Ümumdünya
Gömrük Təşkilatının baş katibi ilə
görüş
Dövlət Gömrük Komitəsinin
sədri, gömrük xidməti general-leytenantı Səfər
Mehdiyev Sankt-Peterburqda Ümumdünya Gömrük Təşkilatının
(ÜGT) baş katibi Kunio Mikuriya ilə görüşüb.
Gömrük Komitəsinin mətbuat
və ictimaiyyətlə əlaqələr idarəsindən
AZƏRTAC-a bildirilib ki, görüş Ümumdünya
Gömrük Təşkilatının Avropa Regionu
Gömrük Xidməti Rəhbərlərinin Konfransı
çərçivəsində baş tutub. Dövlət
Gömrük Komitəsinin sədri S.Mehdiyev ÜGT-nin baş
katibi K.Mikuriyanın bu ilin yanvarında Azərbaycana səfərindən
sonra onunla yenidən görüşməkdən məmnun
olduğunu bildirib. ÜGT ilə Azərbaycan
gömrüyü arasında hər zaman səmərəli əməkdaşlıq
əlaqələrinin qurulduğunu deyən komitə sədri
bu əlaqələrin bundan sonra da inkişaf etdiriləcəyinə
və birgə fəaliyyət nəticəsində yeni nailiyyətlərin
əldə olunacağına əminliyini ifadə edib.
Prezident İlham Əliyevin rəhbərliyi
ilə ölkədə həyata keçirilən davamlı
islahatlardan bəhs edən S.Mehdiyev, eyni zamanda, gömrük
sahəsində şəffaflığın
artırılması və gömrük orqanlarının fəaliyyətinin
daha da təkmilləşdirilməsindən söhbət
açıb. Qeyd edib ki, gömrük sistemində şəffaflığın
təmin olunması və korrupsiya ilə mübarizə sahəsində
atılan qətiyyətli addımların nəticəsi olaraq
həm fiskal, həm də hüquqpozmalara qarşı
mübarizə istiqamətində ciddi nailiyyətlər əldə
olunub.
K.Mikuriya ÜGT ilə Azərbaycan
gömrüyü arasında əlaqələrin müsbət
məcrada inkişafından razılığını ifadə
edib. Azərbaycanın ÜGT-nin ən fəal üzvlərindən
biri olduğunu vurğulayan baş katib təmsil etdiyi qurumun
bir neçə mərkəzinin Azərbaycanda yerləşməsini
qarşılıqlı səmərəli əlaqələrin,
Azərbaycan gömrüyünün beynəlxalq səviyyədə
gömrük işinə verdiyi töhfələrin nəticəsi
kimi yüksək qiymətləndirib.
ÜGT-nin rəhbəri Azərbaycan
gömrüyündə islahatların davam etdiriləcəyinə
və təmsil etdiyi qurumla səmərəli əlaqələrin
bundan sonra daha da güclənəcəyinə əminliyini
bildirib.
Görüşdə, eyni zamanda,
bu ilin iyununda Azərbaycanda baş tutacaq informasiya
texnologiyaları sahəsində beynəlxalq konfransın təşkili,
həyata keçirilən hazırlıq tədbirləri ilə
bağlı məsələlər müzakirə edilib.
Azərbaycan.-
2019.- 28 aprel.- S.4.