Bakı Ali Neft
Məktəbinin təşkilatçılığı ilə
keçirilən 4-cü SOCAR Forumu başa çatıb
Bakıda SOCAR-ın dəstəyi, Bakı Ali Neft Məktəbinin və Böyük Britaniyanın "Confidence Capital” şirkətinin təşkilatçılığı ilə keçirilən ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş 4-cü SOCAR Beynəlxalq "Xəzər və Mərkəzi Asiya: Ticarət, Logistika, Neft emalı, Neft-kimya” Forumu başa çatıb.
İştirakçılara Xəzər regionu və Mərkəzi Asiyada neft-qaz sənayesinin başlıca inkişaf istiqamətləri, eləcə də ticarət, logistika, neft emalı və neft-kimya sahələrində ən böyük beynəlxalq layihələr barədə informasiya mübadiləsi, habelə region ölkələrindən olan həmkarlar və tərəfdaşlarla birgə mövcud əməkdaşlığın möhkəmlənməsi və yeni işgüzar əlaqələrin qurulması üçün geniş imkanlar təqdim edən forumda dünyanın 20-dən artıq ölkəsindən olan müxtəlif şirkətləri təmsil edən 300-ə yaxın mütəxəssis iştirak edib. Forumda, eləcə də forum çərçivəsində keçirilmiş Xəzər və Mərkəzi Asiya regionlarının emal və neft-kimya sənayesi - layihələr və texniki həllər mövzusunda konfransda 40-a yaxın prezentasiya və məruzələr təqdim edilmiş, qonaqların SOCAR Karbamid, SOCAR Metanol, SOCAR Polimer zavodlarına və Səngəçal Neft Terminalına səfərləri təşkil olunmuşdur.
Xatırladaq
ki, Heydər Əliyevin anadan
olmasının ildönümünə həsr edilən və
2016-cı ildən etibarən təşkil olunan
forum ulu öndər tərəfindən
əsası qoyulmuş və Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi altında uğurla həyata keçirilən neft strategiyasının
işıqlandırılması üçün
unikal bir
platformadır. Forumda Xəzər və Mərkəzi Asiya
regionlarının yanacaq-energetika, neft-kimya komplekslərinin və logistika
strukturlarının, həmçinin aparıcı yerli və beynəlxalq şirkətlərin
top-menecerləri, sahəsinin öndə gedən ekspertləri,
analitiklər, diplomatik korpus
nümayəndələri və digər çoxsaylı
mütəxəssislər iştirak edirlər. İştirakçılar Azərbaycanın
neft-qaz sənayesinin inkişafı, Xəzər
regionu və Mərkəzi Asiyada
neft və qaz bazarları,
karbohidrogenlərin logistika və tranzit potensialı, başlıca ixrac marşrutları, xam neft və neft məhsullarının
ticarət dövriyyəsi, neft emalı və
neft-kimya müəssisələrinin
modernizasiyası, neft və qaz emalı sahəsində innovativ
texnologiyalar və bir çox digər sahələrdə məruzələr
və ekspert rəyləri ilə
tanış olmaq imkanı əldə
edirlər.
Azərbaycan.- 2019.- 26 aprel.- S.7.