Bakı Ali Neft Məktəbinin tələbələri işğaldan azad olunmuş Cocuq Mərcanlı kəndinə səfər ediblər

 

Bakı Ali Neft Məktəbinin Tələbə Gənclər Təşkilatı və İntellektual Oyunlar Klubunun təşkilatçılığı ilə BANM tələbələri Cocuq Mərcanlı kənd orta məktəbinə səfər ediblər.

Məktəblilərlə görüş zamanı Bakı Ali Neft Məktəbi Tələbə Gənclər Təşkilatının sədri Kənan Sadıqov BANM və onun fəaliyyəti haqqında şagirdləri məlumatlandırdı. Daha sonra məktəb direktoru kollektivin uğurlarını tələbələrlə bölüşdü.

Görüş zamanı şagirdlərin ifasında vətənpərvərlik mövzusuna həsr olunmuş şeirlər dinlənildi. Məktəblilər üçün 30 sualdan ibarət 2 hissəli intellektual oyun keçirildi. Suallar şagirdlərin dünyagörüşlərini, bilik və bacarıqlarını əhatə edən mövzularda tərtib olunmuşdu. İştirak edən 12 komandaya işğalda olan rayonların adları verilmişdi. Oyun sonrası tələbə və məktəblilərin tarda ifası dinlənildi və şanlı Aprel zəfərinin şərəfinə tort kəsildi. Bayram ab-havasında uşaqların həvəslə iştirak etdiyi 2-ci əyləncəli, interaktiv oyun ("Səssiz Sinema”) da başa çatdı. Qalib komandalar kubok, medalxüsusi hədiyyələrlə təltif olundu. Bununla yanaşı, bütün şagirdlərə məktəb ləvazimatları hədiyyə edildi. Tələbələrin gətirdiyi kitablar məktəbin kitabxanasının kitab fonduna bağışlandı.

 

Azərbaycan.- 2019.-27 aprel.- S.8.