İnsanlara nur paylayan görkəmli alim

 

Gözlərə nur, qəlblərə hərarət bəxş edən böyük insan, akademik Zərifə Əliyevanın keçdiyi şərəfli ömür yolu hər bir Azərbaycan vətəndaşı üçün həyat və mənəviyyat dərsi, kamillikmüdriklik məktəbidir. Zərifə Əliyeva eyni zamanda qayğıkeş ana, vəfalı ömür-gün yoldaşı idi. Onun özündən sonra qoyduğu ənənələr bu gün tələbələri, yaxınları tərəfindən layiqincə davam etdirilir.

Bu barədə görkəmli elm xadimi, oftalmologiya elminin nüfuzlu nümayəndəsi, akademik Zərifə Əliyevanın anadan olmasının 96-cı ildönümü münasibətilə Gəncədə keçirilən elmi-praktik konfransda daha ətraflı danışılmışdır.

Gəncə Şəhər İcra Hakimiyyətinin şəhər səhiyyə idarəsi ilə birgə təşkil etdikləri konfransda səhiyyə işçiləri ilə yanaşı, ictimaiyyət nümayəndələri də iştirak etmişlər. Tədbirdə şəhər icra hakimiyyəti başçısının müavini Vəfa Zeynalova çıxış edərək akademik Zərifə xanım Əliyevanın keçdiyi zəngin və mənalı ömür yolundan danışdı. Qeyd etdi ki, o, Azərbaycanda oftalmologiya elminin inkişafında misilsiz xidmətlər göstərmişdir. İnsanlara nur bəxş edən, qayğıkeşliyi, nəcibliyi ilə könüllərdə özünə əbədi yer tapan Zərifə xanım tibb elminin ən uca pillələrinə yüksəlməklə nümunəvi bir həyat yolu keçmişdir. Onun şəxsiyyəti bu günmüasir Azərbaycan gəncliyi üçün əsl nümunədir.

Konfransda çıxış edən Gəncə Şəhər Səhiyyə İdarəsinin rəisi Nazim Əhmədov diqqətə çatdırmışdır ki, görkəmli alim vaxtilə Azərbaycanda geniş yayılmış traxomanın, xüsusilə kimyaelektron sənayesində peşə fəaliyyəti ilə bağlı göz xəstəliklərinin öyrənilməsi, profilaktikası və müalicəsinə, habelə oftalmologiyanın müasir problemlərinə dair bir çox sanballı tədqiqatlar aparmış, bu sahədə uğurlu nəticələrə nail olmuşdur.

Tədbirdə xüsusi vurğulanmışdır ki, Zərifə xanım Əliyeva yüksəkixtisaslı kadrların hazırlanmasına böyük əmək sərf etmişdir. Onun birbaşa rəhbərliyi ilə gənc alimlərin və həkim-oftalmoloqların böyük bir nəsli yetişmişdir. Görkəmli alim tələbələrinə də zəngin həyat təcrübəsini öyrətmiş, onlara diqqət və qayğı ilə yanaşmışdır.

Sonda görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın həyat və fəaliyyətinə həsr olunmuş videoçarx nümayiş etdirilmişdir.

 

S.ƏLİYEV

 

Azərbaycan.- 2019.- 28 aprel.- S.3.