Mariya Buriç: “Xorvatiya Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təminindəki
strateji rolunu yüksək
qiymətləndirir”
Azərbaycan Respublikasının Baş naziri Novruz Məmmədov aprelin 29-da Xorvatiya Respublikasının Baş nazirinin müavini, xarici işlər və Avropa məsələləri naziri xanım Mariya Buriçin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, Baş nazir Novruz Məmmədov Azərbaycan ilə Xorvatiya arasında bütün istiqamətləri əhatə edən çox yaxşı münasibətlərin olduğunu bildirib, bu əlaqələrin siyasi, iqtisadi və digər sahələrdə yüksələn xətlə inkişaf etdiyini söyləyib. "Azərbaycan ilə Xorvatiya arasındakı münasibətlər strateji tərəfdaşlıq xarakteri daşıyır. Hesab edirəm ki, əlaqələrimizin bu səviyyəyə yüksəlməsində dövlətlərimizin başçılarının qarşılıqlı səfərləri mühüm rol oynayıb. Əminəm ki, sizin də Azərbaycana səfəriniz, apardığınız səmərəli danışıqlar əlaqələrimizin daha da genişləndirilməsinə öz töhfəsini verəcək”, - deyə Novruz Məmmədov vurğulayıb.
Azərbaycan-Xorvatiya əlaqələrinin inkişafı baxımından hökumətlərarası komissiyanın fəaliyyətinin önəmini vurğulayan Baş nazir ölkələrimizin beynəlxalq təşkilatlar çərçivəsində də uğurla əməkdaşlıq etdiklərini diqqətə çatdırıb. Novruz Məmmədov bildirib ki, Xorvatiyanın Azərbaycanda səfirliyinin açılması ikitərəfli münasibətlərin inkişafı baxımından əhəmiyyətli olacaq.
Azərbaycan ilə Xorvatiya arasında iqtisadi sahədə əməkdaşlığın genişləndirilməsi üçün böyük potensialın olduğunu qeyd edən Baş nazir deyib ki, xanım Mariya Buriçin ölkəmizə səfəri çərçivəsində növbəti Azərbaycan-Xorvatiya biznes forumunun keçirilməsi də bu sahədə əlaqələrin inkişafına xidmət edəcək.
Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təminindəki strateji rolunun ölkəsi tərəfindən yüksək qiymətləndirildiyini bildirən xanım Mariya Buriç Xorvatiyanın Cənub Qaz Dəhlizi layihəsində iştirak etməkdə maraqlı olduğunu vurğulayıb.
Görüşdə
informasiya texnologiyaları, kənd təsərrüfatı,
əczaçılıq, idman, gəmiqayırma
sahələrində əməkdaşlığın
genişləndirilməsi və qarşılıqlı maraq doğuran digər məsələlər
ətrafında fikir mübadiləsi
aparılıb.
Azərbaycan.-
2019.-30 aprel.- S.3.