Azərbaycanda
yaradılan möhkəm infrastruktur bazası tərəfdaş
ölkələrin də maraqlarına xidmət edir
Pekində
"Bir kəmər, bir yol” Beynəlxalq Əməkdaşlıq
Forumu işini davam etdirib
Aprelin 27-də Pekində ikinci
"Bir kəmər, bir yol" Beynəlxalq Əməkdaşlıq
Forumu öz işini davam etdirib.
AZƏRTAC-ın xüsusi
müxbiri xəbər verir ki, Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev Forumda
iştirak edib.
Çin Xalq Respublikasının sədri
Si Cinpin Azərbaycan Prezidenti İlham Əliyevi və digər
dövlət və hökumət
başçılarını salamladı.
Si Cinpin
çıxışında artıq ikinci dəfə baş
tutan Forumun uğurla keçdiyini, onun ölkələr
arasında əməkdaşlıq baxımından yeni imkanlar
açdığını dedi. O, dünyada yeni əməkdaşlıq
formatı yaradan "Bir kəmər, bir yol" təşəbbüsünün
qlobal iqtisadiyyatın inkişafına və qədim İpək
Yolunun yenidən canlandırılmasına təkan verəcəyini
deyərək Forumda iştirak edən dövlət və
hökumət başçılarına təşəkkürünü
bildirdi.
Forumun birinci sessiyası
"İnkişaf üçün yeni mənbələrin
araşdırılması məqsədilə əməkdaşlığın
təşviqi”nə həsr olundu.
Sonra dövlət və hökumət
başçıları birgə foto çəkdirdilər.
Prezident İlham Əliyev Forumun
"Qarşılıqlı siyasətin gücləndirilməsi
və daha yaxın tərəfdaşlığın
qurulması" mövzusuna həsr olunan ikinci sessiyasında
da iştirak etdi.
Daha sonra dövlətimizin
başçısı "BMT-nin 2030-cu il Gündəliyini həyata
keçirmək üçün yaşıl və
dayanıqlı inkişafın təşviqi" mövzusuna
həsr olunan üçüncü sessiyada iştirak etdi.
Bu sessiyada çıxış edən
Prezident İlham Əliyev dəvətə görə
Çin Xalq Respublikasının sədri Si Cinpinə təşəkkür
etdi. Dövlətimizin başçısı Çin Xalq
Respublikasının yaradılmasının 70 illiyi münasibətilə
Çin xalqını təbrik etdi. Prezident İlham Əliyev
vurğuladı ki, Azərbaycan və Çin tərəfdaş
ölkələrdir. Dövlətimizin başçısı
2015-ci ildə Çinə dövlət səfəri
zamanı "İpək Yolu İqtisadi Kəməri”nin
yaradılmasının birgə təşviqinə dair
Anlaşma Memorandumunun imzalandığını qeyd etdi.
Prezident İlham Əliyev bildirdi
ki, Azərbaycan infrastrukturun inkişafına mühüm əhəmiyyət
verir. Azərbaycanda möhkəm infrastruktur bazası
yaradılıb ki, bu da bizim və tərəfdaşlarımızın
maraqlarına xidmət edir. Azərbaycan, həmçinin enerji
ixrac edən ölkədir. Enerji ixracı bizim
inkişafımız üçün əsaslı baza və
təməl yaratmışdır. Biz enerji
resurslarımızdan xalqımızın mənafeyi naminə
istifadə etmişik, edirik və davamlı inkişafa nail
olmuşuq. Hazırda iqtisadiyyatın şaxələndirilməsi
əsas vəzifələrdən biridir.
Dövlətimizin
başçısı bildirdi ki, nəqliyyat infrastrukturu sahəsində
Ələt Dəniz Ticarət Limanı və yeni istifadəyə
verilən Bakı-Tbilisi-Qars dəmir yolu xətti qeyd edilməlidir.
Azərbaycanda 15 min kilometrdən çox yol çəkilib, dəmir
yolu xətləri modernləşdirilib. Biz xüsusilə
Şərq-Qərb nəqliyyat dəhlizində çox fəal
iştirak edirik. Həmçinin Şimal-Cənub nəqliyyat
dəhlizinin inkişafı prosesində iştirak edirik. Azərbaycanda
hava nəqliyyatı infrastrukturu yaradılıb. Belə ki,
altı beynəlxalq aeroport tikilib. Azərbaycan Xəzər dənizində
260 gəmi ilə ən böyük ticarət donanmasına
malik ölkədir. Azərbaycanın nəqliyyat sahəsində
potensialı daha da artır və bu, beynəlxalq əməkdaşlıq
üçün yaxşı imkanlar yaradır. Azərbaycanda
iqtisadi inkişaf nəticəsində işsizlik və
yoxsulluq 5 faiz həddinə salınıb. Nəqliyyat və
enerji təhlükəsizliyi milli təhlükəsizliyin vacib
elementidir.
Azərbaycan Prezidenti dedi ki,
"Bir, kəmər, bir yol” təkcə nəqliyyat layihəsi
deyil, bu, sülhə, təhlükəsizliyə və əməkdaşlığa
xidmət edən layihədir.
***
Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyevin Çin Xalq Respublikasına
işgüzar səfəri aprelin 27-də başa
çatıb.
Azərbaycan.- 2019.-28 aprel.- S.1-2.