“Formula-1”in könüllüləri
Böyük maraqla izlənilən və avtomobil yarışları içərisində
yüksək nüfuza
malik olan "Formula-1”
Azərbaycan Qran-prisi həyəcanı başlayıb. Sürət həvəskarlarının
səbirsizliklə gözlədikləri
Bakı mərhələsinə
hazırlıq işləri
ən yüksək səviyyədə görülüb.
Planetin bir nömrəli avtomobil yarışının
təşkilində və
keçirilməsində bir
sıra məsələlər
xüsusilə önəm
kəsb edir. Bunlardan biri
də marşallardır.
Onlar
"F1” aləmində "Yarış rəsmiləri”
də adlandırılırlar.
Ümumiyyətlə, dünyada marşallıq sevimli məşğuliyyət
kimi qəbul olunur. İnsanlar müxtəlif yarışlarda
marşallıq edərək
həm maraqlı vaxt keçirir, həm də yarışı yaxından
izləmək şansı
qazanırlar.
Ölkəmizdə bu sahə yeni
olmasına baxmayaraq, Bakı Şəhər Halqası Əməliyyat Şirkəti tərəfindən
təsis edilən
"Baku Marshals Club” marşallıq fəaliyyətinin bütün
istiqamətlərinə dair
tədbirlər təşkil
edir, müsahibələr
və təlimlər keçirir, eyni zamanda, beynəlxalq marşal klubları ilə sıx əməkdaşlıq qurur.
Onlar yerinə yetirdikləri müxtəlif
növ vəzifələrə
əsasən aşağıdakı
növlərə bölünürlər:
Sektor marşalları:
Trek xəyali olaraq "sektorlara” bölünür və hər bir sektora
nəzarət bir sektor marşalına və onun bir
və yaxud iki müavininə tapşırılır. Onlar
trek üzrə təyin
olunduqları sahədə
əsas səlahiyyətli
nümayəndə hesab
olunur və burada baş verən bütün işlərə görə
məsuliyyət daşıyırlar.
Trek marşalları:
Halqa boyunca nəzarət postlarında yer alanlar əsas marşallardır. Onların bir çox
vəzifələri var. Trek marşalları rəsmilər
arasında ən çox məsuliyyət daşıyan şəxslərdir.
Onların vəzifələrinə trekə daxil olub, onu qalıqlardan
təmizləmək, təhlükədə
olan avtomobilləri itələmək və qəzadan sonra ərazini təmizləmək
daxildir. Bu işi görə bilmək üçün
zirəklik, komandada işləmək qabiliyyəti,
dözümlülük və
təcrübə tələb
olunur.
Bayraq marşalları:
Trek boyunca marşal məntəqələrində
yarış iştirakçılarını
bayraq vasitəsilə
məlumatlandıran məsul
şəxslərdir. Onların başlıca
vəzifələri sürücülərlə
bayraqlar vasitəsilə
əlaqə qurub pilotları qarşıda olan təhlükə barəsində məlumatlandırmaq,
qəza anında mövqeyində qalaraq yolda baş vermiş təhlükə
barədə xəbərdar
etməkdir.
Rəqəmsal bayraq marşalları:
Halqa boyu müvafiq mövqelərdə yerləşdirilib,
digər bayraq marşallarının üzərinə
düşən işi
görürlər. Yeganə fərqləri
bayraq əvəzinə
displeydən istifadə
etmələridir.
Start və finiş marşalları:
Yarışı başlamaq və bitirmək üçün
damalı bayraqlardan, elektron vaxt tablolarından
və digər vasitələrdən istifadə
edirlər. Onlar start və finiş xəttində müxtəlif
bayraqları (qara bayraq, mexaniki bayraq və s.) göstərməyə görə
cavabdehlik daşıyırlar.
Yanğınsöndürən və xilasetmə
marşalları:
Yanğınsöndürmə üzrə geniş təcrübə əldə
ediblər. Onlar tədbir zamanı
bütün yanğın
və xilasetmə işlərinə görə
cavabdehlik daşıyırlar.
Tibbi marşallar:
Bu xidmətə
həkim heyəti (həkimlər, orta təhsilli tibb işçiləri, tibb bacıları və s.), avadanlıq və nəqliyyat vasitələri,
trekdə təxirəsalınmaz
kömək, yaralıların
daşınması, tibbi
mərkəz, kommunikasiya
sistemi, əvvəldən
təyin olunmuş xüsusi xəstəxanalar
daxildir.
Texniki təftiş
marşalları:
Bu təftiş
marşalları gündəlik
olaraq hər bir avtomobili, o cümlədən qəzaya
uğramış avtomobilləri
təftiş edərək
təhlükəsizlik və
uyğunluq tələblərinə
cavab verdiyini müəyyən edir.
Pit və sıra düzülüşü marşalları:
Bu marşallar hər bir tədbirdən
əvvəl start düzülüşünü
qururlar. Onların vəzifələrindən biri
tədbir zamanı pit
xəttindəki nəqliyyat
vasitələrini və
insanları yönləndirməkdir.
Bərpa üzrə
marşallar:
Bu qrupa evakuator avtomobillərinin heyəti və onların köməkçiləri
daxildir. Onların vəzifəsi tədbir
zamanı və tədbirdən sonra sıradan çıxmış
və hərəkətsiz
qalmış avtomobilləri
trekdən uzaqlaşdırmaqdır.
Kommunikasiya üzrə
marşallar:
Rabitəçi və ya müşahidəçilər
kimi tanınırlar. Onlar hər
bir marşal postuna təyin edilir, baş verənləri müşahidə
edir, yarışa nəzarət otağına
xüsusi audio rabitə
kanalları vasitəsilə
məlumat ötürürlər.
Hüdudlar üzrə
marşallar:
Əsas vəzifəsi halqa boyu çətin vəziyyətdə qalmış
sürücülərə kömək etmək və onları yubanmadan pitlərə aparmaqdır.
Logistika və marşalların təchizatı:
Onların vəzifəsi digər marşalları tədbirdən
əvvəl və tədbir zamanı yemək, su, avadanlıq, dəftərxana
məhsulları, radio qurğuları
və geyimlə təmin etməkdir.
Elçin CƏFƏROV
Azərbaycan.- 2019.- 27 aprel.-
S.1; 6.