Azərbaycan dünya miqyasında uğurla inkişaf edən
ölkələr sırasındadır
Prezident İlham Əliyev qarşıdakı dövr
üçün yeni hədəfləri bəyan etdi
İyulun 31-də Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin yanında
sosial-iqtisadi sahə ilə bağlı müşavirə
keçirilib.
AZƏRTAC xəbər verir ki,
müşavirədə çıxış edən Prezident İlham ƏLİYEV
dedi:
-İlin əvvəlində qarşımıza qoyduğumuz vəzifələr icra edilir, ölkəmiz inamla inkişaf edir, böyük infrastruktur layihələri icra olunur. Ümumi iqtisadi vəziyyət çox müsbətdir və bu, özünü rəqəmlərdə də əks etdirir.
İqtisadiyyatımız bu ilin altı ayında 2,4 faiz, qeyri-neft sektorumuz 3,2 faiz artmışdır. Ən sevindirici göstərici qeyri-neft sənayesindədir. Burada artım 15,7 faizdir. Bu, onu göstərir ki, son illərdə sənayeləşmə siyasətimiz gözəl nəticələr verir. Sənayemizin qeyri-neft sektoru rekord addımlarla irəliləyir. Bu sahədə, əlbəttə ki, bu il istifadəyə verilmiş iri müəssisələrin rolu kifayət qədər böyükdür. Bildiyiniz kimi, karbamid zavodu, "SOCAR-Polymer” zavodu istifadəyə verilmişdir və bu zavodların istehsal həcmi kifayət qədər böyükdür. Eyni zamanda, kiçik və orta sahibkarlığın inkişafı üçün lazımi addımlar atılır. Beləliklə, altı ayda qeyri-neft sənayemizin 15,7 faiz artımı, əlbəttə ki, çox sevindirici haldır.
Kənd təsərrüfatında da rekord göstərici əldə edilib. Kənd təsərrüfatı bu ilin altı ayında 13 faiz artmışdır, xüsusilə bitkiçilik hesabına. Bitkiçilik 25 faiz artmışdır. Yəni, bu, onu göstərir ki, qoyulan investisiyalar, aparılan islahatlar, verilən subsidiyalar, kənd təsərrüfatına elmi yanaşma öz nəticəsini verməkdədir. Əminəm ki, gələcək illərdə kənd təsərrüfatı dayanıqlı şəkildə inkişaf edəcək və beləliklə, həm məşğulluğun, eyni zamanda, kənd təsərrüfatı ixracının artırılmasına xidmət göstərəcək.
Ticarət dövriyyəmiz də kifayət qədər artıb – 20 faizdən çox. Qeyri-neft ixracımız 15 faiz artmışdır. Altı ayda ölkə iqtisadiyyatına 6 milyard dollardan çox sərmayə qoyulub. Bu sərmayənin böyük hissəsi qeyri-neft sektoruna qoyulan sərmayədir. İnflyasiya cəmi 2,5 faizdir. Bu da yaxşı göstəricidir, əhalinin gəlirləri 6,6 faiz artmışdır. Büdcə daxilolmaları Vergilər Nazirliyinin, Dövlət Gömrük Komitəsinin xətti ilə 440 milyon manatdan çox artmışdır, yəni, plandan əlavə yığılmışdır və bu da aparılan islahatların təzahürüdür.
Bir sözlə, bütün iqtisadi göstəricilər onu deməyə əsas verir ki, biz düzgün istiqamətdə inkişaf edirik və qarşıda duran bütün vəzifələri icra edirik.
Bildiyiniz kimi, bu ilin əvvəlində çox böyük sosial paket təsdiqləndi və bu sosial təşəbbüslər 4 milyondan çox insanı əhatə edir. Çox önəmli addımlar atılmışdır – minimum əməkhaqqı, minimum pensiya əhəmiyyətli dərəcədə qaldırılmışdır. Birinci dəfə 40 faiz, ikinci dəfə də 40 faiz artmışdır, bu, artıq sentyabr ayından ödəniləcək. Minimum əməkhaqqı təxminən 2 dəfə qaldırılıb, 130 manatdan 250 manata çatdırılıb. Pensiya isə 116 manatdan 200 manata çatdırılıb. Bu da çox əhəmiyyətli artımdır və əlbəttə ki, buna böyük maliyyə vəsaiti lazımdır. Biz əlavə gəlirlərimizin demək olar ki, tam həcmini sosial sahəyə yönəldirik. Çünki sosial sahə bizim üçün prioritet sahədir və hər zaman bu sahə diqqət mərkəzində olub, bu gün də belədir. Azərbaycan vətəndaşlarının rifahı, onların yaşayış səviyyəsi daim diqqət mərkəzindədir və imkan daxilində biz bu məsələləri həll edirik. Onu da bildirməliyəm ki, bu sosial paketin həyata keçirilməsi üçün çox böyük maliyyə vəsaiti tələb olunur. Biz buraya təxminən 2 dəfə artımın olduğu sosial müavinətləri də əlavə edə bilərik. Məcburi köçkünlərə verilən müavinət 50 faiz artmışdır, problemli kreditlərlə bağlı olan məsələ öz həllini tapmışdır, digər sosial təşəbbüslər irəli sürülmüşdür və bu, bir daha onu göstərir ki, bizim siyasətimiz sosialyönümlü siyasətdir.
Bu proqramın və təşəbbüslərin həyata keçirilməsi ilə əlaqədar görülmüş işlərlə bağlı məlumat üçün söz verilir Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayevə.
Nazir Sahil BABAYEV çıxış edərək
dedi:
- Möhtərəm cənab Prezident.
Siz ilin əvvəlində bəyan
etmişdiniz ki, bu il sosial inkişafla
bağlı çox fərqli bir il olacaqdır. Həqiqətən
də Sizin təşəbbüslərinizlə
iki böyük sosial islahat paketi qəbul edildi. Bu sosial islahat
paketləri – birinci paket 3 milyon insanımızı əhatə
etdi və ümumi illik maliyyə tələbi 1,6
milyard manata bərabər idi. Bu sosial islahat
paketi artıq tam şəkildə icra olundu və həm
pensiyaçılarımızın, həm də işləyən
vətəndaşlarımızın əməkhaqları
artırıldı. İkinci sosial paketlə
bağlı hazırlıq işləri artıq yekunlaşıb
və sentyabr ayının 1-dən etibarən minimum əməkhaqqının
250 manata çatdırılması, dövlət sektorunda
çalışanlar əlavə 400 min insanın
kateqoriyalarından asılı olaraq 20-50 faiz
aralığında əməkhaqlarının
artırılması, eyni zamanda, oktyabrın 1-dən etibarən
750 min pensiyaçının pensiyasının
artırılması ilə bağlı bütün
hazırlıq işləri artıq
yekunlaşdırılıb. Ümumilikdə hər iki paketin
ümumi dəyəri cari il üçün 2,3
milyard manatdır, növbəti il üçün 3 milyard
manatdır və 4,2 milyon insanımızı əhatə edəcəkdir.
Minimum əməkhaqqında demək olar ki, iki dəfə
artım, minimum pensiyada 72 faizlik artım nəticəsində
Azərbaycanda minimum pensiya MDB məkanında
alıcılıq qabiliyyəti üzrə birinci göstərici
olacaqdır. Minimum əməkhaqqı isə yenə
də alıcılıq qabiliyyəti üzrə MDB məkanında
ikinci göstərici olacaqdır.
Əlavə olaraq,
tapşırığınıza əsasən müavinət
və təqaüdlərin artırılması sahəsində
görülən işlər ümumilikdə 1,3 milyon
insanımızı əhatə etdi və bunlardan 300 mindən
artığı məhz əlilliyi olan şəxslər idi,
500 minə qədəri məcburi köçkün, 100 mindən
artığı tələbə və gənclər idi. Ümumilikdə baxdıqda bu müavinət və təqaüdlər
əhalinin sosial cəhətdən ən həssas təbəqəsini
əhatə etdi və onların gəlirləri çox əhəmiyyətli
şəkildə artırıldı.
Sizin digər bir sosial təşəbbüsünüz
olaraq, ötən ilin sonlarında qanunvericiliyə edilmiş dəyişiklik
nəticəsində ölkəmizdə ciddi şəkildə
sosial sığorta amnistiyası elan edildi və 2006-cı ildən
2018-ci ilədək sosial sığorta sahəsində cüzi
ödəniş etmiş şəxslərə belə 25 il sığorta stajı tətbiq edildi. Bunun nəticəsində yanvar ayının 1-dən
etibarən avtomatik pensiya təyinatına başlanıldı.
Avtomatik pensiya təyinatı bu gün artıq
13 min insanı əhatə edir. Onlar hər
hansı bir ünvana getmədən, hər hansı bir
müraciət etmədən pensiya təyinatlarını ən
səmərəli və sürətli şəkildə əldə
ediblər. Bu siyasətin davamı olaraq bu sahədə
şəffaflığın və səmərəliliyin təmin
edilməsi üçün il ərzində
pensiyaya çıxan vətəndaşlarımızın 80
faizi əhatə olunacaqdır. Digər
avtomatlaşdırma tədbirləri də davam etdiriləcəkdir.
O cümlədən müavinət və təqaüdlərin
təyinatında avtomatlaşdırma tədbirləri bitdikdən
sonra cari il üçün 180 min müraciətin tam şəkildə,
praktik qaydada, vətəndaşların hər hansı bir
ünvana getmələrinə ehtiyac olmadan təmin edilməsi
həyata keçiriləcəkdir.
Prezident İlham
ƏLİYEV: Özünüməşğulluq
Proqramı ilə bağlı hansı işlər
görülür? Çünki ilin əvvəlində
biz planlaşdırırdıq ki, təqribən 7 min
insanı əhatə edəcək, amma həyat göstərir
ki, rəqəm artır və tələbat da artır. Yəni, bu sahədə hansı işlər
görülüb və proqramın əhatə dairəsi nə
qədər genişlənəcəkdir?
Nazir Sahil BABAYEV: Cənab Prezident, Sizin
tapşırığınızla ötən il biz 6 min ailəni
əhatə edə bildik və 6 min ailəyə mikro və
kiçik biznesə başlaması üçün aktivlər
təmin edildi. Sizin göstərişinizə əsasən, bu
il üçün İşsizlikdən
Sığorta Fondunun büdcəsinə müvafiq dəyişiklik
edildi və əlavə vəsaitin cəlb olunması nəticəsində
10 min ailənin bu il Özünüməşğulluq
Proqramı ilə əhatə edilməsi
planlaşdırılır. Müraciətlər çoxdur, əhalinin
bu proqrama çox böyük marağı, çox
böyük rəğbəti var. Cari ilin ilk 6 ayı ərzində
45 minə yaxın müraciət gəlib. Bunları nəzərə
alaraq, ötən ildən növbədə qalan insanlara və
bu il müraciət edənlərin
arasında isə əlilliyi olan şəxslərə, məcburi
köçkünlərə, şəhid ailələrinə
və həssas kateqoriyadan olan digər insanlara
üstünlük verilir. Artıq 4 min nəfər bu il təlimlərdən keçirilib, 1100 nəfər
aktivlər əldə edib. Əlavə olaraq
BMT-nin İnkişaf Proqramı layihəyə cəlb olunub,
1000 nəfərə yaxın ailə məhz BMT-nin
İnkişaf Proqramı tərəfindən təmin ediləcəkdir.
Sizin göstərişlərinizə uyğun
olaraq, Dünya Bankı ilə müzakirələr yekun mərhələyə
çatıb. Sentyabr ayında Dünya
Bankı layihə təklifini Azərbaycan Hökumətinə
təqdim edəcək və gələn ildən bu layihəyə
qoşulacaq. Ümumilikdə, layihənin
ilkin göstəriciləri çox müsbətdir. Əlbəttə, ikiillik dövrün yekun
monitorinqinin nəticələrini götürmək olar, amma,
ilk altı ayın göstəriciləri göstərir ki, əhalinin
bu proqrama həm böyük rəğbəti var, həm də
bu mexanizmdən ciddi şəkildə yararlanır.
Prezident İlham
ƏLİYEV: Bəli,
biz bu məsələləri beynəlxalq maliyyə
qurumları ilə də müzakirə etmişik. Dünya Bankı ilə bu ilin əvvəlində
müzakirələr aparılıb və biz onları bu
proqrama dəvət etdik. Dünya
Bankının bu proqramda iştirakı təbii ki, bizə əlavə
maliyyə resursu verəcək.
May ayında açılan DOST mərkəzinin
fəaliyyəti haqqında nə deyə bilərsiniz?
Nazir Sahil BABAYEV: Cənab Prezident, Sizin
iştirakınızla DOST mərkəzi açıldıqdan
sonra həqiqətən də çox böyük bir rəğbət
toplayıbdır. İki aydan bir az
artıq dövrdə 20 min vətəndaşımız bu mərkəzə
müraciət edib. Hər bir müraciətçi
xidmət gördükdən sonra orada elektron qaydada xidmətin
səviyyəsini qiymətləndirir. Bu
günə vətəndaşlarımızın tam məmnunluq
səviyyəsi 93 faizi keçibdir, 4 faiz də əlavə
olaraq qismən məmnun vətəndaşlarımızdır.
Biz bu göstəricini daim bu şəkildə
saxlamağa çalışacağıq. Bu gün
artıq 126 xidmətin hər biri DOST mərkəzində
göstərilir. Sizin göstərişlərinizə
uyğun olaraq ilin sonunadək növbəti Mərkəzin
açılması istiqamətində ciddi iş
aparılır. Daha 3 mərkəzin
açılması üçün işlər
görülür. Düşünürük ki, ilin
sonuna və növbəti ilin birinci rübünə bu 3 mərkəz
də açılacaq və beləliklə, biz Bakının
80 faizini əhatə etmiş olacağıq. Növbəti
mərhələdə daha bir Mərkəz açdıqdan
sonra Bakı şəhəri tam əhatə olunacaq.
Regionlarımızda da DOST mərkəzlərinin
açılması sahəsində iş başlayacaq. DOST mərkəzinin,
DOST konsepsiyasının bir mexanizmi də elektron və onlayn
xidmətlərin göstərilməsi məsələsidir. Bununla bağlı orada çox müasir
"Çağrı mərkəzi” qurulub. Vətəndaşlarımızdan gələn müraciətlərin
sayından və onların məmnunluq səviyyəsindən
görünür ki, "Çağrı mərkəzi”
vasitəsilə bir çoxları öz xidmətlərini əldə
edirlər, hətta mərkəzə gəlməyə də
ciddi ehtiyac duymurlar. Düşünürük ki, DOST mərkəzi
Sizin növbəti təşəbbüsünüz olaraq Azərbaycanın
bir brendinə çevriləcəkdir.
May ayında Bakı şəhərində
Beynəlxalq Sosial Təminat Agentliyinin Avropa Forumu keçirildi
və 55 ölkənin sosial təminat agentliklərinin rəhbərləri
DOST mərkəzini ziyarət etdilər. Onların
da ilkin qiymətləndirməsi çox yüksək oldu.
İnanırıq ki, qısa müddət ərzində
bu şəbəkə genişləndirilərək ölkə
ərazisini tam şəkildə əhatə edəcək.
Prezident İlham
ƏLİYEV:
Bu ilin əvvəlində regionların sosial-iqtisadi
inkişafı üzrə dördüncü Dövlət
Proqramı qəbul edilib. Bu, çox
genişmiqyaslı proqramdır. Baxmayaraq
ki, son illərdə infrastruktur layihələri ilə
bağlı bir çox işlər
görülmüşdür, bu günə qədər həllini
tapmayan məsələlər də bu proqramın icrası nəticəsində
öz həllini tapacaq. Bildiyiniz kimi, bu sahə
bizim üçün prioritet sahədir. Həm
elektrik enerjisi ilə təchizat, qazlaşdırma, içməli
su sahələrində, həm də suvarma layihələrinin
icrası istiqamətində bir çox işlər
görülüb və gözəl nəticələr var.
Beləliklə, Azərbaycanda qazlaşdırmanın səviyyəsi
96 faizə yaxınlaşır. Nadir
ölkələrdə bu qədər qazlaşdırma
aparılır. Elektrik enerjisi ilə
bağlı böyük generasiya gücləri
yaradılmışdır və Azərbaycan bu baxımdan yenə
də ön sıralardadır. Çünki
biz öz enerji təhlükəsizliyimizi təmin edə
bilmişik. Bu il mövcud stansiyalarda
aparılan yenidənqurma işləri nəticəsində əlavə
generasiya gücü əldə ediləcək. Bütün
bölgələrimizdə içməli su layihələri
icra edilir və bu il də bir neçə
şəhərin içməli su problemi həll olunacaq. Buna da çox böyük diqqət göstərilir.
Hər il təxminən 100 min hektar
torpağın suvarılması ya yaxşılaşır, ya
da ki, suvarılmayan torpaqlara su çəkilir. Bu
da çox önəmli məsələdir və bu məsələ
ilə bağlı əlavə addımlar atılacaq.
Bütövlükdə ilin əvvəlindən
icra edilən Proqramın əsas göstəriciləri
haqqında danışmaq üçün İqtisadiyyat naziri
Şahin Mustafayevə söz verilir.
Nazir Şahin
MUSTAFAYEV
çıxış edərək dedi:
-Möhtərəm cənab Prezident,
həqiqətən Siz 2004-cü ildən başlayaraq ölkədə
regionların sosial-iqtisadi inkişafına böyük diqqət
yetirirsiniz və apardığınız sosial-iqtisadi
inkişaf strategiyasının əsas istiqamətlərindən
biri də məhz regionların tarazlı və davamlı
inkişafıdır.
Qeyd etdiyiniz kimi, artıq bu
ilin əvvəlində təsdiq etdiyiniz regionların
sosial-iqtisadi inkişafı üzrə dördüncü
Dövlət Proqramının icrasına
başlanılmışdır. Üç Dövlət
Proqramı böyük uğurla icra olunmuşdur və yekun nəticə
olaraq əhalinin rifahının yüksəlməsinə
yönəlmiş Dövlət proqramlarının icrası,
sözün əsl mənasında, Azərbaycanın
regionlarının simasını köklü surətdə dəyişmişdir.
Regionların indiki vəziyyəti 15 il
bundan əvvəlki vəziyyətindən həqiqətən,
fundamental dərəcədə fərqlənir. Bu inkişafda qəbul etdirdiyiniz proqramların rolu
müstəsna əhəmiyyət kəsb edir.
Bu ilin əvvəlində təsdiqlədiyiniz
dördüncü proqramın icrası uğurla davam etdirilir. Dövlət
İnvestisiya Proqramında nəzərdə tutulan vəsaitlərin
böyük hissəsi, ilk növbədə, bu proqramın əsas
istiqaməti olan infrastruktur layihələrinin icrasına
yönəldilmişdir. Eyni zamanda, bu
proqram regionlarda kommunal xidmətlərin səviyyəsinin
yüksəldilməsi, infrastruktur təminatının
yaxşılaşdırılması ilə yanaşı,
sosial infrastrukturun yaxşılaşmasına da yönəldilmiş
bu proqram ciddi nəticələr verir. Həmçinin
Dövlət Proqramının icrası kənd yerlərini də
əhatə etməklə məşğulluğun təmin
olunması istiqamətində atılan vacib addımlardan
biridir. Bu gün artıq qeyd etmək olar
ki, regionlarda yaradılan biznes mühiti, kənd təsərrüfatı
və sənayenin inkişafı üçün infrastruktur
artıq öz bəhrəsini verməkdədir və bölgələrdə
məşğulluğun təmin olunmasında əsas rol
oynayır.
Mən regionlarda
yaradılmış 9 sənaye parkı və məhəllələri
haqqında qısa məlumat vermək istəyirəm. Artıq sənaye
pakları və məhəllələrində 78 rezident
qeydiyyatdan keçib, 45 rezident artıq fəaliyyətə
başlayıb. Nəzərdə tutulan 6,4 milyard manat sərmayədən
artıq 5,7 milyard manatı faktiki olaraq qoyulub və bu layihələrin
yerinə yetirilməsi nəticəsində 11 mindən
çox yeni iş yeri açılıb. Eyni zamanda, bu layihələrin
fəaliyyəti nəticəsində artıq 1,5
milyard manatlıq məhsul istehsal olunub ki, onun da 300 milyon
manatlıq hissəsi ixraca yönəlib.
Həmçinin
tapşırığınızla regionlarda iş yerlərinin
açılması və məşğulluğun təmin
olunması istiqamətində kənd təsərrüfatı
üçün vacib olan aqroparkların və iri fermer təsərrüfatlarının
yaradılması istiqamətində ciddi işlər
aparılır. Tapşırığınıza
uyğun olaraq 51 aqroparkın yaradılması istiqamətində
ciddi addımlar atılıb. Artıq nəticələr
var. İyirmi iki aqropark faktiki fəaliyyətdədir, bu ilin
sonuna qədər 11 aqroparkın fəaliyyətə
başlamasını gözləyirik. Bu layihələrin
icrası nəticəsində ölkə iqtisadiyyatına 2,4 milyard manat əlavə investisiya
qoyulacaqdır. Eyni zamanda, bu layihələrin icrası nəticəsində
4 mindən çox yeni iş yeri yaradılacaqdır.
Həmçinin
investisiyaların təşviqi sahəsində görülən
işlər də regionların inkişafına müsbət
təsir göstərir və investisiyaların təşviqi
mexanizmi uğurlu nəticələr verir. Bu günədək 400-ə
yaxın layihə təşviq olunub və onların nəticəsində
ölkə iqtisadiyyatına 3,4 milyard manat
sərmayə qoyulub. Bunların nəticəsində 16 mindən
çox yeni iş yerinin açılması artıq
reallaşıb.
Aydındır ki, biznes
mühiti üçün layiqli, səviyyəli infrastrukturun
mövcudluğu əsas şərtdir. Bu baxımdan
qeyd etdiyiniz infrastruktur layihələrinin icrasının davam
etdirilməsi regional proqramın əsas məqsədlərindən
biridir. Qeyd etdiyiniz kimi, elektrik, qaz təchizatı,
yolların çəkilməsi, xüsusilə kənd
yollarının çəkilməsi və son illər ərzində
Sizin tapşırığınızla bu istiqamətdə
görülən işlər, doğrudan da regionlardakı vəziyyəti
ciddi surətdə dəyişib. Artıq
kənd yerlərində mövcud olan köhnə yolların
böyük hissəsi təmir olunub və yüksək səviyyəyə
qaldırılıb. Bu da həm əhalinin
rifahının yaxşılaşmasına, həm də
iqtisadiyyatın inkişafına çox müsbət təsir
göstərib.
Siz meliorasiya sahəsində
görülən işləri qeyd etdiniz. Min kilometrlərlə
kollektor-drenaj sistemləri təmizlənir, subartezian
quyuları qazılır, əhalinin istifadəsinə verilir.
Eyni zamanda, Siz hər il bu proqrama ciddi diqqət
göstərir, onu şəxsən təsdiq edirsiniz. Bu quyuların kəndbəkənd dislokasiyasına
Siz özünüz nəzarət edirsiniz və bunun da
çox gözəl nəticələri göz
qabağındadır.
Mən xüsusilə sosial
sahədə görülən işləri də
vurğulamaq istəyirəm. Cənab Prezident, regionların
sosial-iqtisadi inkişafı proqramlarının əsas məqsədlərindən
biri də məhz sosial sahədə layihələrin həyata
keçirilməsi idi. Bu sahədə də
böyük həcmdə işlər görülüb, 3 mindən
çox məktəb yenidən tikilib və ya əsaslı
şəkildə təmir olunub. İki
ildir artıq yeni yanaşma da mövcuddur - modul tipli məktəblərin
tikintisinə də başlanmışdır. Bu, ilk növbədə, kiçik kəndlərdə,
ucqar regionlarda yerləşən kənd məktəblərinə
aid idi. Bu proqram da uğurla icra olunur.
Sizi əmin etmək istəyirəm ki, proqramda nəzərdə
tutulan bütün işlər yerinə yetiriləcəkdir.
Cənab Prezident, qeyd etmək istəyirəm
ki, proqramda nəzərdə tutulmuş bütün tədbirlərin
icrasına nəzarət olunur. Bu nəzarət göstərir
ki, nəzərdə tutulan işlər Sizin
müəyyən etdiyiniz vaxtda yüksək keyfiyyətlə
icra olunacaqdır.
Prezident İlham
ƏLİYEV:
Biznes mühitinin yaxşılaşdırılması istiqamətində
çox ciddi addımlar atılıb. Dünya Bankının
"Doing Business” proqramı çərçivəsində
Azərbaycan 10 ən islahatçı ölkə kimi tanınır
və biz 32 pillə irəliləmişik və hazırda
25-ci yerdəyik. Əlbəttə ki, bu, Azərbaycana
investisiyaların cəlb edilməsi üçün müsbət
rol oynayır və oynayacaq. Bütün
aparıcı beynəlxalq maliyyə qurumları bu sahədəki
fəaliyyətimizi yüksək qiymətləndirir.
O ki qaldı, infrastruktur layihələrinə,
əlbəttə, bir çox layihələr icra edilib, o
cümlədən sosial infrastrukturla bağlı və bu il də icra ediləcək. Onlarla
məktəb tikiləcək, 10 şəhərdə mərkəzi
xəstəxana yenidən tikiləcək, yaxud da ki, əsaslı
təmir olunub istifadəyə veriləcək. Olimpiya kompleksləri - 3 Olimpiya Kompleksinin
açılışı nəzərdə tutulur, biri
artıq açılıb. Digər sosial
infrastruktur layihələrinin icrası ilə bağlı
konkret proqramlar, planlar var və bunlar bizim Dövlət
İnvestisiya Proqramında öz əksini tapır.
Güzəştli şərtlərlə
verilən kreditlərin həcmi bu il 170
milyon manat səviyyəsində idi. Bunların
neçə faizi icra olunub və hazırda vəziyyət nə
yerdədir?
Nazir Şahin
MUSTAFAYEV: Bu ilin
altı ayında sahibkarlara 50 milyon manatadək güzəştli
kredit ayrılmışdır. İlin ikinci
yarısında 120 milyon manat həcmində güzəştli
kredit veriləcək. Layihələr qəbul
olunub, baxılıb və hazır layihələr müəyyənləşdirilib.
Prezident İlham
ƏLİYEV:
Yol tikintisi də Azərbaycanda geniş vüsət alıb.
Son 15 il ərzində 15 min kilometr yol
çəkilib. Bu il də kənd
yollarının, şəhərlərarası yolların
çəkilişi nəzərdə tutulur. Təxminən
min kilometrə yaxın yolun çəkilişi nəzərdə
tutulur. Məndə olan məlumata görə,
altı ayda təxminən 400 kilometrə yaxın avtomobil yolu
çəkilib. Bu, demək olar ki, Azərbaycanda
yol infrastrukturunun tamamilə yenilənməsinə gətirib
çıxardı. Təsadüfi deyil ki,
Davos Ümumdünya İqtisadi Forumunun hesabatında avtomobil
yollarının keyfiyyətinə görə Azərbaycan
dünyada 34-cü yerdədir. Əminəm
ki, bizim yerimiz daha da irəliləyəcək. Çünki bu sahəyə doğrudan da çox
böyük investisiyalar qoyulur və bundan sonra da qoyulacaq.
Mən qeyd etdim ki, bizim
büdcə daxilolmalarımız artır. Eyni zamanda,
valyuta ehtiyatlarımız artır. Valyuta
ehtiyatlarımız rekord həddə çatıb – 49 milyard
dollar səviyyəsindədir. Bu, bizim
böyük sərvətimizdir, böyük uğurumuzdur.
Bu ilin altı ayında valyuta ehtiyatlarımız
4 milyard dollar artıb. Biz bu vəsaitdən
çox qənaətlə istifadə edirik. Məhz buna görə hətta böhranlı illərdə,
neftin qiyməti aşağı olan illərdə biz öz
valyuta resurslarımızı qorumuşuq və
artırmışıq. Məqsəd də
məhz belə idi ki, biz ildən-ilə öz valyuta
ehtiyatlarımızı artıraq və bununla paralel olaraq
xarici dövlət borcumuzu da kifayət qədər əhəmiyyətli
dərəcədə aşağı sala bilmişik.
Bir il ərzində xarici borcumuz 4 faiz
aşağı düşüb və təxminən 19 faiz səviyyəsindədir.
Bu, dünya miqyasında ən gözəl
göstəricilərdən biri hesab olunur. Çünki bəzi ölkələrdə dövlət
xarici borcu ümumi daxili məhsuldan da artıq olur, yaxud da ki,
ona bərabərdir. Bizdə isə bu, 19
faizdir. Biz bu sahədə bundan sonra da
çox diqqətli olmalıyıq. Ancaq
strateji əhəmiyyət daşıyan layihələrə
kreditlərin alınması mümkündür. Çünki bizim öz daxili imkanlarımız var və
biz bu imkanlardan istifadə etməliyik.
İnflyasiya qeyd etdiyim kimi, 2,5 faizdir. Bu, yaxşı göstəricidir.
Manatın məzənnəsi də sabitdir.
Makroiqtisadi vəziyyətlə bağlı və
ümumiyyətlə, bu sahədə görülmüş
işlərlə, planlarla bağlı Mərkəzi Bankın
İdarə Heyətinin sədri Elman Rüstəmova söz
verilir.
Mərkəzi Bankın İdarə
Heyətinin sədri Elman
RÜSTƏMOV çıxış edərək dedi:
- Təşəkkür edirəm, cənab
Prezident.
Bütövlükdə
ölkənin makroiqtisadi sabitliyi onun xarici ticarət və
daxili maliyyə balanslarının tarazlığından ibarətdir,
ondan asılıdır. Bu istiqamətdə artıq Siz qeyd etdiniz, əlverişli
şəraitdə Azərbaycanın həm xarici ticarət
balansı 2,9 milyard dollar həcmində
profisitlidir, o cümlədən bizim xarici ödəmə
balansımız da profisitlidir. Bütövlükdə
cari ildə, - artıq Siz qeyd etdiniz, - bizim ixracımız 15
faizdən çox artıb. Amma fərəhli
hal odur ki, artıq qeyri-neft ixracımız ümumi ixracdan
geridə qalmır, o da 15 faiz səviyyəsində
artmışdır və qeyri-neft idxalının əhəmiyyətini
üstələməkdədir.
Neftin qiyməti ilin əvvəlindən
20 faizə qədər artıb və 66 dollardır. Bu, bizim daxili
proqnozlarımızda, yəni büdcə və sosial-iqtisadi
proqnozlarda qoyduğumuz proqnozdan 6 dollar çoxdur. Siz qeyd etdiyiniz kimi, strateji valyuta ehtiyatlarımız
son illərdə əhəmiyyətli dərəcədə
artmışdır. Biz inamla
bütövlükdə böhrandan öncəki səviyyəni
bərpa etməyə doğru gedirik. Qırx
doqquz milyard dollar bizim ümumi daxili məhsuldan daha
çoxdur. Bu, Azərbaycanın həm
yüksək beynəlxalq ödəmə qabiliyyətini, həm
də yüksək maliyyə təhlükəsizliyini ifadə
edir.
Mərkəzi Bankın
özünün də valyuta ehtiyatları artır. Cari ildə
biz valyuta ehtiyatlarımızı 330 milyon dollardan çox
artırmışıq. Amma diqqətinizi ona cəlb etmək
istəyirəm ki, Sizin qoyduğunuz məsələ
- valyuta ehtiyatlarının idarə olunmasının
effektivliyinin artırılması olduqca mühüm məsələdir.
Bu vəsaitin təxminən 100 milyon dollardan
çoxunu biz altı ayda xarici idarəetmədən
almışıq. Baxmayaraq ki, beynəlxalq
maliyyə bazarlarında vəziyyət kifayət qədər
mürəkkəbdir və faiz dərəcələri
aşağıdır. Biz ili 3,2 faiz
gəlirlə başa vurmağı
düşünürük.
Bütövlükdə
manatın məzənnəsi, qeyd etdiyiniz kimi, sabitdir və
sabit olaraq qalır. Xarici balansın müsbət olması,
ixracın şaxələndirilməsi istiqamətində
görülən işlər və valyuta təklifinin
genişlənməsi və bazarda müsbət gözləntilər
daxili valyuta bazarında əhəmiyyətli profisit yaradıb.
Mən bunu Sizə məruzə etmişdim.
Bütövlükdə bu gün Mərkəzi
Bankın sterilizasiyası ilə birlikdə daxili valyuta
bazarında 1 milyard ABŞ dollarından çox profisit
mövcuddur. Bu isə bütövlükdə
manatın məzənnəsinin nəinki bugünkü
sabitliyinə, həm də bütövlükdə gözlənilən
sabitliyinə təminat verir.
Baxmayaraq ki, məzənnəmiz
sabitdir, biz tərəfdaş olan ölkələrlə, ticarət
tərəfdaşlarımızla xarici rəqabət qabiliyyətimizi
izləyirik.
Altı ay ərzində manatın real məzənnəsi 1,2 faiz ucuzlaşıb.
İnflyasiya hədəf
diapazonu çərçivəsində həm hökumətin,
həm də Mərkəzi Bankın hədəfindən də
aşağı səviyyədədir. Baxmayaraq ki,
Siz artıq qeyd etdiniz, olduqca presedentsiz sosial tədbirlər həyata
keçirilir, sosial siyasət gücləndirilir, daxili tələb
genişləndirilir, lakin bütövlükdə idarəetmənin
yaxşılaşdırılması, görülən tədbirlər
və manatın məzənnəsinin sabitliyi inflyasiyanın
aşağı səviyyədə formalaşmasını
şərtləndirir.
İnflyasiyanın idarə
olunmasında inflyasiya gözləntiləri olduqca mühüm
rol oynayır.
Biz özümüz Dövlət Statistika Komitəsi
ilə birlikdə 4 mindən çox ailə təsərrüfatında
sorğular aparmışıq. Bütövlükdə
gələcəkdə ilin sonuna qədər inflyasiyanın
sürətlənməsini gözləyən əhalinin
sayı 2 faizdir. Yəni, əhalinin 98 faizi
ilin qalan dövründə inflyasiyanın sürətlənməsinə
inanmır. O cümlədən biznesdə
bütövlükdə makroiqtisadi sabitliyə, inflyasiyanın
dinamikasına olan inam da, - orada da sorğular
aparmışıq, - kifayət qədər yuxarıdır.
Bütövlükdə
inflyasiya səviyyəsinin aşağı olması şəraitində
Mərkəzi Bank ardıcıl olaraq monetar siyasətin,
pul-kredit siyasətinin yumşaldılması fonunda addımlar
atır.
Uçot dərəcəsini 2018-ci ildən bəri 18 faizdən
bu gün üçün 8,25 faizə qədər
endirmişik. Monetar siyasətin
yumşaldılmasının digər istiqaməti
bütövlükdə kəmiyyət yumşaldılması,
yəni bizim iqtisadiyyata verdiyimiz pulun həcmidir. Cari ildə bu, 9 faizdir. Amma cənab
Prezident, son iki ildə pul bazası deyilən bizim əsas
göstəricimiz 37 faizdən çox qalxıbdır. Bu da bütövlükdə aşağı
inflyasiya şəraitində iqtisadiyyatda canlanma, kredit
aktivliyinin artması istiqamətində edilir ki, bankların
kifayət qədər öz resursları olsun və bu vəsaitlərdən
istifadə edə bilsinlər.
İqtisadiyyatda faiz dərəcələrinin
aşağı düşməsini müşahidə edirik. Baxmayaraq ki,
ümumi fondu formalaşdıran yüksək istehlak kreditlərinin
faizləri olur. Amma biznes kreditlər, yeni
verilmiş biznes kreditlərinin orta faiz dərəcəsi cari
ildə 11 faizdir və 5 faizdən də aşağı
düşüb. Bu, bizim uçot dərəcəsinə
yaxındır. Bu, onu göstərir ki, Mərkəzi
Bankın uçot dərəcəsi, faiz siyasəti artıq
bütövlükdə biznes kreditləri üzrə həm də
əhalinin əmanətlərinin faizinin formalaşmasında
mühüm rol oynamağa başlayıb.
De-dollarlaşma, deməli bizim o
böhran dövründə dollarlaşma baş verdi. Bu gün biz
görürük ki, dollarlaşma aşağı düşməyə
başlayıb. Fiziki şəxslərin əmanətlərinin
dollarlaşması 2016-cı ildə pik nöqtədəki 85
faizdən 56 faizə, kreditlərin dollarlaşması
müvafiq olaraq 52 faizdən 35 faizə qədər
aşağı düşüb.
Kredit aktivliyi davam edir. Cari ilin altı ayında
kreditlər 3,6 faiz artıb. Lakin
bu zaman başlıca olaraq bu artım 9 faizdən çox
istehlak kreditləri tərəfindən baş verib. Amma
biznes kreditləri, real sektorda kreditlər bir qədər - 0,3 faiz azalıb. Hesab edirik ki, biz
diqqətli olmalıyıq. İstehlak
kreditlərinin artması diqqətlə izlənilməlidir.
Həm bütövlükdə əhalinin borc
yükünün artmasını, həm də bank sektorunun
portfelində bunun 50 faizə yaxınlaşmasını izləməliyik
ki, sabah bu, hansı problemlər yarada bilər.
Bu gün bank sektorunda əhəmiyyətli
likvidlik var. Amma biz yenə də görürük ki, biznes
kreditlər artmır. Görünür, kompleks requlyativ,
stimullaşdırıcı tədbirlər görmək
lazım gələcək ki, bu kreditlər
bütövlükdə real sektora getsin və
bütövlükdə ölkədə daxili investisiya
prosesini dəstəkləsin.
Əhalinin devalvasiya
dövründə zərər gördüyü valyuta kreditlərinin
Sizin Fərmanınız və təşəbbüsünüzlə
kompensasiya olunması prosesi tam başa çatıbdır, bu
vəsaitlər əhaliyə ödənilibdir. Manat kreditlərinin
restrukturizasiyası üzrə hazırlıq işləri
yekunlaşıbdır. Yaxın vaxtlarda biz
əlaqədar qurumlarla birlikdə bu vəsaitlərin əhaliyə
verilməsini təmin edəcəyik.
İqtisadi artım
haqqında deyildi, bu, davamlıdır. Bütövlükdə
6 rübdür ki, ümumi iqtisadi artım, 10 rübdür ki, qeyri-neft
sektorunda iqtisadi artım davam edir. Bu, onun
davamlılığını göstərir. Cənab
Prezident, ilin sonuna qədər qarşıda duran vəzifə
makroiqtisadi sabitliyin qorunub saxlanması və onun inkişaf
etdirilməsindən ibarətdir. Biz bunu təmin
etməliyik. Sentyabr ayında Sizin Fərmanla
müəyyən etdiyiniz sosial paketin ikinci mərhələsi
başlayır. Bütövlükdə
bunu təkcə sosial bir paket kimi yox, həm də yeni iqtisadi
artım modelinin bir amili kimi görürük. Çünki bütövlükdə əhalinin
daxili tələbatının canlanması daxili istehsalın
canlanmasına, ixracın şaxələnməsinə dəstək
verəcək. Amma başlıca vəzifəmiz
bütövlükdə bu sosial proqramların, əhalinin real
gəlirlərinin artması prosesini dəstəkləmək,
aşağı inflyasiyaya nail olmaqdır. Burada
Mərkəzi Bankın hökumətlə çox yaxşı
əlaqələndirilmiş işi nəzərdə tutulur.
Biz bu məsələləri Maliyyə Sabitliyi
Şurasında müntəzəm müzakirə edirik.
Hesab edirik ki, biz buna nail ola biləcəyik.
Prezident İlham
ƏLİYEV: Mən
büdcə daxilolmaları ilə bağlı rəqəmi səsləndirdim.
Vergilər Nazirliyi və Gömrük Komitəsinin
xətti ilə 440 milyon manatdan çox vəsait daxil olub.
Hesab edirəm ki, biz ilin sonuna qədər bu
yolla gedəcəyik. İndi proqnoz vermək
çətindir, amma hesab edirəm ki, plandan əlavə təxminən
700-800 milyon manat vəsait gözlənilir.
Vergilər naziri
Mikayıl CABBAROV
çıxış edərək dedi:
-Möhtərəm cənab Prezident. İcazənizlə çox qısa olaraq mən
mövcud vəziyyət barədə məruzə edim. Altı ayda icmal büdcəsinə cari daxilolma Vergilər
Nazirliyi tərəfindən təmin olunub və 4 milyard 954
milyon manat təşkil edib. Bunun 3 milyard 633 milyon
manatı vergi və dövlət rüsumlarıdır, 1
milyard 321 milyon manatı isə məcburi sosial sığorta və
işsizlikdən sığorta haqqıdır. Bu, müvafiq
olaraq 108,8 faiz vergilər üzrə və
müvafiq olaraq 112,5 və 116 faiz məcburi sosial
sığorta və işsizlikdən sığorta üzrə
rəqəmlərdir. İnanırıq ki, biz
bu tempin saxlanılmasına nail olacağıq və hörmətli
həmkarlarımızla yaxından işləyirik. Bizdə olan məlumata görə, Dövlət
Gömrük Komitəsi də 6 ayda proqnozun 108 faiz
icrasını təşkil edib. Bu nəticələrin
kökündə duran əsas amillər, ilk növbədə,
vergi siyasəti, inzibatçılıq və Sizin
rəhbərliyinizlə həyata keçirilən islahatlar
olub. İkincisi, həmkar qurumlarımızla
yaxından, komanda şəklində birgə işimiz, məlumat
mübadiləmiz. Üçüncüsü, vergiödəyiciləri
ilə münasibətlərimizin təbiətinin dəyişdirilməsi
və nəhayət, kölgə iqtisadiyyatı ilə
mübarizədə uğurlarımız, o cümlədən
dövriyyə və iş yerlərinin kölgədən
çıxarılması.
İcazənizlə mən
xüsusilə maraq kəsb edən müəyyən meyillərə
diqqətinizi cəlb etmək istərdim. Belə ki, vergi
daxilolmalarında qeyri-neft sektorunun payı 70,1
faizə çatıb. Bu, 2018-ci ildəki 65,8
faizlə müqayisədə əhəmiyyətli
artımdır. Ümumilikdə, qeyri-neft sektoru üzrə
daxilolmanın artım tempi 14,3 faiz təşkil
edib. Bu da iqtisadiyyatın müvafiq sektorunun artım tempini
üstələyir və illik proqnozun 51,1
faizini artıq icra etmişik. Qeyri-neft sektorunun
özündə isə özəl sektorun payı çox
yüksəkdir – 77 faiz özəl sektor tərəfindən təmin
edilib. Vergi islahatları nəticəsində
əmək müqavilələrinin sayında əhəmiyyətli
artım qeydə alınıb. Toplam 6 ay ərzində
101 min yeni əmək müqaviləsi qeydiyyata
alınıbdır. Bu rəqəmin 77 mini
özəl qeyri-neft sektorunda qeydə alınıbdır.
Bu da Sizin göstərişinizlə həyata
keçirilən vergi güzəşti islahatının birbaşa
nəticəsidir. Onu da qeyd etmək istəyirəm ki, vətəndaşlarımızın
sərəncamında yalnız bu vergi güzəştindən
qalan məbləğ 6 ay ərzində 150 milyon manat təşkil
edib, hansı ki, əvvəlki illərdə vergi qismində
ödənilirdi. Bu proses davam edir. Bu günə olan rəqəmlər
də onu göstərir ki, iyul ayında da bu proses eyni sürətlə
davam edir. Aktiv obyektlərin sayında artım
müşahidə edirik – 14 faiz aktiv, əlavə dəyər
vergiödəyicilərinin sayında isə 40 faiz artım
müşahidə edirik.
Son olaraq, vergi nəzarəti
tədbirlərinin azaldılmasını mən xüsusi
olaraq qeyd etmək istəyirəm. Belə ki, 2018-ci illə müqayisədə
səyyar vergi yoxlamalarının sayı 2,7
dəfə, 2017-ci illə müqayisədə isə 6 dəfə
azaldılıb. Sevindirici hal ondan ibarətdir ki,
biz həmişə özəl sektoru, ümumiyyətlə,
iqtisadiyyatın, vergi siyasətinin və
inzibatçılığın təsirində izləməyə
çalışırıq. Özəl
sektorun bank sistemində Azərbaycan manatı ilə olan
hesablarında qalıq artımını nəzərinizə
çatdırmaq istəyirəm. Bir il
ərzində 49 faiz artıb, ilin əvvəlindən isə
20 faiz. Bu da hesab edirik ki, həm biznesin
nağdlaşmadan əməliyyatlara keçməsinin, həm
də ölkə iqtisadiyyatına olan inamın göstəricisidir.
Prezident İlham
ƏLİYEV: Büdcənin
icrası ilə bağlı vəziyyət nə yerdədir? Samir Şərifov qısa məlumat verin.
Maliyyə naziri
Samir ŞƏRİFOV çıxış edərək dedi:
-Cənab Prezident, 2019-cu ilin dövlət
büdcəsinin 6 aylıq icrasının göstəriciləri
ölkə iqtisadiyyatında baş verən dinamik prosesləri
təsdiqləyir. Belə ki, dövlət büdcəsinin xərcləri
100,2 faiz səviyyəsində icra olunub –
10 milyard 951 milyon manat. Dövlət büdcəsinin
gəlirləri isə 10 milyard 406 milyon manat məbləğində
icra edilib. Dövlət büdcəsinin xərcləri
artıqlaması ilə icra olunub. Deməliyəm ki, Siz
artıq qeyd etdiyiniz kimi, cənab Prezident, büdcəni əsas
təmin edən orqanlar, yəni Vergilər Nazirliyi və
Dövlət Gömrük Komitəsi tərəfindən
proqnoz göstəriciləri 108 faiz icra olunub. Çox
yüksək göstəricilərdir. Vergilər
Nazirliyinin xətti ilə yaxşı göstəricilərin
biri də ondan ibarətdir ki, vergi daxilolmalarının 70
faizini qeyri-neft gəlirləri təşkil edib. Sair daxilolmalarda da vəziyyət qənaətbəxşdir,
yəni büdcədən kənar daxilolmalar olub. Biz gözlədiyimiz templərdən bir qədər
aşağı olsa da, ümid edirik ki, ilin sonuna bu vəziyyət
tam düzələcəkdir.
Cənab Prezident, mən bəzi məsələlərə
xüsusi olaraq toxunmaq istərdim. Burada vergi və
gömrük rüsumları yığımlarının təmin
olunmasında hesab edirəm ki, böyük məsələlərdən
biri bizim dövlət əsaslı vəsait qoyuluşu xərclərimizin
ahəngdar icra olunmasıdır. Qeyd etməliyəm ki,
cari ildə 5 milyard 980 milyon dövlət əsaslı vəsait
qoyuluşu üzrə xərclərimizin 37 faizi hələ
ki, 6 ay ərzində icra olunub. Bunun bəzi
obyektiv səbəbləri var. Onunla bağlıdır ki, bu məbləğdə
təxminən 1 milyard 140 milyon manat kreditlər nəzərdə
tutulub. Bu kreditlərin istifadə əmsalı
əfsuslar olsun ki, o qədər də yüksək deyil.
Hesab edirik, bizim aidiyyəti qurumlarımız,
hansılar ki, bu kreditlərin icrası ilə məşğuldur
onlar bu sahədə işlərini sürətləndirməlidirlər.
Bəzi hallar, şübhəsiz, təkcə
onlardan asılı deyil. Müəyyən
satınalma prosedurları var, beynəlxalq maliyyə
qurumları tərəfindən onlar gözlənilməlidir.
Bunlar da müəyyən vaxt tələb edir.
Bir sıra hallarda Azərbaycan dövlət
satınalmaları haqqında qanunvericiliyə uyğun tədbirlər
görülməlidir. Hesab edirik ki,
bunların ləngiməsi nəticəsində dövlət
büdcəsinin vəsaitləri, əsasən də
infrastruktur layihələrinin həyata keçirilməsi
üzrə müəyyən geriləmələr var. Bu isə
bizim vergi, gömrük orqanlarının işidir. Nəticə etibarilə, dövlət büdcəsinin
gəlirlər proqnozunun və xərclərinin icrasında bizə
müəyyən maneələr yarada bilər. Ona görə biz çalışırıq ki,
dövlət büdcəsinin xərcləri ahəngdar icra
olunsun və xərclərin böyük bir hissəsi ilin
sonuna - noyabr-dekabr aylarına təsadüf etməsin.
Dövlət büdcəsinin
icrası tam təmin olunur. O cümlədən Sizin
tərəfinizdən qəbul edilmiş sosial təşəbbüslər
proqramı tam maliyyələşdirilir. Kreditlərlə
bağlı Sizin qəbul etdiyiniz çox
humanist qərarınızın icrası aidiyyəti orqanlar tərəfindən
qısa müddət ərzində təmin olunub.
Dövlət borcu sahəsində
də, cənab Prezident, bütün öhdəliklər yerinə
yetirilməkdədir. Sizin tərəfinizdən təsdiq
olunmuş orta və uzunmüddətli dövlət borcunun idarə
edilməsi strategiyasına tam əməl olunmaqdadır. Siz qeyd etdiyiniz kimi, borcun səviyyəsini endirməyə
nail olmuşuq və biz bu səviyyənin
saxlanılmasını təmin edirik. Cənab Prezident,
onu da qeyd etmək istərdim ki, eyni zamanda, dövlət tərəfindən
bəzi əhəmiyyətli layihələrə dövlət
zəmanətləri verilir. O cümlədən belə
mühüm layihələrdən biri də Cənub Qaz Dəhlizi
layihəsidir. Sevindirici haldır, biz Sizə məruzə
etmişdik ki, bu layihə üzrə nəzərdə
tutulmuş maliyyələşdirməyə tam ehtiyac
yaranmamışdır, lakin xarici maliyyə qurumları ilə
danışıqlar aparılmışdı, yəni onlar bu vəsaitləri
ayırmağa hazır idilər. Amma
birinci paket olaraq biz 2 milyardlıq borclanmadan imtina etdik, buna
ehtiyac yaranmamışdı. İndi də
əlavə sevindirici haldır ki, artıq Çoxtərəfli
İnvestisiyalar üzrə Zəmanət Agentliyi – MİGA ilə
bizim Cənub Qaz Dəhlizi şirkəti tərəfindən
kredit müqaviləsi bağlanmışdır - 750 milyon
dollar məbləğində. İndi isə
o kreditin götürülməsinə ehtiyac yoxdur. Yəni, həm o layihə üzrə qənaət
hesabına, həm də layihənin işə
salınması ilə əlaqədar bizim o şirkətimiz
artıq sərbəst maliyyə axınına malik olub və
o, vəsait hesabına bu borcları təmin edir.
Ümumiyyətlə, cənab
Prezident, qeyd etmək istərdim ki, ilin sonunadək dövlət
büdcəsi qarşısında olan öhdəliklərin
tam təmin edilməsi üçün bütün şərait
yaradılıb. Ələlxüsus, çox ümidverici
haldır ki, bizim dövlət büdcəsinə
daxilolmanı təmin edən orqanlar tərəfindən
proqnoz göstəricilər artımlarla icra olunmaqdadır.
Prezident İlham
ƏLİYEV: Kənd
təsərrüfatında bu il rekord
göstərici əldə edilib. Qeyd etdiyim kimi,
bu, aparılan islahatlar nəticəsində mümkün olub.
Müxtəlif istiqamətli addımlar kənd təsərrüfatında
canlanmaya gətirib çıxarıb. Əlbəttə
ki, dövlət dəstəyi hər zaman olduğu kimi, bu il də göstərilir, bundan sonra da göstəriləcək.
Bu istiqamətdə atılan addımlar artıq
real nəticələr verir və kənd təsərrüfatı
uğurla inkişaf edir. Əsasən
bitkiçilik sahəsində, heyvandarlıqda artım təxminən
üç faizə yaxındır. Hesab
edirəm, bu sahəyə daha da böyük diqqət göstərilməlidir
ki, heyvandarlıq da əhəmiyyətli dərəcədə
artsın.
Məndə olan məlumata
görə, taxıl istehsalı 40 faiz artıb. Məhsuldarlıq
da kifayət qədər yüksəkdir. Əvvəlki
illərlə müqayisədə indi orta məhsuldarlıq 30
sentnerdən çoxdur. Ancaq elə təsərrüfatlar
var ki, orada məhsuldarlıq 60 sentnerdir və ondan da
çoxdur. Yəni, bu, onu göstərir
ki, müasir yanaşma, kənd təsərrüfatının
elmi əsaslarla inkişafı məhsuldarlığı
böyük dərəcədə artırır və
artıracaq.
Digər məhsulların
istehsalı da artıb. Beləliklə, bostan məhsulları təxminən 40
faiz, meyvə 20 faizdən çox, barama 25 faiz, tərəvəz
14 faiz. Yəni, ixracımız da artır və
əlbəttə ki, növbəti illərdə biz bu istiqamətdə
öz siyasətimizi apararaq özümüzü daha da
böyük nəticələrə
çatdıracağıq.
Bu sahədə
görülmüş işlərlə bağlı söz
verilir Kənd Təsərrüfatı naziri İnam Kərimova.
Nazir İnam
KƏRİMOV
çıxış edərək dedi:
-Möhtərəm cənab Prezident.
Sizin tərəfinizdən həyata
keçirilən aqrar islahatlar üzrə tədbirlər davam
etdirilir. Görülmüş sistemli tədbirlər öz
müsbət nəticəsini verməkdədir. Bütün sahələrdə, həmçinin
bitkiçilik və heyvandarlıq sahələrində
artım müşahidə edilir. Bu il
bizim qarşımızda duran əsas vəzifələrdən
biri fermerlərin daim yanında olmaq, onların üzləşdikləri
problemlərin həllində yaxından iştirak etməkdir. Bizim əsas qayğımız və vəzifəmiz
əkin balansımızı təşkil edən
taxılçılıqla bağlı olub. Bu il 1 milyon 12 min hektarda taxıl əkini həyata
keçirilib. Bunun 670 min hektarını
buğda, 342 min hektarını isə arpa əkini təşkil
edib. Həyata keçirilən tədbirlər
nəticəsində əsas məsələ düzgün
texniki təminatın təmin edilməsi olub. Belə ki,
hər il fermerlərimiz bu sahə ilə
bağlı çoxsaylı müraciətlər ediblər.
Amma dislokasiya sisteminin qurulması, xüsusilə də
müasir avadanlıqlardan istifadə edilməsi, kombaynlara GPS
quraşdırılması və onların düzgün
dislokasiyası nəticəsində bu il
taxıl biçini 20 gün tez başa çatıb. Məhsuldarlıq
da bu il daha yüksək olub. Ötən ilə nisbətən hər hektardan təxminən
2 sentner daha çox məhsul əldə edilib. Bununla yanaşı, hazırda qarşımızda
duran əsas vəzifə pambıqçılığın
inkişafı ilə bağlıdır. Pambığın
tədarükü növbəti aydan - sentyabrdan başlayacaq.
Həm texnika, həm də gübrə ilə
tam təminat üçün işlər həyata
keçiriləcək.
Cənab Prezident, fermerləri sevindirən
əsas hallardan biri odur ki, Sizin lizinq fəaliyyəti
ilə bağlı həyata keçirdiyiniz islahat nəticəsində
artıq bazarda tam liberallaşma mövcuddur. Artıq
dövlət tərəfindən tətbiq edilən güzəştlər
və subsidiyalar bütün təchizatçı şirkətlərə
tətbiq edilir. Bazarda texnikanın qiymətində
təxminən 30 faiz ucuzlaşma baş verib.
Subsidiyalarla bağlı Sizin
həyata keçirdiyiniz islahat nəticəsində, hesab
edirik ki, gübrələrlə əlaqədar bu liberallaşma
gələn ildən tam həyata keçiriləcək. Gübrənin
həm əlçatanlığı təmin ediləcək,
həm də qiymətində kifayət qədər
ucuzlaşma baş verəcək. Hazırda
bizim qarşımızda duran vəzifə gübrənin əlçatanlığını
daha da yaxşılaşdırmaqdır. Çünki
bəzi hallarda fermerlərimiz gübrənin əldə edilməsi
üçün böyük məsafələr qət etməyə
çalışırlar. Ona görə də
Kənd Təsərrüfatı Nazirliyi bu ildən gübrənin
səyyar satışını həyata keçirib və onu
fermerlərin birbaşa həyətlərinə və təsərrüfatlarına
çatdırıb.
Möhtərəm cənab
Prezident, qarşımıza qoyduğunuz əsas vəzifələrdən
biri elektron kənd təsərrüfatının təşviqidir. Hazırda
artıq 300 mindən çox fermer elektron kənd təsərrüfatında
qeydiyyatdan keçib. Gələn ilin yanvar
ayında artıq subsidiyaların verilməsi tam elektron formada
həyata keçiriləcək. Elektron kənd
təsərrüfatı sistemi, həmçinin imkan verəcəkdir
ki, biz əvvəlcədən fermerlərimizin əkinlərini
planlaşdıraq və proqnozlaşdıraq. Belə ki, fermerlərimiz mütləq qaydada öz əkin
planlarını elektron kənd təsərrüfatında bəyan
etməlidirlər. Bununla yanaşı, Sizin
tərəfinizdən həyata keçirilən digər vacib
islahat yeni subsidiya sistemi ilə bağlıdır. Hazırda subsidiya sisteminin tətbiqi ilə
bağlı hazırlıq işləri həyata
keçirilir. 2020-ci ilin yanvar ayından
artıq subsidiyalar yeni sistemlə veriləcək. Bu da, ilk növbədə, məhsuldarlığın,
məşğulluğun artırılmasına, ərzaq təhlükəsizliyinin
daha da yaxşılaşdırılmasına və bizim kənd
təsərrüfatı sahəsində ixrac
potensialımızın
yaxşılaşdırılmasına imkan verəcək.
Müşavirəyə yekun vuran Prezident İlham ƏLİYEV
dedi:
-Bu sahədə də işlər
uğurla gedir. Kənd təsərrüfatı
hər bir ölkə üçün önəmli sahədir.
Ərzaq təhlükəsizliyinin təmin edilməsi
bizim üçün əsas vəzifədir, eyni zamanda, biz
öz ixrac imkanlarımızı da genişləndiririk.
Fermerlərə əlavə güzəştlər
edilir. Texnika ilə bağlı təminat
yüksək səviyyədədir. Bu il
700-dən çox texnikanın satılması artıq təmin
edilibdir. Əvvəlki illərdə böyük sayda kənd
təsərrüfatı texnikasının alınması
hesabına biz bu sahənin inkişafına nail ola
bildik. Əlbəttə, burada müasir texnologiyalar,
müasir suvarma sistemləri əsas rol oynayır. İndi Azərbaycanda azot gübrəsi zavodu da fəaliyyət
göstərir. Yəni, xaricdən azot
gübrəsinin alınmasına ehtiyac qalmır. Pivot
tipli suvarma sistemləri Azərbaycanda istehsal edilməyə
başlamışdır. Yəni, bu sahədə
biz özümüzü təmin etmək üçün, əlbəttə
ki, çox ciddi addımlar atırıq. Əminəm
ki, növbəti illərdə bu sahədə daha da
böyük nəticələr əldə ediləcək.
Məndə olan məlumata
görə, bizdə nağdsız ödənişlər hələ
də aşağı səviyyədədir. Hesab edirəm
ki, bu sahədə çox ciddi addımlar
atılmalıdır. Çünki biz
çalışmalıyıq ki, nağdsız ödənişlərin
həcmi artsın. Posterminalların
sayı da artmalıdır. Ancaq mənə
verilən məlumata görə, onların sayı artmır.
Bu problem öz həllini tapmalıdır. Çünki nağdsız ödənişlərin
aşağı səviyyədə olması, əlbəttə
ki, kölgə iqtisadiyyatını qidalandırır. Kölgə iqtisadiyyatı ilə mübarizə
bizim üçün indi əsas məsələlərdən
biridir. Bu gün burada verilən məlumat
bunu göstərir ki, bu istiqamətdə önəmli
addımlar atılıb. Yüz mindən
çox əmək müqaviləsi bağlanıb. Halbuki bu insanlar əvvəllər kölgə
iqtisadiyyatında fəaliyyət göstərirdilər. Nağdsız ödənişlərin
aşağı səviyyədə olması, əlbəttə
ki, qəbuledilməzdir. Tapşırıq
verirəm ki, bu məsələ təhlil edilsin və ciddi
addımlar atılmalıdır. Nağdsız
ödənişlərin ümumi həcmi Azərbaycanda 2
milyard 300 milyon dollardır. Elədir?
Prezidentin İqtisadi siyasət və
sənaye məsələləri üzrə köməkçisi
Natiq ƏMİROV: Bəli, nağd çıxarılan məbləğlər
istisna olmaqla.
Prezident İlham
ƏLİYEV:
Bu sahəyə çox ciddi diqqət göstərilməlidir.
Baxmayaraq ki, inflyasiya
aşağı səviyyədədir, ancaq bəzi hallarda
süni qiymət artımı da müşahidə olunur. Müvafiq
qurumlar bu məsələ ilə ciddi məşğul
olmalıdırlar. Mənə məlumat
verilən kimi, dərhal göstərişlər verilir. Yəni, istehlak bazarına daim nəzarət
olmalıdır. Çünki burada kartel
sövdələşmələri də istisna deyil. Əlbəttə ki, biz süni qiymət
artımına yol verə bilmərik. Çox
ciddi nəzarət mexanizmi olmalıdır. Bu sahə daim diqqət mərkəzində
olmalıdır.
Bakı şəhərində bir
çox layihələr icra edilir, o cümlədən kommunal
təsərrüfat yenilənir, 400-dən çox lift
alınıb və quraşdırılır,
abadlaşdırılan 50-dən çox nümunəvi həyət
artıq vətəndaşların sərəncamına
verilib. Şəhər nəqliyyatı
üçün 300 yeni müasir avtobus gətirilir və bu,
doğrudan da böyük irəliləyiş olacaq. Çünki şəhər nəqliyyatının
müasirləşməsi bizim üçün çox
önəmlidir - vətəndaşların
rahatlığı, təhlükəsizlik tədbirləri
üçün. Metro vaqonları
alınır və metro tikintisi həyata keçirilir. Deyə bilərəm ki, Bakı o şəhərlərdəndir
ki, burada metro tikintisi aparılır və postsovet məkanında
biz bu sahədə də sayılan şəhərlər
arasındayıq. Ümumiyyətlə,
Bakı şəhərinin abadlaşması, müasirləşməsi,
gözəlləşməsi istiqamətində çox
böyük işlər görülüb. Bu gün Bakı dünyanın ən gözəl
şəhərlərindən biridir. Ancaq,
eyni zamanda, mövcud problemlər də var. Bu problemlərin həlli
daim diqqət mərkəzində olmalıdır.
Küçə
işıqlandırılması hələ də lazımi səviyyədə
deyil. Şəhərin mərkəzi təbii ki,
işıqlandırılır, ancaq bəzi yerlərdə
küçə işıqlandırılması yoxdur. Bu məsələyə çox ciddi diqqət
göstərilməlidir. İndi məişət
tullantılarının idarə olunması istiqamətində
addımlar atılır. Bir neçə il
bundan əvvəl Balaxanıda böyük məişət
tullantıları zavodu inşa edilmişdir, poliqon salınmışdır,
çeşidləmə aparılır. Biz zəncir
yaratmalıyıq. Qapıdan ta məişət
tullantıları zavoduna qədər vahid zəncir
olmalıdır. Hazırda beynəlxalq məsləhətçilərin
iştirakı ilə bu layihə Bakı şəhərində
icra edilir. Şəhərətrafı dəmir
yolu xəttinin çəkilişi davam edir. Bu da çox önəmli layihədir. Bakıda yeni istirahət zonaları yaradılır.
Bakı bu gün parklar, bağlar şəhəridir,
istirahət zonaları vətəndaşların sərəncamına
verilir və bu, əhali tərəfindən yüksək qiymətləndirilir.
İnşaat sektorunun
canlandırılması istiqamətində addımlar
atılır.
Hazırda Bakı şəhərində bir
neçə yüz yaşayış binasının tikintisi
gedir. Bu, müsbət haldır. Bu,
inşaat materialları sektoruna da müsbət təsir
göstərir, iş yerlərinin açılması
üçün şərait yaradır. Onu da bildirməliyəm
ki, ilin əvvəlindən 60 min yeni iş yeri
açılmışdır. Onların bir hissəsi
dövlət sektorunda açılmışdır. Biz bunu ona görə edirik ki, işsizlik
aşağı səviyyədə olsun. Ona görə
ödənişli ictimai iş yerlərinin yaradılması
istiqamətində önəmli addımlar atılıb və
təxminən 40 minə yaxın ödənişli ictimai
iş yeri yaradılıbdır.
Yəni, bu, bizim sosial sahədə
gördüyümüz işlərdir. Yəni, buna görə bu
iş yerləri açılır ki, vətəndaşlar
işlə təmin olunsunlar. Ancaq hamımız yaxşı
bilməliyik ki, özəl sektor iş yerlərinin
yaradılmasına öz töhfəsini daha böyük həcmdə
verməlidir. Özəl sektorun nümayəndələri
ilə aparılan işlər nəticəsində biz bu sahədə
də artım görürük. İqtisadi canlanma, əlbəttə
ki, iş yerlərinin yaradılmasına da gətirib
çıxarır. Çünki bu, daimi proses
olmalıdır.
Bizim əhalimiz artır. Müstəqillik
dövründə əhalimiz təxminən 3 milyon nəfər
artıb. Bu il biz 10 milyonuncu vətəndaşın
dünyaya gəlməsini sevinclə qeyd etmişik. Bu, bizim
böyük sərvətimizdir, amma digər tərəfdən
onu deməyə əsas verir ki, biz daim iş yerlərinin
yaradılması ilə məşğul olmalıyıq. Sosial infrastrukturun yaradılması ilə məşğul
olmalıyıq, nəqliyyat sahəsində əlavə tədbirlər
görülməlidir ki, artan əhali, vətəndaşlar
özlərini rahat hiss etsinlər, işlə təmin
olunsunlar. Bir daha demək istəyirəm
ki, bu, daimi prosesdir. Çünki Azərbaycanın
uğurlu inkişafı, sənaye sahəsində, iqtisadi sahədə
inkişaf əhalinin artımına bilavasitə təsir edən
amildir və biz buna daim hazır olmalıyıq.
İqtisadi artım
üçün yeni mənbələr
axtarılmalıdır ki, bu, dayanıqlı olsun. Qeyri-neft sektorunun
inkişafı burada əsas rol oynayır. Ancaq
onu da bilməliyik ki, bu gün iqtisadi inkişafımız
üçün əsas sektor neft-qaz sektorudur. Bu sahədə də çox önəmli
addımlar atılıb. Cənub Qaz Dəhlizinin
icrası ilə bağlı çox əhəmiyyətli
işlər görülüb. Hazırda Cənub
Qaz Dəhlizinin icrası sona yaxınlaşır. Artıq onun sonuncu seqmentinin icrası başa
çatır. Bu, tarixi layihədir. Cənub Qaz Dəhlizinin fəaliyyətə
başlaması nəticəsində Azərbaycan əlavə
gəlir əldə edəcəkdir. Hesab
edirəm ki, altı ayda görülmüş işlər təqdirəlayiqdir.
Azərbaycan dayanıqlı
inkişaf yolu ilə gedir. Bir neçə il
bundan əvvəl dünyanı sarsıdan və bizə də
təsirsiz ötüşməyən iqtisadi-maliyyə
böhranı artıq arxada qalıb. Biz bu
böhrandan şərəflə çıxa bilmişik.
Öz valyuta resurslarımızı qoruya
bilmişik və artırmışıq. Qeyd
etdiyim kimi, təkcə altı ay ərzində 4 milyard dollar əlavə
valyuta ehtiyatları toplamışıq. Əlbəttə
ki, bu, bizim gələcək işlərimiz üçün
də yaxşı şərait yaradır. Ancaq vergi, gömrük sistemində aparılan
islahatlar, inzibatçılıq sahəsində görülən
işlər və daxilolmaların artımı əlbəttə
ki, büdcəmizin əsas mənbəyi olmalıdır.
Biz vəsaitdən çox qənaətlə
istifadə etməliyik. Xüsusilə
dövlət investisiya layihələrinə çox ciddi nəzarət
olmalıdır. Dövlət şirkətlərində
korporativ idarəetmə sistemi yaradılmalıdır. Bu məsələ ilə bağlı göstərişlər
verilib. Hesab edirəm ki, biz tezliklə
müasir korporativ qaydalarla idarə olunan şirkətləri
görəcəyik. Yəni, bu, çox
önəmli məsələdir. İqtisadi
sahədə bundan sonrakı inkişaf üçün əlbəttə
ki, biz xarici ekspertləri də cəlb etməliyik və
edirik. Biz beynəlxalq maliyyə qurumları ilə fəal
işləyirik və bu iş bundan sonra da davam etdiriləcək.
Yəni, iqtisadiyyatın yeni modeli – bu gün tələbat
bundan ibarətdir. 2025-ci ilə qədər
nəzərdə tutulmuş Strateji Yol Xəritəsi bu məsələlərə
cavab verir.
Azərbaycan innovasiyalar,
müasir idarəetmə, liberal iqtisadiyyat yolu ilə
inkişaf etməlidir. Yəni, bütün lazımi tədbirlər
görülüb. Təsadüfi deyil ki,
bunu beynəlxalq maliyyə qurumları qeyd edir. Biznes mühitinin
yaxşılaşdırılması istiqamətində
aparılan işlər bunu göstərir ki, bu gün iqtisadi
sahədə Azərbaycan dünya miqyasında uğurla
inkişaf edən ölkələr sırasındadır.
Bununla paralel olaraq, biz sosial sahəyə də
çox böyük diqqət göstəririk. Bu il reallaşan layihələr - milyardlarla dollar
həcmində ölçülən bu layihələr, bu təşəbbüslər
bizim niyyətimizi, bizim siyasətimizi göstərir. Göstərir ki, siyasətimizin mərkəzində
Azərbaycan vətəndaşı dayanır. Bizim iqtisadi gücümüz sosial sahəyə
bilavasitə təsir etməlidir və edir. Biz bundan sonra da bu yolla gedəcəyik. Əminəm ki, ilin sonuna qədər nəzərdə
tutulan bütün vəzifələr icra ediləcəkdir.
Azərbaycan.- 2019.- 1 avqust.- S.1-3.