Mir Cəlal Paşayev: “Həyatımda yaratdığım ən böyük əsər ailəmdir”

 

Gəncədə görkəmli yazıçı, ədəbiyyatşünas alim, əməkdar elm xadimi, filologiya elmləri doktoru Mir Cəlal Paşayevin anadan olmasının 111 illiyi münasibətilə tədbir keçirilib.

Böyük ədibin ev-muzeyində keçirilən tədbiri Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov açaraq diqqətə çatdırmışdır ki, Mir Cəlal Paşayev XX əsr Azərbaycan ədəbiyyatının bünövrəsini qoyanlardandır. O, ədəbi aləmdə atdığı ilk addımlardan sənətin şöhrət zirvəsinə qədər ucalmış, şərəfli ömrünün 50 ilini elmə, zəngin ədəbi irsin yaradılmasına sərf etmişdir. Mir Cəlal Paşayev həqiqətən çox səmimi və genişürəkli bir insan idi. O, bir nur çeşməsi idibu çeşmədən pay götürənlər çox olub. Qədirbilən gəncəlilər ona daim hörmət və məhəbbətlə yanaşmışlar. Ədibin xatirəsinə hörmət və ehtiram ifadəsi olaraq Gəncədə onun ev-muzeyi açılmış, orta məktəbə, şəhərin mərkəzi küçələrindən birinə onun adı verilmiş, büstü ucaldılmışdır.

Tədbirdə Aviasiya Akademiyasının professoru İbrahim Quliyev yazıçının yaradıcılığını xronoloji ardıcıllıqla təhlil etmiş və diqqətə çatdırmışdır ki, görkəmli ədib Füzulinin, Puşkinin və digər klassiklərin əsərlərini Azərbaycan dilinə tərcümə etmişdir. Mir Cəlal Paşayev eyni zamanda elmi işlərlə məşğul olmuşdur. O, Ukrayna-Azərbaycan ədəbi əlaqələri mövzusunda elmi axtarışlar aparmışdır.

İ.Quliyev qeyd etmişdir ki, ömrünü ədəbiyyatımızın, elmimizin inkişafına həsr edən görkəmli yazıçı mənalı bir həyat yaşamışdır. Zəngin yaradıcılıq yolu keçən alim xalqımızın vətənpərvərliyini, gənclərin arzu və istəklərini, eləcə də həyatdakı mənfiliklərlə mübarizəni əks etdirən bir neçə dəyərli roman və hekayələr yazmışdır. Lakin bütün bunlarla yanaşı, söhbət düşəndə ədib deyərdi: "Həyatımda yaratdığım ən böyük əsər ailəmdir”.

Tədbirin sonunda Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasının Kamera orkestri maraqlı konsert proqramı ilə çıxış etmişdir.

 

Sabir ƏLİYEV

 

Azərbaycan.- 2019.- 28 aprel.- S.3.