Sürət, həyəcan və möhtəşəm Azərbaycan Qran-prisi

 

Ölkəmiz dünyanın bir nömrəli avtomobil yarışında növbəti dəfə nümunə göstərdi

 

Aprelin 26-28-də Bakı planetin bir nömrəli avtomobil yarışına 4-cü dəfə evsahibliyi etdi. "Formula-1” dünya çempionatının 4-cü mərhələsi olan SOCAR Azərbaycan Qran-prisində ən məşhur 20 pilot 10 komandanın tərkibində 6 kilometr məsafədən ibarət 51 dövrəlik mərhələnin qalibi uğrunda yarışdı. Gərgin keçən mübarizə sürət həvəskarlarının böyük marağına səbəb oldu. 500 milyondan artıq tamaşaçı kütləsinə malik yarışı 67 ölkədən çoxlu sayda azarkeş paytaxtımızda tribunalardan izlədi.

 

Valtteri Bottasın liderliyi davam edir

 

Azərbaycan Respublikasının Dövlət himni səsləndikdən sonra "Formula-1” Azərbaycan Qran-prisinin final mərhələsi başladı. Hər birində iki pilot olmaqla komandaların bir gün əvvəl keçirilən sıralama yürüşünün nəticəsinə əsasən start xəttinə ən yaxın məsafədə "Mercedes” komandasının üzvləri Valtteri BottasLuis Hamilton dayandılar. Digərləri isə Sebastyan Fettel ("Ferrari”), Maks Ferstappen (Red Bull Racing Honda”), Serxio Peres ("Force India”) s. pilotlar idilər.

Pilotlar ümumu məsafəsi 306 kilometr 20 çətin döngəsi olan trekdə 51 dövrə vurdular. Təhlükəsizliyin yüksək səviyyədə təmin olunduğu, müasirliyi ilə tarixiliyini özündə birləşdirən Bakı Şəhər Halqası ən sürətli yarışlar kateqoriyasına daxildir. Trekin ən geniş yerinin eni 13, ən dar hissəsinin eni isə İçərişəhər ətrafında, o cümlədən 7-ci 8-ci döngələrdə 7,6 metr təşkil edirdi. 30 mindən çox tamaşaçının yarışları yerində izləməsi üçün hər cür şərait yaradılmışdı.

Maraqlı gərgin keçən yarışın yekununda "Mercedes” komandasının üzvü Valtteri Bottas 1 saat 31 dəqiqə 52,942 saniyəlik nəticə ilə "Formula-1” SOCAR Azərbaycan Qran-prisinin qalibi oldu. İkinci yeri "Mercedes” komandasının digər üzvü Luis Hamilton, üçüncü yeri isə "Ferrari” komandasının sürücüsü Sebastian Fettel tutdular.

"Mercedes” komandası bu qələbə ilə "Formula-1” üzrə dünya çempionatları tarixində yeni rekorda imza atdı. Belə ki, ilk dəfə olaraq ardıcıl dörd Qran-pridə bir komandanın hər iki pilotu yürüşləri ilk iki pillədə başa vurdu.

Bakıdakı 4-cü mərhələdən sonra Valtteri Bottas xallarının sayını 87-ə çatdıraraq liderliyini davam etdirir. Komanda yoldaşı Luis Hamilton ondan 1 xal geri qalır. "Ferrari” komandasının almaniyalı pilotu Sebastian Fettel 52 xalla üçüncü, "Red Bull Racing Honda”nın hollandiyalı pilotu Maks Ferstappen 51 xalla dördüncü, "Ferrari”nin Monakodan olan sürücüsü Şarl Lekler isə 47 xalla beşinci pillədə qərarlaşıblar.

 

Mübarizəni erkən dayandıranlar

 

"Formula-1” Azərbaycan Qran-prisi eyni zamanda favorit göstərilən pilotların yarışı erkən başa vurması ilə yadda qalıb. Belə ki, "Renault” komandasının sürücüsü Daniel Rikkardo "Toro Rosso”nun pilotu Daniil Kvyat eyni anda yarışla vidalaşıb. Belə ki, 34-cü dövrədə D.Rikkardo ötmə əməliyyatını yerinə yetirərkən sürət çox yüksək olduğu üçün dönə bilməyib. Buna görə D.Kvyat da dönməni həyata keçirə bilməyib. Daha sonra bolidi geri hərəkət etdirən D.Rikkardonun bolidi D.Kvyatın bolidinə çırpılıb. Nəticədə hər iki bolid zədələndiyi üçün pilotlar mübarizəni erkən başa vurublar.

 

"Formula-2”də qalib müəyyənləşdi

 

Aprelin 28-də Bakıda "Formula-2” üzrə ikinci yarışa da yekun vurulub. "DAMS” komandasının pilotu kanadalı Nikolas Latifi birinci olub. "Charouz”un amerikalı sürücüsü Xuan Manuel Korrea yarışı ikinci, "Campos Racing”in ingiltərəli pilotu Cek Aitken isə üçüncü pillədə başa vurublar.

"Formula-2”də ilk yarış günündə isə "Campos Racing” komandasının pilotu Cek Aitken birinci, "ART Grand Prix”dən Nik de Vries ikinci, "MP Motorsport”un üzvü Cordan Kinq isə üçüncü yeri tutmuşdular.

 

Sürətsevərlərin pilotlarla görüşləri

 

"Formula-1”in Azərbaycan nümunəsi yüksək səviyyədə hazırlığı, qonaqpərvərliyi ilə dünyanı heyran etməklə yanaşı, paytaxtımızda yarışan ən məşhur pilotların qəlbində dostluq, anlaşma, sevgi məşəli yandırıb. Yarış müddətində sürətsevərlər öz qəhrəmanları - "Mercedes”, "Haas”, "Williams”, "Toro Rosso”, "Mercedes”, "Renault” s. komandaların pilotları ilə avtoqraf sessiyalarında görüşdülər. Bu, azarkeşlər üçün əsl hədiyyə oldu.

Beləliklə, Azərbaycan bu yarışa yüksək səviyyədə evsahibliyi etməklə bir daha sübut etdi ki, beynəlxalq tədbirlərin keçirilməsi üçün əsas ünvanlardan biridir.

 

Dünya ulduzlarının ifasında konsertlər

 

"Formula-1” Azərbaycan Qran-prisinin həyəcanlı maraqlı yarışlarından sonra azarkeşlər axşam saatlarında "Baku Crystal Hall”a toplaşdılar. Dünya ulduzlarının enerjili coşqulu ifaları konserti dinləməyə gələnlərə unudulmaz gecələr yaşadıb.

"Formula-1” Azərbaycan Qran-prisinin ilk musiqili qonağı britaniyalı müğənni Cessi Cey azarkeşlərə unudulmaz anlar bəxş edib. Aprelin 28-də isə dünyanın ən tanınmış reperlərindən olan Kardi Bi avtoidman azarkeşlərinin qarşısında səhnəyə çıxıb. O, "Baku Crystall Hall”da "Formula-1” həvəskarları üçün ən məşhur ifalarını səsləndirib.

Bununla da Azərbaycan Qran-prisi göstərdi ki, "Formula-1” təkcə yarış deyil, həm istirahət üçün unudulmaz möhtəşəm tədbirdir.

 

Elçin CƏFƏROV

 

Azərbaycan.- 2019.- 30 aprel.- S.6.