Birinci vitse-prezident Mehriban
Əliyeva Buzovnadakı 229 saylı uşaq
bağçasında, Mərdəkandakı gimnaziyada
və 32 saylı Laçın rayon məktəbində
mövcud şəraitlə tanış olub
Aprelin 25-də Azərbaycan
Respublikasının Birinci
vitse-prezidenti Mehriban Əliyeva Xəzər rayonunun Buzovna qəsəbəsində 229 saylı
körpələr evi-uşaq
bağçasında, Mərdəkan
qəsəbəsində Süleyman
Rüstəm adına
xarici dillər təmayüllü gimnaziyada
və gimnaziyanın ikinci korpusunda müvəqqəti fəaliyyət
göstərən 32 saylı
Laçın rayon tam orta
məktəbində mövcud
şəraitlə tanış
olub.
AZƏRTAC xəbər
verir ki, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva əvvəlcə
Xəzər rayonunun Buzovna qəsəbəsində
229 saylı körpələr
evi-uşaq bağçasına
gəldi.
Bağçanın müdiri
Ellada Səlimova məktəbəqədər təhsil
müəssisəsi barədə
Birinci vitse-prezident Mehriban Əliyevaya məlumat verdi.
Bildirildi
ki, bu bina
1836-cı ildə tikilib.
1957-ci ildən bina bağça kimi fəaliyyətə başlayıb. Burada sonuncu
dəfə təmir işləri 2006-2007-ci illərdə
həyata keçirilib.
Birinci vitse-prezident Mehriban Əliyeva uşaq bağçası-körpələr evindəki uşaqlarla görüşdü, onlarla
söhbət etdi, balacaların bacarıqları
ilə maraqlandı, arzularını soruşdu. Uşaqlar da
Birinci vitse-prezidentin ətrafına toplaşaraq
böyük məmnuniyyətlə
öz istəkləri
ilə bölüşdülər,
məharətlərini nümayiş
etdirdilər, rəqs edib, mahnılar oxudular, şeirlər söylədilər.
Məlumat verildi ki, 75 uşaq yerlik məktəbəqədər təhsil
müəssisəsində balacaların
təlim-tərbiyəsi ilə
27 nəfərdən ibarət
pedaqoji heyət məşğul olur. Dörd qrupdan
ibarət bağçada
2 yaşdan 6 yaşadək
uşaqlar tərbiyə
olunur və ilkin biliklərə yiyələnirlər.
Birinci vitse-prezident yuxarı yaş qrupundakı uşaqların məktəbə
hazırlığı ilə
də maraqlandı.
Ölkəmizdə uşaq müəssisələrinin
yüksək tələblər
səviyyəsində qurulması
istiqamətində dövlətin
gördüyü işlərə
Heydər Əliyev Fondu da böyük
töhfələr verir. 2014-cü ilin fevral ayında
Fondun prezidenti Mehriban Əliyevanın rəhbərliyi ilə məktəbəqədər təhsil
müəssisələrinin inkişafı proqramının
təqdimatı keçirilib
və ölkədə
yeni bağçaların
inşasına ehtiyac olduğu müəyyənləşdirilib.
Həmin
vaxtdan Fond ölkəmizdəki
məktəbəqədər təhsil müəssisələrinin
yenidən qurulması,
yeni, müasir uşaq bağçalarının
inşası sahəsindəki
fəaliyyətini daha
da genişləndirib.
***
Sonra Azərbaycan Respublikasının Birinci
vitse-prezidenti Mehriban Əliyeva Mərdəkan qəsəbəsində Süleyman
Rüstəm adına xarici dillər təmayüllü
gimnaziyaya gəldi.
Gimnaziyanın direktoru
Ənvər Mustafayev məlumat verdi
ki, 1960-cı ildə istifadəyə verilən
təhsil ocağı
indiyədək heç
vaxt əsaslı şəkildə təmir
edilməyib. Əvvəllər internat tipli
olan təhsil müəssisəsi 2010-cu ildən
xarici dillər təmayüllü gimnaziya
kimi fəaliyyət göstərir. İki korpusdan
ibarət məktəbdə
50 sinif otağı, idman və akt
zalları, emalatxanalar
mövcuddur.
Məktəbin sinif otaqları ilə yaxından tanış
olan Mehriban Əliyevaya bildirildi ki, gimnaziyada 5-11-ci siniflər üzrə tədris aparılır. Müəssisədə 609 şagird təhsil
alır, onların təlim-tərbiyəsi ilə
təqribən 70 nəfərdən
ibarət pedaqoji heyət məşğul olur. Məktəbdə
ingilis, ərəb, fars və
rus dilləri tədris edilir.
Azərbaycanın Birinci vitse-prezidenti şagirdlərlə
söhbət etdi, onlara dərslərində
uğurlar arzulayaraq dedi:
- Sizdə təhsilə, elmə, biliyə həvəs var. Siz Azərbaycanın ümidisiniz, ona görə yaxşı oxumalısınız. Gələcəkdə Azərbaycanın qurucuları
siz olacaqsınız.
Bilirəm, sizin məktəbinizin
hər zaman yaxşı göstəriciləri
olub. Uğurlar arzulayıram. Sağ olun.
Bildirildi ki,
2017-2018-ci tədris ilində
məktəbi 49 məzun
bitirib və onlardan 45-i Azərbaycanın
ali məktəblərinə
qəbul olunub. Qəbul imtahanlarında məktəb üzrə 3
nəfər 600-dən yuxarı
bal toplayıb.
***
Daha sonra Birinci vitse-prezident Mehriban Əliyeva gimnaziyanın ikinci korpusunda müvəqqəti
fəaliyyət göstərən
32 saylı Laçın
rayon tam orta məktəbində
mövcud şəraitlə
də tanış
oldu.
Məktəbin direktoru
Samirə Həsənova
Azərbaycanın Birinci
vitse-prezidentinə məlumat
verdi ki,
təhsil ocağı
1993-cü ildən bu binada fəaliyyət göstərir. Gimnaziyanın ikinci korpusunun
3-cü mərtəbəsində yerləşən məktəbdə
əsasən məcburi
köçkün ailələrindən
olan, həmçinin Xəzər rayonunda yaşayan uşaqlar təhsil alırlar.
Sinif otaqlarına baş çəkən Mehriban Əliyeva şagirdlərlə
səmimi söhbət
etdi, onlarla şəkil çəkdirdi.
Diqqətə çatdırıldı
ki, hazırda məktəbdə 170 şagirdin
təlim-tərbiyəsi ilə
25 müəllim, 10 texniki
işçi məşğul
olur. 2017-2018-ci tədris
ilində məktəbi
9 məzun bitirib və onlardan 7-si yüksək nəticə
göstərərək, Azərbaycanın
ali məktəblərinə
qəbul olunub.
Xanım Mehriban Əliyeva Xəzər rayonunda məskunlaşan məcburi
köçkünlər üçün
yaradılan şəraitlə
maraqlandı, dövlətin
bu sahəyə hər zaman xüsusi diqqət yetirdiyini bildirdi.
Birinci vitse-prezident
Mehriban Əliyeva Buzovna qəsəbəsindəki
körpələr-evi uşaq
bağçasında, Mərdəkan
qəsəbəsindəki Süleyman
Rüstəm adına
xarici dillər təmayüllü gimnaziyada
və gimnaziyanın ikinci korpusunda müvəqqəti fəaliyyət
göstərən 32 saylı
Laçın rayon tam orta
məktəbində şəraitin
yaxşılaşdırılması istiqamətində müvafiq
tapşırıqlarını verdi.
Azərbaycan.- 2019.-26 aprel.- S.2.