahat şəkildə öz fəaliyyətinizi davam etdirəsiniz”. Sahibkarlığın inkişafına münasibətdə bu cür ardıcıl mövqe ölkəmizin iqtisadi potensialının hərəkətə gətirilməsi baxımından olduqca əhəmiyyətli olmuşdur.
Dövlət başçısının təbii fəlakət və digər hadisələr nəticəsində zərərçəkmiş sahibkarlara dəymiş ziyanın dəqiq hesablanaraq kompensasiya ödənilməsi, eyni zamanda onlara güzəştli şərtlərlə kreditlərin verilməsi, habelə onların qısa müddətdə işlə təmin edilməsi barədə sərəncamları Azərbaycan sahibkarları və sadə vətəndaşlar arasında böyük rəğbətlə qarşılanmışdır.
Ticarət mərkəzlərində sahibkarların fəaliyyət göstərməsi yeni iş yerlərinin və bununla da iqtisadiyyatda əlavə dəyər yaradılmasına yardımçı olan elementlərdən biridir. Bu prosesdə sahibkar fiskal dövlət gəlirlərinin formalaşmasında iştirak edir. Ona görə də bütün sosial qrupların sahibkarlığa meylinin artırılması məqsədilə ölkə Prezidenti öz çıxışlarında bildirmişdir ki, "Ağır günlərdə, bədbəxt hadisə baş verdikdə dövlət hər zaman sahibkarların yanında olacaqdır”.
2019-cu il Azərbaycan üçün mühüm sosial-iqtisadi islahatların reallaşdığı il kimi tarixə yazılacaq.
Təkcə
fevral ayında bunu əsaslandıran amillərə nəzər
salsaq görərik ki, Prezident İlham Əliyevin bir ayda
imzaladığı 8 sərəncam, 4 fərman ölkə əhalisinin
sosial rifah halının
yaxşılaşdırılmasını, aztəminatlı
ailələrin, qaçqın və məcburi
köçkünlərin, müharibə
veteranlarının, şəhid ailələrinin, tələbələrin
sosial müdafiəsinin gücləndirilməsini təmin edib.
Bütün
bunlar Prezidentin böyük sosial islahatlar paketinin tərkib hissəsinə
aid olan məsələlərdir.
"Bəzi çoxmənzilli
binaların istismarına icazə verilməsinin sadələşdirilməsi
haqqında” fərman bu sahədə inqilabi yenilikdir. Bu fərman
tikinti sahəsində memarlıq amnistiyası hesab olunur.
Dövlət başçısı
fevralın 28-də "Azərbaycan Respublikasında fiziki
şəxslərin problemli kreditlərinin həlli ilə
bağlı əlavə tədbirlər haqqında” fərman
imzaladı. Problemli kreditlərin əhalinin xeyrinə həlli
istiqamətində hazırlanan bu sənədə əsasən
böyük bir narahatlığa son qoyuldu.
Prezidentin bu fərmanı ilə
800 min nəfərin kredit problemi birdəfəlik həll
edildi. Cənab İlham Əliyev sahibkarlarla bank arasında
etimad mühitini bərpa etdi, məhkəmə çəkişmələri
sahibkarın xeyrinə həll olundu.
Göründüyü kimi,
Azərbaycan Prezidenti İlham Əliyev yeni prezidentliyi dönəminin
ilk ilində həyata keçirdiyi
düşünülmüş və məqsədyönlü
siyasətlə ölkəmizin inkişafı,
xalqımızın əmin-amanlıq şəraitində
yaşamasının təmin edilməsi üçün
verdiyi bütün vədləri vaxtında və yüksək
səviyyədə yerinə yetirir. Azərbaycanın əldə etdiyi
uğurlar xalqımızın bir il bundan əvvəl
keçirilən prezident seçkilərində cənab
İlham Əliyev kimi uzaqgörən siyasi lideri dəstəkləməklə
düzgün mövqe tutduğunu bir daha sübut edir.
Artıq
sahibkarlığın inkişafı regional iqtisadi siyasətin
ən mühüm elementlərindən birinə çevrilib. Belə ki, son
illər regionların sosial-iqtisadi problemlərinin həllində
özəl sektora üstünlük verilir.
Azərbaycan Respublikasında
2004-cü ildən uğurla icra olunan regionların
sosial-iqtisadi inkişafına dair dövlət proqramları
rayonların iqtisadi potensialının artmasına, infrastruktur
təminatının, kommunal xidmətlərin keyfiyyətinin
daha da yüksəlməsinə, biznes və investisiya
mühitinin, əhalinin rifahının
yaxşılaşmasına səbəb olur, bununla da ölkənin
strateji inkişaf hədəflərinə, müəyyən
edilmiş məqsədlərə nail olunmasına əhəmiyyətli
töhfəsini verir.
Bu il yanvarın
29-da 2014-2018-ci illərdə regionların sosial-iqtisadi
inkişafı Dövlət Proqramının icrasının
yekunlarına həsr olunan konfransda Prezident İlham Əliyev
bir daha bu uğurları dəyərləndirdi. Dövlət
proqramının icrasının təmin edildiyini vurğulayan
dövlət başçısı son 15 il
ərzində Azərbaycan iqtisadiyyatının dünya
miqyasında rekord templərlə inkişaf etdiyini söylədi.
Yalnız bir fakta nəzər yetirək. 15
ildə ümumi daxili məhsulun 3,2 dəfə
artması dünya miqyasında rekord göstəricidir.
Bütün iqtisadi göstəricilər onu deməyə əsas
verir ki, Azərbaycan son 15 il ərzində
çox uğurla inkişaf edib. Artan iqtisadi
imkanlar dövlətin sosial məsələlərə də
böyük diqqət yetirməsinə real imkanlar yaradıb.
Prezident İlham Əliyevin
yeni inkişaf konsepsiyasına uyğun olaraq həyata
keçirilən siyasət ölkədə bazar
iqtisadiyyatı prinsiplərini sosial ədalət prinsipləri
ilə birləşdirdi. Dövlət
başçısının söylədiyi kimi, Azərbaycanın
uğurlu inkişafı məhz buna söykənir.
Dövlət
proqramlarının icrası nəticəsində bölgələrin
siması büsbütün dəyişdi. Regionlarda sənayenin,
aqrar sektorun inkişafına təkan verildi. Sənaye parkları, aqroparklar, fabrik və
zavodların açılışı vaxtilə işsizlik səbəbindən
paytaxta üz tutan insanları yenidən regionlara qaytardı və
hazırda həmin müəssisələrdə yüzlərlə
insan çalışır.
Növbəti illərdə də
regionlarda sahibkarlığın inkişafını təmin
etmək məqsədilə Azərbaycan Respublikasının
Prezidenti 29 yanvar 2019-cu il tarixli "Azərbaycan
Respublikası regionlarının 2019-2023-cü illərdə
sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın təsdiq
edilməsi haqqında fərman imzalamışdır.
Biznes mühitinin
yaxşılaşdırılması və qeyri-neft sektorunda
sahibkarlığın inkişaf etdirilməsi sahəsində
görülən tədbirlər nəticəsində
2004-2018-ci illərdə ölkəmizin qeyri-neft ixracı 4,1 dəfə, ixrac olunan mal çeşidlərinin
sayı 2,6 dəfə artmışdır. Eyni zamanda,
sahibkarlıq subyektlərinin sayı 4,2 dəfə, hüquqi
şəxslərin sayı 1,9 dəfə, kiçik müəssisələrin
sayı 2 dəfə, fərdi sahibkarların sayı 5 dəfə
artmış, ümumilikdə müstəqillik qazandıqdan
sonra ölkə iqtisadiyyatına 250 milyard dollar investisiya
qoyulmuşdur.
Sahibkarlığa dövlət dəstəyi
tədbirləri nəticəsində sahibkarlıq subyektlərinin
sayının son 15 il ərzində
artması nəticəsində özəl sektorda iş yerlərinin
əsaslı şəkildə artması bu prosesin dönməz
xarakter aldığını bir daha təsdiq edir.
Regionların davamlı
inkişafında və əhalinin məşğulluğunda
olduqca əhəmiyyətli rol oynayan sahibkarlığın
inkişafı üzrə tədbirlər davam etdirilir. Azərbaycanda
regionların tarazlı inkişafını təmin etmək
üçün digər sahələrlə yanaşı,
bölgələrdə aqrar-sənaye kompleksinin sürətli
inkişafına nail olunmuşdur. Nəzərə
almalıyıq ki, kənd təsərrüfatında ölkə
üzrə ümumi daxili məhsulun 5,6
faizi istehsal edilir. Əhalinin 47 faizi kənd yerlərində
yaşayır və məşğul əhalinin 36,3 faizi kənd təsərrüfatında
çalışır. Bu baxımdan kənd təsərrüfatının
inkişaf etdirilməsi regionlardakı problemlərin aradan
qaldırılmasına şərait yaratmışdır.
Ümumilikdə İqtisadiyyat Nazirliyi
yanında Sahibkarlığın İnkişafı Fondunun vəsaitləri
hesabına indiyədək investisiya layihələrinin
ümumi dəyəri 5,1 milyard manat olan 35
mindən çox sahibkara 2,3 milyard manat güzəştli
kredit verilmişdir. Bu kreditlərdən istifadə etməklə
investisiya layihələrinin reallaşdırılması nəticəsində
165 minə yaxın yeni iş yerinin açılması
imkanı yaradılıb. Güzəştli
kreditlərin 72 faizi aqrar sektorun, 28 faizi sənaye və digər
sahələrin inkişafına yönəldilib. Bu kreditlərin 75 faizi regionların, 25 faizi Bakı qəsəbələrinin
payına düşür.
2019-cu il
yanvarın 10-da Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi
inkişafının yekunlarına və qarşıda duran vəzifələrə
həsr olunmuş iclasında Prezident İlham Əliyevin diqqət
yetirdiyi əsas məqamlardan biri məhz sahibkarlıqla
bağlı olmuşdur.
Ölkə Prezidenti iclasda
bildirdi ki, "Biz sahibkarlığın inkişafı
üçün də əlavə addımlar atmalı,
kompleks tədbirlər görməliyik. Bu kompleks tədbirlər
apardığımız siyasətin tərkib hissəsidir”.
Prezident İlham Əliyevin dərin
islahatlar ili kimi qiymətləndirdiyi 2018-ci
ildə özəl sektorun inkişafı, sahibkarlıq fəaliyyətinin
genişləndirilməsi istiqamətində sistemli tədbirlər,
islahatlar davam etdirilib.
Lisenziya tələb olunan fəaliyyət
növlərinin sayı azaldılmış, lisenziyalar
müddətsiz müəyyən edilmiş, dövlət
rüsumunun məbləği Bakıda 2 dəfə, regionlarda
isə 4 dəfə azaldılmış, lisenziyaların
İqtisadiyyat Nazirliyi tərəfindən "ASAN xidmət” mərkəzlərində
verilməsinə başlanılmışdır. Əvvəllər müxtəlif sahibkarlıq fəaliyyətlərinə
bütünlükdə 330 icazə tələb olunurdusa,
"Lisenziyalar və icazələr haqqında” qanunun qüvvəyə
minməsi ilə bütün icazələr vahid sənəddə
göstərilir, onların sayı 86-ya endirilmişdir.
2018-ci ildə sahibkarlara 2048
lisenziya verilib ki, bunun da 1384-nü yeni, 664-nü isə
müddətsiz lisenziyalarla əvəzetmə təşkil
edir.
Ümumilikdə İqtisadiyyat Nazirliyi tərəfindən
"ASAN xidmət” mərkəzləri vasitəsilə 2 noyabr
2015-ci ildən 1 yanvar 2019-ci il tarixinədək
sahibkarlara 6766 lisenziya verilib. Ötən ilin mart
ayında "Lisenziyalar və icazələr” portalı
yaradılıb və portal vasitəsilə artıq 587 elektron
lisenziya verilib.
Ölkə
iqtisadiyyatının, xüsusilə də özəl sektorun
inkişafında keyfiyyətcə yeni mərhələ
başlanıb. Bu mərhələdə sahibkarların fəaliyyətinə
əsassız və qanunsuz müdaxilələrin, bürokratik
yoxlamaların aradan qaldırılması, liberal biznes
mühitinin formalaşdırılması xüsusi diqqət mərkəzindədir.
"Sahibkarlıq sahəsində
aparılan yoxlamaların dayandırılması haqqında”
qanunun tətbiqindən sonrakı 38 ay ərzində, vergi
yoxlamaları istisna olmaqla, cəmi 640 yoxlama keçirilib. Müqayisə
üçün qeyd edək ki, yoxlamaların
dayandırıldığı 2015-ci ilin 1 noyabrından əvvəlki
38 ay ərzində sahibkarlıq subyektlərində 185 mindən
çox yoxlama keçirilib.
İnvestisiya təşviqi sənədinin
iqtisadiyyata sərmayələrin cəlb edilməsində əhəmiyyətli
mexanizm olduğunu nəzərə alaraq, 2019-cu ilədək
sahibkarlara investisiya dəyəri 2,8 milyard manatdan çox olan
layihələr üzrə 333 investisiya təşviqi sənədi
və bu investisiya təşviqi sənədləri
əsasında 2188 təsdiqedici sənəd verilib. Layihələrin 41 faizi kənd təsərrüfatı,
59 faizi isə sənaye sahələrini əhatə edir.
Bu layihələrin reallaşması nəticəsində 22
minə yaxın iş yerinin açılacağı gözlənilir.
Ötən 2018-ci ildə isə
sahibkarlara investisiya dəyəri 801 milyon manat olan layihələr
üzrə 107 investisiya təşviqi sənədi təqdim
edilmişdir.
Prezident İlham Əliyev tərəfindən
ötən il dekabrın 25-də
"Sahibkarlara mövcud və ya inşa ediləcək tikinti
obyektlərinin elektrik enerjisi ilə təchizatı prosedurunun
sadələşdirilməsi haqqında” fərmana edilən dəyişikliklərdən
sonra prosedurların sayı 2-yə, elektrik şəbəkəsinə
qoşulma müddəti 20 günə endirilib. Hazırda tələbatı
150 kilovata qədər olan fəaliyyət sahəsini elektrik
şəbəkəsinə qoşmaq üçün
sahibkarın "KOB evləri”, "ASAN Kommunal” və "ASAN
xidmət” mərkəzlərinə müraciət etməsi
kifayətdir.
Milli iqtisadiyyat perspektivi
üzrə Strateji Yol Xəritəsində hədəf
indikatorlardan biri kimi adambaşına qeyri-neft ixracının
2025-ci ildə ən azı 450 ABŞ dollarına
çatdırılması müəyyənləşdirilib. Bu, isə
azı üç dəfədən çox artım deməkdir.
Qəbul edilən "Azərbaycan
Respublikasının milli iqtisadiyyat perspektivi üzrə
Strateji Yol Xəritəsi”nin qarşısında duran vəzifələrdən
biri də kiçik və orta sahibkarlığın
inkişafı məsələsidir. Əldə edilmiş
uğurların davamlılığının təmin
olunması sahibkarlıq fəaliyyətinin tənzimlənməsi
sisteminin təkmilləşdirilməsini, sahibkarlara, xüsusilə
də kiçik və orta sahibkarlara göstərilən
texniki, maliyyə, hüquqi, metodiki və s. xidmətlərin əhatə
dairəsinin genişləndirilməsini, keyfiyyət səviyyəsinin
daha da artırılmasını zəruri edir, bu sahədə
institusional yanaşmanı şərtləndirir.
Bütün bunları nəzərə
alaraq Azərbaycan Prezidenti "Kiçik və orta
sahibkarlıq sahəsində idarəetmənin daha da təkmilləşdirilməsi
haqqında” fərmana əsasən İqtisadiyyat Nazirliyinin
tabeliyində publik hüquqi şəxs statuslu Kiçik və
Orta Sahibkarlığın İnkişafı Agentliyi
yaradılıb. Agentliyin qarşısında qoyulan əsas
vəzifə ölkədə kiçik və orta
sahibkarlığın inkişafı, iqtisadiyyatda rolunun və
əhəmiyyətinin, rəqabətqabiliyyətliliyinin
artırılması, inkişafının dəstəklənməsi,
dövlət orqanları və təşkilatlarının bu
sahədə fəaliyyətinin əlaqələndirilməsi,
dövlət dəstəyi sahəsində qabaqcıl beynəlxalq
təcrübənin tətbiq edilməsidir.
Prezident İlham Əliyevin bəyan
etdiyi kimi, hazırda qarşıda duran ən başlıca məqsəd
Azərbaycanı inkişaf etmiş dövlətlər səviyyəsinə
çatdırmaqdır. Bu baxımdan ölkənin
inkişafının hazırkı mərhələsində
qarşıya qoyulmuş əsas hədəflər
çoxşaxəli, innovasiyayönümlü
iqtisadiyyatın formalaşdırılması, əhalinin
rifahının davamlı olaraq
yaxşılaşdırılması, habelə elmin, mədəniyyətin
inkişafında, ictimai həyatın bütün istiqamətlərində
yeni nailiyyətlərin əldə olunmasıdır.
Azərbaycan Sahibkarlar Konfederasiyası
bu tədbirlərin uğurla həyata keçirilməsi
istiqamətində öz qüvvə və imkanlarını səfərbər
etmişdir.
Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər)
Təşkilatları Milli Konfederasiyası hazırda qeyri-neft
sektorunun inkişafı istiqamətində ölkənin özəl
sektorunda sağlam qüvvələrin birləşməsi əsasında
öz işini qurur, sahibkarlara göstərilən xidmətlərin
əhatə dairəsini genişləndirir, günün tələblərinə
cavab verən mövzular üzrə treninq, seminar, konfranslar
keçirir və sahibkarların hüquq və vəzifələrinin
qorunması istiqamətində mütəmadi olaraq iş
aparır.
Son illərdə respublikamızda
qeyri-neft sektorunun, xüsusilə də regionlarda kiçik və
orta sahibkarlığın inkişafı istiqamətində
ayrı-ayrı regionların sosial-iqtisadi inkişafına dair
dövlət proqramları, iri infrastruktur layihələrinin həyata
keçirilməsi əhalinin yoxsulluq səviyyəsinin minimuma endirilməsi, kiçik və orta
sahibkarlığın, xüsusən fermer təsərrüfatlarının
daha da inkişaf etməsinə şərait
yaratmışdır. Əldə olunmuş
dinamik iqtisadi artımın nəticəsidir ki, Azərbaycanın
"yuxarı orta gəlirli” ölkələr sırasında
mövqeyi daha da möhkəmlənmişdir.
Ölkədə həyata
keçirilən qeyri-neft sektorunun inkişaf konsepsiyasında
ilk növbədə hüquqi və fiziki şəxslərin
qismində sahibkarların fəal iştirakına geniş
meydan verilməsi, sahibkarlıq subyektlərinə dövlət
tərəfindən güzəştli kreditlər şəklində
verilən maddi dəstəyin ilbəil artırılması və
çoxsaylı digər tədbirlər Prezident İlham
Əliyevin bu sahəyə diqqətini təsdiqləyən
faktların yalnız az bir hissəsidir.
Sahibkarlarımız da öz
müəssisələrini müasir tələblərə
uyğun qurmalı, ixrac bazarlarında rəqabətqabiliyyətli
məhsullar istehsal etməli, xarici bazarlarda mövcud olan
geniş imkanlardan faydalanmaq məqsədilə peşəkarlıqlarını
artırmalı, ixrac menecerləri cəlb etməlidirlər.
İqtisadiyyat Nazirliyinin təşkilatçılığı
ilə sahibkarların və istehlakçıların maarifləndirilməsi
məqsədilə ötən il Bakıda və regionlarda 7
konfrans və "dəyirmi masa” təşkil edilib, ticarət
qaydalarına əməl olunması ilə bağlı 8
maarifləndirici məlumat 560 mindən artıq elektron
ünvana göndərilib, istehlakçı hüquqlarına
dair 10 adda 13 mindən artıq buklet və yaddaş
kitabçası paylanılıb. Azərbaycan
Sahibkarlar Konfederasiyası bu tədbirlərdə yaxından
iştirak etmiş, tədbirlərin uğurla həyata
keçirilməsi istiqamətində öz qüvvə və
imkanlarını səfərbər etmişdir.
Azərbaycan hökuməti, Azərbaycan
Həmkarlar Konfederasiyası və Azərbaycan Sahibkarlar
Konfederasiyası sosial dialoqun bərabərhüquqlu subyektləri
kimi kollektiv müqavilə və sazişlərin
bağlanması, onlara əlavə və dəyişikliklər
edilməsi və icrasının təmini, bir sıra əmək
və sosial-iqtisadi məsələlərin həlli istiqamətində
birgə iş aparır.
2018-ci ilin fevral ayında Azərbaycan
Respublikası Nazirlər Kabineti, Azərbaycan Həmkarlar
İttifaqları Konfederasiyası və Azərbaycan
Respublikası Sahibkarlar (İşəgötürənlər)
Təşkilatları Milli Konfederasiyası arasında
2018-2019-cu illər ücün sosial əmək münasibətləri
üzrə razılaşdırılmış mövqeləri
və birgə fəaliyyətləri müəyyən edən
Baş Kollektiv Saziş imzalanmışdır.
Konfederasiya Baş Kollektiv
Sazişin tərəfdaşı kimi sosial dialoq məsələlərinə
önəm verir, yalnız sahibkarlara dəstək verməklə
kifayətlənmir, müvafiq dövlət qurumları, həmkarlar
ittifaqları ilə əməkdaşlıq çərçivəsində
ölkədə əmək münasibətlərinin tənzimlənməsində
fəal iştirak edir.
Eyni zamanda əmək
hüquqlarının müdafiəsi, əməyin mühafizəsi,
texniki və ekoloji təhlükəsizlik Azərbaycan hökuməti
ilə əməkdaşlığın prioritet istiqamətlərindəndir.
Azərbaycan Sahibkarlar
Konfederasiyası bir çox ölkələrin sahibkarlıq təşkilatları
xarici ölkələrin Azərbaycandakı və Azərbaycanın
xaricdəki səfirlikləri, Dünya Bankı, Avropa
İttifaqının komissiya və təşkilatları və
digər beynəlxalq təşkilatlarla
qarşılıqlı faydalı əməkdaşlıq edərək
yerli iş adamlarına Azərbaycanda və ölkə
hüdudlarından kənarda tərəfdaşlar tapmaqda və
investisiya qoyulmasında kömək göstərir.
2019-cu ildə 19 xarici ölkəyə
25 ixrac missiyası həyata keçiriləcək, 11 beynəlxalq
sərgidə Azərbaycan vahid ölkə stendi ilə təmsil
olunacaq, ixracla məşğul olan sahibkarlara maliyyə dəstəyi daha da gücləndiriləcəkdir.
Ölkəmizin rəqabətqabiliyyətli
məhsullarının ixracının təşviq edilməsi
məqsədilə 2018-ci ildə xarici ölkələrdə
5 "Azərbaycan Ticarət Evi” açılıb. Bu il
yanvarın 15-də Birləşmiş Ərəb Əmirliklərinin
Dubay şəhərində açılan "Azərbaycan
Ticarət Evi” ölkəmizin xaricdə yaradılmış
sayca 7-ci ticarət evidir. Ticarət evlərində
daimi fəaliyyət göstərən sərgilərdə Azərbaycan
şirkətlərinin istehsal etdiyi məhsullar nümayiş
olunur.
Bu il Rusiyada, Birləşmiş
Ərəb Əmirliklərinin Abu-Dabi şəhərində
və Qazaxıstanda "Azərbaycan Ticarət Evi”nin
açılması nəzərdə tutulur.
2018-ci ildə Çində
2 "Azərbaycan Şərab Evi” açılıb. Xarici ölkələrdə
Azərbaycanın şərab evlərinin yaradılması
prosesi bu ildə də davam etdiriləcəkdir.
Azərbaycan Sahibkarlar Konfederasiyası ölkə sahibkarlarını təmsil edən bir təşkilat olaraq həm əldə etdiyimiz uğurları dəyərləndirir, həm də müasir çağırışları dərindən təhlil edir, bununla bağlı silsilə və ardıcıl tədbirlər həyata keçirir. Bu, istər qanunvericilik aktlarının təkmilləşdirilməsi, istər sahibkarlıq subyektlərinin problemlərinin öyrənilib əlaqədar təşkilatlar tərəfindən onların həllinə nail olunması, istərsə də sahibkarların maarifləndirilməsi işinin daha da dərinləşdirilməsi ilə bağlıdır.
Konfederasiya Azərbaycan iqtisadiyyatının inkşafında sahibkarlığın rolunun qorunub saxlanmasında və inkişaf etdirilməsində genişmiqyaşlı işlər aparır.
Biz Sahibkarlar Konfederasiyası olaraq Azərbaycanda fəaliyyət göstərən bütün sahibkarları bu əlamətdar gün - Sahibkarlar Günü münasibətilə təbrik edir, onlara fəaliyyətlərində uğurlar arzu edirik. İnanıram ki, ölkə sahibkarları dövlətimizin yaratdığı bu imkanlardan istifadə edərək xalqımızın rifah halının daha da yüksəlməsi, rəqabətədavamlı istehsal potensialının artırılması üçün öhdələrinə düşən vəzifələri daha məsuliyyətlə yerinə yetirəcək, yaradılan əlverişli şəraitdən səmərəli şəkildə və düzgün istifadə edərək ölkəmizin iqtisadi qüdrətinin artması üçün bütün qüvvələrini səfərbər edəcəklər.
Məmməd MUSAYEV,
Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər)
Təşkilatları Milli Konfederasiyasının
prezidenti
Azərbaycan.-
2019.- 25 aprel.- S.1; 3.