Birinci vitse-prezident:
“Bir daşa da ziyan dəyməməlidir”
Aprelin 26-da Azərbaycan Respublikasının
Birinci vitse-prezidenti Mehriban Əliyeva "İçərişəhər” Dövlət Tarix-Memarlıq
Qoruğunda görülən
işlərlə tanış
olub.
AZƏRTAC xəbər
verir ki, Azərbaycan memarlığının
və mədəniyyətinin
nadir incisi sayılan İçərişəhərin qorunması diqqət mərkəzindədir. Prezident İlham
Əliyev və Birinci xanım Mehriban Əliyeva xalqımızın milli sərvəti olan İçərişəhərin qədimiliyinin qorunmasına
daim diqqət və qayğı ilə yanaşırlar.
Şirvan-Abşeron memarlıq məktəbinin
ən məşhur nümunəsi olan İçərişəhərin UNESCO-nun Dünya İrs Siyahısına daxil edilməsi Azərbaycan xalqının bəşər
mədəniyyətinə töhfələr
verdiyini bir daha təsdiqləyir.
"İçərişəhər”
Dövlət Tarix-Memarlıq
Qoruğu İdarəsinin
sədri Əsgər Ələkbərov Azərbaycanın
Birinci vitse-prezidenti Mehriban Əliyevaya görülən işlərlə
bağlı ətraflı
məlumat verdi.
Bildirildi
ki, qoruq ərazisində mövcud olan tarix və
mədəniyyət abidələrinin
qorunması, memarlıq-estetik
görünüşünün və uzunömürlülüyünün
təmin edilməsi üçün daimi olaraq müvafiq tədbirlər həyata keçirilir. Hazırda İdarə
tərəfindən Kiçik
Qala küçəsində,
Qala divarları boyunca yerləşən kafe və restoranların
yenidən qurulması
işləri həyata
keçirilir.
Aparılan təmir-bərpa işləri
Qoşa Qala divarlarına heç bir zərər vurmamaqla yanaşı, nə İçərişəhərin,
nə də Qala divarlarının görünüşünə xələl gətirməyəcək
və o, əvvəlki
görünüşünü saxlayacaq.
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva da bildirdi ki,
İçərişəhər Azərbaycan xalqı üçün doğma və əziz yerdir.
Birinci vitse-prezident
Mehriban Əliyeva dedi:
-İçərişəhər
bütün Azərbaycan
üçün, bizim
bütün vətəndaşlarımız
üçün çox
doğma və əziz yerdir. Bakımızın, doğma Bakımızın
ürəyidir. Bu, doğrudan da çox dəyərli tarixi və mədəni abidədir.
Mənim
yadımdadır, xatırlayıram,
bir zamanlar İçərişəhər UNESCO-nun qara siyahısına salınmışdı. Çünki burada bərpa işləri aparılmırdı.
Bütün bu qanunlara zidd hərəkətlər
olub. O zaman məhz Prezidentin göstərişi ilə
İçərişəhərdə bir çox işlər, bərpa, yenidənqurma işləri
aparıldı. Sakinlərin, sahibkarların məramları
nəzərə alınaraq
İçərişəhərin hər binasına, hər bir daşına
dövlət tərəfindən
böyük diqqətlə
yanaşıldı. Mənim yadımdadır,
Novruz bayramında cənab Prezidentlə bizim burada gəzintimiz
oldu və sakinlərlə ünsiyyətdə
olduq. Fəxr edirik ki, bizim Bakımızın belə İçərişəhəri
var. Əlbəttə, mən
əminəm ki, bu, hər bir
azərbaycanlının ürəyində
yaşayan bir hissdir. Təbii ki, Qala divarının heç bir daşına da ziyan vurmaq
olmaz və heç zaman vurulmayacaq.
Bilirsiniz, mən indi bu
sosial şəbəkələrdə,
informasiya məkanında
yayılan yalanlar, böhtanlar, qarayaxma kampaniyaları aparan insanlar haqqında danışmaq istəmirəm. Mən bir
şeyi qeyd etmək istəyirəm.
Hər insan öz vicdanı
və Allah qarşısında
cavab verir. Ona görə mən əminəm ki, pis niyyətlə, təxribatla, nifrət hissi ilə heç vaxt yaxşı bir nəticə əldə etmək mümkün deyil. Vətənimizə, Vətənimizin hər bir mədəni
abidəsinə, tarixinə,
dininə yalnız və yalnız xoş niyyət, mərhəmət, sevgi bəsləməliyik. İnsanlarımız bunu çox gözəl bilir, çox gözəl hiss edir. Ona görə mən
bu gün şəxsən bura gəldim. Mən bilirdim, bütün
bu hadisələrin gedişatı haqqında məndə məlumat var idi. Amma mən yenə də sahibkarlarla görüşmək istəyirdim.
Bir daha əmin olmaq istəyirdim ki, yeni heç
bir inşaat yoxdur. Buradakı tarixi və
mədəni abidələrə
heç bir təhlükə yoxdur.
Əksinə, bütün bu
addımlar onların qorunmasına yönəlib.
Burada yeni aşkar olunmuş tarixi abidəmiz – hamam bərpa olunur. Onu da qeyd etmək istəyirəm ki, son illər İçərişəhərdə
Qala divarı üzərində aparılan
bütün bərpa işlərinə bu sahədə ən aparıcı ekspertlər
də cəlb olunub. Bu da
çox gözəl bir haldır. Ona görə siz bir daha nəzarət
edin. Birincisi, əlbəttə, biz İçərişəhərimizi çox qorumalıyıq,
çox diqqətli olmalıyıq. İkincisi, İçərişəhərdə
yaşayan sakinlərin
maraqları nəzərə
alınmalıdır. Eyni zamanda, mən əminəm ki, sahibkarlar üçün
də bura doğma, əziz və ölkəmizin ən vacib tarixi
abidələrindən biridir.
Siz də yanaşmalarınızı
məhz bu səmtdə qurmalısınız.
Bir də onu qeyd
etmək istəyirəm
ki, gələcəkdə
belə hallarla üzləşməmək üçün
biz gərək ictimaiyyətə
dolğun, geniş informasiya verək. Hətta İçərişəhərdə
hansısa bir bərpa, təmir işinin aparılması nəzərdə tutulubsa,
bu işləri başlamamışdan əvvəl
biz ictimaiyyətə geniş
şəkildə məlumat
verməliyik. Onda biz belə
halların qarşısını
alarıq. Mən çox
yaxşı başa düşürəm, insanlar
narahat olublar. Çünki 1954-cü ildə dağılmış divarın
rəsmlərini qəsdən
indi qoyub və bugünkü hal kimi təqdim
ediblər. Mən yenə
də deyirəm, o insanlar haqqında danışmaq istəmirəm.
Amma mən narahat olan o biri insanları
çox yaxşı başa düşürəm.
Belə hallarla, belə yalanlarla üzləşməmək
üçün, biz gərək
özümüz bütün
informasiyanı dolğun
şəkildə ictimaiyyətə
təqdim edək.
İşlər başlamamışdan əvvəl təqdim edək ki, belə
işlər görülməlidir,
niyə görülməlidir,
necə görülməlidir.
O zaman hər şey də yaxşı olacaq. Ona görə bir daha deyirəm, bir daşa da
ziyan dəyməməlidir.
İçərişəhərimiz gözəldir, bizim
sərvətmizdir, bundan
sonra biz onu qoruyub saxlayacağıq, gələcək nəsillərə
eyni şəkildə
təhvil verəcəyik.
***
Sonra Birinci xanım Mehriban Əliyeva "BBC
News” Azərbaycancanın müxbirinin
"İçərişəhər” Dövlət Tarix-Memarlıq
Qoruğunda görülən
işlərlə bağlı
suallarını cavablandırdı.
Birinci xanım Mehriban Əliyevaya məlumat verildi ki, Kiçik
Qala küçəsində,
Qala divarları boyunca yerləşən kafe və restoranların
təmiri işlərinin
yay aylarında başa çatdırılması
nəzərdə tutulur.
Birinci vitse-prezident
Mehriban Əliyeva burada aparılan işlərinin yüksək
səviyyədə həyata
keçirilməsi ilə
bağlı tapşırıq
və tövsiyələrini
verdi.
Azərbaycan.- 2019.-27 aprel.- S.1; 3.