Mehriban Əliyeva:
“Mən hər zaman sizin yanınızdayam”
Aprelin 26-da Azərbaycan
Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Nəsimi
rayonunda Tibb Universitetinin 4 saylı yataqxanasında və
Qaradağ rayonunda salınan "Qobu Park” yaşayış
kompleksində məskunlaşan məcburi köçkünlərlə
görüşüb.
AZƏRTAC xəbər verir ki, əvvəlcə
Birinci vitse-prezident Mehriban Əliyeva məcburi
köçkün ailələrinin yaşayış şəraiti
ilə tanış olmaq üçün
Tibb Universitetinin 4 saylı yataqxanasına gəldi. 1993-cü ildən işğal altında olan
bütün rayonlardan məcburi köçkünlərin məskunlaşdığı
yataqxanada 150-dən çox ailə yaşayır. Məcburi köçkün ailələri dövlətin
onlara göstərdiyi diqqət və qayğını
yüksək dəyərləndirdiklərini bildirdilər, bu
dəstəyi hər zaman hiss etdiklərini söylədilər.
Bu istiqamətdə görülən
işlərin bundan sonra da davam etdiriləcəyini
vurğulayan Birinci vitse-prezident Mehriban Əliyeva dedi:
-Çox sağ
olun ki, məni belə qarşılayırsınız. Əziz analar, əziz bacılar, mən sizi çox
sevirəm. Mən sizin üçün əlimdən
gələn hər şeyi edəcəyəm. Mən gəlmişəm sizinlə
danışım, problemlərinizi öyrənim. Sizə söz verirəm, həm cənab Prezident, həm
mən daim sizin yanınızdayıq. Mən
bilirəm ki, siz yararsız binalarda çətin vəziyyətdə
yaşayırsınız. İnanın mənə,
tapşırığımla yeni yol xəritəsi
hazırlanır. Bütün yataqxanalarda, bütün
ponsionatlarda həm nazirliyin, həm Heydər Əliyev Fondunun əməkdaşları,
həm də Regionların İnkişafı Fondunun əməkdaşları
bir-bir gəzəcəklər, araşdıracaqlar, insanlarla
görüşəcəklər, bütün problemləri
öyrənəcəklər, lazım gəlsə
özüm də bütün ponsionatları gəzəcəyəm.
Sakinlər: Allah Sizi qorusun!
Mehriban Əliyeva:
Prezident
İlham Əliyevin diqqətində olan ən vacib məsələ
məcburi köçkünlərin və
qaçqınların yaşayış şəraitinin
yaxşılaşdırılmasıdır və bu günə
qədər çox böyük işlər
görülüb, 300 mindən artıq insan evlə təmin
olunub və təmin olunacaq. Son illərdə mən
görürəm ki, müsbət dinamika var. Əgər
2017-2018-ci illərdə 6126 mənzil təhvil verilibsə, bu il təkcə 1 il ərzində 6 min mənzil
təhvil veriləcək.
Sakinlər: Allah Sizi qorusun. Biz Sizə minnətdarıq.
Mehriban Əliyeva:
Mən sizə
öz böyük məhəbbətimi çatdırıram.
Sakinlər: Bütün
qaçqınlar, məcburi köçkünlər Sizdən
razıdırlar.
Mehriban Əliyeva:
Sağ olun, mən
onu hiss edirəm. İnanın, mənim güc mənbəyim
sizsiniz. Mən hər zaman sizin
yanınızdayam. Bu, mənim borcumdur.
Sakinlər: Allah Sizə yar olsun, Siz Azərbaycan
xalqına çox kömək etmisiniz. Sağ olun, var olun,
Prezidentimiz sağ olsun, Allah sizi qorusun.
Dövlətimizin Azərbaycanın
ərazi bütövlüyünün təmin olunması
istiqamətində həyata keçirdiyi tədbirlər,
qaçqın və məcburi köçkünlərin həyat
şəraitinin yaxşılaşdırılması
üçün görülən işlər bu kateqoriyadan
olan soydaşlarımızın hər zaman diqqət və
qayğısı ilə əhatə olunduğunu göstərir.
Birinci vitse-prezident Mehriban
Əliyeva Qubadlı rayonundan məcburi köçkün
Murtuzəli Yusufovun məskunlaşdığı mənzildə
oldu.
Mehriban Əliyeva: Mən xüsusi olaraq gəlmişəm
ki, sizin yaşayış probleminiz qısa bir zamanda həll
olunsun, normal yaşayış şəraiti təmin edilsin. Bilirsiniz, həm Azərbaycan dövləti, həm
Prezident, həm də şəxsən mən, bütün bu
problemlərlə gündəlik fəaliyyətimizdə məşğul
oluruq. Çıxış yolları da
var. Bu günə qədər çox işlər
görülüb, 300 mindən çox
qaçqınımız, məcburi
köçkünümüz mənzillə, evlə təmin
olunub. Amma yenə də bu problem var. Biz gərək
özümüz üçün proqram yaradaq ki, bütün
bu məsələləri ardıcıl olaraq həll edək
və bütün soydaşlarımızı normal
yaşayış şəraiti ilə təmin edək. Mən bu yolda əlimdən gələn hər
şeyi etməyə hazıram. Çox qısa bir
zamanda normal ev şəraiti ilə təmin
olunacaqsınız.
Sakin: Allah köməyiniz olsun.
Birinci vitse-prezident Tibb Universitetinin 4
saylı yataqxanasında məskunlaşan digər ailələrə
də baş çəkdi, buradakı yaşayış şəraiti
ilə yaxından tanış oldu, məcburi
köçkün ailələrinin müraciətlərini
dinlədi, onların qısa zamanda yeni mənzillərlə təmin
ediləcəyini vurğuladı.
Birinci vitse-prezident
yataqxananın yerləşdiyi ərazidə Zəngilan rayon 20
saylı orta məktəbdə də oldu. Mehriban
Əliyeva 131 şagirdin təhsil aldığı məktəbə
müəllimlərlə görüşdü.
Mehriban Əliyeva: Mən xüsusi olaraq gəlmişəm
ki, yataqxanadakı vəziyyətlə tanış
olum. Görürəm ki, belə vəziyyətdə
yaşamaq çox çətindir. Uzun illərdir
ki, orada yaşamısınız. Ona
görə də artıq plana uyğun olaraq çox qısa
bir zamanda Qobuda tamamilə yeni salınmış qəsəbədə
mənzillərlə təmin edilərsiniz. Məktəbin də orada yerləşməsi
üçün mən indi bütün göstərişləri
verdim.
Sakinlər: Çox sağ
olun, Allah köməyiniz olsun.
Mehriban Əliyeva: Çox sağ
olun, siz də bilin ki, sizin sözləriniz, dəstəyiniz, məhəbbətiniz
mənim üçün ən əsas güc mənbəyidir.
Mən bunu görəndə daha da çox
işləməyə hazıram və mənim vəzifəm
budur. Hər zaman sizin yanınızdayam.
Tibb Universitetinin 4 saylı
yataqxanasında məskunlaşan məcburi köçkünlərin
yaşayışı ilə yaxından tanış
olan, onların müraciətlərini dinləyən Mehriban
Əliyeva bu kateqoriyadan olan insanların həyat şəraitinin
yaxşılaşdırılması üçün
lazımi tədbirlərin görüləcəyini bildirdi.
***
Sonra Azərbaycanın Birinci
vitse-prezidenti Mehriban Əliyeva Qaradağ rayonunda məcburi
köçkünlər üçün salınan "Qobu
Park” yaşayış kompleksinə gəldi.
Mehriban Əliyeva burada da qəsəbə
sakinləri ilə görüşdü, müraciətləri
dinlədi və onların həlli istiqamətində
tapşırıqlarını verdi. Bildirildi ki, məcburi köçkünlərin həyat
şəraitinin yaxşılaşdırılması istiqamətində
daim ardıcıl işlər aparılır və bu qəbildən
olan soydaşlarımızın problemləri həmişə
dövlətin diqqət mərkəzindədir.
Daha sonra Birinci vitse-prezident məcburi
köçkün Şəmsiyyə Mehdiyevanın evində
oldu.
Mehriban Əliyeva:
Qarabağ
problemi ölkəmizin ən böyük problemidir və daim
Prezidentin diqqət mərkəzindədir. Bu
münaqişə və torpaqlarımızın işğal
altına düşməsi nəticəsində qaçqın
və köçkün həyatı sürməyə məcbur
olan soydaşlarımızın problemlərinin həlli bizim ən
böyük vəzifəmizdir.
Buraya gəlməmişdən
əvvəl Bakıda yataqxanada məskunlaşmış
soydaşlarımızla görüşdüm. Çox
acınacaqlı, təhlükəli vəziyyətdə
yaşayırlar. Onların hamısını normal ev şəraiti ilə təmin etmək
dövlətimizin, Prezidentimizin, şəxsən mənim ən
vacib vəzifəmizdir. Bu istiqamətdə
bütün lazımi işlər görülüb və
görülür. İndiyədək 300
mindən çox soydaşımız evlə təmin olunub,
103 yeni qəsəbə, şəhərcik salınıb.
Şəhərcik təkcə evlərdən
ibarət deyil, onu yaratmaq üçün infrastruktur - məktəblər,
bağçalar tikilib, su, qaz, işıq xətləri
çəkilib, asfalt yollar salınıb. Amma,
yenə də hələ ki, ağır vəziyyətdə
yaşayan insanlarımız var və onların həyatının
yaxşılaşdırılması üçün əlimizdən
gələni edəcəyik.
Bu gün belə bir gözəl
qəsəbədə olmağıma görə çox
şadam. Xatırlayıram ki, buranın
açılışında bərabər iştirak
etmişdik. Görürəm ki, siz
çox gözəl, rahat şəraitdə
yaşayırsınız. Arzum odur ki, hər
bir qaçqın və köçkün məhz belə
şəraitdə yaşasın. Biz buna
nail olacağıq. Mən əminəm,
buna iradə də, imkan da var. Bütün bu məsələlər
ardıcıl olaraq öz həllini tapacaq.
İnşallah, Qarabağ problemi də öz həllini gərək
sülh yolu ilə, beynəlxalq hüququn norma
və prinsipləri əsasında tapsın, soydaşlarımız
doğma torpaqlarına qayıtsın. Hələ
ki, bütün soydaşlarımızı normal
yaşayış şəraiti ilə, işlə təmin
etmək Azərbaycan dövlətinin ən əsas vəzifəsidir.
İnanın ki, bu sahədə bütün
lazımlı işlər, addımlar atılır. Uzun bir prosesdir, çətin prosesdir, böyük maliyyə
tələb edən prosesdir. Amma yenə də
bütün lazımi addımlar atılır və bu istiqamətdə
işlər davam etdirilir. Gözəl, yaxşı,
müsbət dinamika var. Əgər 2017-2018-ci illər ərzində
6126 mənzil təhvil verilibsə, təkcə bu il 6 min mənzil təhvil veriləcək. Yəni, bu, o deməkdir ki, 6 min ailənin
yaşayış şəraiti yaxşılaşacaq. Mən sizin hər birinizi görməyə çox
şadam. Əgər sizin hansısa problemləriniz,
xahişləriniz varsa, mən hər zaman kömək etməyə
hazıram, hər zaman sizin yanınızdayam.
Sakin: Sayənizdə hər
şey yaxşıdır, çox gözəl şəraiti,
havası var. Hədiyyələriniz üçün çox
sağ olun. Hər şey yaxşıdır, Allah sizə
cansağlığı versin.
Mehriban Əliyeva: Bu iki balaca gözəl bala
kimin uşaqlarıdır? Çox gözəl
oğlanlardır. Amma indi mənə
söylədilər ki, bağça fəaliyyət göstərmir.
Göstəriş verəcəyəm ki,
çox yaxın zamanda bağça fəaliyyətə
başlasın. Çünki bu da vacibdir.
Sakin: Çox sağ
olun, Sizin sayənizdə heç bir problemimiz yoxdur. Çox gözəl şəraitimiz var.
Digər sakin: Çox sağ
olun ki, bizim qəsəbəyə gəlmisiniz. Bu
qəsəbənin təməlini siz qoymusunuz.
Mehriban Əliyeva:
Bəli,
açılışında da iştirak etmişik.
Sakin: Mən keçmiş
Qarabağ müharibəsi döyüşçüsüyəm.
Son zamanlar ölkədə gedən proseslər,
sosial müavinətlərin artırılması bizi çox
sevindirir. Qarabağ müharibəsi
veteranlarının, əlillərinin müavinətlərini
50 faiz artırdığına görə möhtərəm
Prezidentimizə təşəkkür edirik. Bizim burada yaşayışımız
yaxşıdır, narazılığımız yoxdur. Gözəl mənzillərlə təmin
olunmuşuq. Qarabağ
döyüşçüsü kimi Ali Baş Komandanın
apardığı siyasəti dəstəkləyirəm.
Eyni zamanda, döyüşçü
yoldaşlarım da. Möhtərəm
Prezidentimiz lazım bilsə, hər zaman
torpaqlarımızı azad etməyə hazırıq. Amma, eyni zamanda, indiki vəziyyəti təhlil edəndə
görürük ki, Azərbaycan Qafqazda lider dövlətdir,
dünyada söz sahibidir. Bizim bu vəziyyətə
düşməyimiz keçmiş hakimiyyətin təqsiridir.
Biz onun bəlasını indi də çəkirik.
Mehriban Əliyeva: Düz deyirsiniz, o zaman Heydər
Əliyev iqtidarda olsaydı heç vaxt belə hadisə
olmazdı, heç vaxt buna imkan verməzdi.
Sakin: Əgər Heydər
Əliyev hakimiyyətə həmin illərdə gəlsəydi,
bu bəlalar bizə qismət olmazdı. Mən Sizə, cənab
Prezidentə ulu öndərimiz Heydər Əliyevin yolunu davam
etdirdiyinizə görə dərin təşəkkürümüzü
bildirirəm. Allah Sizin və möhtərəm
Prezidentimizin canını sağ eləsin.
Mehriban Əliyeva: Çox sağ olun. Mənim də təşəkkürümü qəbul edin. Bilin ki, həm Prezidentin, həm mənim ürəyimdə daim sizə qarşı böyük hörmət, böyük məhəbbət, böyük istək var. Bütün problemlərin həlli ağır və uzun prosesdir. Böyük maliyyə dəstəyi lazımdır. Biz də istəyirik problemlər daha tez həll olunsun, bu planda olan bütün tədbirlər həyata keçirilsin. Amma yenə də qeyd edirəm, iradə var, bütün bu problemlər ardıcıl olaraq həll ediləcək. Bunu hər bir vətəndaşımız, xüsusilə də işğaldan, münaqişədən əzab çəkən, öz doğma torpaqlarından qaçqın düşən, öz doğma evlərini itirən, uzun illərdir ki, çətin vəziyyətdə yaşayan insanlar çox yaxşı başa düşürlər. Ona görə bu insanlara, sizlərə kömək etmək bizim ən əsas və ən vacib vəzifəmizdir. Bilin ki, fəaliyyətimdə mənim üçün ən vacib, ən mühüm güc mənbəyi məhz sizinlə, insanlarla ünsiyyətdə olmaqdır. Mən sizin sevginizi, dəstəyinizi hiss edəndə daha inamlı oluram. Mənim üçün böyük şərəfdir ki, insanlar mənə dəstək verir, məni sevir, mənə inanır. Sizi əmin etmək istəyirəm ki, mən sizin etimadınızı doğruldacağam. Çox sağ olun.
Sakin: Allah sizə, Prezidentimizə
cansağlığı versin.
Mehriban Əliyeva: Çox sağ
olun, Prezidentin də böyük salamlarını sizə
çatdırıram. İnşallah
Qarabağda biz eyni belə gözəl mənzillərdə
görüşək.
Sakin:İnşallah
Birinci vitse-prezidentin
adından Şəmsiyyə Mehdiyevanın ailəsinə hədiyyələr
təqdim edildi.
Mehriban Əliyeva buradakı digər
mənzillərdə yaradılan şəraitlə də
yaxından tanış oldu.
Yaşayış kompleksində
ümumilikdə 1026 məcburi köçkün ailəsi mənzillə
təmin olunub.
Azərbaycan.- 2019.-27 aprel.- S.1; 3.