“Formula-1” SOCAR Azərbaycan Qran-prisinin ikinci gününə yekun vurulub
Aprelin 27-də
"Formula-1” SOCAR Azərbaycan Qran-prisinin ikinci günündə pilotlar arasında gərgin idman mübarizəsi yaşanıb. AZƏRTAC xəbər
verir ki, əvvəlcə "Formula-1”
SOCAR Azərbaycan
Qran-prisi çərçivəsində
təşkil olunan
"Formula-2”nin birinci yarışı
keçirilib. Yarışda hər biri iki pilotla təmsil
olunan on komanda birincilik uğrunda mübarizə aparıb.
Pilotlar Bakı şəhər halqasında 32 dövrə
vurublar. Maraqlı idman
mübarizəsinin yekununda
"Campos Racing” komandasının pilotu Cek Aitken
qalib olub. "ART Grand Prix” komandasının
pilotu Nik de Vries ikinci, "MP Motorsport”un üzvü Cordan Kinq üçüncü
yeri tutublar.
Qaliblərə mükafatları
Azərbaycanın gənclər
və idman nazirinin müavini İsmayıl İsmayılov,
Azərbaycan Avtomobil Federasiyasının vitse-prezidenti
Mədət Quliyev və Azərbaycan Turizm Bürosunun baş direktoru Florian Zenqstşmid təqdim ediblər.
Aprelin 28-də 23 dövrədən ibarət
ikinci yarış təşkil olunacaq.
Sonra "Formula-1”
SOCAR Azərbaycan Qran-prisinin
üçüncü sərbəst
yürüşü olub. Yürüşə hər biri iki
pilotdan ibarət 10 komanda qatılıb.
İştirakçılar bir saat ərzində uzunluğu 6
kilometr olan Bakı trekində yarışıblar.
Yarışda "Ferrari” komandasının pilotları
uğur qazanıblar. Belə ki,
Şarl Lekler birinci, Sebastian Fettel isə ikinci olublar. İlk üçlüyü Maks Ferstappen ("Red Bull
Racing”) tamamlayıb.
Daha sonra "Formula-1” yarışlarının
sıralanma turu təşkil olunub. Maraqlı məqamlarla
yaddaqalan yarışda
"Mercedes” komandasının pilotları Valtteri Bottaş və Luis Hamilton
ilk iki pillədə qərarlaşıblar. V.Bottaş 1 dəqiqə
40,495, L.Hamilton isə
1 dəqiqə 40,554 saniyəlik
nəticə göstəriblər.
"Ferrari”nin pilotu Sebastyan Fettel (1 dəqiqə 40,797
saniyə) üçüncü
yerdə qərarlaşıb.
Sıralama turunun nəticələrinə
əsasən, aprelin
28-də keçiriləcək əsas yarışda pilotların düzülüşü
müəyyənləşib.
"Formula-1” SOCAR Azərbaycan Qran-prisi aprelin 28-də keçiriləcək. Qran-prinin
sonuncu günündə
saat 11:20-dən 12:00-dək azarkeş zonasında
"Williams”, "Racing Point”, "McLaren”, "Haas” və "Toro Rosso” komandalarının pilotlarının
avtoqraf sessiyaları olacaq. Saat 13:10-da
"Formula-2” üzrə ikinci
yarış start götürəcək.
Bundan sonra ən həyəcanlı
anlar başlayacaq. Belə
ki, saat 14:30-dan 15:00-dək
açılış mərasimi
və pilotların paradı təşkil olunacaq.
Dövlət himninin səsləndirilməsindən sonra
- saat 16:10-da "Formula-1” SOCAR Azərbaycan Qran-prisinə
start veriləcək və
pilotlar iki saat ərzində Bakı trekində 51 dövrə vuracaqlar. Trekin möhtəşəmliyi ilə
digər yarışlardan
fərqlənən Bakı
şəhər halqasında
pilotların gərgin
idman mübarizəsi nəticəsində dünya
çempionatının dördüncü
mərhələsinin qalibi
müəyyənləşəcək.
Günün sonunda "Baku Crystal Hall”da
DJ Mendoza, AISEL, Kardi B avtoidman
həvəskarlarına unudulmaz
anlar bəxş edəcəklər. Səhər saatlarınadək davam edəcək DJ-lərin konsert proqramında isə əsl bayram ab-havası yaşanacaq.
Qeyd edək ki, ötən
üç Qran-pridən
sonra pilotların yarışına 44 xalla
"Mercedes”in pilotu Valtteri Bottaş liderlik edir. Komanda yoldaşı
Luis Hamilton ondan 1 xal geri qalır. "Red
Bull Racing”in hollandiyalı
pilotu Maks Ferstappen 27 xalla üçüncü, "Ferrari”nin
Monakodan olan sürücüsü Şarl
Lekler isə 26 xalla dördüncü pillədə qərarlaşıblar.
Cari çempionatın geridə
qalan üç mərhələsində, eləcə
də bugünkü sıralama yürüşündə
"Mercedes” komandasının pilotlarının inamlı
çıxışı onların
Bakıdakı yarışda
da uğurla çıxış edəcəkləri
ehtimalını gücləndirir.
Üç Qran-prinin
yekununda Konstruktorların
yarışında "Mercedes” komandası 130 xalla birinci sıradadır. İkinci yerdə qərarlaşan
"Ferrari” komandasının 73, üçüncü pillədəki
"Red Bull Racing Honda”nın 52 xalı var.
Builki Bakı yarışı
"Formula-1” idmanı tarixində
sayca 1001-ci Qran-pridir. Çində təşkil olunan
"Formula-1” üzrə 1000-ci Qran-pridə qələbə
qazanan Luis Hamilton iki yubiley Qran-prisinin qalibi olan ilk pilot kimi tarixə düşüb. Belə ki,
o, həm də
2014-cü ildə Bəhreyndə
təşkil olunan
900-cü Qran-pridə də
qələbə qazanıb.
"Formula-1” yarışı
Azərbaycanda dördüncü
ildir təşkil olunur. 2016-cı ildə təşkil olunan birinci yarışda
- "Formula-1” Avropa Qran-prisində "Mersedes” komandasının almaniyalı pilotu Niko Rosberq
qalib gəlib. 2017-ci ildə təşkil olunan "Formula-1” Azərbaycan Qran-prisi
"Red Bull Racing” komandasının avstraliyalı pilotu Daniel Rikkiardonun
qələbəsi ilə başa
çatıb. Ötənilki Qran-pridə isə "Mersedes” komandasının britaniyalı sürücüsü
Luis Hamilton qələbə
qazanıb.
Azərbaycan.-
2019.- 28 aprel.- S.1; 7.