Vladimir Putin İlham Əliyevin təşəbbüsünü təqdir etdi

 

Prezident İlham Əliyevin Çin səfərinin ən maraqlı məqamlarından biri də Pekində Rusiya Prezidenti Vladimir Putinlə keçirdiyi görüş oldu. "Bir kəmər, bir yol” Beynəlxalq Forumunda iştirak edən iki liderin bu görüşü bir daha Azərbaycan-Rusiya münasibətlərinin yüksək səviyyədə olmasından xəbər verdi.

Azərbaycan və Rusiya prezidentlərinin siyasi iradəsi və birgə səyləri iki ölkə arasında bütün sahələrdə əməkdaşlığın genişlənməsi üçün möhkəm zəmin yaradıb. Bunun nəticəsidir ki, ildən-ilə yüksələn xətt üzrə inkişaf edən dövlətlərarası münasibətlər hazırda strateji səviyyəyə qədər yüksəlib. Təkcə 2018-ci il ərzində iki dövlətin prezidenti 6 dəfə görüşüb. Azərbaycan Prezidenti Rusiyaya üç dəfə səfər edib, Rusiya Prezidenti isə IX Azərbaycan-Rusiya Regionlararası Forumunda iştirak etmək üçün ölkəmizə gəlib. İlham Əliyevlə Vladimir Putin arasında ayrı-ayrı ölkələrdə keçirilən tədbirlər çərçivəsində də görüşlər keçirilib.

Bütün bu görüşlərin hər birində müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsi, layihələrin və təşəbbüslərin həyata keçirilməsi müzakirə edilib, bir sıra mühüm sənədlər imzalanıb.

Təsadüfi deyil ki, Pekində söhbət zamanı dövlət başçıları mütəmadi olaraq keçirilən görüşlərin əhəmiyyətindən söz açıblar. Vladimir Putin həm fikir mübadiləsi aparmaq, həm mövqeləri müqayisə etmək, həm də birgə işi təshih etmək imkanı baxımından mütəmadi görüşlərin əhəmiyyətini qeyd edib. Prezident İlham Əliyev də görüşlərin münasibətlərin inkişafına çox ciddi təkan verdiyini qeyd edib: "Bizim görüşlərimiz münasibətlərimizin inkişafına çox ciddi təkan verir. Biz müntəzəm olaraq görüşürük və əlbəttə ki, bütün sahələrdə əməkdaşlığın, qarşılıqlı fəaliyyətin çox mühüm məsələlərini həll edirik. Münasibətlərimizin inkişafından çox məmnunuq. Onlar bütün sahələri əhatə edir və fəal siyasi dialoq aparılır. Biz əmtəə dövriyyəsinin artmasını müşahidə edirik”.

Məlum olduğu kimi, məhz iki ölkə rəhbərinin siyasi iradəsinin və əlaqələrin inkişafına verdikləri töhfələrin nəticəsidir ki, keçən il Azərbaycanla Rusiya arasında əmtəə dövriyyəsi 14 faiz artaraq 2,5 milyard dollara çatıb. Bu barədə danışan Vladimir Putin Prezident İlham Əliyevin təşəbbüsü ilə ticari-iqtisadi sahədə xüsusi qarşılıqlı fəaliyyət mexanizminin yaradılmasını yüksək qiymətləndirdi və yaxşı inkişaf etdiyini bildirdi.

Prezidentlərlə yanaşı, Azərbaycan və Rusiyanın ayrı-ayrı dövlət rəsmilərinin və adamlarının çoxsaylı səfərləri də qarşılıqlı əməkdaşlığa verilən böyük önəmin göstəricisidir. Azərbaycanla Rusiya arasında iqtisadi əməkdaşlıq məsələləri üzrə Hökumətlərarası Dövlət Komissiyası bu məsələdə önəmli rol oynayır. Rusiya-Azərbaycan İşgüzar Şurası da iki ölkə arasında iqtisadiinvestisiya qoyuluşu sahəsində əlaqələrin, adamları arasında əməkdaşlığın daha da genişləndirilməsi məqsədlərinə xidmət edir.

Prezidentlərin Pekin görüşündə hökumətlərarası komissiyanın uğurla fəaliyyət göstərdiyi bildirildiiqtisadi əməkdaşlığın daha da genişləndirilməsi üçün yaxşı imkanların olduğu vurğulandı. Görüşdə siyasi, iqtisadi, energetika, infrastruktur, investisiya, kənd təsərrüfatı, neft-qaz, nəqliyyat, sənaye, əczaçılıq, təhsil, mədəniyyət, humanitar sahələrdə əməkdaşlığın, o cümlədən "Şimal-Cənub nəqliyyat dəhlizi”nin inkişaf perspektivləri də müzakirə olundu.

Ümumiyyətlə, Rusiya Azərbaycanın əsas ticarət tərəfdaşlarındandır və qeyri-neft məhsullarının ixracına görə birinci yeri tutur. Təkcə 2018-ci ildə, qeyd edildiyi kimi, yüksək artım nümayiş etdirib. Bu tendensiya 2019-cu ildə də davam edir. Hazırda qarşılıqlı ticarət əlaqələrinin daha da artırılması və şaxələndirilməsi üçün tədbirlər görülür.

İki ölkə arasında investisiya qoyuluşu sahəsində də faydalı əməkdaşlıq mövcuddur. Hazırda Azərbaycanda sənaye, tikinti, ticarət, xidmət, bank, sığorta, İKT, nəqliyyat, kənd təsərrüfatı və s. sahələrdə 700-ə yaxın Rusiya kapitallı müəssisə fəaliyyət göstərir. İndiyədək Rusiya tərəfi Azərbaycan iqtisadiyyatına 4,4 milyard dollar investisiya qoyub. Azərbaycanın Rusiyaya yatırdığı investisiyaların həcmi 1,2 milyard dollardan çoxdur. Ölkəmiz Rusiya ilə sənaye sahəsində əməkdaşlığın daha da genişləndirilməsinə böyük önəm verir. "SOCAR Polymer” layihəsi, Pirallahı Sənaye Parkında əczaçılıq müəssisəsinin yaradılması, Gəncə Avtomobil Zavodunun Rusiyanın "KamAZ” və "Ural” zavodları ilə əməkdaşlığı, "Azərmaş” və "QAZ” şirkətləri arasında birgə layihələrin reallaşdırılması qarşılıqlı investisiya qoyuluşu sahəsində önəmli layihələrdən sayılır.

Azərbaycan-Rusiya münasibətlərinin inkişafı baxımından maraqlı məqamlardan biri də ölkəmizin rusiyalı turistlərin diqqətini getdikcə daha çox çəkməsidir. Ümumiyyətlə, Azərbaycanda turizm potensialının hərəkətə gətirilməsi, yol-nəqliyyat və mehmanxana infrastrukturunun inkişaf etdirilməsi, Bakının beynəlxalq tədbirlər mərkəzinə çevrilməsi son illərdə ölkəmizə turist axınının sürətlə artmasına səbəb olub. Bu sırada əsas yerlərdən birini rusiyalı turistlər tutur. Təkcə keçən il rekord sayda - 900 minə yaxın rusiyalı Azərbaycana səfər edib. Bu, ilk növbədə onu göstərir ki, iki ölkə arasında münasibətlər ən yüksək səviyyədədir və rusiyalı turistlər Azərbaycanda özlərini rahat hiss edirlər.

Azərbaycan və Rusiya prezidentlərinin hər görüşü əlaqələrin genişlənməsinə xidmət edir. Bu baxımdan Pekin görüşüdostluğa, mehriban qonşuluğa, qarşılıqlı dəstəyə və hörmətə əsaslanan münasibətlərin inkişafına mühüm təkan verəcək. Bu gün Azərbaycan Rusiyanın Cənubi Qafqazda ən mühüm siyasi-iqtisadi tərəfdaşıdır. Eyni zamanda Rusiya Azərbaycanın qeyri-neft ixracında birinci yeri tutur. Bütün bunlardan irəli gələrək iki dövlət arasındakı açıq və səmimi münasibətlər bundan sonra da inkişaf edəcək.

 

Rəşad CƏFƏRLİ

 

Azərbaycan.- 2019.-30 aprel.- S.1; 4.