Azərbaycan gənclərin məşğulluğunun dəstəklənməsində çox ölkələrə nümunədir

 

Dövlətin sosial siyasətinin prioritetləri

 

Hər bir ölkə üçün gənclər siyasətinin güclənməsinə, bu siyasətin mühüm tərkib hissəsi kimi, gənclərin səmərəli məşğulluğuna, onların iqtisadi inkişaf proseslərinə cəlb olunmasına yönəldilən səy investisiyalar mahiyyət etibarilə cəmiyyətin gələcək davamlı tərəqqisinə xidmət edir. Qlobal iqtisadi böhrandan sonrakı dövrdə beynəlxalq əmək bazarında nisbi sabitliyin müşahidə olunmasına baxmayaraq, işsiz gənclərin sayının ildən-ilə artaraq 70 milyonu ötməsi, 15-24 yaşlı gənclər arasında işsizlik səviyyəsinin dünya üzrə orta işsizlik səviyyəsini 3 dəfə üstələyərək 13,1 faiz təşkil etməsi gənclərin məşğulluğunun təminatı məsələsinin aktuallaşmasına səbəb olub.

Azərbaycan Prezidenti İlham Əliyevin respublikamızın dinamik və uzunmüddətli inkişafını təmin edən uğurlu islahatlar proqramı ölkəmizdə işsizliyin kəskin şəkildə azalmasına, əmək bazarında sabitliyin əldə olunmasına imkan verməklə, gənclərin əmək bazarına çıxışının və məşğulluğunun artırılmasının hərtərəfli dəstəklənməsi, iqtisadiyyatın dayanıqlı inkişafında gənclərin iştirakının təmin edilməsində dövlət siyasətinin həyata keçirilməsinə şərait yaradıb. Bunun nəticəsidir ki, ölkədə gənclər arasında işsizlik səviyyəsi kəskin şəkildə azalmaqdadır. Azərbaycan gəncliyi ictimai həyatın və iqtisadiyyatın bütün sahələrində aktiv fəaliyyəti ilə seçilir. Dövlətin gənclərin fəaliyyəti üçün yaratdığı geniş imkanlar nəticəsində bu təbəqə cəmiyyətin avanqard qüvvəsinə çevrilir. Gənclər bu gün dövlət orqanlarında, parlamentdə, bələdiyyələrdə, biznes strukturlarında təmsil olunur və cəmiyyətin inkişafına öz töhfələrini verirlər.

Bu baxımdan təsadüfi deyil ki, Azərbaycan Beynəlxalq Əmək Təşkilatı (BƏT) tərəfindən gənclərin məşğulluq problemlərinin həllinə görə dünyada 10 lider ölkə sırasındadır. BƏT-in rəsmi saytındakı "Gənclərin Məşğulluq Siyasətləri üzrə İnformasiya Sistemi” bölməsində bir sıra ölkələrin, o cümlədən Azərbaycan gənclərinin səmərəli məşğulluğunun təmin olunması məsələləri ilə bağlı dolğun hüquqi bazası, siyasi praktik təcrübəsi, aktiv məşğulluq proqramları təqdim olunur. 2016-cı ildə isə MDB ölkələri və Gürcüstan nümayəndələrinin iştirakı ilə gənclərin məşğulluğunun təmin edilməsi sahəsində uğurlu təcrübələr üzrə BƏT tərəfindən keçirilmiş müsabiqədə Azərbaycan nümayəndə heyətinin təqdimatı ən çox səs toplayaraq gənclərin məşğulluğunun dəstəklənməsi sahəsində MDB-də ən yaxşı təcrübə nümunəsi kimi birinci yerə layiq görülübbununla əlaqədar BƏT-in diplomu ilə təltif edilib.

Ölkəmizdə mövcud olan müsbət demoqrafik vəziyyət və inkişaf tendensiyaları dövlətin əmək ehtiyatlarının, o cümlədən gənc istehsal qüvvələrinin formalaşmasına və səmərəli yerləşməsinə təsir edən əsas amillərdən biridir. Hazırda Azərbaycan Avropa və MDB-də demoqrafik baxımdan cavan yaş strukturuna malik az sayda olan ölkələrdən biridir. 14-29 yaşda olan əhali (gənclər) ölkə əhalisinin 25,4, uşaqlar isə (0-14 yaşda) 22,6 faizini təşkil edir. Bununla yanaşı, son 15 il ərzində təbii artım və doğulanların sayının sabit artması (hər 1000 nəfərə hesabı ilə müvafiq olaraq 8,3 və 14,2 nəfərədək yüksəlməsi) nəticəsində bütövlükdə ölkə əhalisinin, o cümlədən əmək qabiliyyətli əhalinin sayında da əhəmiyyətli artım baş vermişdir. 15-64 yaş qrupunda olan əhalinin payı 65,8 faizdən 70,9 faizədək dəyişmişdir.

Hər il orta hesabla 100 min nəfərə qədər gəncin əmək bazarına daxil olması bu sayda gənc işçi qüvvəsinin əmək bazarı tərəfindən qarşılanması tələbi makroiqtisadi, demoqrafik, məşğulluq və təhsil siyasətlərinin qarşılıqlı əlaqələndirilməsinin gücləndirilməsini zəruri edir. 2018-ci ildə ölkə üzrə iqtisadi fəal əhalinin tərkibində 15-24 yaşda gənclərin payı 12, 15-29 yaş qruplarında isə 27 faiz təşkil edir.

Təbii ki, Azərbaycanın dünya iqtisadiyyatına inteqrasiyası, iqtisadiyyatın dinamik inkişafı şəraitində gənclərin potensial imkanlarından tam istifadə olunması, onların məşğulluğunun təminatı və müasir dövrün tələblərinə cavab verən gənc kadr potensialının formalaşdırılması gələcəkdə iqtisadi artımın təmin edilməsi üçün olduqca əhəmiyyətlidir. Müasir əmək bazarının tələblərinə uyğun hazırlığa malik gənc kadrların mövcudluğu gələcək iqtisadi artımın və tərəqqinin əsas şərtlərindən biridir.

Qeyd olunan amillər də nəzərə alınmaqla ölkəmizdə fəal gənclər siyasəti əsasında bir çox sosialyönümlü dövlət proqramlarına və strategiyalara, o cümlədən "Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramına və "2019-2030-cu illərdə Azərbaycan Respublikasının Məşğulluq Strategiyası”na, habelə Azərbaycan hökuməti ilə BƏT arasında 2016-2020-ci illər üçün əməkdaşlıq prioritetlərini müəyyən edən ikinci "Layiqli Əmək üzrə Ölkə Proqramı”na uyğun olaraq, gənclərin peşə-ixtisas hazırlığının yüksəldilməsinə, məşğulluğunun artırılmasına yönələn mühüm addımlar atılır.

 

***

 

Bu gün Azərbaycan gənclərin məşğulluq probleminin həlli ilə bağlı BƏT-in müvafiq konvensiyalarına, qətnamələrinə qoşulub. "İşsizlikdən sığorta haqqında”, "Məşğulluq haqqında” qanunlar qəbul olunub. Bütün bunlar dövlət başçısının tapşırıqlarına uyğun olaraq, əmək münasibətlərinin leqallaşması, işçi qüvvəsinin keyfiyyətinin yaxşılaşdırılması, əhalinin məşğulluğu sahəsində elektron xidmətlərin tətbiqinin genişləndirilməsi və s. aktiv əmək bazarı tədbirlərinin səmərəliliyinin artmasına, inklüziv məşğulluğun təmin olunmasına, işsizişaxtaran şəxslərin sosial müdafiəsinin gücləndirilməsinə, ölkədə əmək bazarında yeni tənzimləmə mexanizmlərinin formalaşmasına zəmin yaradıb.

Bütün bu proseslər eyni zamanda gənclərlə bağlı aktiv məşğulluq tədbirlərinin ildən-ilə güclənməsi ilə tamamlanır. 2018-ci ilin yekunlarına əsasən, Dövlət Məşğulluq Xidməti orqanları tərəfindən 14698 nəfər gənc münasib işlə təmin olunub, 1275 nəfər gənc işəgötürənlərin real tələbləri əsasında peşə hazırlığına, 319 nəfər gənc isə haqqı ödənilən ictimai işlərə cəlb edilib.

İşsizlikdən kiçik sahibkarlığa çıxış imkanı yaradan özünüməşğulluq proqramında gənclərin də fəal iştirakına geniş şərait yaradılıb. Prezident İlham Əliyevin müvafiq sərəncamına əsasən, özünüməşğulluq proqramına 2018-ci ildə cəlb edilən 7267 nəfər işsizdən 1174 nəfəri gənclər olub. Digər proqram iştirakçıları kimi, onlar da Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən verilmiş aktivlər (malmateriallar) hesabına kiçik ailə bizneslərini qurublar. Artıq cari ilin ilk rübündə arasında gənclərin də olduğu 1000-dən çox şəxs bu proqrama cəlb olunub. İl ərzində işsizişaxataran şəxslərin proqrama cəlb edilməsi işləri davam etdiriləcək.

 

***

 

Məşğulluq xidməti tərəfindən həyata keçirilən tədbirlər sırasında orta məktəblərin yuxarı sinif şagirdləri, işsizişaxtaran gənclər, ali təhsil müəssisələrinin tələbələri, eləcə də ali təhsilli işaxtaran gənclər üçün peşəyönümü məsləhətlərinin verilməsi və karyerada ilk addım tədbirlərinə xüsusi önəm verilir. 2018-ci il ərzində 118138 nəfər gənc peşəyönümü məsləhətlərinə cəlb olunub. Cari ilin 3 ayı ərzində bu tədbirlərə cəlb edilənlərin sayı isə 32,8 min nəfər olub ki, onlardan da 22 mindən çoxunu gənclər təşkil edib.

Peşəyönümü tədbirləri ilə yanaşı, Bakı, Gəncə, Sumqayıt, Mingəçevir şəhərlərində və Lənkəran rayonunda məzun və tələbələrin işlə təmin olunmasına kömək göstərilməsi, eləcə də onların əmək bazarına səmərəli inteqrasiyası məqsədilə "Karyerada ilk addım” devizi altında 8 ali təhsil müəssisəsində aktiv məşğulluq tədbirləri keçirilib. Bu tədbirlərdə 457 müəssisə tərəfindən 2351 vakansiya təqdim edilib. İştirakçılara seçdikləri vakansiyalar üzrə göndərişlər verilib, məzun və tələbələrin şəxsi məlumatları müəssisələr tərəfindən qəbul olunub. Ən başlıcası, həmin tədbirlər tələbə və məzunların işəgötürənlərlə ilkin əlaqələrinin qurulmasına, onların gələcəkdə əmək bazarına inteqrasiyasına kömək edib. Bunlardan əlavə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) yanında Dövlət Məşğulluq Xidmətinin təşkilatçılığı ilə İqtisad Universitetində məzunların təhsildən-işə keçid imkanlarının asanlaşdırılması, onlara işəgötürənlərə özlərini təqdimetmə bacarıqlarının formalaşdırılması məqsədilə "Karyeranı qur” təlimləri təşkil edilib.

Səriştələr əsasında hazırlanmış peşə və kvalifikasiya standartları əmək bazarının tələblərinə cavab verə biləcək kadr potensialının formalaşdırılmasında, həmçinin işsizişaxtaran vətəndaşların səmərəli məşğulluğunun təmin olunmasında və bütövlükdə milli işçi qüvvəsinin rəqabətqabiliyyətinin artırılmasında əsas alət rolunu oynayır. Ölkəmizdə də artıq turizm, emal sənayesi, tikinti, energetika, kənd təsərrüfatı, nəqliyyat və xidmət sahələrinə aid 289 peşə standartı və uyğun təlim standartları, onların əsasında 52 peşəyönümü profili və 63 ixtisas standartları hazırlanıb. Bu standartlar bir çox sahibkarlar tərəfindən istifadə edilir. Həmçinin gənc işçi qüvvəsinin rəqabətqabiliyyətliliyinin artırılması sahəsində aparılan islahatların bir istiqaməti kimi əmək bazarında strateji məşğulluq sahələrinin müəyyən olunması, iqtisadiyyatın prioritetləri nəzərə alınaraq işçi qüvvəsinə olan tələbatın kəmiyyət və keyfiyyət parametrləri əsasında proqnozlaşdırılması və əmək bazarının mükəmməl monitorinq sisteminin institusional strukturunun formalaşdırılması işləri aparılır.

 

***

 

Aktiv məşğulluq tədbirlərinin təkmilləşdirilməsi və səmərəliliyinin artırılması, çeşidinin və əhatə dairəsinin genişləndirilməsi, bu sahədə mövcud qayda və prosedurların yenilənməsi, xüsusilə məşğulluq xidmətlərinin elektron infrastrukturunun hazırlanması və bu xidmətlərin elektron müstəvidə təqdim edilməsi islahatların tərkib hissəsidir. ƏƏSMN-in vahid platforma üzərindən 18 altsistemdən ibarət yaradılmış Mərkəzləşdirilmiş Elektron İnformasiya Sistemi, "e-sosialinternet portalı və "Məşğulluq” altsistemi ölkəmizdə işsizişaxtaran şəxslərin reyestrini, ölkə üzrə mövcud yerlərinin vakansiya bankını, eləcə də məşğulluq xidmətlərinin elektronlaşmasını təmin edir.

Yaxın vaxtlarda istifadəyə veriləcək "Məşğulluq” altsistemi vasitəsilə hər bir işsizişaxtaran şəxs yaşadığı ərazidə və ümumilikdə ölkə üzrə mövcud olan vakansiyalara birbaşa elektron şəkildə müraciət edə biləcək. Eyni zamanda, işəgötürənlər və sahibkarlar şəffaf şəkildə vahid veb səhifədə axtardıqları işçi qüvvəsinə çıxış əldə edəcəklər. Bu yeni texnologiyaların tətbiqi gənclərin əmək bazarına daha tez inteqrasiya olunmasına bilavasitə öz təsirini göstərəcəkdir.

Gənclər üçün yeni aktiv əmək bazarı tədbirlərinin tətbiqi, onların çeşidinin artırılması də nəzərdə tutulur. Bu sırada aktiv məşğulluq tədbirləri sırasında işsiz, xüsusilə sosial müdafiəyə xüsusi ehtiyacı olan şəxslərin əmək bazarına tez bir zamanda adaptasiya olunmasına, zəruri peşə, bilik və bacarıqlara yiyələnməsinə, təcrübə əldə etməsinə geniş imkanlar yaradan bir tədbir - əməkhaqqının Dövlət Məşğulluq Xidməti tərəfindən işəgötürənlərlə birgə maliyyələşdirilməsi tədbiri, işsiz şəxslərin sosial müdafiəsinin təmin olunması, bütövlükdə əmək bazarının inkişafı baxımından böyük əhəmiyyət kəsb edir. Həmin proqramın tətbiqi, habelə müasir tələblərə cavab verən qısamüddətli çevik modul proqramlar vasitəsilə peşə hazırlığının təşkili, peşəyönümü sisteminin təkmilləşdirilməsi, sahibkarlıq fəaliyyətinin stimullaşdırılması, onlar üçün tətbiq olunan kvotaların tətbiqinə nəzarətin gücləndirilməsi və digər istiqamətlərdə məqsədyönlü işlər aparılır.

Ölkədə gənclərin məşğulluğunun artırılması sahəsində siyasətin formalaşdırılması və həyata keçirilməsi bir çox beynəlxalq təşkilatlarla, xüsusilə Beynəlxlaq Əmək Təşkilatı, Dünya Bankı, Avropa İttifaqı, BMT İnkişaf Proqramı və digərləri ilə sıx əməkdaşlıq çərçivəsində həyata keçirilir. Məhz bu əməkdaşlığın nəticəsi olaraq, son illər Beynəlxalq Əmək Təşkilatının dəstəyi ilə Bakıda və Göyçay rayonunda icra olunan "Ali təhsilli, ilk dəfə işaxtaran gənclərin işlə təmin olunmasına dəstək” və "Gənclərin məşğulluğu subsidiya proqramı” pilot layihələri mühüm önəm kəsb edir. Həmçinin 2011-ci ildən başlayaraq BMT İnkişaf Proqramı ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin birgə layihəsi olan, ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) dəstəyi ilə Bakı, Sumqayıt, Gəncə, Masallı və Zaqatala şəhərlərində yaradılan Norveç SYSLAB Mərkəzləri gənclərin əmək bazarına inteqrasiyasında önəmli rola malikdir. Eləcə də BMT İnkişaf Proqramı ilə birgə icra olunan "Əhalinin sosial cəhətdən həssas qrupları üçün inklüzivlayiqli yerlərinin yaradılması” layihəsi əlilliyi olan şəxslərin özünüməşğulluq fəaliyyətlərinin, onların kiçik biznes qurulmasına dəstək göstərəcək ki, bu sırada gənclər də var. Dünya Bankı ilə birgə həyata keçirilən "Sosial Müdafiənin İnkişafı” layihəsi çərçivəsində isə Xəzər və Dövlət İqtisad universitetlərində "Virtual Müəssisələri”n (Təcrübə Firmalarının) yaradılması və digər istiqamətlərdə layihələrin reallaşdırılması da gənclərin məşğulluğunun inkişafına xidmət edir.

Bu günlərdə isə Dövlət Məşğulluq Xidməti və Gənclər Fondu orta-ixtisas təhsil müəssisələri və ali təhsil müəssisələrinin 29 yaşına qədər olan məzunları üçün "Gənclərin Məşğulluğu Proqramı”nı həyata keçirməyə başlayıb. Şübhə yox ki, proqramın reallaşdırılması gənclərin uğurlu karyera planlaşdırmasına, xüsusilə də regionlarda əlavə yerlərinin yaradılmasına, gənclərin ilk təcrübəsi əldə etməsinə, əmək bazarında rəqabətin artırılmasına töhfə verəcək.

 

***

 

Yeni təşəbbüslər əsasında ölkədə gənclərin məşğulluğu sahəsində dövlət siyasəti daim təkmilləşdirilir. Sosial tərəfdaşlıq prinsipi əsasında bazar iqtisadiyyatının tələblərinə uyğun bilik və bacarıqlara malik olan gənc işçi qüvvəsinin formalaşdırılması, onların əmək bazarında fəal iştirakı üçün bütün maneələrin aradan qaldırılması həm ölkə miqyasında, həm də hər bir müəssisə səviyyəsində əməyin məhsuldarlığının artmasına imkan yaradacaq və ümumən ölkənin gələcək iqtisadi inkişafında fəal rol oynayacaq.

 

Rəhman SALMANLI

 

Azərbaycan.- 2019.- 25 aprel.- S.7.