Azərbaycan-İndoneziya əlaqələrinin
bütün sahələrdə
inkişafı üçün böyük potensial mövcuddur
İyulun 31-də Azərbaycan Respublikası Milli Məclisi Sədrinin birinci müavini Ziyafət Əsgərov ölkəmizdə səfərdə olan İndoneziya Respublikasının Nümayəndələr Palatası sədrinin müavini Fadli Zonun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, Ziyafət Əsgərov Azərbaycanın İndoneziya ilə münasibətlərin inkişafına böyük önəm verdiyini qeyd edib. Bildirib ki, dövlətlərimiz beynəlxalq təşkilatlarda yaxşı əməkdaşlıq edirlər. Azərbaycan-İndoneziya əlaqələrinin bütün sahələrdə inkişafı üçün böyük potensial mövcuddur.
Ziyafət Əsgərov vurğulayıb ki, Azərbaycan Cənubi Qafqazın lider ölkəsidir. Bölgə iqtisadiyyatının 75 faizi məhz Azərbaycanda formalaşır. Ölkəmizdə müxtəlif neft və qaz layihələri həyata keçirilir. Milli Məclis Sədrinin birinci müavini qonağa Bakı-Tbilisi-Ceyhan, TAP və TANAP layihələrinin əhəmiyyəti barədə də məlumat verib.
İndoneziya Nümayəndələr Palatası sədrinin müavini Fadli Zon Azərbaycan parlamenti ilə əlaqələrə böyük önəm verdiyini diqqətə çatdırıb. Bildirib ki, ölkələrimiz arasında parlamentlərarası dostluq qrupları fəaliyyət göstərir. Bu dostluq qrupları əlaqələrimizin inkişafına öz töhfəsini verir. Parlamentlərarası əlaqələrin yaxşı olması siyasi, iqtisadi, sosial sahələrdə əlaqələrin inkişafına, həmçinin xalqlarımızın bir-birinə yaxınlaşmasına xidmət edir.
Söhbət zamanı Azərbaycan-İndoneziya əlaqələrinin perspektivlərinə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlərə dair müzakirələr aparılıb.
Azərbaycan.- 2019.- 1 avqust.- S.5.